Şəmkirin gündüzü də gözəldir, gecəsi də...

 

 Qədim Şəmkir şəhəri təbiətən gözəldir. Dağların döşündə, yaşıllıqlar qoynunda yerləşir. Son vaxtlarda isə insan əli bu yerləri daha füsunkar etmişdir.

Bu dəfə gözəlliklər məskəninə yolumuz axşamüstü düşdübu cənnətməkan diyarın gecə mənzərələri ilə tanış olduq.

Yasamal dağından baxırıq. Aşağıda sanki işıq dənizi çağlayır. Şəhər başdan-başa çıraqbandır. Göz işlədikcə uzanan küçələr, yollar boyu işıqlar qatar kimi düzülüb. Yeni binalar, parklar, bağlar sanki alışıb yanır. O başda görünən "işıq dənizi" olimpiya idman kompleksidir. Sahəsinə, səviyyəsinə görə qərb bölgəsində yeganədir. Prezident İlham Əliyevin xeyir-duası ilə tikilib. Mavi rəngli ayna sütunları elə uzaqdan bərq vurur.

Yaxınlıqda qurulmuş monitorda rayon haqqında bir-birindən maraqlı məlumatlar verilir. Onun yanından Heydər Əliyev seyrəngahı işıq və nur çeşməsi kimi şəhərə doğru uzanır.

Ətrafda bir-birindən yaraşıqlı binalar cərgələnir. Heydər Əliyev mərkəzi, diyarşünaslıq muzeyi, ədliyyə evi, vergilər və maliyyə idarələri, pensiya fondu, sosial müdafiə mərkəzi... Hamısı da təzə, hamısı da milli memarlıq üslubunda. Hərəsi bir formada işıq libasına bürünüb. Topa-topa görünən "göllər", guşələr isə, yeni salınan parklardır, bağlardır. Hər yanda min rəngə çalan fəvvarələr çağlayır. Bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının bəhrəsidir.

Bir sözlə, küçələr gözəl, binalar işıqlı, hər tərəf yaraşıqlı. Odur ki,  Şəmkirin gündüzü də gözəldir, gecəsi də...

 

 

Ə.İSAYEV,

Azərbaycan.-2011.-20 dekabr.-S.5.