Milli Məclisdə görüş

 

 Dekabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının həmsədri Xose Klaveriya de Venesiya ilə görüşmüşdür.

Görüşdə qonağa müstəqil Azərbaycanın son iyirmi ildə əldə etdiyi uğurlar barədə məlumat verildi. Parlamentin Spikeri bildirdi ki, müstəqil xarici siyasət yeridən Azərbaycan dünya ölkələri, o cümlədən Filippinlə əlaqələrin inkişafına maraq göstərir. Ölkəmiz dünyanın nüfuzlu beynəlxalq qurumları ilə də faydalı əməkdaşlıq edir. Bu baxımdan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələr təqdirəlayiqdir. Azərbaycanın iqtidar partiyasının 200-ə yaxın siyasi qurumu özündə birləşdirən belə bir nüfuzlu təşkilatın Daimi Komitəsinin üzvü olması bizim üçün çox önəmlidir. Biz siyasi qurumlar arasında münasibətlərin inkişafını bölgə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli  hesab edirik.

Sədr Azərbaycanla Filippin arasında münasibətlərin dərinləşməsində parlamentlərin önəmli rol oynaya biləcəyini söylədi.

Qəbul üçün minnətdarlığını bildirən Xose Klaveriya de Venesiya müxtəlif vaxtlarda Filippində beş dəfə Nümayəndələr Palatasına sədrlik etdiyini diqqətə çatdırdı. Bildirildi ki, o, dövlətlərarası əməkdaşlığın inkişafında parlamentlərin rolunu yaxşı başa düşürbu istiqamətdə səyləri təqdir edir. Qonaq təmsil etdiyi qurumla YAP arasında yaranmış əlaqələri yüksək qiymətləndirdi. Gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə layihələr həyata keçirmək fikrində olduğunu söylədi.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.-2011.-20 dekabr.-S.3.