İdmanın inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərindəndir
Sovet dövründə idmançılarımızın beynəlxalq arenalarda çox da fərqlənmələrinə imkan yox idi. Buna baxmayaraq, Azərbaycanda bütöv bir idman ənənəsi formalaşmışdı. İstər fərdi, istərsə də kollektiv idman növlərində fərqlənən idmançılarımız dünya və İttifaq miqyasında tanınırdılar. Dövlət müstəqilliyinin ilk illərində ölkənin düşdüyü böhranlı vəziyyət idmandan da yan ötmədi. Diqqətsizlik və laqeyd münasibət idman qurğularının dağılmasına, tanınmış idmançıların başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı.
Özünü bütün sahələrdə qabarıq göstərən siyasi-iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovet dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançıların böyük əksəriyyəti dözülməz şərait ucbatından ölkəni tərk etmək məcburiyyətində qalmışdı. İdmana tarixən marağın güclü olduğu Azərbaycanda yaranmış belə acınacaqlı vəziyyət gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərariliyin çoxalmasına rəvac verirdi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq Olimpiya hərəkatında ilk nailiyyəti idi. Ulu öndər idmançıların cəmiyyət həyatında rolunun artması, özlərinə layiqli yer tutması üçün qayğısını əsirgəmirdi. Dövlətin idman siyasətini həyata keçirmək üçün 1994-cü ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də dövlət başçısı yeni bir fərman imzaladı. Fərmana əsasən, əhali arasında sağlam həyat tərzini təbliğ etmək və bədən tərbiyəsinin maddi-texniki bazasını təkmilləşdirmək, bu sahədə ümumxalq yardımını təşkil etmək, gənclərin idmana marağını artırmaq və ölkə idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Fond yaradıldı.
Ulu öndər Heydər Əliyev idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli olan əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman qurğularının inşası, zəruri avadanlıqla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələr qazananlara diqqət və qayğı göstərilməsi, ölkədə beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar və üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı.
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlar qazanan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən bölgələrdə müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.
Cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra Azərbaycan beynəlxalq Olimpiya hərəkatına daha fəal qoşularaq öz idman potensialını nümayiş etdirdi. Buna 2000-ci il Sidney Olimpiya Oyunlarını misal göstərmək olar. Ölkəmiz iki qızıl və bir bürünc medalla 199 ölkə arasında 34-cü yeri tutdu. MOK həm də ölkədə beynəlxalq yarışların əsas təşkilatçılarından biri oldu. MOK prezidentinin müraciəti ilə 1999-cu ildə boks üzrə yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirildi. Bu turnirin yüksək səviyyədə təşkil olunması və keçirilməsi Beynəlxalq Həvəskar Boks Assosiasiyasının diqqətini cəlb etdi və yeniyetmələr arasında boks üzrə ilk dünya çempionatının 2001-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul olundu.
Bakı 2002-ci ilin martında qadın voleybol komandaları arasında Avropa top-komanda kubokunun final mərhələsinə ev sahibliyi etdi. Final mərhələsi yarışlarının keçirilməsində MOK-un böyük rolu oldu. Buna görə MOK-un prezidenti cənab İlham Əliyev Avropa Voleybol Konfederasiyasının xüsusi mükafatı ilə təltif edildi.
2002-ci ilin mayında yaşlılar arasında sərbəst güləş üzrə 45-ci Avropa çempionatına da Bakı ev sahibliyi etdi. Onun da təşkilində MOK-un müstəsna rolu oldu. Çempionat dövründə paytaxtımıza gəlmiş qonaqlar Bakıda daha böyük miqyaslı yarışların keçirilməsinə hər cür imkanın olduğunu dönə-dönə qeyd etdilər.
Cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildikdən sonra da idmanın inkişafını diqqətdə saxlayır, ölkənin idman imicinin yüksəlməsinə çalışır. Ötən səkkiz ildə Azərbaycan beynəlxalq Olimpiya hərəkatında ciddi tərəfdaşa çevrilmişdir. 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiya oyunlarında qazanılmış uğurlar bunu deməyə əsas verir. Ölkəmiz Afina Olimpiadasında bir qızıl və 4 bürünc medalla 202 iştirakçı dövlət arasında 37-ci yeri tutdu. 2008-ci il Pekin Olimpiadasında isə komandamız qədim idman ənənələrinə malik ölkə olduğunu bir daha bütün dünya qarşısında nümayiş etdirdi. İdmançılarımız bir qızıl, iki gümüş və dörd bürünc medal qazanmaqla komanda hesabında 39-cu yeri tutdular.
Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını nəzərdə tutan siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmləndirilməsi, genişləndirilməsi, yeniləşdirilməsi və bu sahənin inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı ölkənin hər bölgəsində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ötən illərdə Gəncə, Naxçıvan, Şəki, Quba, Şamaxı, Lənkəran, Qazax, Bərdə, Bakının Maştağa kəndi və digər bölgələrdə 31 olimpiya idman kompleksi tikilmişdir. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançıların istifadəsinə verilmişdir. Prezidentin bölgələrə hər səfəri ya idman komplekslərinin açılışı, ya da təməlinin qoyulması ilə əlamətdar olur.
Fərəhli haldır ki, dövlət başçısı bədən tərbiyəsi və idmanın inkişafı naminə bir sıra sərəncam və fərmanlar imzalamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı il yanvarın 30-da Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilərək Gənclər və İdman Nazirliyi yaradılmışdır. 2004-cü ildə "Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı" Dövlət Proqramı qəbul edilmişdir. Respublika Prezidentinin 4 mart 2005-ci il tarixli fərmanı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı və "Bədən tərbiyəsi və idman günü" təsis edilmiş, 10 oktyabr 2005-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir.
Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliyinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Prezident İlham Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir.
2009-cu il Azərbaycanda idmanın inkişafı, ölkəmizin beynəlxalq Olimpiya hərəkatında öz yerini daha da möhkəmləndirməsi baxımından əlamətdar olmuşdur. 2009-cu il Olimpiya oyunlarından keçən birinci il idi. Adətən, Olimpiya oyunlarından sonra idmançılarda müəyyən mənada arxayınçılıq yaranır. Eyni zamanda istirahətə daha çox üstünlük verilir. Buna baxmayaraq, idmançılarımız dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil etmiş, gözəl nəticələr göstərmişlər. Buna misal olaraq idmançılarımızın Ermənistanda cüdo üzrə Avropa, Serbiyada şahmat üzrə Avropa, Finlandiyada güləş üzrə dünya, Litvada güləş üzrə Avropa, Bakıda bədii gimnastika üzrə Avropa və Kanadada avarçəkmə üzrə dünya çempionatlarındakı nəticələrini göstərmək olar.
Şahmat üzrə milli komanda Serbiyada Avropa
çempionu oldu. Komandamızın üzvlərindən Vüqar Həşimov,
Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir
Hüseynov və Rauf Məmmədov rəqiblərini üstələyərək
qızıl medallara layiq görüldülər. Bu qələbə komanda idmanı növlərində
Azərbaycanın ilk ciddi uğuru kimi tarixə
düşdü. Şahmatçılarımızın
qələbəsi həm də Azərbaycanın intellektual
potensialının göstəricisidir.
Ermənistanda keçirilən gənc
cüdoçuların Avropa çempionatında iştirak edən
5 idmançımızın hamısı fəxri
kürsüyə yüksəldi. Elmar Qasımov isə
bütün rəqiblərinə qalib gələrək İrəvanda
himnimizi səsləndirdi.
Danimarkanın Herninq şəhərində keçirilən
yunan-Roma güləşi üzrə dünya
çempionatında olimpiya çempionu Fərid Mansurov birinci
yerə çıxaraq ikiqat dünya çempionu adını
qazandı.
Ümumiyyətlə, həmin il güləşçilərimiz
dünya miqyasında komanda hesabında birinci oldular. Bu isə böyük nailiyyətdir. Nəzərə alsaq ki, dünyada güləş
çox populyar idman növüdür və yarışlarda
100-dən artıq ölkəni təmsil edən
idmançılar iştirak edirdi, bu, həqiqətən,
tarixi qələbədir.
Kanadada keçirilən avarçəkmə üzrə
dünya çempionatında Azərbaycan komandası uğurla
çıxış etdi. Demyanenko qızıl,
Sergey Bezuqlıy-Maksim Prokopenko cütlüyü
gümüş və bürünc medallar qazandılar. Beləliklə, ilk dəfə olaraq Azərbaycan
idmançıları avarçəkmə idman növü
üzrə də tarixi nailiyyətlərə imza
atmışlar.
2010-cu ildə də idmançılarımız
dünya və qitə miqyaslı yarışlarda uğurlu
çıxışlarını davam etdirdilər. Aprelin 13-18-də
Bakıda güləş üzrə Avropa çempionatı
keçirildi. Turnirə 36 ölkədən
383 güləşçi qatılmışdı. Milli komandamız qitə birinciliyində 21 pəhləvanla
təmsil olunmuşdu. Sərbəst,
yunan-Roma və qadın güləşçilərimiz 10
medal qazandılar ki, onun 7-si qızıl, 2-si gümüş,
1-i isə bürünc idi. Qızıl medalları sərbəst
güləşdə Mahmud Məhəmmədov, Cəbrayıl
Həsənov, Xetaq Qazyumov, qadın güləşində
Sona Əhmədli, Nadejda Sementsova, yunan-Roma güləşində
isə Elçin Əliyev və Həsən Əliyev
qazandılar. Yunan-Roma güləşində
Elvin Mürsəliyev və sərbəst güləşdə
Şərif Şərifov "gümüş", Çamsulvara
Çamsulvarayev "bürünc" nəticə göstərdilər.
Pəhləvanlarımızın bu nailiyyəti bir daha
sübut etdi ki, ölkədə güləş məktəbi
öz gözəl ənənələrini qoruyub saxlayır və
ona görə də bu qələbələr təsadüfi
xarakter daşımır, güləş idmanın ən
populyar növlərindən biri olaraq qalır. Güləşçilərin
qazandıqları uğurları cənab Prezident İlham
Əliyev də yüksək dəyərləndirmişdir.
Dövlət başçısı çempionatdan sonra qitə
birinciliyinin qalibi olmuş idmançıları, onların məşqçilərini
və Milli Güləş Federasiyasının rəhbərliyini
qəbul etmiş, qazanılmış böyük qələbə
münasibətilə onları ürəkdən təbrik
etmişdir: "Bu, doğrudan da, böyük uğurdur,
böyük qələbədir, Avropa çempionatında 10
medal qazanmaq böyük nailiyyətdir. Artıq
bir neçə ildir ki, güləşçilərimiz Avropa
və dünya çempionatlarından böyük qələbələrlə
Vətənə qayıdırlar. Bu
gün Azərbaycan güləşçiləri dünya
miqyasında ən güclülərin
sırasındadırlar."
Ötən
il aprelin 25-dən mayın 4-dək
Bakıda gənclər arasında boks üzrə dünya
çempionatı keçirildi. Birincilikdə 96
ölkədən 500 idmançı iştirak edirdi. Bu turnir Sinqapurda keçiriləcək Yeniyetmələrin
I Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün
yeganə lisenziyalı turnir idi. Boksçularımız
dünya birinciliyində yüksək nəticə göstərdilər.
Onlardan Salman Əlizadə və Şaban
Şahpələngov qızıl medala layiq görüldülər.
Adını mükafatçılar
sırasına yazdıran digər həmyerlimiz isə
çempionatı üçüncü yerdə başa
vurmuş Elvin İsayev idi. Hər
üç boksçu Sinqapur Olimpiadasına lisenziya
qazandı. Çempionatın yekunlarına
görə aktivində iki qızıl və bir bürünc
medal olan komandamız ikinci yeri tutdu.
Həmin il iyunun 5-12-də Rusiyanın paytaxtı Moskvada
boks üzrə Avropa çempionatı keçirildi. Boksçularımızdan 48 kq çəki dərəcəsində
mübarizə aparan Elvin Məmişzadə ikinci yerin sahibi
oldu. O, finala kimi Rusiya komandasının üzvü David
Ayrapetyan və Ermənistan təmsilçisi Hovanes Danielyan
üzərində qələbə qazanmışdı. Elvin
yarımfinalda Danielyanı 8:1 hesabı ilə məğlub
etmişdi.
İyulun 16-18-də Bakı yeni bir idman həyəcanı
yaşadı.
Heydər Əliyev adına İdman-Konsert
Kompleksində ümummilli liderin xatirəsinə həsr
olunmuş güləş üzrə "Qızıl Qran
Pri" beynəlxalq turnirinin final mərhələsi
keçirildi. Dünyanın 35 ölkəsindən
350-yə yaxın idmançının iştirak etdiyi turnirdə
güləşçilərimizdən Cəbrayıl Həsənov,
Nauruz Temrezov və Xetaq Qazyumov qızıl, Emin Əzizov, Cəmaləddin
Maqomedov gümüş, Çamsulvara Çamsulvarayev, Şərif
Şərifov, Regina Yarova və Əli İsayev bürünc
medal qazandılar.
Keçən ilin avqustu ölkəmiz üçün
daha əlamətdar oldu. Həmin ayın 14-26-da Sinqapurda Yeniyetmələrin
I Yay Olimpiya Oyunları keçirildi. Milli
komandamızın heyətində güləşçilərdən
Murad Bazarov, Elman Muxtarov, Patimat Baqometova, Əli Maqomedabirov,
ağır atlet Nicat Rəhimov qızıl, boksçular
Salman Əlizadə və Elvin İsayev gümüş,
güləşçi Kənan Quliyev isə bürünc
medala yiyələndilər.
204 ölkədən 3600 idmançının
qatıldığı turnir Azərbaycan yığması
üçün uğurlu oldu. Belə ki, Olimpiadada 12
nəfərlə iştirak edən komandamız medal qazanan
ölkələrin siyahısında 11-ci yeri tutaraq ABŞ,
Almaniya, Böyük Britaniya və digər ölkələri
geridə qoydu. Yeri gəlmişkən,
yığmamız keçmiş SSRİ ölkələrindən
yalnız Rusiya və Ukraynadan geri qaldı. Komandamız Avropa ölkələri arasında
6-cı nəticəni göstərdi.
Prezident
İlham Əliyev Olimpiadada yüksək nəticə göstərmiş
idmançıları, onların məşqçilərini və
idman mütəxəssislərini qəbul edərkən
demişdir: "Bu, həqiqətən, böyük qələbədir,
Azərbaycan idmanının təntənəsidir. Bu, həqiqətən, böyük və tarixi
nailiyyətdir. Azərbaycan artıq
dünyanın aparıcı idman ölkələrinin
sırasındadır. Bu qələbə
onu göstərir ki, Azərbaycanda idmanın inkişafı
üçün çox böyük işlər
görülmüşdür. Hər bir
Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir.
Bu oyunlar isə yeniyetmələrin birinci
oyunlarıdır. Siz artıq öz
adlarınızı bu şanlı tarixə
yazdırmısınız".
Sentyabrın 6-12-də güləşçilərimizin
yeni qələbə sədaları Moskvadan gəldi. Rusiyanın
paytaxtında sərbəst, qadın və yunan-Roma güləşi
üzrə böyüklər arasında dünya
çempionatı keçirildi. Uğurlu
çıxışları ilə yadda qalan
idmançılarımız 2 qızıl, 2 gümüş
və 3 bürünc medal qazandılar. Yunan-Roma
güləşində Həsən Əliyev və sərbəst
güləşçilərdən Xetaq Qazyumov
çempionatı qızıl medalla başa vurdular. Yuliya Ratkeviç və Toğrul Əsgərov
gümüş, Vitali Rəhimov, Zəlimxan Hüseynov və
Cəbrayıl Həsənov bürünc medala layiq görüldülər.
Ümumi komanda hesabında sərbəst güləş
üzrə yığmamız ikinci, yunan-Roma güləşi
üzrə üçüncü oldu.
Cari ilin birinci yarısında da
idmançılarımız mühüm nailiyyətlər əldə
etmişlər. Onlar beynəlxalq yarışlarda 68
olimpiya idman növü üzrə 103 medal qazanmışlar.
Bu medalların 24-ü qızıl, 30-u
gümüş, 49-u bürüncdür.
Ölkədə komanda idman növlərinə də
diqqət artır. Bunlardan biri də ən populyar idman
növü olan futboldur. Hazırda ölkə
futbolunun inkişafı istiqamətində ardıcıl tədbirlər
görülür. Milli çempionatda
mübarizə aparan komandaların maddi-texniki bazası xeyli
yaxşılaşdırılmışdır. Təkcə paytaxtda deyil, bölgələrdə də
yeni-yeni stadionlar inşa edilir. Cari ilin iyun
ayında Mərdəkan qəsəbəsində "Dalğa
Arena" stadionu, sentyabrda "Bakı" futbol klubunun yeni təlim-məşq
bazası istifadəyə verilmişdir.
Ölkə futbolunun 100 illik yubileyinin qeyd olunduğu
gün idmanımızın tarixində əlamətdar gün
kimi yadda qaldı. Həmin gün paytaxtda möhtəşəm
stadionun - Bakı Olimpiya stadionunun təməli qoyuldu. Prezident İlham Əliyevin iştirak etdiyi tədbir
dövlətin idmana qayğı və dəstəyinin əyani
təzahürü idi.
İki-üç
il ərzində tikilib istifadəyə
veriləcək stadion ölkədə ən böyük, ən
müasir futbol arenası olacaq. 65 min
tamaşaçı üçün nəzərdə tutulan
və bütün beynəlxalq standartlara cavab verən Olimpiya
stadionu nəinki Azərbaycanın, həm də Cənubi
Qafqazın ən möhtəşəm stadionu olacaq. Yeni stadionda müxtəlif funksiyalı tribunalar,
qaçış zolağı və s. olacaq. Tikinti işləri Beynəlxalq Tikinti Standartına
(İBC), UEFA və FİFA standartlarına, eləcə də
Azərbaycanın inşaat normativlərinə uyğun olaraq
aparılacaq. Stadionun təməlqoyma mərasimində
FİFA və UEFA-nın prezidentlərinin iştirak etməsi
də təqdirəlayiq hal idi. Preizdent İlham Əliyev
təməlqoyma mərasimində demişdir: "Stadionun tikilməsi bir daha onu
göstərir ki, Azərbaycan dövləti futbolun
inkişafına dəstəyini əsirgəmir. Bundan sonra da çalışacağıq ki, biz
addımlarımızla futbolun inkişafına töhfə verək.
Ancaq əlbəttə ki, bizim ictimaiyyət və
futbol azarkeşləri futbolçularımızdan
yaxşı nəticələr, gözəl qollar və qələbələr
gözləyirlər. Bu bizim haqlı istəyimizdir.
Ümid edirəm ki, görülən və
bundan sonra görüləcək işlər, xüsusilə
gənc futbolçularımızın yetişdirilməsi,
seleksiya işinin düzgün təşkili nəticəsində
futbolçularımız bizə futbol sevincini bəxş edəcəklər".
Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq
Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən
ciddi tərəfdaş, idmançılarımız isə əsas
rəqib kimi qəbul olunurlar. Eyni zamanda Azərbaycan beynəlxalq
miqyaslı turnirlərə ev sahibliyi edərək idman ölkəsi
kimi tanınır.
Azərbaycan.-2011.-18 dekabr.-S.3.