Azərbaycanın astanası - ASTARA

Azərbaycan 2020: Güclü dövlət, yüksək rifah

 

 Astaranın füsunkar təbiəti, əlverişli iqlim şəraiti, münbit torpaqları iqtisadiyyatın əsas sahəsi olan kənd təsərrüfatının inkişafına çox əhəmiyyətli təsir göstərir. Rayonun şərqində mavi Xəzər, qərb hissəsindəki dağlıq ərazi bu yerlərə gözoxşayan gözəllik bəxş edib. Astaranın sakinləri isə işgüzar, doğma yurdlarını ürəkdən sevən, bütün sahələrin inkişafı, bu yerlərin gözəlliyinin qat-qat artması üçün səy və bacarıqlarını daim sərf edən insanlardır. Yurdsevərliyin, təəssübkeşliyin nəticəsi göz qabağındadır. Müstəqilliyimizin bərpasından ötən 20 il ərzində Astarada qazanılan nailiyyətlər, yeniləşmə, müasirləşmə istiqamətində görülən işlər bunun əyani təsdiqidir.

Bu işlərin təməli, qazanılan uğurlar ümummilli lider Heydər Əliyev tərəfindən  həyata keçirilmiş iqtisadi strategiya, eyni zamanda, Prezident İlham Əliyevin daim  zənginləşdirdiyi inkişaf strategiyası ilə bağlıdır.  Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq olunmuş dövlət proqramları regionların, o cümlədən Astaranın dinamik inkişafında çox mühüm və əhəmiyyətli rol oynamışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Astara rayonuna aid tədbirlər planında nəzərdə tutulanların icrası bütün sahələrin inkişafına güclü təkan vermişdir. Aparılan tikinti, quruculuq və abadlıq işləri Astaranın simasını dəyişmiş, iqtisadi potensialını artırmışdır. Ötən illər rayonda yeni Yük Terminalı, modul tipli elektrik stansiyası, Tərəvəz Emalı Zavodu, Qaz kompressor stansiyası, Heydər Əliyev Mərkəzi, Astara Gömrük İdarəsindəki yeni keçid məntəqəsi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbar, DSMF-nin rayon şöbəsi, 77 saylı Dairə Seçki Komissiyası, Yanğından mühafizə hissəsi üçün yeni inzibati binalar, şəhid ailələri və əlillər üçün 32 və 16 mənzilli yaşayış binaları, çoxlu sayda fərdi evlər, "Gənclər evi"  tikilmiş, Mədəniyyət evi əsaslı təmir edilmiş, Astara-Bala Şahağac yolu, Astara şəhərindəki Heydər Əliyev prospekti yenidən qurulmuş, şəhərdə ulu öndərin adını daşıyan geniş park,  Dövlət Bayrağı meydanı salınmışdır. Şəhərin küçələri və kəndlərə gedən yollar abadlaşdırılmış və asfaltlaşdırılmışdır. Rayonda inşa olunan Olimpiya İdman Kompleksi isə istifadəyə verilmək ərəfəsindədir.

Astaranın inkişafında ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının xüsusi rolu olmuşdur. Dövlət başçısı son 7 ildə 4 dəfə Astarada olmuş, yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, rayon sakinləri ilə görüşlər keçirmişdir. Prezident belə görüşlərin birində demişdir: "Azərbaycan Respublikasının Prezidenti kimi, mən bu gün ümumi işimizə verdikləri töhfələrə görə astaralılara öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da Astaraya böyük diqqət yetiriləcəkdir. Burada görülən işlərə, gələcəkdə görülən işlərə dəstək veriləcəkdir".

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də sözünün sahibi olmuşdur. Dövlət başçısının  2010-cu il aprelin 21-də imzaladığı sərəncamla Astara-Bala Şahağac yolunun yenidən qurulması üçün 3,5 milyon, 2011-ci il aprelin 19-da imzaladığı sərəncamla rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər üçün 2 milyon, 2011-ci il noyabrn 23-də imzaladığı sərəncamla Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə əlaqədar 1,5 milyon manat vəsait ayrılmışdır.

Rayonda tikinti, yenidənqurma və abadlıq işləri səngimir, getdikcə yeni vüsət alır. Aparılan abadlıq və quruculuq  işləri isə əhalinin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir. Bu cür tədbirlər rayon sakinləri tərəfindən razılıqla qarşılanır. Niyə də qarşılanmasın - ötən 8 il ərzində dövlət, Heydər Əliyev Fondunun, Yaponiyanın Azərbaycandakı səfirliyinin vəsaitləri hesabına rayonda 20-yə yaxın yeni məktəb binası tikilmiş, 5 məktəb binası əsaslı təmir edilmişdir. Hazırda Toradi, Suparibağ və Rüdəkənar kəndlərində yeni məktəb binalarının tikintisi, şəhərdəki 2 saylı uşaq bağçasının əsaslı təmiri davam edir.

Rayonda səhiyyənin və mədəniyyətin inkişafı üçün də əməli tədbirlər görülür. İndiyədək 3 kənddə yeni həkim məntəqəsi inşa olunmuş, bir neçə mədəniyyət eviklub əsaslı təmir edilmişdir. Əhalinin təbii qazla və fasiləsiz elektrik enerjisi ilə təminatı da diqqət yetirilən sahələrdir. Son 8 ildə 30-a qədər yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa olunmuş, elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılmışdır.

Astara kənd təsərrüfatı rayonudur və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. Rayonda tərəvəzçiliyin, çayçılığın, sitrussubtropik meyvəçiliyin və heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar görülən işlər  uğurlu nəticələr verir. Bu ilin 9 ayının yekunlarına görə, rayonda 43300 ton tərəvəz, 10796 ton kartof, 8694 ton  bostan məhsulları, 303 ton yaşıl çay yarpağı istehsal edilmişdir. Təkcə bu mövsüm ərzində bağlardan 20 min tondan çox sitrussubtropik meyvələr yığılmışdır.

Çayçılığın gəlirli və perspektivli olması nəzərə alınaraq bu sahənin inkişafı üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Artıq Şüvi icra nümayəndəliyi ərazisində 200 hektarda yeni çay plantasiyasının salınmasına başlanmışdır. Bu işdən ötrü tinglik təsərrüfatında 1,5 milyon şitil yetişdirilmişdir.

Rayonda sahibkarlığın inkişafı üçün geniş imkan və şərait yaradılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə 71 fermer təsərrüfatı və 8 MMC məşğul olur. Prezidentin "Kənd təsrrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına əsasən, ötən 9 ayda 765 nəfərə 65 min 398 manat subsidiya verilmiş, fermerfiziki şəxslərə 120 ton mineral gübrə güzəştli qiymətlərlə satılmışdır.

Astarada əmək qabiliyyətli əhalinin məşğulluğunun artırılması da diqqət  mərkəzindədir. Son 8 ildə rayonda 4,8 min yeri açılmışdır ki, onun da 4,5 mini daimidir. Əməkhaqqına gəldikdə isə, son məlumata görə, rayonun iqtisadi sahələrində çalışan işçilərin orta aylıq maaşı 221 manat olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, rayonda aparılan inşaat işlərinə, açılan yeni yerlərinə əsasən yerli mütəxəssislər, ustalar fəhlələr cəlb olunur.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da bildirdi ki, bu gün Astarada işgüzar mühit hökm sürür, vəd edilən hər bir söz, verilən tapşırıqlar vaxtında məsuliyyətlə icra olunur. Ümumiyyətlə, rayonda görülən işlərdən hamı razılıq edir. Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyevin sözlərinə görə, rayonun dirçəlməsində, abadlaşdırılmasında, əhalinin xoş güzəranında rəhbər işçilərlə birlikdə bütün astaralıların rolu vardır. Hamı, hətta bizim veteranlar da çalışırlar ki, ümumi işin xeyrinə hansısa işin qulpundan yapışsın. Qocaman müəllim Qürbət İbrahimovsa ürək sözlərini bu cür ifadə etdi:

- Rayon icra hakimiyyətinin başçısı bizim Kijəbə qəsəbəsinə əhali ilə görüşə gəlmişdi. Orada mən çıxış etdim bildirdim ki, qəsəbədən Qacimardə Ojəkəran kəndlərinə gedən yollar bərbad haldadır. Təklif verdim ki, həmin yollar təmir edilsin, mümkünsə, asfaltlaşdırılsın. Taleh müəllim təklifimi həssaslıqla qəbul etdi bildirdi ki, bu məsələ tezliklə həll olunacaq. Az vaxt keçdikdən sonra həmin kəndlərə gedən yollara asfalt döşəndi. İndi həmin yoldan rahat istifadə edirik.

Astara ölkəmizin elə bir guşəsində yerləşir ki, hər gün buraya qonşu ölkələrdən,  xüsusilə İran İslam  Respublikasından və Türkiyədən yüzlərlə insan gəlir və geri qayıdır. Gələnlər ölkəmiz haqqında ilk təəssüratlarını Astaradan alırlar. Ona görə də Astaranın abad və yaraşıqlı olmasına onun sakinləri daha həssas yanaşır, bu məsuliyyəti daha aydın dərk edirlər.

Azərbaycan.-2011.-18 dekabr.-S.1.