BDU-da «Azərbaycan jurnalistikası qloballaşma dövründə:

 qaynaqlar və perspektivə baxış» mövzusunda respublika

 elmi-praktiki konfrans işə başlamışdır

 

 Dekabrın 21-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli  ictimai-siyasi xadimipublisisti, əməkdar jurnalist, ustad redaktorpedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış" mövzusunda respublika elmi-praktiki konfransının plenar iclası öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, iki gün davam edəcək konfransda BDU-nun müəllimləri ilə yanaşı, tanınmış  jurnalistlərin  də məruzələri dinləniləcəkdir.

İclası giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan Prezidentinin Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar ölkəmizin hər yerində davam edən silsilə tədbirlərin tarixi baxımdan böyük əhəmiyyət daşıdığını söyləmişdir.

Konfransın əhəmiyyətini qeyd edən A.Məhərrəmov demişdir ki, professor Nəsir İmanquliyev bütün mənalı ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir.

Abel Məhərrəmov vurğulamışdır ki, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün 50 illik  dövrünü Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsində milli kadrların formalaşmasına sərf etmişdir. Nəsir İmanquliyev mətbuat tariximizdə böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olmuşdur. Ustad jurnalistin bu nəşrlərə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayrılmış və oxucular daim yeni informasiyalarla təmin edilmişlər.

BDU-nun rektoru diqqətə çatdırmışdır ki, konfrans işini "Jurnalistikanın müasir problemləri", "Mətbuat tarixi: yeni araşdırmalar", "Televiziyaradio jurnalistikası" və "Beynəlxalq jurnalistika" bölmələrində davam etdirəcəkdir. Konfransın materialları əsasında artıq nəfis tərtibatlı "Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış" adlı kitab çap edilmişdir. Kitabda ümumilikdə 59 məqalə yer almışdır.

İclasda "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov "Azərbaycan jurnalistikasının peşəkarlıq problemləri", BDU-nun kafedra müdiri Cahangir Məmmədli  "Jurnalist yaradıcılığının bəzi xarakterik xüsusiyyətləri", BDU-nun dosenti Həmid Vəliyev "Jurnalist təhsili: beynəlxalq təcrübə" mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələrdə müasir jurnalistikamızın qarşısında duran vəzifələr, jurnalistlərin peşə fəaliyyətlərinin vacib istiqamətləri, onların hadisələrə qərəzsiz,  obyektiv yanaşmaları, daim vətənpərvər hissləri özündə təcəssüm etdirən yazılarla çıxış etmələri və digər məsələlər öz əksini tapmışdır.

Konfransda, həmçinin unudulmaz müəllim Nəsir İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açılmış, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2011.-22 dekabr.-S.9.