Ukraynalı mahir rəssamlar görkəmli siyasi xadim

 Heydər Əliyevin kəhrəbadan portretini hazırlamışlar

 

 Milli Məclisin parlamentlərarası işçi qrupunun nümayəndə heyəti Kiyevdə səfərdədir. Deputat Eldar İbrahimovun başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin üzvləri Elmira Axundova, Rüfət Quliyev və İqbal Məmmədov daxildir.

Dekabrın 16-da nümayəndə heyətinin üzvləri, habelə Azərbaycan Milli Məclisinin deputatı Hüseynbala Mirələmov və Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli "Ukrayna kəhrəba dünyası" Assosiasiyasında olmuşlar.

"Ukrayna kəhrəba dünyası" Assosiasiyası Şurasının rəhbəri Qalina Simxa Azərbaycan nümayəndə heyətini mehribanlıqla qarşılamış və Assosiasiyanın mahir rəssamları tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Dövlət bayrağı və coğrafi xəritəsi fonunda Ukrayna kəhrəbasından hazırlanmış portretini azərbaycanlı qonaqlara hədiyyə etmişdir.

Azərbaycan parlamentinin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova da özünün ulu öndər Heydər Əliyevə həsr edilmiş kitablarını, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva barəsində oçerklərdən ibarət "Dostlarımın gözəl surəti" adlı yeni kitabını Q.Simxaya bağışlamışdır.

Milli Məclisin üzvü Hüseynbala Mirələmov özünün "İlham Əliyev. Azərbaycan Prezidentinin portreti" adlı kitabının Ukrayna dilində nüsxəsini Assosiasiya Şurasının rəhbərinə təqdim etmişdir.

Dekabrın 16-da Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasında bu kitabın təqdimat mərasimi olmuşdur. Tədbir Azərbaycanın Kiyevdəki səfirliyi tərəfindən təşkil edilmişdir.

Sonra Q.Simxa qonaqları Assosiasiya ilə, "Kəhrəba yol" muzeyi və ukraynalı sənətkarların "Günəş daşı"ndan hazırlanmış nadir əl işlərinin sərgiləndiyi "Kəhrəba mələklər" qalereyası ilə tanış etmişdir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Azərbaycan.-2011.-18 dekabr.-S.5.