«Kütləvi informasiya
vasitələrində obyektivlik və operativlik, forma və məzmun
vəhdəti prinsiplərinin təmin edilməsinin «Bakı» -
«Baku»nun təcrübəsi»
mövzusunda elmi konfrans keçirilmişdir
Dekabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli jurnalist, ustad redaktor və pedaqoq, professor Nəsir İmanquliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş sərgi açılmış və "Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin "Bakı" - "Baku"nun təcrübəsi" mövzusunda elmi konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, Azərbaycan Prezidentinin Nəsir
İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında
müvafiq sərəncamının icrası ilə əlaqədar
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil
edilmiş tədbirdə Milli Məclisin deputatları,
tanınmış elm, ədəbiyyat, mədəniyyət
xadimləri, jurnalistlər və alimin tələbələri
iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə
Fəxri xiyabana gələrək xeyirxah insan, unudulmaz müəllim Nəsir İmanquliyevin məzarını
ziyarət etmiş, xatirəsinə ehtiramlarını
bildirmişlər.
Konfransda Nəsir İmanquliyevin mənalı ömür yolundan, səmərəli
elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın
inkişafındakı xidmətlərindən
söhbət açılmış,
əməkdar jurnalistin
irsinin müasir nəsil üçün örnək səciyyə
daşıyan məqamları
ətrafında fikir mübadiləsi aparılmışdır.
Konfransı açan milli kitabxananın direktoru Kərim Tahirov Nəsir İmanquliyevin Azərbaycan milli mətbuatının inkişafı
istiqamətində yorulmaz
fəaliyyətindən danışmışdır.
Konfransın əhəmiyyətini qeyd edən K.Tahirov demişdir ki, professor Nəsir İmanquliyev bütün mənalı ömrünü
Azərbaycan mətbuatının,
mədəniyyətinin inkişafına,
cəmiyyətin obyektiv
informasiya tələbatının
ödənilməsinə, peşəkar
jurnalist kadrların hazırlanmasına həsr
etmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri, xalq yazıçısı Anar,
akademik Vasim Məmmədəliyev, Milli
Məclisin deputatları
Nizami Cəfərov,
Elmira Axundova, Bəxtiyar
Sadıqov, AzərTAc-ın
baş direktoru Aslan Aslanov, Mətbuat Şurasının
sədri Əflatun Amaşov, xalq şairi Sabir Rüstəmxanlı, jurnalist
Zemfira Məhərrəmli
və AYB-nin katibi Rəşad Məcid XX əsr Azərbaycan mətbuatı
və ictimai fikir tarixində xüsusi yeri olan Nəsir İmanquliyevin mənalı
həyatından, yaradıcı
əməyindən, eyni
zamanda, onun çağdaş mətbuatımıza
örnək ola biləcək meyarlarından
danışmışlar.
Bildirilmişdir ki, Nəsir İmanquliyev ötən əsrin 60-90-cı illərinin
mətbuat tarixində
böyük rol oynamış "Bakı"
və "Baku" qəzetlərinin
yaradıcısı və
baş redaktoru olmuşdur. Ustad jurnalistin bu
nəşrə gətirdiyi
yeniliklərlə Azərbaycanda
azad sözə, fikrə daha çox yer ayrılmış və oxucular daim yeni
informasiyalarla təmin
edilmişlər. Qəzetin səhifələrində
paytaxtın gözəlliyi,
yenilikləri ilə yanaşı, şəhərdə
həlli vacib məsələlər də
geniş şəkildə
işıqlandırılmışdır.
O dövrdə "Bakı"
və "Baku" qəzetlərinə
işə qəbul olunmuş gənclər bu gün jurnalistika
sahəsində tanınmış
simalardır.
Nəsir İmanquliyev həm peşəkar redaktor, həm də təcrübəli müəllim
kimi tələbə jurnalistlərin yaradıcılığına
geniş imkan yaradırdı. Nəsir müəllimin məktəbi
bu gün də davam edir.
Nəsir
İmanquliyevin uzun müddət rəhbərlik
etdiyi "Bakı"
və "Baku" qəzetləri
nəinki Azərbaycanda,
eləcə də keçmiş sovetlər birliyində daim diqqət mərkəzində
olmuşdur.
Professor Nəsir İmanquliyevin
pedaqoji fəaliyyətindən
söz açan natiqlər vurğulamışlar
ki, o, yüzlərlə
gənc jurnalistə bu peşənin sirlərini dərindən
mənimsətmişdir. Ustad jurnalist
yetirmələrini gələcəyin
yaxşı qələm
sahibləri kimi görmək üçün
əlindən gələni
əsirgəməmişdir. Nəsir İmanquliyevin həyat və yaradıcılığı
müasir jurnalistikamız
üçün böyük
örnəkdir.
Vurğulanmışdır ki, müasir Azərbaycan jurnalistikasının
təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün
sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
dərs demiş, milli kadrların formalaşmasında mühüm
rol oynamışdır. Lakin Nəsir
müəllimin əsl
universiteti "Bakı"
və "Baku" qəzetləri
idi. O, universitet auditoriyalarında tələbələrə
jurnalistikanın əsasları
barədə nəzəri
biliklər aşılamış,
"Bakı" və
"Baku"nun "auditoriyalarında"
isə Azərbaycan jurnalistlərinin bütöv
bir nəslinə qəzetçilik işinin
incəlikləri ilə
bərabər, jurnalistlik
məharəti, redaktə
bacarığı, səbirlə
işləmək vərdişləri
öyrətmişdir. Bütün bunlara
görə tam məsuliyyətlə
demək olar ki, Nəsir müəllim milli mətbuatımızın tarixində
özünün jurnalistika
məktəbini yaratmışdır.
Diqqətə çatdırılmışdır
ki, milli mətbuatımızın bu
gün üstünlük
verdiyi xəbər janrının əhəmiyyətini
hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən
Nəsir müəllim
rəhbərlik etdiyi qəzetlərdə operativ,
dəqiq, qərəzsiz,
maraqlı, rəngarəng
xəbərlərə daim
"yaşıl işıq"
yandırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən
fərqləndirən əsas
cəhətlərdən biri
idi.
Tədbirdə çıxış edən
Azərbaycan Milli Aviasiya Akademiyasının
rektoru, akademik Arif Paşayev böyük alim və jurnalist Nəsir İmanquliyevin zəngin yaradıcılığından
söz açmış,
onunla bağlı xatirələrini bölüşmüşdür.
Arif
Paşayev öz adından və ailəsi adından Prezident
İlham Əliyevə Nəsir İmanquliyevin 100 illik
yubileyinin keçirilməsi ilə bağlı
imzaladığı müvafiq sərəncama görə minnətdarlığını
bildirmişdir
Azərbaycan.-2011.-21 dekabr.-S.9.