Məhəmməd Əli Fətullahi: Azərbaycan hərtərəfli

 inkişafı ilə keçmiş SSRİ respublikalarından çox-çox irəlidədir

 

 Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişaf yoluna çıxmasını təmin etmişdir. Bu milli inkişaf strategiyası ölkəmizin qüdrətini artırmış, beynəlxalq aləmdəki mövqelərini gücləndirmiş, əhalinin sosial rifahını yetərincə yüksəltmişdir. Bəs Azərbaycanın uğur və nailiyyətləri xarici ölkələrdən necə görünür? AzərTAc-ın xüsusi müxbiri bu və digər suallarla İran İslam Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Əli Fətullahiyə müraciət etmişdir:

- Cənab Fətullahi, Azərbaycanın real vəziyyətini və perspektivlərini necə görürsünüz?

- Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini 20 il əvvəl bərpa etmiş və ötən dövrdə böyük bir inkişaf yolu qət edə bilmişdir. Azərbaycanın daha böyük nailiyyətlər qazanmaq üçün yetərincə potensialı vardır. Əminəm ki, qarşıdakı illərin hər biri özündən əvvəlkindən daha uğurlu olacaqdır. Azərbaycan özünün hərtərəfli inkişafı ilə keçmiş SSRİ respublikalarından çox-çox irəlidədir. İran dövləti və xalqı tam səmimiyyətlə Azərbaycanın nailiyyətlərinə sevinə-sevinə indikindən də böyük uğurlar gözləyir.

 

- Məlumdur ki, gələn ilin yanvarında Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Naxçıvan toplantısı keçiriləcəkdir. Xarici işlər nazirlərinin bölgə toplantılarının əhəmiyyəti nədir?

- Naxçıvan toplantısına hazırlıq məqsədilə bir neçə gün əvvəl Tehranda Üçtərəfli İqtisadi Komitənin birinci iclası keçirilmişdir. Hər üç ölkənin mütəxəssisləri Naxçıvan toplantısının yüksək təşkil edilməsi üçün məhsuldar işləmişlər. Naxçıvan toplantısı Azərbaycan, İran və Türkiyənin, xüsusilə sərhəd bölgələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün böyük imkanlar yaradacaqdır. Bundan başqa, üçtərəfli formatda keçirilən görüşlər təsdiq edir ki, Azərbaycan, İran və Türkiyə bir sıra məsələlərdə, o cümlədən inkişafda yekdil ölkələrdir. Bu toplantıların mahiyyəti ondan ibarətdir ki, hər üç ölkənin regionlarının kompleks inkişafı üçün imkanlardan səmərəli istifadə edilsin.

- Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyətini necə şərh edə bilərsiniz?

- Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu Azərbaycanın qısa zaman kəsiyində dünyada tanınmasını təmin etmişdir. Prezident İlham Əliyev bu siyasəti çox uğurla davam etdirir. Əlbəttə ki, İran üçün sürətlə inkişaf etməkdə və sabitliyi əzmlə qorunmaqda olan qonşu Azərbaycan ilə əməkdaşlıq həm rahatdır, həm də səmərəlidir. Dövlətlərimiz və xalqlarımız arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur. Azərbaycan-İran münasibətləri bütün sahələrdə bərabərhüquqlu inkişaf edir. Xalqlarımızı qədim tellər bir-birinə möhkəm bağlayır. Tarixi, dini və mədəni ortaqlıqlarımız səmimi münasibətlərimizin əsasını təşkil edir.

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı.

- İran Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Biz Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Eləcə də BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün namizədliyi irəli sürüləndən bəri birmənalı olaraq İran Azərbaycanı müdafiə etmişdir. Başqa cür ola da bilməzdi. Səsvermə zamanı bir çox ölkələrin Azərbaycanı tərəddüdsüz dəstəkləməsi bir daha təsdiq etmişdir ki, ölkəniz dünyada güclü mövqelərə malikdir. Sevinirik ki, bizə dost və ən yaxın qonşu olan ölkə - Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq üçün tarixi şans qazanmışdır.

 

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran 

Azərbaycan.-2011.-22 dekabr.-S.11.