Prezident İlham Əliyev Sumqayıtda
Olimpiya İdman
Kompleksinin açılışında
iştirak etmişdir
Dekabrın 19-da Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva açılış mərasimində
iştirak etmişlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlət başçısına və xanımına məlumat verildi ki, bu kompleks Azərbaycan Prezidentinin göstərişinə əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılmışdır. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleksin foyesində ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılmışdır. Kompleksdəki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılmışdır. Kompleksdəki kinozalda isə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkün olacaqdır. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük zalı da inşa olunmuşdur.
Diqqətə çatdırıldı ki, kompleksin ağır atletika, hovuz və idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar yaradılmışdır. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 65, eni 40 metr olan süni örtüklü futbol meydançası yaradılmışdır. Burada həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol, voleybol, tennis meydançaları inşa edilmişdir.
Kompleksin ərazisində geniş abadlıq işləri həyata keçirilmiş, yaşıllıq sahələri salınmışdır.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxanada yaradılmış şəraitlə tanış oldular.
Məlumat verildi ki, mehmanxana 42 çarpayılıqdır. Buradakı 17 iki çarpayılıq, 7 bir çarpayılıq və bir lyuks otağın hamısında qonaqlara müasir tələblər səviyyəsində xidmət göstərmək imkanı yaradılmışdır. Mehmanxanada ən müasir standartlar səviyyəsində yeməkxana da fəaliyyət göstərəcəkdir.
Dövlət başçısına və xanımına 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında Azərbaycan idmançılarının milli geyim formaları barədə məlumat verildi.
Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2160 kvadratmetr olan 800 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da idmançıların ixtiyarına veriləcəkdir.
Sumqayıt Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 2011-ci idman ilinin yekunları ilə bağlı idman ictimaiyyətinin nümayəndələri və sumqayıtlılar ilə görüşdü.
İdmançılar və sumqayıtlılar dövlət başçısını və xanımını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
- Əziz dostlar, əziz sumqayıtlılar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və Sumqayıt Olimpiya İdman Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Mən çox şadam ki, Sumqayıtda belə gözəl, möhtəşəm Olimpiya Mərkəzi yaradılıbdır. Burada idmanla məşğul olmaq üçün bütün imkanlar, bütün şərait var, gözəl, yaraşıqlı və rahat Olimpiya Mərkəzi sumqayıtlıların sərəncamına verilir. Bu mərkəzin yaradılması onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına çox böyük diqqət göstərir və son illər ərzində Sumqayıtda bir neçə idman obyekti tikilib istifadəyə verilmişdir. Üç il bundan əvvəl Paralimpiya Mərkəzi tikilmişdir. Bu il Uşaq İdman Mərkəzi yaradılmışdır. İndi isə biz Olimpiya Kompleksinin açılışında iştirak edirik.
Adətən biz hər ilin sonunda idman yekunlarını müzakirə edirik. Bu tədbirlər adətən Bakıda Milli Olimpiya Komitəsinin binasında keçirilir. Bu dəfə isə bu tədbiri biz bu gün burada keçirəcəyik. Həm Olimpiya Kompleksinin açılışını qeyd edirik, həm də ki, idmançılarımızı, idman ictimaiyyətinin nümayəndələrini bu gün burada mükafatlandıracağıq.
2011-ci il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr əldə etmişlər.
700-dən çox medal əldə etmişik və bu proses uğurla davam etdirilir. Mən ümid edirəm ki, 2012-ci il də idmanımız üçün uğurlu olacaqdır. 2012-ci ildə Olimpiya Oyunları keçiriləcəkdir. Biz Olimpiya Oyunlarında idmançılarımıza qələbələr arzulayırıq.
İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Mən çox şadam ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri bizi ürəkdən sevindirir. Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. 2011-ci ildə ölkəmizdə beynəlxalq idman yarışları, o cümlədən boks üzrə dünya çempionatı keçirilmişdir. Birinci dəfə deyil ki, biz bu beynəlxalq yarışları Azərbaycanda keçiririk. Hər dəfə bütün qonaqlar qeyd edirlər ki, yarışlar yüksək səviyyədə keçirilir və bizim təşkilatçılıq imkanlarımız çox yüksək səviyyədədir. Bu il bölgələrdə yeni idman kompleksləri istifadəyə verilmişdir. Dörd Olimpiya İdman Kompleksi tikilmişdir - Tovuzda, İmişlidə, Qəbələdə və Sumqayıtda. Bu proses davam etdirilir. Hazırda 10 olimpiya idman kompleksi tikilir, yaxud da ki, tikintisi üçün hazırlıq işləri aparılır. Mən çox şadam ki, bu komplekslərdə həm idmançılar, həm yeniyetmələr, gənclər, uşaqlar məşq edir. Uşaqlar bizim gələcəyimizdir. Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Yeniyetmələr arasında Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan çox ləyaqətlə təmsil olunmuşdur. Bu proses artıq uzun illərdir ki, aparılır. Azərbaycanda həm peşəkar idmançılar öz imkanlarını göstərirlər, Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırırlar, həm gənc idmançılar, uşaqlar yetişir. Bu sahədə kütləvilik təmin edilmişdir. Bu, çox gözəl hadisədir, bizi çox sevindirir. Bizim gənc nəsil sağlam olmalıdır. Həm fiziki cəhətdən sağlam olmalı, həm ölkə vətəndaşı kimi çox böyük mənəvi dəyərlərə malik olmalıdır.
Biz ümid edirik ki, bu gözəl meyillər gələn illərdə də davam etdiriləcəkdir. Gələn il Olimpiya ilidir. Eyni zamanda, gələn il Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcəkdir. Bu, böyük, mötəbər yarış olacaqdır. Bu yarışı ləyaqətlə keçirmək üçün indi Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır. Biz yaxın zamanlarda Sumqayıt şəhər stadionunun təmirinə başlayacağıq. Digər şəhərlərdə stadionlar tikilir. Yəni, Azərbaycan dünyada idman ölkəsi kimi özünü artıq təsdiqləyib və bu, görülən işlərin nəticəsidir. Biz ümid edirik ki, Olimpiya Oyunlarında böyük uğurla çıxış edəcəyik. Bunu deməyə kifayət qədər əsaslar vardır. Son illər ərzində idmançılarımız dünya və Avropa çempionatlarında qələbələr qazanmışlar. Yəni, bu gün Azərbaycan idmançıları ilə hesablaşırlar və beynəlxalq olimpiya ailəsində fəaliyyətimiz də yüksək qiymətə malikdir.
Bir sözlə, Azərbaycanda idman inkişaf edir, idman
infrastrukturu yaradılır. İdmanla məşğul
olmaq üçün hər bir bölgədə gözəl
imkanlar vardır. Yaxın gələcəkdə
hər bir rayon mərkəzində gözəl olimpiya idman
kompleksləri istifadəyə veriləcəkdir.
İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın
inkişafı hər bir ölkənin ümumi
inkişafını göstərir. Bu sahədə
əldə edilən uğurlar, əlbəttə ki, bizi gələcək
uğurlara sövq edir. Biz əldə
edilmiş nəticələrlə kifayətlənə bilmərik.
Yalnız və yalnız gələcəyə
baxmalıyıq ki, daha da böyük qələbələr əldə
edək.
Biz Sumqayıtın inkişafına çox böyük
diqqət göstəririk. Sumqayıtı
müasir sənaye mərkəzinə çevirmək
üçün konkret planlar vardır. Əslində,
Sumqayıt sənaye şəhəri kimi
formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri
kimi inkişaf edir. Burada yaradılan və
tikilməkdə olan, tikiləcək sənaye müəssisələri
Azərbaycanda sənayeləşmə proqramının
icrası üçün çox vacib rol oynayacaqdır.
Artıq bu proqramın icrasının birinci mərhələsindəyik.
Burada böyük Sumqayıt Texnologiya Parkı
yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət
göstərir. Bu müəssisələrdə
istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə
daxilində də istehlak olunur.
Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən
ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə
müvafiq göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun
iştirakı ilə böyük müəssisələr,
eyni zamanda, kiçik və orta sahibkarlığın
inkişafı üçün gözəl şərait
yaradılacaqdır. Azərbaycan dövləti
bu proqramı həll etmək üçün böyük
miqdarda vəsaitin təşkilində israrlıdır, biz bunu
edəcəyik. Sumqayıtın
bütün sənaye potensialını icra etmək
üçün əlavə infrastruktur layihələri nəzərdə
tutulur. Vaxtilə burada tikilmiş elektrik
stansiyası müəyyən dərəcədə bu məsələlərin
həllinə kömək göstərir. Ancaq
Sumqayıtın və ümumiyyətlə, ölkəmizin
uğurlu inkişafını nəzərə alaraq yəqin
ki, gələcəkdə yeni enerji güclərinin
yaradılmasına da ehtiyac olacaqdır.
Bu gün Sumqayıtda ən müasir texnologiyalara malik
olan azot gübrəsi - karbamid zavodunun təməl daşı
qoyulur. Bu zavodun ölkə daxilində çox böyük
əhəmiyyəti olacaqdır. Çünki
biz hazırda kənd təsərrüfatının
inkişafı üçün əsas gübrələri
xaricdən idxal edirik. Zavodun fəaliyyətə
başlaması nəticəsində biz artıq nəinki
özümüzü təmin edəcəyik, eyni zamanda, ixrac
potensialımız da yaradılacaqdır. Nəzərə
alsaq ki, kəndlilərə, fermerlərə güzəştli
şərtlərlə gübrələr verilir, bu zavodun Azərbaycanda
məhz Sumqayıtda tikilməsi böyük əhəmiyyətə
malikdir. Bizim digər sahələr üzrə
fikirlərimiz vardır. Sumqayıtı,
yenə də deyirəm, müasir sənaye mərkəzinə
çevirmək üçün konkret proqramlarımız,
icra mexanizmlərimiz var və biz bunu edəcəyik.
Eyni zamanda, şəhərin bütün infrastrukturu,
bütün kommunal infrastrukturu yenilənməlidir. Su, kanalizasiya
xətləri, qazlaşdırma, elektrik xətlərinin
çəkilişi - bu işlərin böyük əksəriyyəti
öz həllini tapmışdır. Ancaq
biz yenə də bu məsələlərlə məşğul
olacağıq. Sumqayıtı memarlıq
baxımından gözəl şəhərə çevirmək
üçün artıq konkret proqramlar icra edilir. Mən bu məsələləri nəzarət
altında saxlayıram və Sumqayıtı gözəlləşdirmək
üçün konkret planlarımız vardır. Parklar abadlaşır, biz yeni dənizkənarı
bulvarın tikintisinin başlanmasına qərar vermişik.
Mən keçən dəfə də burada
olarkən demişəm, Sumqayıtda, memarlıq sahəsində,
tikintidə Bakı standartları tətbiq edilməlidir.
Bakı bu gün dünyanın ən gözəl
şəhərlərindən biridir. Sumqayıt
da geri qalmamalıdır. Əvvəlki dövrdə
tikilmiş binalar bərpa edilməlidir, gözəlləşdirilməlidir.
Yeni tikilən binalar gözəl memarlıq
üslubunda yaradılmalıdır.
Beləliklə,
həm şəhərin sosial-iqtisadi, kommunal məsələləri
həll olunacaqdır, həm də Sumqayıt böyük sənaye
mərkəzinə və çox gözəl, abad şəhərə
çevriləcəkdir. Bir daha qeyd etmək istəyirəm
ki, mən Sumqayıtın inkişafına xüsusi diqqət
göstərirəm. Mən şəhərdə
dəfələrlə olmuşam, bundan sonra da dəfələrlə
olacağam. Çünki hələ ki,
burada görüləsi işlər çoxdur.
Əziz
dostlar, 2011-ci il başa çatır.
Ölkəmiz bu ili də uğurla başa
vurur. Ölkə daxilində bütün vəzifələr
icra edilir. 2011-ci il də ölkəmiz
üçün uğurlu olmuşdur. Azərbaycan
dünyadakı mövqelərini möhkəmləndirə
bilmişdir, ölkə daxilindəki vəziyyət çox
müsbətdir. Hər yerdə inkişaf,
hər yerdə tikinti, quruculuq, abadlıq işləri
aparılır - böyük şəhərlərdə,
kiçik kəndlərdə, hər yerdə. Bax bu, bizim strateji xəttimizdir. Azərbaycan
uğurla inkişaf edir, uğurla irəliyə gedir. Gələcəkdə görüləcək
işlərimiz çoxdur. Əminəm
ki, nəzərdə tutduğumuz bütün planlar həyatda
öz əksini tapacaqdır.
Bir daha sizi bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik edirəm, bütün
sumqayıtlılara xoşbəxtlik və
cansağlığı arzulayıram.
Sağ
olun.
* * *
Sonra dövlət başçısı idman sahəsində
fərqlənən bir qrup şəxsə mükafatlar və
yeni mənzillərin orderlərini təqdim etdi.
* * *
Sərbəst
güləş üzrə milli yığma komandanın
böyük məşqçisi, əməkdar məşqçi
Firdovsi UMUDOV sumqayıtlılar və idmançılar
adından dövlət başçısına minnətdarlığını
bildirərək dedi:
- Möhtərəm
cənab Prezident!
İcazə verin, belə bir möhtəşəm idman
sarayını - sayca 33-cü olan Sumqayıt Olimpiya İdman
Kompleksini bizə hədiyyə etdiyinizə görə
bütün idmançılarımız adından Sizə dərin
minnətdarlığımızı bildirək.
Bu, Sizin idmana, xüsusilə olimpiya hərəkatının
genişlənməsinə, Azərbaycanda peşəkar
idmanın inkişafına, gənc nəslin sağlam
böyüməsinə böyük diqqət və
qayğınızın növbəti təzahürüdür. Bunun nəticəsidir
ki, son üç ildə təkcə Sumqayıt şəhərində
Paralimpiya İdman Kompleksi, Uşaq-Gənclər İdman Məktəbi
və Olimpiya İdman Kompleksi tikilib idmançıların
istifadəsinə verilmişdir.
Hər il
olduğu kimi, bu gün də biz idmançıları belə
bir möhtəşəm saraya toplayaraq idmanın
inkişafında əldə edilmiş nailiyyətləri, mövcud problemləri
təhlil edir, qayğılarımızla tanış olursunuz.
Məhz belə bir yanaşmanın nəticəsidir
ki, hər bir sahədə olduğu kimi, idmanda da
uğurlarımız günbəgün artır, maddi-texniki
baza möhkəmlənir.
Hazırda idman ölkəsi kimi tanınan Azərbaycan bu
gün beynəlxalq yarışların, təlim-məşq
toplanışlarının keçirildiyi bir məkana
çevrilmişdir. İndi dünyada Ermənistan da daxil olmaqla çox az dövlət tapılar ki, orada himnimiz səslənməsin,
bayrağımız ucalmasın. Bütün bunların
hamısı Sizin misilsiz əməyiniz və
qayğınız sayəsində mümkün olmuşdur.
Cənab
Prezident, bu gün bu qayğını ən ali
formada Sizdən görürük və Sizə minnətdarlığımızı
bildiririk.
İdmanımızın inkişafında xidməti olanların Sizin tərəfinizdən Vətənin ən yüksək orden və medalları, fəxri adları ilə təltif edilməsi, onlara pul mükafatlarının, mənzillərin verilməsi buna bariz nümunədir. Bu gün 20 nəfərə, o cümlədən mənə mənzil verilməsi bir daha onu göstərir ki, Siz idmançı və məşqçilərimizin sosial, mənzil-məişət problemlərinin həllinə daim həssaslıqla yanaşırsınız. Veteran idmançılara göstərdiyiniz qayğı isə gənclərimiz üçün əlavə bir stimul olmuşdur.
Bu mükafat və hədiyyələri doğum gününüz, yubileyiniz ərəfəsində almağımız bizim üçün daha əlamətdardır. Çünki Siz hər bir idmançının, hər birimizin dayağı, böyük dostu və qardaşısınız!
İcazə verin, idman ictimaiyyəti, idmançılarımız adından Sizi bir daha əmin edim ki, göstərilən bu diqqət və qayğıya cavab olaraq var gücümüzü, potensialımızı yeni-yeni qələbələrin, əyarı yüksək medalların qazanılmasına, Azərbaycanın bayrağının daha da ucalara qalxmasına, dalğalanmasına sərf edəcəyik.
Möhtərəm cənab Prezident!
Vətənimizin işıqlı sabahı, tərəqqisi naminə gördüyünüz bütün işlərə görə Sizə və çox hörmətli Mehriban xanıma minnətdarlığımızı bildiririk. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirik. Vətənimizin taleyüklü məsələlərinin həlli üçün hər zaman çağırışınıza hazır olan Azərbaycan gəncliyi, Azərbaycan idmançıları həmişə Sizinlədir.
Diqqətinizə görə sağ olun.
Sonra tədbir konsert proqramı ilə davam etdirildi.
AzərTAc
Azərbaycan.-2011.-20 dekabr.-S.1-2.