Benilüks Azərbaycanlıları Konqresinin III qurultayı keçirilmişdir
Dekabrın 17-də Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III qurultayı keçirilmişdir.
Qurultayı açan BAK-nın fəxri sədri Sahil Qasımov Niderlandı, Belçikanı və Lüksemburqu əhatə edən BAK-ın 2006-cı ildən fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. O, bu ölkələrdə Azərbaycan diasporunun təşkilatlanmasında BAK-nın xüsusi əməyi olduğunu bildirmişdir.
Toplantıda Azərbaycanın dövlət himni səslənmiş, BAK-nın 5 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Konqresin sədri Elsevər Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, son illər ərzində Azərbaycan həqiqətlərinin Benilüks ölkələrində yerli ictimaiyyətə çatdırılması istiqamətində xeyli iş görülmüş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Amsterdam və Rotterdam şəhərlərində azərbaycanlı uşaqlar üçün həftəsonu məktəbləri açılmış, şagirdlər dərslik və dərs ləvazimatları ilə təmin olunmuşlar. Təşkilatımız Xocalı faciəsinin ildönümü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Rotterdamda Bakı küçəsinin açılışı tədbirlərində fəal iştirak etmişdir. BAK-nın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış tarixçi alimləri ilə görüşlər keçirilmişdir.
Təşkilat rəhbəri Benilüks ölkələrində ermənilərin Azərbaycana qarşı təxribatlarının qarşısının alındığını da qurultay iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən cari ilin iyul ayında BAK-nın fəxri sədri Sahil Qasımovun "Tərəqqi" medalı ilə təltif edilməsi təşkilatın fəaliyyətinə verilmiş qiymətin göstəricisidir.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov demişdir ki, Dünya Azərbaycanlılarının III qurultayında dövlətimizin başçısı İlham Əliyev strateji xarakter daşıyan proqram xarakterli nitq söyləmiş, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərə diaspor təşkilatları ilə sıx əlaqə qurmağı və onların fəaliyyətlərinə dəstək verməyi tapşırmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti qurultaydakı nitqində diaspor təşkilatlarına da müəyyən tövsiyələr vermişdir. Benilüks Azərbaycanlıları Konqresi bu tövsiyələri gündəlik fəaliyyətlərində rəhbər tutur.
Səfirliklə BAK-nın birgə fəaliyyətindən bəhs edən F.İsgəndərov bu işbirliyinin başqa ölkələrdəki diplomatik nümayəndələrlə diaspor təşkilatlarının əməkdaşlığına nümunə olduğunu xüsusi vurğulamış və qeyd etmişdir ki, BAK artıq Azərbaycanın xarici siyasətinin Avropada həyata keçirilməsinə öz dəstəyini verməyə başlamışdır.
Səfir Benilüks Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirlərə artıq azərbaycanlılarla, qardaş türk təşkilatları və digər ölkələrin diaspor icmaları ilə yanaşı, hollandların da cəlb edilməsini müsbət hal kimi qiymətləndirmiş, Rotterdamda Bakı küçəsinin açılışında şəhər merinin və digər rəsmilərinin iştirakını buna misal göstərmişdir.
F.İsgəndərov diaspor təşkilatlarının qarşısında duran əsas məsələ kimi onların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyasının vacibliyinin diqqətə çatdırmış və bu problemin Hollandiyada uğurla həyata keçdiyini vurğulamışdır.
Çıxışının sonunda səfir BAK-ya gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin Qərbi Avropa şöbəsi müdirinin müavini Elnur Əliyev komitə sədri Nazim İbrahimovun qurultaya təbrik məktubunu oxumuşdur. Məktubda Benilüks Azərbaycanlıları Konqresinin ötən beş il ərzindəki fəaliyyəti yüksək qiymətləndirilmiş və qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının III qurultayındakı nitqindən irəli gələn vəzifələr xaricdəki Azərbaycan icmaları üçün əsas fəaliyyət proqramı olmalıdır.
BAK-nın gənclər təşkilatının sədri Musa Pünhan keçirilmiş tədbirlərdə gənclərin rolundan danışmış və onları Azərbaycanın təbliği məsələsində yaşlı nəsildən nümunə götürməyə çağırmışdır.
Avropa İttifaqında Azərbaycan Lobbist Qrupunun rəhbəri, VVD partiyasının əyalət vəkili, "Türk Hava Yolları"nın Amsterdamdakı nümayəndəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbəri və digərləri BAK ilə birgə fəaliyyətlərindən danışmışlar.
Qurultayda BAK-nın yeni idarə heyətinin 20 nəfərdən ibarət üzvü seçilmişdir. Sahil Qasımov BAK-nın sədri seçilmişdir.
Sonra səfir Fuad İsgəndərov Azərbaycandan gəlmiş bir qrup mədəniyyət işçisinə BAK-nın diplomlarını təqdim etmişdir.
Tanınmış bəstəkar Gövhər Həsənzadə mükafat alanlar adından BAK-nın rəhbərliyinə təşəkkürünü bildirmişdir.
BAK-nın yeni seçilmiş sədri Sahil Qasımov təşkilatın yalnız Niderland, Belçika və Lüksemburq ölkələrini deyil, öz məkanından çıxaraq digər dövlətləri də əhatə etdiyini vurğulamışdır. O, Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Xocalı faciəsinin əsl mahiyyətini bütün dünyaya çatdırmaqda BAK-nın xüsusi rol oynadığını, bu istiqamətdə lobbiçilik fəaliyyətini davam etdirəcəyini bəyan etmişdir.
Amsterdam və Rotterdamdakı Azərbaycan dili məktəblərinin kiçik yaşlı şagirdləri qurultay iştirakçılarını təbrik etmiş, ölkəmizə həsr olunmuş şeirlər səsləndirmişlər.
İncəsənət ustalarından Azərbaycanın əməkdar artistləri Elza Seyidcahan və Azərin Azərbaycan və Avropa bəstəkarlarının mahnılarını ifa etmişlər.
Qurultayda Hollandiya ictimaiyyətinin, Qazaxıstan, Ukrayna, Rumıniya, Türkiyə icmalarının nümayəndələri, diasporumuzun təmsilçiləri, Benilüks ölkələrində təhsil alan tələbələr, yerli və xarici jurnalistlər iştirak etmişlər.
Qurultayla
əlaqədar "Azərbaycan Benilüks News" qəzetinin
xüsusi nömrəsi çap olunmuşdur.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-2011.-20 dekabr.-S.7.