Strasburqda Ümumdünya Mədəniyyətlərarası Dialoq

 Forumu İşçi Qrupunun növbəti iclası keçirilir

 

 

Dekabrın 21-də Fransanın Strasburq şəhərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun növbəti iclası öz işinə başlamışdır.

İclasda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə, ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov və nümayəndəliyin ikinci katibi Aqil Günəşov təmsil edirlər. Tədbirdə, eyni zamanda, forumun tərəfdaş beynəlxalq təşkilatları olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin məsul şəxsləri iştirak edirlər.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki,  görüş 2013-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq məqsədi daşıyır. Bu məqsədlə iclasda tədbirin proqramı və müzakirə sənədləri, müvafiq beynəlxalq təşkilatların bu prosesdə rolu, vəzifələri və s. məsələlər müzakirə olunur. Bunlarla yanaşı, görüşdə Mədəniyyətlərarası Dialoq üzrə Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması, onun nizamnaməsi və dünyanın bütün qitələrindən cəlb ediləcək tanınmış ekspertlərin müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılacaqdır.

 Think-Tank qrupu tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyində duracaq məsələlərə dair müzakirə sənədlərinin hazırlanması nəzərdə tutulur. Tədqiqat qrupunun nizamnamə layihəsi hələlik onun fəaliyyətinin ümumi çərçivəsini müəyyən edir, lakin sənədin təfərrüatları forumun beynəlxalq tərəfdaşları ilə müzakirə olunduqdan sonra yekun variant kimi qəbul edilməsi və 2012-ci ilin aprelində təsis konfransının keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir keçirilməsi barədə 2011-ci il mayın 27-də imzalanmış fərman ilə Mədəniyyət və Turizm Nazirliyi forumun təşkilində əlaqələndirici qurum kimi müəyyən edilmişdir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun iclası dekabrın

22-də işini davam etdirəcəkdir.

 

Azərbaycan.-2011.-22 dekabr.-S.11.