Konstitusiya Məhkəməsi Plenumunun

 növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2010-cu il 4 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair T.Mənsurovun şikayəti üzrə konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, O.Ağabalayevin T.Ağabalayevə və T.Mənsurova qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul (müddətin bərpa) olunması, alqı-satqı müqaviləsinin etibarsız sayılaraq mülkiyyət vəsiqəsinin ləğv edilməsi tələbinə dair iddiası, həmçinin T.Ağabalayevin O.Ağabalayevə qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2010-cu il 4 oktyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü,  418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

Azərbaycan.-2011.-20 dekabr.-S.3.