Hüseyn Cavidin
ev-muzeyində yubiley tədbiri
Azərbyacanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyinin yaradılmasının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Naxçıvan
Muxtar Respublikası mədəniyyət və turizm naziri Sarvan
İbrahimov tədbiri açaraq ulu öndər Heydər
Əliyevin hələ keçmiş sovetlər dövründə
Cavid əfəndinin nəşinin uzaq Sibirdən doğma Vətəni
Naxçıvana gətirilməsində göstərdiyi cəsarət
və vətənpərvərlikdən, xalqına və onun ədəbi
simalarına məhəbbətindən söz
açmışdır.
Ədibin məqbərəsini ziyarətdən sonra başlayan tədbirdə geniş məruzə ilə çıxış edən muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Bəhruz Axundov bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 21 iyul 1981-ci il tarixində Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qəbul etdiyi qərara əsasən, ev-muzeyi yaradılmışdır. Ədibin 1919-cu ilə qədər fasilələrlə yaşadığı Naxçıvandakı qədim Əlixanlı məhəlləsində, Bazarçayın kənarındakı müqəddəs ocaqda ev-muzeyinin yaradılmasından ötən 30 il ərzində burada bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir. 30 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən verilən bu tarixi qərar Azərbaycan ədəbi-mədəni fikir tarixində xüsusi yeri olan muxtar respublikanın mədəniyyət ocaqlarının sırasına daha biri əlavə edilmişdir ki, o da müqəddəs məkan kimi daim ziyarət yerinə çevrilmiş Hüseyn Cavidin ev-muzeyidir.
Yazıçı-publisist Əbülfəz Əsgərli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikası Komitəsinin sədri Rövşən Hüseynov, "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin sədri Sevda Cəfərova, filologiya elmləri namizədi, NDU-nun müəllimi Xanəli Kərimli, M.S.Ordubadi adına mərkəzi kitabxananın şöbə müdiri Südabə Süleymanova, Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov çıxış etmişdilər. Tədbirdə ev-muzeyinin bir qrup əməkdaşına Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikası Komitəsinin, "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin fəxri fərmanları təqdim edilmişdir. Sonra ev-muzeyin ekspozisiyasına baxış olmuşdur.
Azərbaycan.-2011.-18
dekabr.-S.7.