Ucarda abadlıq-quruculuq
işləri
uğurla gedir
Ölkə Prezidentinin
rayona səfərindən sonra
bu proses
daha geniş vüsət alıb
Ucar rayonu elə bir coğrafi ərazidə yerləşir ki, nə başı buludlardan əskik olan uca dağları, nə də yaşıl ormanları var. Ancaq ucarlılar yurdlarını çox sevirlər - yayın göydən od ələnən qızmar istisində də, payızın - qışın yağışlı-yağmurlu, qarlı-şaxtalı havalarında da.
Neçə illərdi ucarlılar mavi ekran qarşısında əyləşəndə ayrı-ayrı rayonlarda görülən abadlıq-quruculuq, yenidənqurma ilə bağlı proqramlara həsədlə baxır, Ucarın da bir zaman tədbirlərə qucaq açacağını həsrətlə gözləyirdilər.
Nəhayət, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Ucar rayonu ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına elə ilk mərhələdən uğurla başlandı. Ümumilikdə, sənəddə nəzərdə tutulan tədbirlər sırasında Ucarda yeni infrastruktur sahələrinin yaradılması, inkişaf etdirilməsi, rayondaxili yollara asfalt çəkilməsi, mənzil tikintisi, idman sağlamlıq kompleksinin və Gənclər evinin inşası, rayonun su-kanalizasiya, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin yenidən qurulması və digər məsələlər öz əksini tapıb. Fərəhli haldır ki, bir çox işlər nəzərdə tutulan vaxtda başa çatdırılıb, tədbirlər də uğurla davam etdirilir. Ucar rayonunun inkişafı, şübhəsiz ki, tikinti-quruculuq işləri ilə də şərtlənir və bu işlər son bir ildə daha geniş vüsət alıb. Yerli əhali bundan çox razıdır və həyata keçirilən tədbirlərdə öz dəstəyini əsirgəməməyə çalışır. Rayon Veteranlar Şurasının sədri Seyfəddin Abdullayev də görülən işlərdən razılığını bildirdi: - Rayonumuza göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq. Cənab Prezidentin qayğısı olmasa, bu işlərin heç birini görmək, özü də belə yüksək səviyyədə abadlıq-quruculuq işlərini həyata keçirmək mümkün deyildi. Ucarlıların da həyatına, gün-güzəranına bir rahatlıq gəlməkdədir. Yollara, küçələrə, səkilərə asfalt döşənir, məktəblər, səhiyyə ocaqları tikilir. Ucar kimi şoran torpaqlı yerdə yaşıllıqlar salınır. Axşamlar işıqlı, rahat küçələrdən keçdikdə bir daha dövlət başçısına qəlbimiz minnətdarlıq hissi ilə dolur. Bizim hər birimizin də borcudur ki, yaradılanın qədrini bilək, qoruyaq. Mən bir məqama da toxunmaq istəyirəm, rayonumuzda görülən abadlıq işləri gənclərin torpağa, elə-obaya bağlılıq hissini də artırır. Bu məsələnin bir tərəfidir, digər tərəfdən isə açılan iş yerlərinin də insanların öz yurduna, öz ocağına bağlanmaları üçün böyük əhəmiyyəti var.
Ucar şəhər bələdiyyəsinin üzvü, "Tərəqqi" medallı Niyaz Xəlilov da görülən işlərin, həyata keçirilən tədbirlərin yüksək dövlət qayğısı sayəsində mümkün olduğunu qeyd etdi: - Elə bir sahə yoxdur ki, dövlət qayğısı hiss olunmasın. Rayonumuzun ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ucar-Yevlax hissəsinin 31,5 kilometri tikilib istifadəyə verilib. Türyançay və Göyçay çaylarının sağ və sol sahilləri boyunca rayonun Lək, Qazyan, Şahlıq və digər kəndlərində torpaqtökmə işləri görülüb, bəndlər təmir olunub, betonla sahilbərkitmə tədbirləri həyata keçirilib. Küçə və yollara asfalt döşənməsi davam etdirilir. Ucar şəhərindəki "Şəhidlər xiyabanı" yenidən qurulub, "1941-1945. Heç kim unudulmur, heç nə yaddan çıxmır" abidə-kompleksi inşa edilib. Ucar dəmiryolu vağzalı, rayon mədəniyyət evi, mərkəzləşdirilmiş kitabxana sisteminin binası əsaslı təmir olunub. Şəhərin qaz xətləri yeni yeraltı kauçuk borularla əvəz edilib. Ancaq görülməli işlərimiz də çoxdur. İnanırıq ki, dövlətimizin qayğısı sayəsində nəzərdə tutulan bütün layihələr vaxtında gerçəkləşdiriləcək.
Bu ilin oktyabrın 30-u ucarlıların yaddaşlarından heç vaxt silinməyəcək. Həmin gün ölkə Prezidenti İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində Ucar şəhərindəki Heydər Əliyev Mərkəzinin, şahmat məktəbinin, uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışlarında və su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimlərində iştirak etmişdir.
Dövlət başçısının Ucara səfərindən böyük məhəbbətlə danışan rayon sakini Yusif Bəkirov qeyd etdi ki, cənab Prezidentin görülən işlərlə bağlı bizimlə görüşündə xoş sözlər deməsi hər bir ucarlını qürurlandırdı. Dövlət başçısının Ucardakı Heydər Əliyev Mərkəzinin digər mərkəzlərdən öz gözəlliyi, əzəməti ilə, eyni zamanda, daxili tərtibatı, dizaynı ilə seçilməyini qeyd etməsi hər birimizin ürəyini dağa döndərdi. Şübhəsiz ki, bu, bütün ucarlıların ulu öndərə olan ehtiram və məhəbbətinin ifadəsidir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə milli memarlıq üslubunda inşa olunmuş mərkəzdə ulu öndərin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı var. Burada ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini, eləcə də onun müxtəlif illərdə respublikamızın bölgələrinə səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Zalda həmçinin iki virtual tədris sinfi, kitabxana, ulu öndərə aid sənədlərin saxlandığı xüsusi guşə fəaliyyət göstərir. 200 nəfərlik akt zalı rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzdə xarici dillər bölməsi, xalça və rəsm studiyaları, internet sinfi, kompyuter mərkəzi də yaradılmışdır.
Rayon təhsil şöbəsinin müdiri Fuad İsrəfilov hələ də dövlət başçısının rayona səfərinin təəssüratı ilə yaşadıqlarını qeyd etməklə yanaşı, xüsusi vurğuladı ki, Prezident İlham Əliyevin açılışını etdiyi şahmat məktəbi yeniyetmələrin və gənclərin zehni potensialının artırılmasında böyük rol oynayacaqdır. Son illər Ucar şahmatçıları Azərbaycan şahmatının inkişafına müəyyən töhfə verirlər. Yeni şahmat məktəbinin açılışı ucarlı şahmatçıların daha böyük nailiyyətlər əldə etmələrinə imkan verəcəkdir. F.İsrəfilov onu da bildirdi ki, şahmat məktəbinin açılışı zamanı dövlət başçısının şahmat üzrə Avropa çempionu, bu ilin aprel ayında 14 yaşlılar arasında Polşada keçirilən dünya çempionatında ən yüksək nəticə ilə dünya çempionu adını qazanmış Xatın Bağırova ilə söhbət etməsi həm gənc şahmatçının özünü, həm də bütün gəncləri hədsiz dərəcədə ruhlandırmışdır. Gənclər bir daha əmin olmuşlar ki, ölkə rəhbəri hər cür qayğı göstərməklə yanaşı, onlarla ciddi maraqlanır, uğurlarına, nailiyyətlərinə sevinir.
Oktyabrın 30-da Ucara səfəri zamanı Prezident İlham Əliyev rayon uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında da iştirak etmişdir. 44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin çalışması nəzərdə tutulub. Xəstəxananın birinci mərtəbəsində 40 nəfərlik konfrans zalı, ikinci mərtəbədə 10 çarpayılıq cərrahiyyə şöbəsi, bir, iki, üç nəfərlik palatalar və bir əməliyyat otağı, üçüncü mərtəbədə isə 4 çarpayılıq reanimasiya və 20 çarpayılıq pediatriya şöbələri fəaliyyət göstərir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı bildirdi ki, ölkə Prezidentinin səfərindən sonra xəstəxananın tikintisi daha sürətlə davam etdirilir. Z.Bayramlı onu da qeyd etdi ki, göstərilən diqqətin, yaradılan şəraitin müqabilində Ucarın səhiyyə işçiləri əhaliyə daha yüksək tibb xidməti göstərməyə çalışacaqlar.
Ucar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev demişdir: "Mən çox şadam ki, Ucarda son illər ərzində abadlıq, quruculuq işləri uğurla gedir. Əminəm ki, gələcək illərdə də bu meyillər daha da güclənəcəkdir. Elə etməliyik ki, hər bir bölgə, hər bir rayon mərkəzi, hər bir kənd abadlaşsın, gözəlləşsin. Bunu etmək üçün imkanlarımız vardır".
Telman NƏZƏRLİ,
Azərbaycan.-2011.-18 dekabr.-S.2.