Mütaliə insanda stresin səviyyəsini üç dəfə azaldır

 

 Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma çox adam nəinki istirahət mövsümündə, hətta bekarçılıqdan, ürəyi sıxılanda belə kitab oxumaq barədə düşünmür.

Acınacaqlı haldır ki, kitaba pul xərcləyənlərə təəccüblə baxanlar da var. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir çox müsbət təsirləri mövcuddur. Birinci növbədə, kitab oxuyarkən ürək döyüntüsü normallaşır. Britaniyalı mütəxəssislərin gəldiyi nəticələrə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə mütaliə hər bir kəsi daha tez sakitləşdirir və yüngülləşdirir.

Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normal hala düşür. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətlərinin inkişafında da önəmli rol oynayır. Mütaliə uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.

Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi, ilk növbədə, ailədə qazanılmalıdır. Bu səbəbdən də valideyn uşağı müxtəlif ədəbiyyatlarla təmin etməli, özü ona tez-tez kitab oxumalıdır. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir.

Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer deyir ki, insan düşündükcə beyinin tutumu, təfəkkür, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni çalışdırmaq, məşğələ etmək lazımdır. İllərlə işləməyən beyninhala düdüyünü özünüz təsəvvür edin.

Bir britaniyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə bir kitab düşür. Azərbaycanda isə bu göstərici çox təəssüf ki, minimum səviyyədədir. Normal inkişaf üçün mütaliə məlhəmdir.

 

Azərbaycan.-2011.-18 dekabr.-S.8.