Xaçmazın ən ucqar kəndində Heydər Əliyev Fondunun

 təşəbbüsü ilə tikilmiş orta məktəb binasının açılışı olmuşdur

 

 Dekabrın 21-də Xaçmaz rayonunun ən ucqar yaşayış məntəqələrindən birində - Şimali kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş orta məktəb binasının açılışı olmuşdur. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində tikilmiş bu məktəbdə tədris rus dilində olacaqdır. Məktəbdə eyni zamanda 120 şagird təhsil alacaqdır.

Heydər Əliyev Fondunun, rayon və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndi.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev mərasimdə iştirak edən müəllim və şagirdlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını çatdırdı. Bildirdi ki, fondun təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda indiyədək 300-dən artıq məktəb binası inşa edilib istifadəyə verilmişdir.

Məktəbin direktoru O.Manafova məlumat verdi ki, şagirdlər indiyədək 1906-cı ildə balıqçılar üçün taxtadan qurulmuş otaqlarda dərs keçirdilər. Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2011-ci ilin iyununda 5600 kvadratmetrlik ərazidə yeni məktəb binasının tikintisinə başlanmışdı. Bu gün isə biz müasir, geniş, işıqlı məktəb binasının açılışına toplaşmışıq. Məktəbimizdə kompyuter və həkim otaqları, kitabxana, akt zalı, bufet vardır. Yeni məktəb binasının özəlliklərindən biribudur ki, sinif otaqları dizel yanacağı ilə işləyən qazanxana vasitəsilə qızdırılacaqdır.

Məktəbin həyətində yaradılmış idman meydançası da göz oxşayır. Burada məktəblilərin fiziki tərbiyəsi üçün hər cür şərait vardır. Direktor qeyd etdi ki, məktəbin bütün tədris avadanlığı da Heydər Əliyev Fondunun hədiyyəsidir.

Yeni məktəb binasının açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Ş.Xanbabayev, Milli Məclisin deputatı İ.Əliyev, ziyalılar bu xeyirxah işə görə Azərbaycanın birinci xanımına təşəkkürlərini bildirmiş, müasir məktəbin Şimali kəndinin əhalisinə Yeni il ərəfəsində böyük töhfə olduğunu vurğulamışlar.

Sonra məktəblilər şeirlər söyləmişlər.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları yeni məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.

 

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran 

Azərbaycan.-2011.-22 dekabr.-S.11.