Balakən müasir abad rayona çevrilir

 

 Hər dəfə Balakənin rayon mərkəzinə yaxınlaşanda magistral yolun kənarlarındakı körpü məhəccərlərindən asılan gül dibçəklərinə baxmadan keçmək olmur. Bu dibçəklər məhəccərlərin üzərinə zövqlə, bir-birinin estetik təsirini azaltmayan məsafədə yerləşdirilib. Baxdıqca insanda xoş duyğular oyadır. Ancaq körpü qurtarandan, bu "dibçək sərgisi" başa çatandan sonra dövlət bayrağının ucaldığı ərazidəki (dördyol ayırıcında) pərakəndəlik, avtomobillərin nizamsız düzülüş, hərəkəti digər səliqəsizliklər təəssüf hissi doğururdu. Düzdür, bütün rayonlarda bazara yaxın ərazilərdə belə mənzərələrə rast gəlinir, ancaq Balakəndə - uca  dağları, yaşıl ormanları, axar çayları, bir sözlə, gözoxşayan təbii gözəllikləri olan bir rayonda, yumşaq desək, belə "pərakəndəlik" bir az əvvəlin xoş ovqatını korlayırdı.  Hər dəfə bu yerdən təəssüf hissi ilə keçməli olurduq. Olurduq deyirik ona görə ki, son vaxtlar buralar əməlli-başlı dəyişib. Yaranan səliqə-sahman ilk baxışdan diqqəti çəkir.

Əvvəllər körpü qurtaran kimi, qarşıdakı yol bir istiqamətli olduğundan, mərkəzə getmək üçün bütün şəhəri dövrə vurmalıydın. İndi dövlət bayrağının ucaldığı yerdən geniş yaraşıqlı Heydər Əliyev prospekti başlanır. Avtomobillər hamar asfalt döşənmiş prospektdə hər iki istiqamətə rahat hərəkət edir. Abadlaşdırılmış geniş səkilər, müasir işıq dirəkləri buranın simasını tamamilə dəyişib. Etiraf etmək lazımdır ki, Balakən şəhəri haqqında ilk təəssürat körpüdən keçəndən sonra bu prospektdən formalaşmağa başlayır.

Ölkəmizin sərhəd rayonu olan Balakəndə regionların sosial-iqtisadi inkişafına dair İkinci Dövlət Proqramından irəli gələn vəzifələr uğurla yerinə yetirilir. 2006-cı il aprelin 12-də ölkə Prezidenti İlham Əliyevin Balakənə ilk səfərindən sonra rayonda çox arzular gerçəyə çevrilməyə başlayıb.

Balakəndəki Heydər Əliyev adına mədəniyyət istirahət parkının bölgədə çətin ki, bənzəri olsun. Rayona gələn qonaqların, o cümlədən turistlərin böyük maraqla baxdıqları məkanlardan biri buradır. Balakəni müasir turizm mərkəzinə çevirmək üçün son vaxtlar xeyli görülüb. Rayon haqqında qısa ensiklopedik məlumatlar toplusu təxmini inkişaf planı hazırlanaraq Mədəniyyət Turizm Nazirliyinə göndərilib.

Bu dəfəki gəlişimiz zamanı şəhəri dolaşarkən yeni ab-havanın şahidi olduq. Görülən işlərdə - yolların çəkilməsindən, asfaltlaşdırılmasından, səkilərin düzəldilməsindən tutmuş, hasarların milli memarlıq üslubunda yenidən qurulmasına, evlərin dam örtüklərinin, binaların fasadlarının dəyişdirilməsinə, üzlənməsinə qədər bütün işlərdə bir zövq müasirlik diqqəti çəkir. Təqdirəlayiq haldır ki, yenidənqurma işləri şəhərin arxa küçələrini, ucqarları da əhatə edir. Balakənlilər böyük məmnuniyyətlə görülən işlərdən danışır, abadlıq-quruculuq işləri ilə əlaqədar razılıqlarını bildirirlər.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevlə şəhərdə üstündə görüşdük. İşıq dirəklərinin basdırılması ilə maraqlanırdı. Ayaqüstü söhbət etdik. Ölkə Prezidentinin bütün tapşırıqlarını vaxtında yüksək səviyyədə yerinə yetirməyə çalışdıqlarını bildirdi. Əlavə etdi ki, nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsi üçün dövlət tərəfindən hər cür qayğı göstərilir, biz çalışırıq ki, bu qayğının müqabilində Balakəni müasir abad bir bölgəyə çevirək.

İ.Rzayevlə söhbət əsnasında RİH başçılarının xarici ölkələrə ezamiyyətlərinə toxunduq. İ.Rzayev dedi:

- Cənab Prezidentin tapşırığı ilə mən xaricdə ezamiyyətdə olmuşam. Belçikada, Danimarkada, Lüksemburqda gördüklərimiz, keçirilən görüşlər böyük təəssürat oyadıb. Görülən işlərlə bağlı müqayisə aparmaq imkanlarımız olub. Bəyəndiyimiz, öz bölgəmizdə tətbiqini arzuladığımız işlər az olmayıb. Ancaq onu da deməyi özümə borc bilirəm ki, bir çox parametrlər üzrə ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işləri nəinki xaricdə gördüklərimizdən geri qalmır, hətta bəzi məqamlarda onları üstələyir. Bir misal çəkim, Balakəndəki "Qubek" hoteli bütün göstəriciləri ilə Brüsseldə qaldığımız hoteli geridə qoyur. Ümumilikdə isə belə ezamiyyətlərin hər bir rayon rəhbərinin görüb-götürməsi, fəaliyyətini təkmilləşdirməsi üçün böyük əhəmiyyəti var. Buna görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.

Şübhəsiz ki, hər bir rayonun inkişafının göstəriciləri tikinti-quruculuq işlərinin miqyası ilə şərtlənir.

Rayonda "Gənclər evi"nin tikilib istifadəyə verilməsi gənclərin həyatına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Qabaqçöl qəsəbəsindəki güləş zalının respublika Güləş Federasiyası tərəfindən əsaslı təmirindən sonra açılışı isə rayonda idmanın inkişafına yeni töhfədir.

Rayon təhsil şöbəsinin, 9 məktəbin, 10-a yaxın uşaq bağçasının binalarının əsaslı təmiri görülən işlər sırasındadır. Katex kəndində 220, Qazbölük kəndində 180 şagird yerlik məktəb binaları tikilib. Xalatala kəndində 360, Qullar kəndində 80  yerlik məktəb binaları inşa edilib. Katexzavod kəndi bu sevinci paylaşmaq üzrədir. Bundan əlavə, ilin əvvəlindən ümumi sahəsi 2501 kvadratmetr olan 26 fərdi yaşayış evi, 750 kvadratmetrlik 15 xidmət sahibkarlıq obyekti inşa edilib.

Balakəndə respublika rayon əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə ümumilikdə 4184 kvadratmetr cari təmir işləri görülüb. Rayonun Şərif kəndində uzunluğu 14, eni 5 metr olan körpü tikilərək istifadəyə verilib, İsaxlıgirmə yaşayış məntəqəsində Mazımçay  üzərində 36 metr uzunluğunda körpünün tikintisinə başlanılıb.

Balakəndə xurmanın bolluğu bəllidir. Bu meyvənin satışı ilə bağlı problemlər vaxtdan bəri davam edirdi. Hazırda bu məsələ həllini tapmaq üzrədir. Rayonun Katex kəndində soyuducu qurutma kameralarının tikintisinə başlanılıb. Bu kameralar istifadəyə veriləndən sonra xurma ilə yanaşı, digər meyvə tərəvəz məhsullarının satışı saxlanılması ilə bağlı mövcud olan problemlər aradan qalxacaq, həmçinin yeni yerləri yaranacaqdır.

Rayonda quşçuluq, inkubasiya, konserv məhsullarının istehsalı sahələrinin yaradılması istiqamətində müvafiq işlər görülür.

Balakəndə hələ görüləsi işlər çoxdur. Balakənlilər özlərini hər işin öhdəsindən gəlməyə qadir sayırlar. Onlardakı bu əminlik öz əzmkarlıqları ilə yanaşı, göstərilən dövlət qayğısına da əsaslanır. Qayğı işgüzarlıq isə uğurları, nailiyyətləri şərtləndirən amillərdir.

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2011.-20 dekabr.-S.5.