Qəbələdə II Beynəlxalq incəsənət-rəsm sərgisi açılmışdır

 

 Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ II Beynəlxalq incəsənət-rəsm sərgisinin açılışı olmuşdur.

Dekabrın 17-də "Qafqaz Resorte" otelində keçirilən "Sənət! Həyat! Torpaq!" mövzusundakı sərgidə dünyanın 18 ölkəsini - Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Yaponiya, Çexiya, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edən 116 rəssam və heykəltəraşın əsərləri nümayiş etdirilir.

Sərginin açılışında çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova tədbirin  böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. R.Heydərova bu sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirmiş, tədbirin baş tutmasına yaxından kömək göstərmiş Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıq etmişdir. Ruhəngiz Heydərova bildirmişdir ki, ötən illə müqayisədə builki sərgidə iştirak edən rəssam və heykəltəraşların, onların  təmsil etdiyi ölkələrin sayının artması onu göstərir ki, bu layihənin ideyasına olan maraq ildən-ilə artır. Bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. O cümlədən bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov, Azərbaycan, Rusiya və SSRİ xalq rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci-Han çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirmiş, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulamışlar. Natiqlər rəngarəng sənət əsərlərinin nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında daim qalacağına, Qəbələnin gözəl və füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildirmişlər.

Çıxışlardan sonra sərgiyə baxış keçirilmişdir. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri və heykəltəraşlıq sənətinin nümunələri tədbir iştirakçılarında xoş təəssürat yaratmışdır. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd etmişlər. Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyətinin satışı nəzərdə tutulmuşdur. Beynəlxalq sərgi iki gün davam edəcəkdir.

 

Azərbaycan.-2011.-18 dekabr.-S.5.