Bernar Fasye: «Bundan sonra Azərbaycana ya turist,

 ya da bu ölkənin dostu kimi gələcəyəm»

 

 Bundan sonra Azərbaycana ya turist, ya da bu ölkənin dostu kimi gələcəyəm.

AzərTAc xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasye səlahiyyət müddətinin başa çatması ilə əlaqədar dekabrın 19-da Bakıda keçirdiyi mətbuat konfransında söyləmişdir.

B.Fasye Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bildirmişdir ki, problemin mürəkkəbliyi nəzərə alınaraq danışıqların davam etdirilməsi ilə yanaşı, iki xalq arasında etimad yaradılması vacibdir.

Dağlıq Qarabağın azərbaycanlı erməni icmaları arasında sülhün yaranmasında medianın rolunu xüsusi vurğulayan sabiq həmsədr dini liderlərin görüşlərinin keçirilməsi ideyasını dəstəklədiyini bildirmişdir. B.Fasye əlavə etmişdir ki, sülhün əldə olunması üçün, ümumiyyətlə, bütün mümkün vasitələrdən istifadə edilməlidir.

B.Fasye demişdir: "İrəliləyiş əldə olunacağına hələ ümid vardır. Mən vəzifəmə başlayana qədər beynəlxalq birliyin üzvlərindən heç kim Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərə baş çəkə bilmirdi, ancaq hazırda bu, mümkündür indiyədək iki belə missiya həyata keçirilmişdir".

Son il yarım ərzində həmsədrlərin qoşunların təmas xəttini beş dəfə qarşı tərəfə keçməsini tərəqqi kimi qiymətləndirən B.Fasye atəşkəs rejiminin pozulmasından təəssüfləndiyini bildirmişdir.

 

Azərbaycan.-2011.-20 dekabr.-S.3.