Nizami məqbərəsinin
tarixi və taleyi
Ulu Nizaminin 870
yaşı tamam olur. Onun doğma yurdu qədim
Gəncə başdan-başa Nizami nuruna boyanıb. Hər yerdə yubiley şərəfinə möhtəşəm
işlər görülür. Ən əsas
nəzər-diqqət, ən böyük ehtişam isə
ölməz şairin əsrlərin o tayından boylanıb gələn
müqəddəs abidə kompleksindədir. Gəlin,
qayğıkeş insanların sayəsində bu gün öz
yeni həyatına qədəm qoyan məqbərənin
tarixini vərəqləyək, bu ulu ocağın taleyi ilə
tanış olaq.
Əsrlərin o tayından Gəncə ilə qoşa gəlir
Nizaminin adı da, məzarının ünvanı da. Uluların məzarı
da müqəddəs bir ocaq, ibrətli bir hekayətdir. Nizami nuruna boyanandan bəri bu yerlər ziyarət məkanına,
tövbə, dilək yerinə çevrilib. Gəncənin gündoğarında Şeyx
düzü belə yaranıb. İllər,
əsrlər boyu zəvvarlar, müsafirlər burada ayaq
saxlayar, gəlib-gedən qonaq-qara burada nəfəs dərər,
ulu Şeyxdən xeyir-dua alardı.
Görəsən tarixin yaddaşına ilk dəfə
Nizami məqbərəsi sözü kimin əli ilə
yazılıb, haçan yazılıb, necə yazılıb? Arayanlar ilk
sorağı Qazi Əhməd Quminin və İskəndər bəy
Münşinin əsərlərindən alıblar. Fikrimizcə, ən sanballı ilkin mənbə
V.V.Bartoldun 1913-cü ildə yazdığı "Nizaminin qəbri"
məqaləsi sayıla bilər. Sərdabənin
fotosunu əldə edən alim tarixi baxımdan mövcud
qaynaqları diqqətlə araşdırır. Adda-budda deyilənləri yır-yığış
edəndə tarixin belə bir səhifəsi canlanır. ...1587-ci ilin soyuq qış günlərində
Qəzvindən bir karvan gəlir. Başda da
Soltan Məhəmməd Xudabəndə - I Şah Abbasın
atası. Bir qaynaqda deyildiyi kimi, Soltan Məhəmməd
düz gəlib "rəhmətlik gəncəli Şeyx
Nizaminin məqbərəsi yanında düşərgə"
salır. Çadırlar qurulur, ocaqlar
çatılır, süfrələr açılır.
Gürcüstan hökmdarının əlidolu elçiləri
gələndə məclis yenidən qızışır... Nədi, yoxsa bu çal-çağırı sinirmədi
şeyxin ruhu, müqəddəs ocaq. Bir səhər səs
yayıldı ki, Soltan Məhəmmədin oğlu Həmzə
Mirzəni gecə yatdığı yerdə bir erməni xəncərlə
doğrayıb... Aylar, illər keçir. Nakam Həmzə Mirzənin qardaşı Abbas
böyüyür, əzəmətli Şah Abbas olur. 1606-cı ilin mart ayında başının dəstəsiylə
Gəncəyə gəlir. O da atası kimi məqbərənin
yanında düşərgə salır.
Tarixdə Nizami məqbərəsini yerindən, forma və
quruluşundan, mühafizə vəziyyətindən xəbər
verən belə qaynaqlar çoxdur. Məqbərə həmişə
müqəddəs sayılıb. Akademik Həmid
Araslı yazır ki, "Nizami öldükdən sonra qəbri
ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən
başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris
ölən adamlar tərəfindən bu məqbərəyə
vəqflər edilmişdir. XVI əsrdə
bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə
və yoxsullara hər gün yemək verən, müdərrisləri
təmin edən bir xeyriyyə ocağı olmuşdur".
Mir Mehdi Xəzaninin
"Kitabi-tarixi Qarabağ" əsərində verdiyi məlumata
görə, Nizami ziyarətgahına o qədər nəzir-niyaz
yığılırmış ki, vəsaitin siyahıya
alınıb məscidə göndərilməsi
üçün ruhanilər tərəfindən oraya
"mücavir" adlandırılan bir nəfər təhkim
edilmişdi.
Lakin dövrün amansız qovğaları zaman-zaman bu
inam, iman yerinə güclü zərbə vurmuşdu. 1606-cı ildə Şah
Abbasın işğalçılıq yürüşü,
1752-ci ildə Hacı Çələbi ilə
Gürcüstan valisi arasında baş verən qanlı
döyüş, 1826-cı ildə, yəni Gəncə
xanlığının süqutundan sonra Rusiya-İran
müharibəsi məqbərəni bərbad hala salır.
1875-ci ildə İran taxtının vəliəhdi Fərhad
Mirzənin bu yerlərə ziyarəti ilə əlaqədar gəncəli
İskəndər bəy Axundov "Kavkaz" qəzetində
yazırdı ki, "Şeyx Nizami məqbərəsinin tağı
uçulub tökülmüş, üstündə ilan və
kərtənkələlər sürünən kərpiç
künbəz indi çovğun və istilərdən onun məzarını
qoruya bilmir".
1879-cu ildə
Həcc ziyarətinə gedən Seyid Əzim Şirvani
yolüstü məqbərəni ziyarət etmiş və təsirlənərək
aşağıdakı rübaini yazmışdır:
Ey
Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü ehtişamı
dağılan.
Olmuşmu
səninlə mən kimi aləmdə,
Beyti, evi, məktəbi, kəlamı dağılan.
"Molla Nəsrəddin" 1908-ci ildə hətta
mal-qara tapdağı olmuş yarıuçuq məqbərənin
məzəli bir şəklini də vermişdi. Altında da bu sözlər:
"- Camaat! Bu, əzim gümbəz şairi-məşhur
Nizami Gəncəvinindir. Gəncənin fəxri
olan bu mübarək yadigarı qoyunların ziyarətindən
qoruyaq".
Belə idi onda məqbərə. Buna görə
də dövrün mötəbər ziyalıları məqbərənin
taleyi ilə maraqlanır, imkanı olan hər kəs türbənin
təmirinə kömək edir, əl tuturdu. Məşhur
"Qarabağnamə"nin müəllifi
Mirzə Adıgözəl bəy şairin türbəsini
öz hesabına təmir etdirib. "Molla Nəsrəddin"
jurnalının təşəbbüsü ilə bu məqsədlə
xeyli sərmayə toplanıb. Əldə
olunan bütün vəsaitin məqbərənin bərpasına
verilməsi üçün 1909-cu ildə gəncəli
müəllim Mirzə Məhəmməd Axundzadə
"Şeyx Nizami" adlı kitabça nəşr etdirib.
"Yelizavetpolskiye
qubernskiye vedomosti" qəzetindəki (28 may 1909) məktubdan
bir parça: "...Əsgər ağa Adıgözəlovun
və Ələkbər bəy Rəfibəyovun
başçılığı ilə görkəmli müsəlman
şairi Şeyx Nizaminin dağılmış abidəsini bərpa
etmək məqsədilə, yeni ədəbi cəmiyyət
yaranmışdır".
1923-cü ilin yazında nə düşünürlərsə
Nizaminin qəbrini şəhərin mərkəzinə -
Cümə məscidinin həyətinə köçürməyi
qərara alırlar. "Şeyx Nizami" kitabının
müəllifi Mirzə Məmməd Axundzadə başda
olmaqla bir qrup ziyalıdan ibarət komissiya yaradılır.
Pul yığılır, yer seçilir, məqbərədə
qazıntı işləri aparılır. Köhnə qəbir söküləndə təzəsi
hazır deyildi. Qəfildən Mirzə Məhəmmədin
ölümü ilə bu gərəkli iş pozulur. Şairin sümükləri şəhər
bağından əvvəlki yerinə qaytarılır.
1939-cu ildə İ.V.Stalin Kiyev ziyalıları ilə
görüşərkən gözlənilmədən
"Xosrov və Şirin" poemasından bir parçanı əzbərdən
söyləyir. Bununla da Nizami
yaradıcılığına və şəxsiyyətinə
münasibət köklü şəkildə dəyişməyə
başlayır. Bu görüş haqqında 1939-cu il aprel ayının 3-də "Pravda" qəzetində
məqalə ilə çıxış edən Ukraynanın
tanınmış şairi Mikola Bacan bu barədə belə
yazıb: "Yoldaş Stalin Nizaminin qardaş Azərbaycan
xalqına məxsusluğu ilə bağlı şübhələrin
aradan qaldırılmasının vacib bir məsələ
olduğunu qeyd etdi".
Şairin məzarının bərpası məsələsi
yenidən diqqət mərkəzinə gəlir. 1939-cu il
noyabr ayının 1-də Bakıda Nizami muzeyi
yaradıldı. 1940-cı ildə isə
şairin məzarı üzərində məqbərənin
ucaldılması məqsədilə Moskvadan arxeoloji ekspedisiya
gəldi. Tədqiqatlarda şəxsən iştirak
etmiş İ.P.Şeblıkin "Nizami türbəsinin
tarixinə dair" məqaləsində yazır ki, XIII əsrdə
tikilmiş məqbərənin ümumi sahəsi 101,12 kvadratmetr, hörgünün
qalınlığı isə 1,7 santimetr olmuşdur. Ekspedisiya bu qərara gəlir ki, şairin məzarı
üzərində abidənin ucaldılması vacibdir.
Bəs layihəsi necə olsun? Hələ 1926-cı
ildə Şeyx Nizaminin məqbərəsinin bərpası ilə
bağlı müsabiqə keçirilirdi. Azərbaycan Politexnik İnstitutunun tələbələri
tərəfindən işlənmiş layihə birinci yerə
layiq görüldü. Lakin türk
üslubundan geniş istifadə edildiyi üçün layihə
kənara atılır. 1930-cu ildə məqbərənin
layihəsi üçün yeni müsabiqə elan olunur.
S.Dadaşov və M.Useynov kimi kamil
memarlarımızın hazırladıqları layihə də
"tünd milli boyalarına" görə Moskvanı
razı salmadı. 1939-cu ildə sayca
üçüncü müsabiqə elan olunur və
İ.Vaxutinlə A.Sarkisovun işlədikləri layihə qəbul
edilir. Bu da çətin bir dövrə
düşdü. Dünya
çalxalandı. Müharibə neçə il əl saxladı.
Nəhayət, 1947-ci ildə Şeyx Nizaminin məzarı
üzərində yerli ağdaşdan məqbərə
ucaldıldı. Hündürlüyü 15,2 metr,
ümumi sahəsi 49 kvadratmetr! 1947-ci ildə məqbərənin
təntənəli açılışı oldu.
Neçə-neçə yaxın-uzaq elli
qonağın, eləcə də ustad Səməd Vurğunun
alovlu çıxışını yaşlı gəncəlilər
indi xatırlayırlar.
Qısqanclıq dalğası yenidən tüğyan
edir. Yubiley ərəfəsində Moskva tərəfindən
qəsdən qıcıqlandırılan İran rəsmiləri
Şeyx Nizaminin yalnız İrana məxsusluğu məsələsini
qaldırırlar. Xəbis əl həmişə əlaltından
iş görürdü. Nizaminin qəbrindən
çıxarılmış yazılı daş və digər
əşyalar, onun tabutunun üzərindən götürülmüş
tirmə parça, kitabələr, Əjdər Ələsgərzadə
tərəfindən oxunub tərcümə edilmiş sinədaşının
estampajı müəmmalı şəkildə yoxa
çıxır.
Yenə də
ulu öndər Heydər Əliyev, qəbri nurla dolsun! Yetmişinci illərdə ölkəyə rəhbərlik
edərkən Nizaminin 840 illik yubileyi ilə əlaqədar
Moskvanın qarşısında məsələ
qaldırır ki, ölməz şairin məzarı üzərində
ona layiq bir abidənin ucaldılması vacibdir.
Açıq müqavimət göstərilməsə də,
Moskvanın xəbis niyyəti yenə də duyulur. Rusların təşəbbüsü
ilə məqbərənin layihəsinin işlənilməsinə
erməni memarları cəlb olunur. Lakin ulu
öndərin cidd-cəhdi sayəsində yeni layihənin
hazırlanması o vaxt Gəncə şəhərində
baş memar işləyən Fərman İmamquliyevə və
heykəltəraş Qorxmaz Sücəddinova həvalə
edilir. Milli memarlarımız tərəfindən əski
oğuz üslubu ənənələrinə uyğun tikiləcək
məqbərənin hündürlüyü 20,9
metr nəzərdə tutulmuşdu. Bu məqbərə
Gəncənin simvoluna çevrilməli idi. Lakin Heydər
Əliyevin Moskvaya getməsindən istifadə edən qara
qüvvələr layihənin yenidən işlənilməsinin
zəruriliyini bəhanə
edərək məqbərənin bərpasını təxirə
salmağa nail oldular.
Nəhayət, Milli Elmlər Akademiyasının
müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi
altında hazırlanmış layihə əsasında məqbərə
əsaslı surətdə təmir edilir. 1992-ci ildə hər iş
başa çatır. Lakin ulu Nizamiyə 850
illik yubiley təntənəsi qədərincə qismət
olmadı. Hər şey doxsanıncı
illərin burulğanında sönük-solğun, səssiz-səmirsiz
ötüşdü.
Gəncəlilər indi onun əvəzini
çıxmağa çalışırlar. İcra
hakimiyyətinin təşəbbüsü ilə görülən
işlər hamının qəlbindən xəbər verir.
İndi qədim Gəncə başdan-başa
müasir şəhərsalma tələblərinə
uyğun yenidən qurulur. Nizaminin məqbərə
kompleksi isə sözün tam mənasında, tanınmaz dərəcədə
dəyişilir, bu müqəddəs guşədə
fundamental işlər görülür. Təqribən
40 hektar sahədə muzey yaradılır. Hər
gün ağac əkilir, məqbərə və onun ətrafı
əsaslı şəkildə bərpa edilir,
genişmiqyaslı abadlıq işləri aparılır.
Bakı səmtində yolun hər iki tərəfində
uzunluğu 47 metr olan sədd - qala divarı tikilir. Məqbərəyə qədər olan ərazidə
bir neçə kilometr sahədə kitab-abidələr
ucaldılır, hər abidənin bir səhifəsində
"Xəmsə"yə daxil olan bir poemanın adı
yazılır, digər səhifədə isə bu poemaya
çəkilmiş minatürlərdən mozaika
yığılır. Yolun əks tərəfində
həmin əsərin personajlarının təsvir olunduğu
fəvvarə kompleksi quraşdırılır. Şəhərin mərkəzində isə Elmi-Tədqiqat
Nizami İnstitutu fəaliyyətə başlayıb.
Ölkə rəhbərinin tövsiyəsi ilə məqbərənin
ən baxımlı yerində Nizami mərkəzinin
inşasına hazırlıq görülür. Burada Nizami
muzeyinin, əlyazmalar fondunun, beynəlxalq əlaqələr
şöbəsinin və digər obyektlərin
yaradılması nəzərdə tutulub. Beləliklə,
türk xalqının böyük oğlu, gəncəli
Nizaminin ədəbi irsinin tədqiqi və təbliği sahəsində
yeni mərhələ başlanır.
Ulu
şairin müqəddəs məqbərəsinin səlnaməsinə
daha bir şərəfli tarix yazılır: "Abidə
kompleksi 2011-ci ildə yenidən qurulmuşdur".
Əhməd İSAYEV,
Azərbaycan.-2011.-18 dekabr.-S.7.