Qətər Dövlətinin milli bayramı şərəfinə

 

 Dekabrın 19-da Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, səfir şeyx Mübarək bin Fəhd Casim Al Tani ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, Qətər Dövləti siyasi, iqtisadi, mədəni sahələrdə mühüm dəyişikliklər dövrünü yaşayır. Diplomat Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmişdir.

Səfir Azərbaycan ilə Qətər arasında əlaqələrin uğurla inkişaf etməsindən məmnunluğunu ifadə etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradır. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan ilə Qətər arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir.

Nəqliyyat naziri Ziya Məmmədov əlamətdar gün münasibətilə Qətər xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlət başçısının salamlarını və xoş arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, Prezident İlham Əliyevin 2004-cü ildə Qətərə, Əmir Şeyx Həməd bin Xəlifə Al Taninin 2007-ci ildə Azərbaycana səfərləri ölkələrimiz arasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərinin daha sürətlə inkişafına səbəb olmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qətər Dövlətinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi yüksək qiymətləndirilmişdir. Nazir əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.

Rəsmi qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.-2011.-20 dekabr.-S.3.