Saatlı dinamik inkişaf yolundadır

 

Dövlət qayğısından güc alan rayon

sakinləri sabaha inamla addımlayırlar

 

 Saatlı respublikanın inkişaf etmiş kənd təsərrüfatı rayonlarındandır. Rayonun son illərdə nail olduğu yüksəliş regionların sosial-iqtisadi inkişafına artan dövlət qayğısının məntiqi nəticəsidir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu bölgənin malik olduğu böyük potensial dövlət səviyyəsində yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, respublika Prezidenti İlham Əliyev son üç il yarımda Saatlı rayonuna 3 dəfə səfər etmişdir. Təbii ki, dövlət başçısının hər səfəri rayonun sosial-iqtisadi inkişafına güclü stimul verir, bölgədə dinamik tərəqqiyə, davamlı yüksəlişə imkan yaradır.

İnkaredilməz bir həqiqətdir ki, Prezidentin hər səfəri rayonda yeni-yeni istehsalemal sahələrinin yaradılması, xəstəxana və məktəblərin tikilməsi, körpülər salınması, yollar çəkilməsi ilə müşayiət edilir, uğurlu hadisələrlə tarixin yaddaşına həkk olunur.

Bu il mayın 5-də Saatlıya səfər edən Prezident İlham Əliyevin rayon sakinləri ilə keçirdiyi səmimi görüşlərin xoş təəssüratı hələ də yaddaşların şirin xatirəsidir. Səfər çərçivəsində Prezident Saatlı-Musalı-Məzrəli avtomobil yolunun, eyni zamanda bölgədə aqrar sektorun inkişafına əhəmiyyətli təsir göstərən Saatlı "Aqroservis" filialının baza kompleksinin açılışlarında iştirak etmişdir. Rayon sakinləri ilə keçirilən görüşdə edilən müraciətlərə, qaldırılan məsələlərə diqqətlə yanaşan dövlət başçısı aidiyyəti dövlət qurumlarına, ayrı-ayrı nazirliklərə operativ tapşırıqlarını verdi. Bölgədə görülən genişmiqyaslı abadlıq, quruculuq işlərindən razı qalan Prezident İlham Əliyev rayon sakinləri ilə görüşündə demişdir: "Saatlı rayonunun inkişafı üçün tədbirlər görülür, rayonda işlər yaxşı gedir. Mən Saatlıda gedən işləri həmişə diqqət mərkəzində saxlayıram".

Səfərdən bir neçə gün sonra, daha konkret desək, 11 və 12 may 2011-ci il tarixində, eyni zamanda sentyabrın 1-də dövlət başçısı Saatlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirməyə hesablanmış sərəncamlar imzaladı. Son illər rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsivacib sosial layihələrin həyata keçirilməsi məqsədilə respublika Prezidenti İlham Əliyev tərəfindən 5 sərəncam imzalanması bölgə əhalisi tərəfindən hədsiz razılıq və böyük minnətdarlıq hissi ilə qarşılandı.

Dövlət qayğısı Saatlıda inkişafın, tərəqqinin əsas stimuludur. Qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, bütün sahələr üzrə məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır. 2011-ci ilin arxada qalan dövrü ərzində ümumi məhsul istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 58 faiz artaraq 150.219 min manata yüksəlmişdir. Təbii ki, ən çox artım kənd təsərrüfatında olmuşdur - 44 faiz. İstehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 93 milyon manat təşkil etmişdir. Aqrar sahədə sahibkarlığın inkişafına yaradılan münbit şəraitin məntiqi nəticəsidir ki, istehsal edilən kənd təsərrüfatı məhsullarının hamısı özəl sektorun payına düşür. Cari ilin doqquz ayı ərzində rayon üzrə 581 yeni yeri açılmışdır.

Açılışında dövlət başçısının da iştirak etdiyi  "Aqrolizinq" ASC-nin Saatlı aqroservis baza kompleksi bu ilin may ayında istifadəyə verilmişdir. Bu, rayonun iqtisadi həyatında mühüm hadisə kimi qəbul olunmuşdur. Kompleksin ərazisi 1 hektar olmaqla 4 min ton mineral gübrə saxlayan anbardan, 50-yə yaxın traktor, maşın-mexanizm saxlamaq üçün talvardan, təmir emalatxanasından və idarə binasından ibarətdir. Kompleksin əhatə etdiyi əraziyə asfalt örtük salınmışdır. "Aqroservis" filialı rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına bu il güzəştli şərtlərlə 3.558 ton mineral gübrə satmış, lizinq yolu ilə 2030 hektar sahədə şum aparmışdır.

Aqrar sahədə işin səmərəli təşkili, məhsul istehsalçılarına dövlət tərəfindən göstərilən maliyyə və texniki dəstək yüksək nəticəni təmin etmişdir. Bu il rayon üzrə 73.854 ton taxıl istehsal edilməsi Saatlı kəndlisinin Ərzaq Təhlükəsizliyinə dair Dövlət Proqramına sanballı töhfəsidir. İndi rayonda heyvandarlıq da rentabelli sahəyə çevrilmişdir. Bu sahəyə artan maraq özünü konkret rəqəmlərdə də aydın göstərir. Hazırda rayonun təsərrüfatlarında 65770 baş iribuynuzlu mal-qara, 94 min baş qoyun-keçi bəslənilir.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon rəhbərliyi sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görür.  Bu istiqamətdə Saatlı Rayon İcra Hakimyyətinin Sahibkarlığa Kömək Milli Fondu ilə qurduğu işgüzar əlaqələr öz səmərəsini verməkdədir. Çomuşçu kəndi ərazisində tutumu 2 min ton olan, smeta dəyəri 3,2 milyon manat təşkil edən soyuducu anbarın araya-ərsəyə gəlməsi məhz məqsədyönlü birliyinin nəticəsidir. Soyuducu anbarın inşası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 milyon manat uzunmüddətli güzəştli kredit ayrılmışdır. Alınan avadanlıqlar Türkiyə, Almaniyaİtaliya istehsalıdır. Tikintisi müvəffəqiyyətlə başa çatdırılan soyuducu anbar artıq istifadəyə verilmişdir.

Respublika Prezidentinin iqtisadi kursuna uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda geniş tərkibli tədbiri Aran iqtisadi rayonu üzrə məhz Saatlıda keçirmişdir. Bu ilin oktyabr ayında gerçəkləşən bu tədbir üç istiqamət üzrə işləmişdir. İri taxılçılıq və toxumçuluq təsərrüfatlarının təşkili, 20 hektar ərazidə intensiv nar bağlarının salınması və kiçik həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı və sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi həyata keçirilmişdir.

2011-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına dair Nazirlər Kabinentinin iclasındakı nitqində respublika Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı fikirlərini açıqlayarkən yeni əkin sahələrinin dövriyyəyə qatılmasına, kənarda qalan torpaqların suvarılmaqla münbit vəziyyətə gətirilməsinə böyük önəm vermişdir. Dövlət başçısının bu aydın mövqeyi rayon icra hakimyyətinin fəaliyyət istiqamətlərini müəyyən edir.  Artıq xeyli vaxtdır ki, bu sahədə səmərəli aparılır. Rayonda mövcud olan və əkin üçün tam səmərəli sayılan min hektarlarla əlavə torpaq sahələrinin əkin dövriyyəsinə salınmasının mümkünlüyü barədə rayon icra hakimiyyəti aidiyyəti hökumət qurumlarına konkret təkliflər vermişdir. Rəğbətlə qarşılanan bu təkliflər heç şübhəsiz tezliklə öz fərəhli bəhrəsini verəcəkdir. Yaxın vaxtlarda iri fermer təsərrüfatlarının yaradılması, Ərzaq Proqramının yerinə yetirilməsi ilə bağlı taxılçılığın inkişafına diqqətin artırılması, yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi kimi vacib məsələlərin Saatlı rayonunda tezliklə öz uğurlu həllini tapacağı çox realdır.

İnkişaf etmiş kənd təsərrüfatı rayonu olan Saatlı eyni zamanda abad bir diyardır. Dövlət başçısının qayğısından güc alan Saatlı camaatı doğma yurdun hər qarışını cənnətə döndərmək üçün əzmlə çalışır. Rayon mərkəzində abad prospektlərin, küçələrin sayı sürətlə artır. Parklar, xiyabanlar müasir üslubda yenidən qurulur, yeni yaşıllıqlar salınır. Saatlının daha yaraşıqlı olması ilk növbədə dövlət marağının tərkib hissəsidir. Məhz bu marağın ifadəsidir ki, dövlət başçısının 11 may 2011-ci il tarixli sərəncamı ilə Saatlı rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlərə uyğun olaraq 2 milyon manat və 12 may 2011-ci il tarixli sərəncamı ilə Saatlı rayonunda olimpiya idman kompleksinin və Gənclər mərkəzinin tikintisinə başlamaq məqsədilə Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılmışdır.

Saatlıya dövlət başçısının xüsusi qayğısından danışarkən bir məsələni də xüsusilə qeyd etmək lazımdır. Respublika Prezidentinin 1 sentyabr 2011-ci il tarixli sərəncamı ilə rayonun 6,6 min nəfər əhalisinin yaşadığı 6 kənddə modul tipli sutəmizləyici qurğuların tikilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1,1 milyon manat vəsait ayrılmışdır. 17 kənd yaşayış məntəqəsində sudurulducu qurğuların yanında hər birinin tutumu 20-30 ton olan su anbarları inşa olunub istifadəyə verilmişdir.

Bu gün Saatlı sözün həqiqi mənasında əsl inşaat meydanına bənzəyir. Şahmat məktəbi üçün yeni bina tikilir. Gənclər mərkəzinin, tarix-diyarşünaslıq muzeyinin, rəsm qalereyası üçün yeni binanın tikintisi davam etdirilir. Olimpiya idman kompleksinin tikintisi ilə əlaqədar torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır. Artıq tikinti işlərinə start verilmişdir. Abadlıq sahəsində diqqət çəkən işlərdən biriümumi sahəsi 5,6 hektar olan Heydər Əliyev adına parkın və meydanın yenidən əsaslı şəkildə qurulmasıdır.

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2011.-18 dekabr.-S.2.