«Bakı»nın öz banisinin yubileyinə layiqli töhfəsi

 

 Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 noyabr tarixli sərəncamı ilə görkəmli publisist, əməkdar jurnalist, mahir pedaqoq, ictimai-siyasi xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi geniş tədbirlərlə qeyd olunur.

Hələ sağlığında mətbuatımızın klassikinə çevrilmiş, öz jurnalistika məktəbini yaratmış Nəsir İmanquliyevin banisi və 30 il fasiləsiz redaktoru olduğu "Bakı" qəzeti 20-26 dekabr tarixli həftəlik nömrəsini görkəmli ustadın yubileyinə həsr etmişdir.

"Bakı"nın bu nömrəsinin birinci səhifəsinin manşetində Azərbaycan Prezidenti İlham Əliyevin müasir milli jurnalistikamızın təşəkkülündə xüsusi xidmətləri olan Nəsir müəllimin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı verilmişdir. Həmin səhifədə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun "Görkəmli jurnalist, böyük alim" sərlövhəli məqaləsi də yer almışdır. Qəzetin bu nömrəsində  "Ustadın arxivindən" rubrikası altında N.İmanquliyevin "Bakı" qəzetini necə ərsəyə gətirdiyi barədə xatirələri, akademiklər Bəkir Nəbiyevin "Böyük əməl sahibi", Vasim Məmmədəliyevin "Haqq aşiqi", Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunun "Əsl Azərbaycan ziyalısı", BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadənin "İşıqlı ömür", əməkdar jurnalist Şamil Şahməmmədovun "Nəciblik zirvəsi", xalq yazıçısı Anarın "Xatirəsi əziz olan insan", AzərTAc-ın baş direktoru Aslan Aslanovun "Ustad dərsi unudulmur...", yazıçı-dramaturq Aqşin Babayevin "İnsanlığın zirvəsinə yüksələn insan", "Bakı" və "Baku" qəzetlərinin redaktoru Ağa Hüseynovun "Böyük ustad məktəbi", yazıçı-piblisist, pedaqoji elmlər namizədi Zemfira Məhərrəmlinin "Sağlam budaqlar sağlam köklərdən su içir", "Bakı" və "Baku" qəzetləri redaktorunun müavini Ənvər Məşədiyevin "Nəsir İmanquliyev məktəbinin işığında" sərlövhəli məqalələrində Nəsir müəllimin jurnalistikamızın inkişafındakı xidmətlərindən, ustad dərslərindən, mahir redaktorluğundan, elmi-pedaqoji fəaliyyətindən, portret cizgilərini tamamlayan müdriklik, ağsaqqallıq məziyyətlərindən söhbət açılır.

Qəzetin redaktoru Ağa Hüseynov deyir: "Qəzetimizin bu nömrəsini "Bakı"nın qurucusu Nəsir İmanquliyevin yubileyinə həsr etməkdə ustadımızın xatirəsinə bir daha ehtiramımızı bildirmək istəmişik. Çətinliklərimiz çox olsa da, biz "Bakı"nı yaşatmaqla, Nəsir müəllimin məktəbini, arzularını, istəklərini yaşadırıq".

 

 

AzərTAc

Azərbaycan.-2011.-21 dekabr.-S.9.