Ədəbiyyatşünaslığımızın böyük uğuru

 

 Azərbaycan ədəbiyyatşünaslığının təcrübəsini ümumiləşdirən, geniş, əhatəli  bir tədqiqata zərurətin çoxdan yarandığı heç kəsə sirr deyil. Predmet bu ağır, mürəkkəb işin altına girə bilən tədqiqatçını gözləyirdi. Ağır - ona görə ki, az qala əsr, əsr yarımlıq tarixi təcrübəsi olan müasir ədəbiyyatşünaslığımızı bu gün müstəqillik illərinin bizə bəxş etdiyi sərbəst elmi düşüncə mövqeyindən, dünya humanitar fikrinin standartları kontekstində səciyyələndirmək, dəyərləndirmək çətinliyi vardı. Mürəkkəb - ona görə ki, bizdə son onillər ədəbiyyatşünaslığın sərbəstləşmiş fikir meydanında mövzu aktuallığı, problemlərin qoyuluşu baxımından bu iddiada olan işlər az deyil; iddia və imkanların özünü ayırd etmək, qiymətləndirmək vəzifəsi qarşıda dururdu. Şirindil Alışanlının "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası (Bakı, "Elm" nəşriyyatı, 2011) onun bir tədqiqatçı kimi buna hazır olduğunu, həmin vəzifənin öhdəsindən layiqincə gəldiyini göstərir.

Şirindil Alışanlı Azərbaycan tənqidşünaslığının yetirdiyi, milli ədəbiyyatşünaslığın təcrübəsinə, problemlərinə də daxilən bələd olan alimdir. "Romantizm: problemlər, həqiqətlər (Romantizm problemionun Azərbaycan ədəbiyyatşünaslığında işıqlandırılması)" adlı sanballı monoqrafiyası, ədəbiyyatşünaslığın metodoloji problemlərindən bəhs edən və son illərdə intensivliyi ilə seçilən çoxsaylı məqalələri də buna bariz nümunədir. Bir müddət Moskva elmi mühitində çalışması, rus ədəbiyyatşünasları ilə qurduğuindidavam edən elmi əlaqələri, habelə geniş mütaliəsi ona Azərbaycan ədəbiyyatşünaslığının tarixi nailiyyətlərini də, problemlərini də dünya elmi-ədəbi fikrinin kontekstində görməyə imkan verir. Bu baxımdan, cəsarətlə demək olar ki, Şirindil Alışanlının "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası Kamal Talıbzadənin "Azərbaycan ədəbi tənqidinin tarixi" əsərindən bəri bizdə  tənqidşünaslıq sahəsində yaranmış ən miqyaslı işdir. Hətta onu da əlavə etmək doğru olar: milli ədəbiyyatşünaslığın metodoloji axtarışlar planında son uğurlarını Yaşar Qarayevin tədqiqləri təmsil edirdi ki, sistemli ümumiləşdirməyə alimin ömrü vəfa etməmiş, amma həmin tədqiqatlara da dürüst münasibəti məhz bu tədqiqatda tapırıq.

Belə ki, Şirindil Alışanlı monoqrafiyada Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji məsələlərini araşdırmaq kimi vacib bir problemin həllinə - Azərbaycan ədəbiyyatşünaslığının ümumi mənzərəsini aydınlaşdırmaqdan onun qarşısında duran vəzifələri təyin etməyə qədər - ümumidən konkretə doğru olmaqla çox səmərəli bir yolla gedir. Qoyulan məsələlərin nəzəri dərkinə açar rolu oynayan "Ön söz"dən, hər biri mühüm bir ədəbiyyatşünaslıq problemi və kateqoriyasının analitik dərkinə yol açan dörd fəsildən, ümumi qənaətlərin şərhindən ibarət nəticə və problemlə bağlı olduqca zəngin ədəbiyyatdan ibarət struktur-kompozisiya daxilində tədqiqatçı bütünlükdə Azərbaycan ədəbiyyatşünaslığının bugünlü mündəricəsinə ayna tutur, onu dəyərləndirə bilir.

Problemin bugünlü məğzini və dünənli köklərini bilmədən, onu çözmək mümkünsüzdür. Ş.Alışanlı "Çağdaş ədəbi-siyasi reallıqlar və klassik irsin dəyərləndirilməsi məsələləri" fəslində belə də edir. Əvvəlcə, müstəqillik illərinin gəlişi ilə ədəbiyyatşünaslığımızın dəyişən durumuna, burada yaranmış metodologiyasızlıq şəraitinə nəzər salır. Bunun üçün ən yaxşı açar - mövcud dəyərlərə, irsə yanaşmaq ola bilər. Klassik irsə yanaşmanın təcrübəsində tədqiqatçı yeni şəraitdə meydana çıxmış yanlış metodoloji münasibətləri aradan qaldırmağa çalışır. Bu zaman belə bir doğru qənaətə gəlir ki, ədəbiyyata yanaşmağın metodolojisini yalnız nəzəri dürüstlükkonkret ədəbiyyatın təcrübəsi, qanunauyğunluqları təyin edə bilər. Birincinin arsenalını alim dünya humanitar fikrinin müasir qənaətlərində axtarır, milli ədəbiyyatın öz qanunauyğunluqlarını isə ədəbiyyatşünaslığımızın üzə çıxara bildiyi son uğurlarda görür. Model kimi məhz Yaşar Qarayevin son tədqiqatlarının, xüsusən "Tarix: yaxından və uzaqdan" monoqrafiyasındakı (1996) tarixi oçerklərinin örnək göstərilməsi də bu qəbildəndir.

"Müasir humanitar təfəkkür və ədəbi fikrin dövrləşdirilməsi problemi" fəslində birinci fəsildə əldə olunmuş metodolji qənaət daha geniş, tarixi materiallar işığında görünmək imkanı qazanır. Belə ki, dövrləşdirmə məsələsi elə bir məhək daşıdır ki, həm predmetin tarixini, ədəbiyyatın zəngin təcrübəsini ehtiva edir, həm də dövrləşdirmənin irəli gəldiyi nəzəri zəminə, çıxış nöqtəsinə ayna tutur. Heç təsadüfi deyil ki, bu zaman Ş.Alışanlı predmetin tarixini bilmədən nəzəriyyəsini və nəzəriyyəsi olmadan tarixini bilməyin mümkünsüzlüyü müddəasını (N.Çernışevski) bir daha yada salır. Nəinki yada salır, bunu tədqiqatda bilavasitə metodoloji prinsipə çevirə bilir. Əvvəlcə dövrləşdirmənin zəminində duran iki konsepsiyanın - formasiyalar nəzəriyyəsi və sivilizasiyalar nəzəriyyəsinin mahiyyətini üzə çıxarır, fərqli xüsusiyyətlərini şərh edir. Daha sonra milli ədəbiyyatşünaslığın uzun illər bu sahədəki təcrübəsinin məhz birinci nəzəriyyəyə əsaslandığını geniş tarix materialları əsasında səciyyələndirir.

Bu zaman həm ədəbiyyatşünaslığımızda ilk dövrləşdirmənin ortaya çıxdığı 1920-1930-cu illərdən başlayaraq, 1940-1950-ci illər, 1960-1980-ci illər olmaqla hər bir mərhələdə problemə nəzəri yanaşmanın xüsusiyyətləri analitik şəkildə nəzərdən keçirilir. Həm də bilavasitə ədəbiyyatın təcrübəsinə: orta çağlar - XVII-XVIII əsrlər - XIX əsr - XX əsr ədəbiyyatlarına önəm verilir, nəzəri postulatlar bu müstəvidə sınaqdan çıxarılır. Təqdirəlayiqdir ki, Ş.Alışanlı milli ədəbiyyatşünaslığın təcrübəsini ümumiləşdirərkən heç bir tədqiqatçının xidmətini unutmur, M.F.Axundzadədən başlamış XX əsrin sonunadək hər hansı şəkildə milli ədəbiyyatın inkişaf qanunauyğunluqları barədə söz deyən ədəbiyyatşünasların rolunu qeyd etməyi vacib bilir. Bu mənada, faktolojibiblioqrafik materialla hədsiz zəngin ikinci fəsli, həmçinin milli ədəbiyyatşünaslıq tarixi kimi də qiymətləndirmək olar. Xüsusən ədəbiyyatşünaslığın intişarında Heydər Hüseynovun fəlsəfə tarixinin, Səməd Vurğunun nəzəri görüşlərinin prinsipial əhəmiyyəti bu səviyyədə ilk dəfədir ki, qabardılır. F.Qasımzadə, M.Cəfər, Mir Cəlal, Ə.Mirəhmədov, Y.Qarayev kimi ədəbiyyatşünasların konkret, mərhələvi xidmətləri diqqətə çatdırılır. Tədqiqatda daha bir mühüm addım mühacir ədəbiyyatşünaslığın, xüsusən M.Ə.Rəsulzadə irsinin milli ədəbi fikir arsenalına qatılması, bütöv axarda öyrənilməsidir. Tədqiqatçı doğru olaraq bu irsin bu gün də önəmini saxladığı, klassik ədəbiyyatın öyrənilməsində metodoloji örnək ola biləcəyi qənaətinə gəlir.

Şirindil Alışanlı son illərdə şərhçiliyə, təsvirçiliyə, təkrarçılıq və ədəbi fikrin devalvasiyasına uğramış tənqidşünaslığı yenidən nəzəri zəminə, böyük kateqoriyalarla düşünmək müstəvisinə qaytarmaq yolunu tutur. Tədqiqatın "Bədii metod konsepsiyasının təşəkkülü və inkişaf mərhələləri" adlı üçüncü fəsli və "Poetika: ədəbiyyatşünaslığın tarixi təcrübəsi və müasir istiqamətləri" adlı dördüncü fəsli buna bariz nümunədir. Ədəbiyyatşünaslığımızın 1920-1930-cu illərdən başlayaraq kateqoriyalaşması və metod konsepsiyasının yaranması sonradan milli ədəbiyyat tarixinə məhz bu nöqteyi-nəzərdən baxmağı öyrədir. Əslində, ədəbiyyat tariximiz elmi izahını elə məhz yaradıcılıq metodu kateqoriyasının tətbiqi ilə qazanır. Tədqiqatda həmçinin M.F.Axundzadənin sənət görüşlərindən başlayaraq bu məqamın yetişməsi, milli ədəbiyyatda maarifçilik, romantizmrealizm konsepsiyalarının nəzəri dərki tarixən və təfərrüatlı şəkildə izlənir. Bu sahədə hər bir mərhələdə irəli gələn polemikalara diqqət yönəldilir, bu günün mövqeyindən münasibət bildirilir.

Eyni qayda ilə dördüncü fəsildə poetika məsələləri, tədqiqat metodu olaraq tarixi poetika fənninin mahiyyəti nəzərdən keçirilir, şərh edilir. O da qeyd olunmalıdır ki, tarixi poetika ilk dəfə müstəqil fənn olaraq hələ 1970-ci illərdən məhz Ş.Alışanlının təşəbbüsü ilə milli ədəbiyyatşünaslığımıza sirayət etməyə başlamış, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda eyniadlı şöbə yaradılmışdı. Ş.Alışanlının redaktorluğu ilə bu günədək "Tarixi poetika" sırasından ədəbiyyatın müxtəlif kateqoriyalarına həsr olunmuş üç toplunun işıq üzü görməsi də həmin işin bəhrəsidir. Monoqrafiyada Ş.Alışanlı həmçinin fənnin mahiyyət etibarilə tədricən gəlişməsinə də diqqət yetirir, 1920-ci illərdə rus formal məktəbinin nümayəndələrinin Bakı Universitetində dərs deməsi və onların mühazirələrini dinləmiş Ə.Nazim, H.Zeynallı, Ə.Abid kimi tədqiqatçıların əsərlərində tarixi poetikanın təsirləri əsərdə ətraflı şərhini tapır. O da önəmlidir ki, həmin tarixi faktlar indiyədək araşdırılmamış yeni tədqiqat materiallarından ibarətdir.

Poetika məsələlərinin şərhində Ş.Alışanlı bir daha Səməd Vurğunun sənət görüşlərinə qayıdır, ədibin bu sahədə apardığı işlərə nəzər salır. Ümumən, kitabda S.Vurğunun nəzəri irsi hərtərəfli və yenidən oxunur, bugünlü qiymətini alır, hətta ayrıca, monoqrafiya içində monoqrafiya təsiri bağışlayır. Əsərdə həmçinin tarixi-müqayisəli metodun tərkib hissəsi kimi ədəbi əlaqələr probleminə diqqət yetirilir, xüsusən bu sahədə Qasım Qasımzadənin geniş tədqiqatlarına önəm verilir.

Ş.Alışanlı tədqiqatında tarixi poetikanın folklorda, klassik və XX əsr ədəbiyyatında janrlar üzrə öyrənilməsinin konkret faktlarına diqqət çəkərək ümumən bu istiqaməti müasir ədəbiyyatşünaslıqda ən səmərəli yol hesab edir. Bütövlükdə nəzəriyyəçi-alim kimi Ş.Alışanlı metodoloji axtarışlar sahəsində sintez mövqeyinin tərəfdarıdır. Bu günədək dünya humanitar fikrində mövcud olan formasiyalarsivilizasiyalar nəzəriyyələrinin sintezi, ümumən dünya nəzəri fikri ilə milli ədəbiyyat təcrübəsinin qarşılıqlı həzm olunması, poetikatarixi poetika məsələlərinin vəhdətdə öyrənilməsi kimi birləşdirici məqamlar leytmotiv olaraq tədqiqatın əsasında durur, monoqrafiyada əksini tapır.

Kitabda kifayət qədər tənqidilik, polemikalar, tarixən aktual məsələlərin gündəmdəki mövqeyinə münasibət də yer alır. Bu zaman müəllifin əsas opponenti milli ədəbiyyatşünaslığın konkret faktlarıdırsa, platforması qabaqçıl nəzəri fikirdir. Amma onu da qeyd etmək gərəkdir ki, tədqiqatçı milli ədəbi arsenala gərəyincə girməmiş, oturuşmamış tədqiqat metodlarına çox da yer ayırmamışdır. Semiotik yanaşmalar, strukturalizm, germenevtika, sinenergetika kimi metod və nəzəriyyələri xatırlatmaqla bu tədqiqat metodlarının bizdə elə də effekt vermədiyini qeydə alır.

"Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası zamanında ərsəyə gəlmiş bir əsərdir. Şirindil Alışanlının ədəbiyyatşünas mövqeyi on illərdir ki, elmi-ədəbi mühitə məlumdur, milli ədəbiyyatşünaslığın pozitiv ənənələrinin tədricən unudulmasına qarşı həssas münasibəti də mətbu çıxışlarından bəllidir. Odur ki, məhz onun qələmindən çıxmış belə bir sistemli tədqiqatın yaranması heç də təsadüfi olmayıb, ədəbiyyatşünaslıq elmimizin sabahına böyük inam doğurur.

 

 

Tehran ƏLİŞANOĞLU,

filologiya elmləri doktoru

Azərbaycan.-2011.-20 dekabr.-S.6.