Nəsir İmanquliyevin jurnalistika dərsləri
"Jurnalistika elə nadir peşələrdən biridir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur". Mətbuatımızın müdrik ağsaqqalı, tanınmış ictimai-siyasi xadim və publisist, əməkdar jurnalist, əməkdar mədəniyyət işçisi Nəsir İmanquliyevin dilindən eşitdiyimiz bu kəlam müəllimimizin bizə qoyub getdiyi çoxsaylı mənəvi yadigardan yalnız biridir.
Bu gün
professor Nəsir İmanquliyevin anadan olmasından 100 il ötür. Yubileyin
keçirilməsi haqqında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda
qeyd olunur ki, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə
xüsusi yeri olan Nəsir İmanquliyev mətbuatımızın
inkişafında əvəzsiz xidmətlər göstərmişdir.
O, cəmiyyət həyatının ən müxtəlif sahələrini
əks etdirən sanballı yazıları ilə mətbuat
tariximizə layiqli töhfələr vermişdir. Onun jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti
Azərbaycan jurnalistlərinin böyük bir nəslinin
formalaşmasında mühüm rol oynamışdır.
Nəsir İmanquliyev 87 illik ömür yolunun 70 ilini
kütləvi informasiya vasitələri quruculuğu işinə
həsr etmişdir. Ötən əsrin 30-cu illərində
"Kommunist", "Gənc işçi", "Yeni
yol" qəzetlərində ədəbi işçi,
Böyük Vətən müharibəsi illərində
Krım cəbhəsində ordu qəzetinin
("Döyüşən Krım") Azərbaycan
redaksiyasında məsul katib və hərbi hissədə tərcüməçi,
yenidən "Kommunist" qəzeti, Bakı Şəhər
Partiya Komitəsində şöbə müdiri, Azərbaycan
KP MK-da şöbə müdirinin müavini, Mədəniyyət
Nazirliyi Baş Radioməlumat İdarəsinin rəisi, Azərbaycan
SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri
Komitəsi sədrinin birinci müavini və nəhayət, 30
il "Bakı" və "Baku" axşam qəzetlərinin
əvəzsiz redaktoru...
1947-ci ildə
ömür yolu yeni bir işıqlı ünvana
qovuşmuşdur. Nəsir İmanquliyev həmin
ildən eyni zamanda Bakı Dövlət Universiteti jurnalistika
şöbəsi, sonralar fakültəsinin müəllimi -
professoru olmuşdur.
Nəsir İmanquliyev jurnalistikada məktəb hesab oluna
biləcək yaradıcılıq ənənələri
qoyub getmişdir. Ən əvvəl o, öz simasında
müasir Azərbaycan jurnalistikasına redaktor - şəxsiyyət
timsalı gətirmişdir. Bu anlamın
dayaq nöqtələri ilk növbədə yüksək
peşəkarlıqla ziyalılığın sintezindən
qaynaqlanırdı.
Jurnalistika
aləmində tez-tez belə bir məsəl işlədilir:
"hər bir qəzet öz redaktoruna oxşayır". Bu mənada
"Bakı" və "Baku" qəzetləri öz
redaktorlarına bənzəyirdi: müdrik, cəsarətli,
xarakteri bütöv, təəssübkeş, xeyirxah. Nəsir müəllim çağdaş Azərbaycan
mətbuatında bütün parametrləri ilə bir
redaktorluq institutu yaratmışdı. Hər
iki axşam nəşri qəzetçilik mədəniyyəti
nümunəsi idi. Bu mədəniyyət
onun yüksək redaktorluq məharətindən irəli gəlirdi.
Nəsir müəllim kabinet redaktoru deyildi. Çap
prosesinə hazırlıq ərəfəsində bir qayda
olaraq onu nəşriyyatın sexlərində görmək adi
hal idi. Redaksiyanın şöbələri ilə tez-tez
təmasda olmaq, növbəti nömrələrə material
hazırlığı prosesini izləmək onun gündəlik
iş rejiminin tərkib hissəsi sayılırdı.
Redaktə səriştəsi və bu zaman müəllif
fikrinə, üslubuna hörmət kimi ənənəvi
prinsipləri qoruyub saxlaması, yetirmələrinə də
tövsiyə etməsi redaktor kimi
yaradıcılığının səciyyəvi cizgilərindən
idi. O
dövrün digər mətbu orqanları ilə müqayisədə
"Bakı" və "Baku" qəzetlərinin səhifələrində
sərbəst düşüncə, demokratizm meyilləri
açıq-aydın sezilirdi. Nəsir müəllim
peşəkarlarla işləməkdən həzz
alırdı və onların əksəriyyəti öz yetirmələri
idi. Redaksiya kollektivinin hər bir üzvü fərdi
yaradıcılıq keyfiyyətləri ilə bir-birlərindən
seçilsələr də, onların hamısını birləşdirən
yüksək məqamlar var idi: bu adamlar öz şəhərlərinin
vətənpərvəri idilər, onun həyatı ilə nəfəs
alırdılar. Bu impulsu qəzetin redaktorundan
alırdılar.
Ayrı-ayrı vaxtlarda Nəsir müəllimin rəhbərliyi
altında işləmiş jurnalistlər söhbət
düşəndə məmnunluqla bildirirlər ki, o, heç
vaxt işçilərini kiminsə ayağına verməz,
hansısa vəzifəli şəxs özü haqqında qəzetdə
çıxan tənqidi yazıya iradını,
narazılığını bildirəndə Nəsir müəllim
birmənalı şəkildə əməkdaşının
tərəfini saxlayardı.
Nəsir müəllimin redaktorluq məktəbinin
başqa bir səciyyəvi cəhəti onun geniş oxucu
potensialına arxalanaraq redaksiya ətrafında güclü
müxbir şəbəkəsi yarada bilməsi idi. Bu şəbəkədə
elitar ziyalı təbəqəsindən tutmuş adi fəhləyədək
müxtəlif zümrələrin nümayəndələri
təmsil olunurdular. Bakı sakinləri
axşam qəzetlərini maraqla oxuduqları kimi, onun səhifələrində
özlərini müəllif qismində görməyi də
şərəf sayırdılar.
Nəsir İmanquliyevin müasir Azərbaycan
jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən
biri qəzetdə informasiya xidmətinin yüksək statusunun
bərpası yolundakı yaradıcılıq əzmkarlığı
ilə bağlıdır. O, peşəkar duyumlu informasiya
bilicisi idi. Qəzetdə informasiya
yaradıcılığını ən vacib və gərəkli
sahə hesab edən Nəsir müəllim xüsusən
"Bakı" və "Baku" qəzetlərinə rəhbərlik
etdiyi illərdə bir daha təsdiq etdi ki, istənilən qəzetin
simasını, nüfuzunu, oxucu auditoriyasını onun
düşünülmüş və peşəkarlığa
söykənən informasiya siyasəti müəyyənləşdirir.
Nəsir İmanquliyev bu sahədə öz məktəbini
yaratmışdı.
Yaxşı təşkil olunmuş informasiyanı həm
də dövlətlə xalq arasında əlaqənin təsirli
vasitələrindən biri kimi qiymətləndirən Nəsir
müəllim belə informasiyaları quruculuq proseslərinə
şüurlu münasibətin vacib şərtlərindən
biri hesab edirdi.
İndi günümüzün
reallığına çevrilən bu nəzəri
konsepsiyanı Nəsir müəllim hələ o zamanlar
praktik fəaliyyətlə gerçəkləşdirirdi.
İnformasiyanın bolluğu hər iki axşam
qəzetinə xüsusi bir özəllik gətirirdi. Bu bolluq həm də imzaların bolluğu ilə
qaynayıb qovuşur, "Bakı" və "Baku"nun səhifələrinə
həyatın nəfəsini gətirirdi. Nəsir
müəllim qəzet səhifələrində daha çox
redaksiya əməkdaşlarının axtarıb
tapdıqları informasiyalara üstünlük verirdi. Bununla o, xəbər təqdimatında başlıca
meyar hesab edilən operativliyi, dəqiqliyi, qərəzsizliyi təmin
etmiş olurdu.
Mətbuatda operativliyə xüsusi önəm verərdi. Qəzetçi
üçün çox vacib hesab olunan bu keyfiyyət onda
yaradıcılığının çox erkən
çağlarında formalaşmışdı. "Yeni yol" qəzetinin jurnalistlik fəaliyyətində
xüsusi rol oynadığını xatırladan Nəsir
İmanquliyev göstərir ki, Qulam Məmmədli qəzetə
redaktor gələndən sonra mədəniyyət şöbəsinə
rəhbərlik mənə tapşırıldı. Üzeyir Hacıbəylinin "Koroğlu"
operası tamaşaya hazırlanırdı. Daim onun məşqlərində olurduq. İlk tamaşanın vaxtı gəlib
çatdı. Qulam Məmmədlinin
tapşırığı ilə Opera Teatrında səyyar
redaksiya yaradıldı. Tamaşadan əvvəl
görkəmli sənət adamlarından, müxtəlif
peşə sahiblərindən öyrəndiyimiz rəyləri
xüsusi vərəqlərdə çap edib, fasilələrdə
camaata paylayırdıq. Çox maraq
doğurmuşdu bu təşəbbüs. Ü.Hacıbəyli
özü isə bu yeniliyi belə qiymətləndirmişdi:
"Koroğlu" operasının anşlaqla keçməsində
"Yeni yol" qəzetinin çox böyük xidməti
olmuşdur. Görkəmli publisist Qulam Məmmədlinin,
Nəsir İmanquliyevin zəhmətini isə heç nə
ilə müqayisə etmək olmaz. "Yeni
yol" qəzetinin xüsusi bülletenlərini hazırlayan Nəsir
İmanquliyev o günlərdə çox böyük çətinliklərə
qatlaşdı. Tamaşaçıları səfərbər
etdi...."
Nəsir
müəllimi özləri üçün ilk gündən
kəşf edən tələbə-jurnalistlər bildirirdilər
ki, onun dərsinə bizim marağımız digər müəllimlərlə
müqayisədə bir az fərqli idi. Hər şeydən əvvəl ona görə ki, tələbələr
auditoriyada canlı redaktor, populyar bir qəzetə rəhbərlik
edən şəxsiyyət görürdülər. İkincisi, o, jurnalist işi ilə bağlı elə
maraqlı situasiyalardan danışır, yaradıcılıq
məsləhətləri verirdi ki, biz yavaş-yavaş
özümüzü jurnalistikanın sehrli aləmində hiss
edirdik.
Nəsir müəllim yaxşı başa
düşürdü ki, auditoriyalarda oxunan mühazirələr,
söylənilən nəzəri mülahizələr o zaman
yaradıcı potensiala çevrilə bilər ki,
güclü təcrübi vərdişlərlə
tamamlansın, sınaq bazasına malik olsun. Əvvəllər
şöbə, sonralar fakültə qismində fəaliyyət
göstərən jurnalistika fakültəsində ötən
əsrin 50-60-cı illərində belə imkan yox idi.
Professor Nəsir İmanquliyevin ali jurnalistika təhsili sahəsində
ən dəyərli xidmətlərindən biri bu oldu ki,
"Bakı" və "Baku" qəzetlərini heç
bir rəsmiyyətçiliyə varmadan tələbə
jurnalistlərin yaradıcılıq laboratoriyasına çevirdi.
Redaksiyanın ayrı-ayrı şöbələrində, hətta
bəzən redaktorun iş otağında on illərlə bu
yaradıcılıq missiyası həyata keçirildi. Nəsir
müəllimin şinelindən çıxan bir neçə
peşəkar jurnalist nəslinin nümayəndələri
"Bakı" və "Baku" qəzetlərini özlərinin
sənət ocağı kimi xatırlayaraq qürurla bildirirdilər
ki, o, bizə sadə, mənalı, gözəl yazmağı
öyrətdi, sənəti, insanları sevmək vərdişlərini
aşıladı, əlimizdən tutub jurnalistikanın həmişə
hamar olmayan yollarında
addımlarımızı səmtləndirdi.
Nəsir İmanquliyevin yaradıcılıq
laboratoriyası ənənələri bu gün də davam
etdirilir. Fakültədə tələbə nəşri
sayılan "Jurnalist" tədris qəzeti əhatə dairəsini
daha da genişləndirmiş, respublika miqyaslı tələbə
qəzetinə çevrilmişdir. Bu
missiyanı ölkənin iki tanınmış qəzeti -
"525-ci qəzet" və "Şərq" qəzetləri
öz boyunlarına götürmüşlər. Nəsir müəllimin arzu etdiyi qəzetçilik ənənələrinə
sadiq qalan hər iki nəşr ayrı-ayrılıqda ayda bir
dəfə öz gündəlik buraxılışlarına
dörd səhifəlik "Jurnalist" tədris qəzetini də
əlavə edirlər. Tələbə
imzası 7000 nüsxə tirajla ölkə ərazisində
yayılır. Başqa bir nümunə.
Nəsir İmanquliyevin 51 il müəllimi, dosenti və
professoru olduğu jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi kafedrasının "Azərbaycan" Nəşriyyatında
filialı yaradılmışdır. Qəzet və
nəşriyyat işinə dair praktik məşğələlərin
böyük bir qismi məhz nəşriyyatda, onun nəzdində
olan aparıcı qəzet redaksiyalarında keçirilir.
Və bu gün tələbə jurnalistlərin böyük həvəslə
çap etdikləri, tələbə nəşri çərçivəsindən
çıxaraq respublika miqyasında 3 dildə - Azərbaycan,
ingilis və rus dillərində yayımlanan "Student
tayms" qəzetini də qloballaşan dünyamızda Nəsir
müəllimin gerçəkləşən arzularından
biri hesab etmək olar.
Professor Nəsir
İmanquliyev bugünkü ali jurnalistika təhsilinin
simasını müəyyənləşdirən və xeyli
dərəcədə onun təməli sayıla biləcək
bir sıra ixtisas kursunun yaradıcısı olmuşdur. Bunlardan biri ömrünün axırınadək tədris
etdiyi "Jurnalistikaya giriş" fənni idi. I kursda keçilən bu fənlə o, jurnalistika
adlandırılan cazibədar bir aləmin qapısına
açar salır, tələbələrinə - gələcək
qəzetçilərə, televiziya və radio
reportyorlarına, nəşriyyat işçilərinə
seçimlərində məqsəd aydınlığı gətirir,
sənətə məhəbbət aşılayırdı.
Nəsir İmanquliyevin yaradıcı istək və
arzularının diapozonu geniş idi. Bunların çoxu
ictimai maraqlardan qaynaqlandığı üçün bu
gün də aktuallığını hifz edib saxlayır.
Nəsir müəllim jurnalistikada qeyri-peşəkarlığın
qəti əleyhinə idi. Qəzet,
ekran-efir jurnalistikasının insanı kamilliyin və mədəniyyətin
ucalığına aparan yol olduğunu tez-tez təkrarlayan
müəllimimiz bunu da əlavə edirdi ki, həmin yolun bələdçiləri
- losmanı peşəkar qələm sahibləri
olmalıdırlar. Jurnalistika özfəaliyyət
səviyyəsinə enirsə peşəkarlıq, vətəndaş
mövqeyi, ictimai maraq duyğuları aşınmaya məruz
qalır, deformasiyaya uğrayır.
Son məlumata görə, Azərbaycanda 4520 kütləvi informasiya vasitəsi rəsmi qeydiyyatdan keçmişdir. Onların neçəsinə Nəsir İmanquliyev qədər olmasa da o sanbala can atan redaktor, qələm sahibi rəhbərlik edir? Statistikaya baş vursaq ürək açan mənzərə yaranmayacaq. Bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətində tarixən kifayət qədər nüfuzlu sayılan, ehtiram və hörmətlə yanaşılan jurnalist peşəsi adiləşir, jurnalistika təsnifatlaşır, adımıza ləkə gətirən "reket qəzetlər", "reket jurnalistika" kimi məfhumlar formalaşır. Bu gün cəmiyyətin Nəsir İmanquliyev kimi qəzet kapitanlarına ehtiyacı böyükdür.
O, bizim aramızda olsaydı, 20 ildən bəri fakültəyə tələbə seçimində qabiliyyət imtahanının aparılmamasına və bunun doğurduğu yaradıcılıq fəsadlarının ildən-ilə güclənməsinə özünün "yox" səsini bir daha ucaldardı. Bu gün jurnalistika fakültəsinə qəbul olunanların böyük əksəriyyətinin bu peşəyə istəmədən gəlib düşmələri qabiliyyət imtahanlarının zəruriliyini bir daha aktual edir.
Nəsir müəllim həyatda heç vaxt təmənna sahibi olmamışdı. Böyük-kiçikliyindən asılı olmayaraq gördüyü işləri özünün xidməti vəzifəsi, vətəndaşlıq borcu sayardı. Heç kimdən umacağı da olmazdı. Ancaq xidmətləri unudulmurdu. Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar jurnalisti adlarına, Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatına layiq görüləndə bu xoş anları onunla birlikdə biz də yaşamışdıq.
Xatirəsi ilə bağlı anım gecəsində tələbələrindən biri müəlliminə layiq olduğu diqqətin göstərilməsindən çox sevindiyini bildirərək əlavə etdi ki, "amma biz bu işıqlı insanın gözəl, nəcib keyfiyyətlərini yada salmaqla kifayətlənməməliyik. Biz həm də onun ardıcılı kimi bu ada layiq olduğumuzu göstərməliyik. Nəsir İmanquliyev kimi sözü və əməli bir olan ləyaqətli, nəcib insanlar bizə milli və ictimai mənafe naminə necə yaşamağın düsturunu qoyub gediblər. Bax biz bunu öyrənməliyik..."
Həm də öyrətməliyik.
Yalçın ƏLİZADƏ,
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, professor
Azərbaycan.-2011.-22 dekabr.-S.9.