Tbilisidə Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi

 Komissiyanın növbəti iclası keçirilmişdir

 

 Dekabrın 20-də Tbilisidə Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyanın  7-ci iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti iştirak etmişdir.

Komissiyanın iclasından əvvəl Azərbaycanın Baş naziri adından Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların abidəsi önünə əklil qoyulmuşdur. Sonra nümayəndə heyəti Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül  dəstəsi qoymuşdur.

Azərbaycanın Baş naziri Artur Rasizadə ilə Gürcüstanın Baş naziri Nika Qilaurinin təkbətək görüşü olmuşdur.

Sonra Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyanın plenar iclası öz işinə başlamışdır. İclası Gürcüstanın Baş naziri Nika Qilauri açaraq demişdir: "Gürcüstan ilə Azərbaycan arasında əlaqələr strateji baxımdan olduqca önəmlidir. Gürcüstan Azərbaycanın ən böyük sərmayə yatırdığı ölkələrdəndir. Qardaş ölkənin  şirkətləri Gürcüstanda ən böyük vergi ödəyiciləridir. Biz artıq regional səviyyəni aşmış tarixi layihələrə imza atmışıq və həmin layihələri gerçəkləşdirməkdəyik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum həqiqətən, tarixi layihələrdir və tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti də bu qəbildən olan layihələrdən biridir. Biz AsiyaAvropa, həmçinin Türkiyə ilə Orta Asiya arasında birgə körpü rolunu oynayırıq və bu körpünün möhkəm olmasına çalışırıq. Belə görüşlər birliyimizi, gücümüzü daha da artırır."

N.Qilauri Gürcüstana belə geniştərkibli nümayəndə heyətinin gəlişinə görə azərbaycanlı həmkarına təşəkkür etmişdir.

Azərbaycanın Baş naziri Artur Rasizadə demişdir: "Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən, başqaları üçün nümunədir. Biz Gürcüstan ilə əməkdaşlığı çox yüksək qiymətləndirir və əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk. Xüsusi vurğulamaq istəyirəm ki, son illər əlaqələrimiz çox yüksək sürətlə inkişaf edir. Görülən işlər barədə söhbət aparılır. Bütün istiqamətlərdə - siyasətdə, iqtisadiyyatda, humanitar sahədə əməkdaşlıq sahəsində böyük nailiyyətlər qazanılmışdır. Onu da qeyd edim ki, Gürcüstan Azərbaycan üçün strateji tərəfdaş, dostqardaş ölkədir.

Komissiyanın sənədləri çox işlərin görüldüyünü təsdiq edir. Lakin deməliyəm ki, həyat davam edirbizo inkişafı, dünyada gedən prosesləri nəzərə almaqla ikitərəfli əlaqələrimizi daha da dərinləşdirib genişləndirməliyik. Gürcüstanın son illər qazandığı uğurlar bizi sevindirir. Şübhəsiz,  sizbizim iqtisadi durumumuzla tanışsınız. Ölkələrimiz bu il müstəqilliklərinin 20 illiyini qeyd etmişlər. Bu, tarixi baxımdan uzun müddət olmasa da, ötən dövr ərzində çox böyük işlər görülmüşdür. Xalqların, ölkələrin taleyində müstəqillik ən ümdə məsələlərdəndir. Hər iki ölkə bu arzusuna çatdıqdan sonra böyük inkişaf yoluna qədəm qoymuş və uğurlarımız getdikcə artır. Müstəqilliyimizi qorumaq üçün bizim birliyimiz çox vacibdir. Bu baxımdan daha sıx əlaqədə  işləməliyik".

A.Rasizadə qarşıdan gələn Yeni il münasibətilə Gürcüstan xalqını  təbrik etmişdir.

Sonda Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyanın 7-ci iclasının protokolu imzalanmışdır.

Komissiyanın iclasında Azərbaycanın Tbilisidəki səfiri Azər Hüseyn və Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze iştirak etmişlər.

İclas başa çatdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir. Baş nazirlər sualları cavablandırmışlar. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasında işlərin vəziyyəti ilə bağlı sualı cavablandıran hökumət başçıları tikintinin sabit davam etdirildiyini və dəmir yolunun 2012-ci ilin sonu, yaxud 2013-cü ilin əvvəlində istifadəyə veriləcəyini qeyd etmişlər.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycanın Baş naziri Artur Rasizadəni qəbul etmişdir.

Bununla da, səfər başa çatmış, rəsmi nümayəndə heyəti Bakıya yola düşmüşdür.

 

 

İslam Əliyev,

AzərTAC-ın xüsisi müxbiri

Tbilisi

Azərbaycan.-2011.-21 dekabr.-S.1.