Qəbələ II Beynəlxalq incəsənət-rəsm
sərgisi başa
çatmışdır
Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə dekabrın 17-18-də "Qafqaz Resorte" hotelində keçirilən Qəbələ II Beynəlxalq incəsənət-rəsm sərgisi başa çatmışdır.
AzərTAc xəbər verir ki, "Sənət! Həyat! Torpaq!" mövzusuna həsr olunmuş sərgidə dünyanın 18 ölkəsini - Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Yaponiya, Çexiya, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edən 116 rəssam və heykəltəraşın 200-dən artıq əsəri nümayiş olunmuşdur.
Sərgidə Azərbaycanın 48 rəssamının 100-dən artıq rəsm əsəri də yer almışdır. Xalq rəssamları Tahir Salahovun, Mirnadir Zeynalovun və Xanlar Əhmədovun əsərləri yerli və xarici qonaqların marağına səbəb olmuşdur. Sərgidə Koreya, Almaniya, İsrail və Rusiya rəssamlarının əsərləri üstünlük təşkil etmişdir. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri və heykəltəraşlıq sənətinin nümunələri tədbir iştirakçılarında xoş təəssürat yaratmışdır. Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyətinin satışı da nəzərdə tutulmuşdur. Sərgidə ən ucuz əsərin 100 manat, ən bahalı əsərin isə 20 min manat qiyməti var idi.
Bir neçə əsər
satılmışdır.
Azərbaycan.-2011.-20 dekabr.-S.6.