Azərbaycan Prezidenti İlham Əliyev «Balkanların ləyaqətli dostu»

mükafatı ilə təltif edilmişdir

 

 Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Serbiyada fəaliyyət göstərən və təsisçisi dünya şöhrətli idmançı, Serbiya Olimpiya Komitəsinin sədri Vlade Divats olan nüfuzlu "AnaVlade Divats" Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Balkan ölkələrində bir sıra mühüm humanitar layihələrin həyata keçirilməsinə göstərdiyi birbaşa dəstək, qayğı, diqqət və xüsusi xidmətlərinə görə 2011-ci ilin "Balkanların ləyaqətli dostu" mükafatı ilə təltif etmişdir.

Fondun qəbul etdiyi qərarda deyilir: "Azərbaycan və Balkan ölkələri arasında hərtərəfli münasibətlərin inkişafına əvəzsiz töhfəyə, Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə, Belqraddakı "Taşmaydan" parkının və "Bayraklı Cami" məscidinin abadlaşdırılması və təmirinə, Novi Sadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorial kompleksinin yaradılması və "Müqəddəs Petka" Kilsəsinin tikintisinə, Novi Pazar Mədəniyyət Evinin bərpasına, Sarayevoda "Bakı" küçəsi və "Dostluq parkı"nın bərpası və abadlaşdırılmasına göstərdiyi hərtərəfli dəstək və yardıma, Belqradda yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən anauşaq stasionarına və Voyevodina diyarında məskunlaşan qaçqınlara, həmçinin Monteneqroda leysan yağışlarından zərər çəkmiş Virpazar qəsəbəsinin sakinlərinə göstərilmiş humanitar yardıma, məşhur serb yazıçısı Milorad Paviçin "Xəzər lüğəti" kitabının Azərbaycan dilində çap edilməsinə göstərdiyi hərtərəfli dəstəyə, Bakıda dünya şöhrətli serb alimi Nikola Teslanın heykəlinin ucaldılmasına dair qəbul etdiyi qərara, müxtəlif mədəniyyətlərin yaxınlaşmasındakı xidmətlərə, humanizm, şəfqət, həmçinin digər dinlərə münasibətdə parlaq nümunə ola biləcək tolerantlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  "Balkanların ləyaqətli dostu" beynəlxalq mükafatı ilə təltif olunur".

Qeyd edək ki, Vlade Divats və onun həyat yoldaşı Ana Divats  tərəfindən 2007-ci ildə yaradılmış "Ana və Vlade Divats Fondu"nun fəaliyyətinin əsas istiqaməti Serbiya və digər Balkan ölkələrində sosial, humanitar layihələrin həyata keçirilməsi və idmanın inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "AnaVlade Divats" Fondu tərəfindən 2011-ci ilin "Balkanların ləyaqətli dostu" mükafatı ilə təltif olunması Balkan ölkələrində yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz tərəfindən qürur hissi ilə qarşılanmış və onların sevincinə səbəb olmuşdur.

 

Azərbaycan.-2011.-20 dekabr.-S.3.