İTAR-TASS-ın əməkdaşları
Heydər Əliyev Fondunda olmuşlar
Dekabrın 17-də İTAR-TASS
agentliyinin ümumi xəbərlər xidmətinin baş
redaktoru Aleksandr Kopnov və informasiya-sorğu təminatı
xidmətinin baş redaktoru Nataliya Savinova Heydər Əliyev
Fondunda olmuşlar.
Ziyarət zamanı qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Qonaqlar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara baxmışlar. Onlara məlumat verilmişdir ki, fenomen şəxsiyyət Heydər Əliyevin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir.
Qonaqlar ulu öndərin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlər, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələr, ümummilli liderə həsr olunmuş kitablar, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla baxmışlar.
Qonaqlar
Heydər Əliyev Fondundan zəngin təəssüratla
ayrılmışlar.
Azərbaycan.-2011.-18 dekabr.-S.5.