Suriyanın nüfuzlu «Əl-Vətən» qəzetində «Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı üzvlüyündən gözləntilər» adlı məqalə dərc olunmuşdur

 

 Suriyanın nüfuzlu "Əl-Vətən" ictimai-siyasi qəzetinin 18 dekabr nömrəsində "Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı (TŞ) üzvlüyündən gözləntilər" adlı məqalə dərc olunmuşdur.

Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə cari ilin oktyabr ayında BMT TŞ-nin qeyri-daimi üzvlüyünə keçirilmiş seçkilər barədə ətraflı məlumat verilmişdir.

Müəllif yazır ki, Şərqi Avropadan namizədliyini irəli sürmüş Azərbaycan səsvermənin sonuncudan əvvəlki mərhələsində 116 səs toplamaqla rəqibi Sloveniyanı qabaqlamışdır. Daha sonra Sloveniyanın geri çəkilməsi ilə Azərbaycan BMT-nin 155 ölkəsinin  dəstəyini qazanaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu seçkilərdən sonra ekspertlər rəsmi Bakının TŞ-da hansı əsas məsələlərin gündəliyə çıxarılmasına çalışacağı barədə müxtəlif fikirlər irəli sürməyə başlamışlar.

Məqalədə Azərbaycan diplomatiyasının ölkənin və ümumilikdə Şərqi Avropanın təhlükəsizliyi ilə bilavasitə əlaqəli olan Dağlıq Qarabağ münaqişəsinin TŞ-nin gündəliyinə çıxarılmasının təbii olduğu bildirilir, məsələ ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin fikirlərinə yer verilir. Münaqişəyə dair BMT TŞ-nin qəbul etdiyi qətnamələr, o cümlədən BMT Baş Məclisinin "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət"ə dair qəbul etdiyi qətnamə xatırlanır, Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ problemini TŞ-nin gündəliyində saxlamağa çalışacağı qeyd olunur.

Müəllif ərəb, müsəlman, Latın Amerikası ölkələri və Rusiyadan fərqli olaraq Qərb dövlətlərinin əksəriyyətinin səsvermə prosesinin başlanğıcında Azərbaycanın namizədliyini dəstəkləməməsini rəsmi Bakının Fələstin problemi ilə bağlı tutduğu mövqe ilə əlaqələndirmişdir.

Məqalədə Fələstin Prezidentinin cari ilin yayında Azərbaycana səfərinə də toxunulur və səfər zamanı Mahmud Abbasla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevin Fələstin  dövlətinə və xalqına dəstəklə bağlı dediyi fikirlərə yer verilir. Azərbaycan hökuməti tərəfindən Fələstinin Bakıda səfirliyinə verilən dəstək yüksək qiymətləndirilir.

 

Azərbaycan.-2011.-20 dekabr.-S.9.