Prezident İlham
Əliyev Sumqayıt şəhər dənizkənarı mədəniyyət
və istirahət parkında
görülən əsaslı yenidənqurma işlərinin
gedişi ilə tanış
olmuşdur
Azərbaycan Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 19-da
Nəsimi adına Sumqayıt şəhər dənizkənarı
mədəniyyət və istirahət parkında görülən
əsaslı yenidənqurma və abadlıq işlərinin
gedişi ilə tanış olmuşlar.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya parkda həyata keçirilən əsaslı yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, əsası 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlamışdır. Sahəsi 23 hektar olan parkda küləyə və quraqlığa davamlı müxtəlif növ ağaclar əkilmişdir. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmiş, 2003-cü ildə isə burada Nəsiminin heykəli ucaldılmışdır.
Bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın yeni layihəsi hazırlanmışdır.
Dövlət başçısı və xanımı parkın gələcək görüntülərini əks etdirən stendlərə baxdılar. Bildirildi ki, əsaslı yenidənqurma və abadlıq işlərindən sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcəkdir. Parkın ətrafındakı yaşayış binalarının fasadlarının və damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılacağı da qeyd olundu.
Parkda görülən işlərlə tanış olan Prezident İlham Əliyev abadlıq və yenidənqurma tədbirləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-20 dekabr.-S.2.