2011-ci il noyabrın 30-da Azərbaycan Respublikasında bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

 

Qərar N 16/52

 

2011-ci il noyabrın 30-da Azərbaycan Respublikasında bəzi bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərlə əlaqədar səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının bələdiyyələr üzrə protokolları qanunla müəyyən edilmiş müddətdə və qaydada tərtib edilərək onlara əlavə olunmuş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolları və onlara əlavə edilmiş sənədləri, habelə seckilərin yekunlarının qanunvericiliyin tələblərinə uyğun yoxlanılması üçün zəruri olan digər materialları yoxlamışdır.

Təqdim edilmiş sənəd və materialların tam və hərtərəfli araşdırılması zamanı 6 seçki məntəqəsi üzrə (38 saylı Nizami II (Gəncə) seçki dairəsinin 11 saylı, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 15 saylı, 62 saylı Saatlı seçki dairəsinin 1 saylı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 46 saylı, 86 saylı İsmayıllı seçki dairəsinin 31 saylı və 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1 saylı seçki məntəqələri) səsvermənin nəticələrinin müəyyən edilməsi prosesində seçicilərin iradəsini müəyyən etmək mümkün olmamışdır. Ona görə də həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, nəticədə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi üzrə Bədəlli bələdiyyəsinə keçirilmış seçkilərin yekunları ilə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr yarandığından həmin bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab edilməlidir.

Digər dairə seçki komissiyaları tərəfindən bələdiyyələr üzrə səsvermənin nəticələri düzgün müəyyən edildiyindən və rəsmiləşdirildiyindən həmin bələdiyyələr üzrə seçkilərin ümumi yekunları təsdiq edilməli, nəticədə 329 bələdiyyənin tam tərkibdə formalaşması müəyyən olunmalı və həmin bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısı elan edilməlidir.

Eyni zamanda Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun olaraq seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 25-ci, 28.2-ci, 28.4-cü, 107.4-cü, 112.9-cu, 239-cu, 240-cı və 241-ci maddələrini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikasında 2011-ci il noyabrın 30-da bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın.

2. 38 saylı Nizami II (Gəncə) seçki dairəsinin 11 saylı, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 15 saylı, 62 saylı Saatlı seçki dairəsinin 1 saylı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 46 saylı, 86 saylı İsmayıllı seçki dairəsinin 31 saylı və 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

3. 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi üzrə 15 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə əsasən Bədəlli bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələri etibarsız hesab edilsin.

 4. Seçkilərin ümumi yekunları rəsmi təsdiq olunmuş 329 bələdiyyənin tam tərkibdə formalaşması müəyyən edilsin.

5. Seçilmiş bələdiyyə üzvlərinin siyahısı elan edilsin.

6. 2011-ci il noyabrın 30-da bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilsin.

7. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

19.12.2011

 

Azərbaycan.-2011.-20 dekabr.-S.10.