Tahir Salahov: Qəbələ sənət və təbiət gözəlliyinin uzlaşdığı,

rəssamlara ilham verən məkandır

 

 Azərbaycanın və Rusiyanın xalq rəssamı, akademik Tahir Salahov jurnalistlərə müsahibəsində bildirmişdir ki, ölkəmizin nüfuzunun formalaşmasında mədəniyyət mühüm rol oynayır. Mədəniyyət hər bir xalqın vizit kartıdır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm incəsənət sərgisinin keçirilməsi vacib hadisədir. "Ecazkar mənzərəsi olan Qəbələ sənət və təbiət gözəlliyinin çox uğurlu şəkildə uzlaşdığı bir məkandır. Qəbələ şəhərində artıq ikinci ildir ki, keçirilən və yüksək səviyyədə təşkil olunan bu beynəlxalq sərginin getdikcə dünyada məşhurlaşması və ötən illə müqayisədə bu sərgidə iştirakçıların sayının xeyli artması buna əyani sübutdur. Dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyində belə möhtəşəm sərginin təşkili yaxşı ideyadır və bura rəssamlar üçün həm də gözəl ilham mənbəyidir. Bu sərgidə müxtəlif mədəniyyətlər ən yüksək səviyyədə təbliğ edilir. Bu tədbir incəsənətimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir. Sərgidə nümayiş olunan realist çalarlarla, fərqli forma və rənglərlə maraq doğuran bu yaradıcılıq nümunələri bir qədər sərt görünsə də, əslində, heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti çəkir. Həqiqətən də, parlaqorijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri bu sərgidə özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Sərgidəki əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyası tətbiq edilmişdir. Əcnəbi və yerli sənətsevərlər böyük estetik zövq bağışlayan əsərlərə maraqla tamaşa edirbir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olurlar".

 

Azərbaycan.-2011.-20 dekabr.-S.6.