AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun

 nəzdində Gənc Proqramçılar Məktəbi fəaliyyətə başlamışdır

 

 Azərbvaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) informasiya texnologiyaları ixtisasları üzrə peşəkar mütəxəssis hazırlığı məsələlərinə xüsusi önəm verilir. Gənc nəslin yeni cəmiyyətin tələblərinə uyğun olaraq formalaşması, yeni biliklərin əldə edilməsi, milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

İTİ-dən AzərTAc-a bildirmişlər ki, institutda informasiya texnologiyaları dünyasının aparıcı qüvvələrindən hesab olunan gənc proqramçılar ordusunun yetişdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Proqramlaşdırma, proqramlaşdırma dilləri ilə bağlı tədrisin aparılması, ölkədə proqram istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi, ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsi sahəsində kompleks işlərin həyata keçirilməsi, bu işlərə dəstək verilməsi institutun başlıca istiqamətlərindəndir. Bu məqsədlə İnfoMAS İctimai Birliyi  (İnformasiya Texnologiyaları Mütəxəssisləri Assosiasiyası) ilə birgə İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində bu sahənin inkişafı məqsədlərinə xidmət edən Gənc Proqramçılar Məktəbi yaradılmışdır.

Alim və yüksək ixtisaslı proqramçıların rəhbərliyi ilə proqramlaşdırma üzrə yeni biliklərin tədrisi, mütəxəssislərlə real interaktiv ünsiyyətin qurulması, o cümlədən Azərbaycanın beynəlxalq müsabiqələrdə layiqli təmsil olunması üçün peşəkar proqramçıların yetişdirilməsi Gənc Proqramçılar Məktəbinin əsas istiqamətlərindəndir. Burada gələcəyin proqramçılarına kompyuterinformatika elmlərinin predmeti, kompyuter texnologiyaları, onların inkişaf mərhələləri və perspektivləri, kompyuter şəbəkələri, alqoritmləşdirmə haqqında dərslər keçirilir. Əsas məqsəd informasiya texnologiyaları kurslarının, yay kompyuter düşərgələrinin təşkili, məktəbli və tələbələrin proqramlaşdırma üzrə müxtəlif müsabiqə və beynəlxalq olimpiadalara hazırlığı, informasiya texnologiyaları üzrə müxtəlif layihələrdə iştirak, bu sahədə müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.

 

Azərbaycan.-2011.-20 dekabr.-S.9.