Görkəmli opera
müğənnisi Firəngiz Əhmədova
son mənzilə yola
salınmışdır
Dekabrın 17-də görkəmli opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Əhmədova son mənzilə yola salınmışdır.
Vida mərasimində mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Salonda həzin
matəm musiqisi səslənirdi.
Firəngiz Əhmədovanın həmkarları,
tanışları, tanınmış
mədəniyyət və
incəsənət xadimləri
axın-axın Opera və
Balet Teatrının binasına gəlir, görkəmli sənətkara
və gözəl insana son borclarını verirdilər.
Matəm
mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq müasir Azərbaycan mədəniyyətinin
görkəmli nümayəndələrindən
olan Firəngiz Əhmədovanın milli musiqinin inkişafındakı xidmətlərindən
danışmış və
onun bənzərsiz bir ifaçı olduğunu vurğulamışdır.
O, opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində
aparıcı partiyaların
mahir ifaçısı
kimi şöhrət qazanmışdır. F.Əhmədova
Üzeyir Hacıbəylinin
"Koroğlu"sunda Nigar,
Fikrət Əmirovun
"Sevil"ində Sevil,
Müslüm Maqomayevin
"Nərgiz" və
"Şah İsmayıl"ında
Nərgiz və Gülzar partiyalarında Şərq qadınının
bütün milli koloritini təcəssüm
etdirən bu obrazları özünəxas
temperamentlə yaratmışdır.
Firəngiz xanım həm
də Avropa bəstəkarlarının əsərlərinin
gözəl ifaçısı
kimi tanınmışdır.
Elçin Əfəndiyev demişdir
ki, Firəngiz Əhmədovanın yaratdığı
və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazlar Azərbaycan mədəniyyətinin qızıl
fonduna əbədi daxil olmuşdur. Opera sənətində yüksək
uğurlar əldə
edən Firəngiz xanım, həmçinin müxtəlif kamera əsərlərinin və
romansların bənzərsiz
ifaçısı olaraq
da yaddaşlarda yaşayacaqdır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda opera sənətinin inkişafı
sahəsində nailiyyətlərinə
görə F.Əhmədova
müxtəlif orden və medallara layiq görülmüşdür. Firəngiz
Əhmədova Azərbaycan
Respublikasının ali mükafatı olan "Şöhrət"
ordeni ilə təltif edilmişdir.
Vida mərasimində çıxış
edən xalq artistləri Arif Məlikov, Fidan və Xuraman Qasımova bacıları,
Azərpaşa Nemətov
və Şahlar Quliyev Firəngiz Əhmədovanın bənzərsiz
sənət yolundan, vokal ifaçısı kimi yorulmaz fəaliyyətindən
danışmış, onunla
bağlı xatirələrini
bölüşmüşlər.
Bildirilmişdir ki, Firəngiz Əhmədovanın yaradıcılığı
yeni sənətkarlar nəsli üçün daim örnək olacaqdır.
Mərhumun ailəsi adından çıxış edən
qızı Sevda Əhmədova anasının
xatirəsinə göstərilən
hörmət və ehtirama görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Sonra böyük
sənətkarın cənazəsi
son mənzilə yola salınmışdır.
Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
AzərTAc
Azərbaycan.-2011.-18 dekabr.-S.7.