Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi
yanında Gənclər
Fondunun Əsasnaməsi
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli
fərmanı
ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu (bundan sonra - Fond) gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edən qurumdur.
1.2.
Fond öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
haqqında Əsasnaməni və bu əsasnaməni rəhbər
tutur.
1.3. Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əlaqəli şəkildə həyata keçirir.
1.4. Fondun müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Fondun saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr və digər qanuni vəsaitlər hesabına maliyyələşdirilir.
1.6. Fond Bakı şəhərində yerləşir.
2. Fondun məqsədi və vəzifələri
2.1. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimullaşdırır.
2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:
2.2.1. məqsədlərinə uyğun olaraq, gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların (bundan sonra - layihə) həyata keçirilməsini təşkil etmək;
2.2.2. Fondun vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;
2.2.3. Fondun vəsaitləri hesabına maliyyələşdirmək məqsədi ilə proqram və layihələrin ekspertizasının keçirilməsini təşkil etmək;
2.2.4. gənclər siyasəti sahəsində dövlət proqramlarından irəli gələn layihələrin maliyyələşdirilməsinə üstünlük vermək;
2.2.5. gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.2.6. istedadlı və fəal gənclərin mükafatlandırılmasını təmin etmək;
2.2.7. yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrini dəstəkləmək;
2.2.8. kadr hazırlığını stimullaşdırmaq, istedadlı gənclərin və gənc alimlərin məlumat bankını yaratmaq;
2.2.9. gənclər təşkilatlarının maddi-texniki inkişafı yolu ilə vətəndaş cəmiyyətini və ictimai təşəbbüskarlığı dəstəkləmək;
2.2.10. gənclərin internet media sahəsində
inkişafını dəstəkləmək;
2.2.11. animasiya və bədii filmlər vasitəsilə
gənc nəslin vətəndaşlıq və vətənpərvərlik
tərbiyəsini gücləndirmək;
2.2.12. gənclərin ekoloji maarifləndirilməsi məqsədi
ilə onlar arasında müxtəlif tədbirlər, o
cümlədən təlim və tətbiqi layihələr həyata
keçirmək;
2.2.13. beynəlxalq əməkdaşlığın
genişləndirilməsi vasitəsi ilə ölkənin beynəlxalq
səviyyədə mövqeyinin möhkəmləndirilməsində
iştirak etmək;
2.2.14. gənc xarici vətəndaşların Azərbaycan
tarixinə və mədəniyyətinə dair tədqiqat
işlərini dəstəkləmək;
2.2.15. Azərbaycanın
təqdimatına və təbliğinə yönəldilmiş
layihələri dəstəkləmək;
2.2.16. gənclərin vəziyyətinin öyrənilməsi,
müvafiq statistik məlumatların toplanması istiqamətində
iş aparmaq;
2.2.17. gənclərin təhsili,
sağlamlığı, peşəyönümü, məşğulluğu,
inkişafı, asudə vaxtının səmərəli təşkili
üçün zəruri olan hüquqi, iqtisadi və digər
məlumatların toplanması və yayılması üzrə
proqramların və layihələrin həyata keçirilməsinə
kömək etmək;
2.2.18. gənclər siyasətini həyata keçirən
infrastrukturun maddi-texniki bazasının gücləndirilməsinə
yardım göstərmək;
2.2.19. layihələrin həyata keçirilməsi
üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini
müəyyən etmək;
2.2.20. layihələrin maliyyələşdirilməsi
məqsədi ilə müsabiqələrin keçirilməsi
qaydalarını müəyyən etmək;
2.2.21. layihələrin həyata keçirilməsi məqsədi
ilə müsabiqələr təşkil etmək və bununla
bağlı:
2.2.21.1. elanlar vermək;
2.2.21.2. layihələr üzrə vəsaitin
miqdarını müəyyənləşdirmək;
2.2.21.3. layihələrin təqdimolunma
formalarını, müddətlərini və zəruri sənədlərin
siyahısını müəyyən etmək;
2.2.21.4. təqdim olunmuş layihələri qiymətləndirmək;
2.2.21.5. layihələri məqbul hesab edilən şəxslərlə
şifahi müsahibələr keçirmək;
2.2.21.6. müsabiqədə qalib gəlmiş layihələri
müəyyənləşdirmək və müvafiq qərar
qəbul etmək;
2.2.21.7. müsabiqənin qalibi ilə vəsaitdən
istifadə şərtləri haqqında müqavilə
bağlamaq;
2.2.21.8. müsabiqəni baş tutmamış elan etmək;
2.2.21.9. müsabiqənin nəticələri barədə
məlumatları açıqlamaq;
2.2.22. qanuna və bu əsasnaməyə uyğun
olaraq layihələri maliyyələşdirmək;
2.2.23.
Fond tərəfindən ayrılan vəsaitdən təyinatı
üzrə istifadə olunmasına nəzarət etmək, həmin
vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə,
maliyyələşdirmənin dayandırılması və verilən
vəsaitin qaytarılması üçün qanunvericiliyə
uyğun tədbirlər görmək;
2.2.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı qanunla müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini
təmin etmək;
2.2.25. qanuna uyğun olaraq digər vəzifələri
həyata keçirmək.
3. Fondun
hüquqları
3.0. Fond
öz vəzifələrini həyata keçirmək
üçün aşağıdakı hüquqlara malikdir:
3.0.1. qanuna uyğun olaraq xarici ölkələrdə
müvafiq funksiyaları yerinə yetirən dövlət
qurumları, qeyri-hökumət təşkilatları və digər
təşkilatlarla əməkdaşlıq əlaqələri
qurmaq, informasiya mübadiləsi aparmaq;
3.0.2. məqsədlərinə və qanuna uyğun
olaraq, Azərbaycan Respublikasında və xarici ölkələrdə
hüquqi və fiziki şəxslərlə işgüzar
münasibətlər qurmaq;
3.0.3. məqsədlərinə uyğun olan layihələrin
maliyyələşdirilməsi məsələsini həll etmək;
3.0.4. vəzifələrini yerinə yetirmək məqsədi
ilə dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.0.5. qanuna uyğun olaraq regional və beynəlxalq təşkilatlara
üzv olmaq;
3.0.6.
Fondun fəaliyyətini və qrant layihələrinin
mühüm nəticələrini ölkə daxilində və
xaricdə təbliğ etmək;
3.0.7.
Fondun vəsaitləri hesabına maliyyələşdirmək
məqsədi ilə proqram və layihələrin ekspertizadan
keçirilməsi üçün kənar mütəxəssisləri
(ekspertləri) cəlb etmək;
3.0.8.
Fondun vəsaiti hesabına verilən qrantların (vəsaitlərin)
layihədə nəzərdə tutulmuş təyinatına
uyğun istifadə olunmasına nəzarət etmək məqsədi
ilə monitorinqlər aparmaq, həmin vəsaitdən təyinatı
üzrə istifadə edilmədikdə verilən vəsaitin
qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər
görmək;
3.0.9. qanunla müəyyən olunmuş qaydada
xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
3.0.10.
Fonda maliyyə ehtiyatlarının cəlb olunması
üçün tədbirlər görmək;
3.0.11. qanunda nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
4. Fondun vəsaitinin
formalaşdırılması və ondan istifadə
4.1. Fondun vəsaiti
aşağıdakı mənbələr hesabına
formalaşdırılır:
4.1.1. Azərbaycan
Respublikasının dövlət büdcəsindən
ayırmalar;
4.1.2. qanuna uyğun olaraq, yerli və xarici hüquqi və
fiziki şəxslərin könüllü ianələri;
4.1.3. qanuna uyğun olaraq, xarici dövlətlərin
və beynəlxalq təşkilatların qrantları və digər
ayırmaları;
4.1.4. qanunla qadağan olunmayan digər mənbələr.
4.2. Fond sərəncamındakı
vəsaitdən bu əsasnamə ilə müəyyən
olunmuş fəaliyyət istiqamətlərinə uyğun
istifadə edir.
4.3. Maliyyə
ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin
maliyyələşdirilməsinə yönəldilir.
4.4. Fondun
vəsaitindən istifadə haqqında məlumat hər maliyyə
ilinin sonunda kütləvi informasiya vasitələrində dərc
edilməlidir.
5. Fondun idarə edilməsi
5.1. Fondun strukturunu, ştat cədvəlini,
xərclər smetasını və fəaliyyətinə dair
hesabatları Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi təsdiq edir.
5.2. Fondun
icraçı direktorunu Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri vəzifəyə təyin
və vəzifədən azad edir.
5.3. Fondun
fəaliyyətinə ümumi nəzarəti Fondun
Müşahidə Şurası (bundan sonra - Şura) həyata
keçirir.
5.4.
Şura, beş üzvü müvafiq
dövlət orqanlarını, iki üzvü beynəlxalq təşkilatları,
dörd üzvü qeyri-hökumət təşkilatlarını
təmsil edən on bir üzvdən ibarət tərkibdə
formalaşdırılır.
5.5.
Şuranın beş üzvünü
aşağıdakı mərkəzi icra hakimiyyəti
orqanları (hər mərkəzi icra hakimiyyəti
orqanından bir nəfər olmaqla) təyin edirlər:
5.5.1. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi;
5.5.2. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi;
5.5.3. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi;
5.5.4. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;
5.5.5. Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi.
5.6.
Şuranın beynəlxalq təşkilatları və
qeyri-hökumət təşkilatlarını təmsil edən
üzvləri həmin təşkilatların təqdimatı əsasında
Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi tərəfindən təyin edilir.
5.7.
Şuranın ümumi tərkibi Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq
edilir.
5.8.
Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.
Eyni şəxs ardıcıl olaraq iki dəfədən
artıq Şuranın üzvü ola bilməz.
5.9.
Şuranın üzvləri Fondun digər orqanlarında təmsil
oluna bilməzlər.
5.10. Şuranın
üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
5.11.
Şuranın sədri, sədr müavini və katibi
Şuranın ilk iclasında Şuranın üzvləri tərəfindən
Şuranın üzvləri sırasından seçilirlər.
5.12.
Şura:
5.12.1.
Fondun fəaliyyətinin Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğunluğuna, vəsaitinin
formalaşmasına və xərclənməsinə ümumi nəzarəti
həyata keçirir;
5.12.2.
Fonda əlavə vəsait cəlb edilməsinin
strategiyasını hazırlayır və həyata
keçirilməsinə nəzarət edir;
5.12.3. layihələrin həyata keçirilməsi məqsədi
ilə gənclər siyasətində dövlət dəstəyinin
yönəldilməsi daha məqsədəuyğun hesab edilən
sahələr barədə təkliflərini Fondun
icraçı direktoruna təqdim edir;
5.12.4.
Fondun icraçı direktorunun təqdimatına əsasən,
Fondun vəsaitindən istifadənin əsas istiqamətlərini,
Fondun xərclər smetasının layihəsini və
balansını müzakirə edir və tövsiyələr
verir;
5.12.5. müsabiqəyə təqdim edilən layihələrə
baxılması qaydasını və həmin layihələrin
qiymətləndirilməsi meyarlarını təsdiq edir;
5.12.6. müsabiqənin nəticələri barədə
qərarlar qəbul edir;
5.12.7.
Fond ilə layihələrin icraçı təşkilatları
arasında Fondun vəsaitlərindən istifadənin şərtləri
haqqında bağlanılan müqavilələrin nümunəvi
layihələrini təsdiq edir;
5.12.8. layihələrin tərtib olunmasına dair tələbləri
müəyyən edir;
5.12.9. layihələrin həyata keçirilməsinə
Fond tərəfindən ayrılan vəsaitin təyinatı
üzrə istifadəsinə nəzarət məqsədi ilə
monitorinqlərin aparılması qaydasını təsdiq edir;
5.12.10.
Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi
aktların layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinə
təqdim edir;
5.12.11.
Fondun fəaliyyətinin auditor yoxlamalarını təşkil
edir və nəticələri barədə Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinə
məlumat verir;
5.12.12.
Fondun fəaliyyəti ilə bağlı Fondun icraçı
direktorunun illik hesabatlarına baxır və rəy verir;
5.12.13.
Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyinə təkliflər verir;
5.12.14.
Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri
müzakirə edir.
5.13.
Şura öz iclaslarını rübdə bir dəfədən
az olmayaraq keçirir. Şuranın
növbədənkənar iclasları Şura üzvlərinin
yarıdan çoxunun və ya Fondun icraçı direktorunun təşəbbüsü
ilə keçirilə bilər.
5.14.
Şuranın iclasları üzvlərinin üçdə iki
hissəsi iştirak etdikdə səlahiyyətli
sayılır. Şuranın qərarları
açıq səsvermə yolu ilə və iclasda iştirak
edən Şura üzvlərinin adi səs çoxluğu ilə
qəbul edilir. Səslər bərabər
bölündükdə, Şura sədrinin səsi həlledici
hesab edilir;
5.15.
Şuranın iclasları müvafiq qaydada
protokollaşdırılır, protokolu və protokola əlavələri
sədr və katib imzalayırlar;
5.16.
Şuranın iclaslarında qəbul olunmuş qərarlar
aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə
Fondda saxlanılır.
5.17.
Şura üzvlərinin aşağıdakı
hüquqları vardır:
5.17.1.
Şuranın səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak etmək;
5.17.2.
Şuranın iclasının gündəliyi ilə və
baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olmaq;
5.17.3.
Şurada baxılan məsələlərə dair fikir
söyləmək;
5.17.4.
Şuranın səlahiyyətlərinə aid məsələlərə
Şuranın iclaslarında baxılması barədə təkliflər
vermək;
5.17.5.
Şuranın qərarları, iclaslarının protokolları
və digər sənədləri ilə tanış
olmaq.
5.18.
Şura üzvləri:
5.18.1.
Şuranın iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı;
5.18.2.
Şuranın iclaslarını üzrsüz səbəbdən
buraxmamalı;
5.18.3.
Şura üzvünün adına xələl
gətirə biləcək hərəkətlərə və
çıxışlara yol verməməli;
5.18.4.
Şurada baxılan məsələlər haqqında qərar
qəbul edilənədək məsələnin mahiyyətinə
dair ictimaiyyət qarşısında fikir söyləməməlidirlər.
5.19.
Şuranın sədri:
5.19.1.
Şuranın işini təşkil edir;
5.19.2.
Şura iclaslarının gündəliyini müəyyənləşdirir,
iclasları çağırır və iclaslarda sədrlik
edir;
5.19.3.
Şuranın fəaliyyətinin təşkili ilə
bağlı digər tədbirləri həyata keçirir.
5.20.
Şura sədrinin müavini Şura sədrinin ona həvalə
etdiyi vəzifələri yerinə yetirir, Şuranın sədri
vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini
həyata keçirir.
5.21.
Şuranın hər bir üzvü Şuranın iclasında
baxılan məsələlər üzrə şəxsi
maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas
verə bilən digər hallar olduqda, Şuranı məlumatlandırmalı
və qərarların qəbul edilməsində iştirak etməməlidir.
Belə əsaslar olduqda, Şuranın
üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış
etiraz edilə bilər.
5.22.
Şura üzvünün səlahiyyətlərinə
aşağıdakı hallarda Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinin qərarı
ilə vaxtından əvvəl xitam verilə bilər:
5.22.1. öz arzusu ilə Şura üzvlüyündən
çıxmaq barədə yazılı ərizə verdikdə;
5.22.2. bu əsasnamədə Şura üzvü
üçün nəzərdə tutulmuş tələblərə
uyğun gəlmədikdə;
5.22.3. səhhətinə görə vəzifələrini
altı aydan artıq yerinə yetirə bilmədikdə;
5.22.4. ardıcıl olaraq 4 dəfə üzrsüz səbəbdən
Şuranın iclaslarında iştirak etmədikdə;
5.22.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud
fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən
müəyyən edildikdə;
5.22.6. barəsində cinayət işinə bəraətverici
əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin
qanuni qüvvəyə minmiş ittiham hökmü və ya
tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə
qərarı olduqda;
5.22.7.
Şura üzvünün adına ləkə
gətirən hərəkətlərə yol verdikdə.
5.23. Səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilmiş Şura üzvünün
yerinə yeni üzv onun səlahiyyət müddətinin qalan
hissəsi üçün bu əsasnamədə nəzərdə
tutulmuş qaydada təyin edilir.
6. Fondun fəaliyyətinin təşkili
6.1. Fondun fəaliyyətinə Fondun
icraçı direktoru rəhbərlik edir.
6.2. Fondun
icraçı direktoru:
6.2.1.
Fondun cari fəaliyyətinə rəhbərlik edir və Fondu
təmsil edir;
6.2.2.
Fondun illik fəaliyyət planını Şura ilə
razılaşdırmaqla təsdiq edir;
6.2.3.
Fondun maliyyə vəsaiti də daxil olmaqla əmlakını
idarə edir;
6.2.4. Fond
adından, qanunun tələbləri gözlənilməklə
müqavilələr bağlayır, səlahiyyətləri
daxilində əmrlər, sərəncamlar və göstərişlər
verir, onların icrasına nəzarət edir;
6.2.5. öz səlahiyyətləri daxilində
işçiləri işə qəbul edir, işdən azad
edir, onlar barəsində həvəsləndirmə və
intizam tənbehi tədbirləri tətbiq edir;
6.2.6.
Fondun daxili intizam qaydalarını təsdiq edir;
6.2.7.
Fondun xərclər smetasının layihəsini, vəsaitindən
istifadənin əsas istiqamətlərinə dair təklifləri
hazırlayır və baxılmaq üçün Şuraya təqdim
edir;
6.2.8.
Fondun maliyyələşdirdiyi layihələrin və digər
tədbirlərin icra vəziyyətinə nəzarət edir;
6.2.9.
Fondun fəaliyyəti və vəsaitindən istifadənin vəziyyəti
barədə illik hesabat hazırlayır, Şuranın
müvafiq rəyi ilə birlikdə Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinə
təqdim edir;
6.2.10. auditin keçirilməsi üçün zəruri
şərait yaradılmasını təmin edir;
6.2.11. zəruri hallarda aidiyyəti dövlət
orqanlarının, beynəlxalq və ictimai təşkilatların
və kütləvi informasiya vasitələrinin nümayəndələrini
Şuranın iclaslarına dəvət edir;
6.2.12.
Fondun kargüzarlıq işlərini təşkil edir;
6.2.13. öz səlahiyyətləri daxilində Fondun
fəaliyyətinə dair qərarların icrası ilə əlaqədar
müvafiq tədbirlər görür;
6.2.14.
Fondun illik fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırır;
6.2.15.
Fondun vəzifələrinə uyğun olaraq Şuranın səlahiyyətlərinə
aid olmayan digər vəzifələri yerinə yetirir;
6.2.16. qanuna və bu əsasnaməyə müvafiq
olaraq digər səlahiyyətləri həyata keçirir.
7. Mühasibat uçotu və hesabat
Fond qanuna uyğun
olaraq mühasibat uçotunu aparır, maliyyə və
statistik hesabatları aidiyyəti üzrə təqdim edir.
8. Fondun yenidən təşkili və
ləğv edilməsi
8.1. Fondun
yenidən təşkili və ləğv edilməsi Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir.
8.2.
Fond ləğv edildikdə, əmlakının
bölgüsü ilə bağlı məsələlər
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
müəyyən olunmuş qaydada həll edilir.
Azərbaycan.-2011.-20 dekabr.-S.8.