Azərbaycan jurnalistikası qloballaşma dövründə
Azərbaycan mətbuatının görkəmli nümayəndəsi, müasir jurnalist nəslinin müəllimi Nəsir İmanquliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar respublika elmi-praktik konfransın materialları "Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış" adlı topluya yığılaraq nəşr edilib. Jurnalistikanın bir sıra problemlərini, redaksiya nəşriyyat prosesinin mühüm mərhələlərini, bu istiqamətdə aparılan fəaliyyətdə diqqətçəkən məqamları və digər məsələləri əks etdirən yeni toplu dörd bölmədən ibarətdir.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor Cahangir Məmmədli yeni nəşrin əsas istiqamətlərinə, məqsəd və məramına aydınlıq gətirərək yazır: "Əlinizdəki bu konfrans materialları toplusu Nəsir İmanquliyevin tələbəsi olmuş, onun nəzəri fikirlərini, praktik fəaliyyətini bir örnək kimi yeni nəslə çatdıran alimlərin, doktorantların, magistrantların... elmi yaradıcılığının məhsuludur. İşıqlı xarakteri, elmi və praktik yaradıcılığı ilə qəlbimizdə bu gün də yaşayan əziz müəllimimizin yüz illik yubileyi ərəfəsində meydana çıxan bu əsərlərin hamısında Nəsir İmanquliyevin döyünən ürəyi var".
Həqiqətən də bu ürəyin səsi qolumuzdan tutaraq bizi mətbuat tariximizin keçmişinə nəzər salmağa, bugünkü mənzərəsini görməyə, eləcə də yeni araşdırmaların köməyi ilə jurnalistikamızın ənənələrini və müstəqillik dövründə yeni meyil və axtarışlarını öyrənməyə sövq edir.
Kitabın birinci bölməsi əməkdar jurnalist, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun "Azərbaycan jurnalistikasının peşəkarlıq problemi" məqaləsi ilə açılır. Müəllif heç zaman köhnəlməyən problemlərə bugünün gözü ilə nəzər salaraq "peşəkarlıq nədir" sualına dolğun və ətraflı cavab verməyə çalışıb. Məhz bu yazıdan doğan bir sıra sualların cavabı ardıcıl olaraq digər məqalələrdə də öz əksini tapıb. Sanki kompas rolunu oynayan bu məqalə jurnalist yaradıcılığının bir sıra xarakterik xüsusiyyətləri haqqında dolğun təsəvvür yaradır. Müəllifin fikirlərini özünəməxsus şəkildə davam etdirən professor C.Məmmədli, AzərTAc-ın baş direktoru A.Aslanov, professor A.Bayramoğlu, dosent S.Rəhimova, elmi işçi G.Məmmədova və başqaları müasir mətbuat orqanlarının üzləşdiyi problemlərə toxunurlar.
"Mətbuat tarixi: yeni araşdırmalar" adlanan ikinci bölmədə oxucular əvvəlcə professor Şirməmməd Hüseynovun "Türk millətinin dəyanətli və qeyrətli hamisi" adlı məqaləsi ilə tanış olurlar. Müəllif burada Üzeyir Hacıbəylinin böyük ehtiram və məhəbbətlə müsəlman dünyasının "ictimai xadimi" adlandırdığı İ.Qaspralının həyat və yaradıcılığına işıq salıb. Eləcə də İsmayıl bəy Qaspralının Azərbaycan ziyalılarının əlaqələrinə dair mətbuatda dərc olunmuş yazılarının bir neçəsini də topluda oxucuların diqqətinə çatdırıb.
Bu bölmədə professor Şamil Vəliyevin "İşıq bəxş edən şəxsiyyət" adlı məqaləsi isə çoxumuzun ürəyində əbədi abidəyə çevrilmiş Nəsir İmanquliyevin yaradıcılığına həsr edilib. Müəllif haqlı olaraq yazır: "Nəsir İmanquliyev müasiri olan bir sıra qələm sahibləri kimi cildlərlə kitab yazmayıb, "ardı var", "mabədi gələn sayımızda" deyə silsilə məqalələrin müəllifi olmayıb. Lakin jurnalistikanın nəzəri prinsiplərinə zərgər dəqiqliyi ilə əməl etməsi, praktik uğurları ilə əsaslı şəkildə fərqlənib, təkcə yeni xəbər jurnalistikasının meydana gəlməsində deyil, bütövlükdə tətbiqi jurnalistikanın mətbuat aləmində yeni ab-hava, yaradıcılıq meyil və üslubları yaratmasına səbəb olub". Məhz elə bu məziyyətlərinə görə qəzet və qəzetçilik işinə əsl təşkilatçı kimi baxaraq onu inkişaf etdirən, maarifçilik vasitəsi kimi qiymətləndirən Nəsir İmanquliyevin adı və şəxsiyyəti Azərbaycan mətbuatı və jurnalistikası tarixində əbədi var olacaq.
"Azərbaycan maarifçilik mədəniyyətinin mayakı - "Əkinçi" adlı məqalədə professor İzzət Rüstəmov zəngin materiallar əsasında mətbuat tariximizin bu əbədi, sönməz günəşi haqqında ətraflı söz açır. Həqiqətən də "Əkinçi" XX əsr Azərbaycan maarifçilik mədəniyyətinin inkişafında böyük tarixi rol oynadı. Bu baxımdan müəllif bir sıra məqamlara aydınlıq gətirərək "Əkinçi"nin adət-ənənələrə, maarifçiliyə, dil məsələsinə verdiyi önəmə toxunub.
İkinci bölmədə Q.Quliyevanın "Azərbaycan Xalq Cümhuriyyəti dövründə satirik jurnalistika" adlı məqaləsində isə mətbuat tariximizdə çox az təhlil edilən, bəzən də unudulan qəzet və jurnalların fəaliyyətinə güzgü tutulur. N.Yaqublu, A.Məmmədli, L.Məmmədova və başqaları ötən əsrin əvvəllərində fəaliyyət göstərən qəzet və jurnalların mövzu dairələrindən söz açırlar, eləcə də Azərbaycan mühacirət mətbuatının tanınmış xadimlərinin fəaliyyəti ilə oxucuları tanış edirlər.
"Televiziya və radio jurnalistikası" adlanan bölmədə bu sahə ilə bağlı on müəllfiin məqaləsi toplanıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadənin qələmə aldığı "Radiomüsahibə: görünən və görünməyən tərəfləri" adlı məqaləsində bu müsahibənin necə olmasından bəhs edilir. Professor Qulu Məhərrəmli isə televiziyada "Dil prosesləri və nitq mədəniyyətinin aktual problemləri"nə toxunaraq yazır: "Ekranda gedən verilişlərin əhəmiyyəti həm də ondadır ki, bu verilişlərin vasitəsilə bütün ölkə ictimaiyyətinin diqqəti kütləvi şəkildə ana dilinin təbliğinə yönəldilir". Məhz bu niyyəti də nəzərə alaraq TV aparıcıları, müxbirlər öz nitq və çıxışlarında dilin axıcılığına, səlisliyinə, düzgünlüyünə, məntiqi ardıcıllığına diqqətlə yanaşmalı, Azərbaycan dilinin tətbiqi və işlədilməsi ilə bağlı imzalanan sərəncamların tələblərinə əməl etməlidirlər.
Toplunun sonuncu bölməsi "Beynəlxalq
jurnalistika" adlanır. Burada toplanan
məqalələrdə vətəndaş
cəmiyyəti şəratində
informasiya təhlükəsizliyinin
təmin olunmasından,
bu cəmiyyətin mahiyyəti, təşkili
prinsiplərindən, eləcə
də beynəlxalq təcrübədən söz
açılır. Bakı Dövlət
Universitetinin dosenti Həmid Vəliyev haqlı olaraq bildirir ki, xarici
ölkələrdə jurnalist
təhsilinin təkmilləşdirilməsi
sahəsində toplanan
zəngin təcrübədən
səmərəli bəhrələnmək
Azərbaycanda bu sahənin günün tələbləri səviyyəsinə
qaldırılmasında çox
böyük əhəmiyyət
kəsb edərdi.
Pərvanə İbrahimova "Türkdilli
ölkələrin xəbər
agentlikləri vahid informasiya məkanında"
adlı məqaləsində
bunun əhəmiyyətinə
toxunaraq demokratiyanın
həm milli, həm də beynəlxalq səviyyədə
formalaşması üçün
hər kəsin düzgün məlumatlandırılmasının
vacibliyini qeyd edir. Müəllif haqlı
olaraq bu qənaətdədir: "Türk
toplumları bəşər
tarixində ən böyük hadisələrin
altına imza atan böyük bir millətin yetirmələridir. ...Bu gün
tarixin millətlərin
öz haqqını bərpa etmə və ədalətə qovuşma dövrüdür.
Bu şərəfli işdə hər kəs öz zəhmətini və bacarığını əsirgəməməlidir".
Nə xoş ki, Türk
Dünyasının Vahid
İnformasiya Şəbəkəsi
olan Türkdilli Xəbər Agentlikləri
Birliyi (TKA) birbaşa AzərTAc-ın təşəbbüsü
və iştirakı ilə yaranmışdır.
Respublika elmi-praktik konfransının
materialları toplanmış
yeni nəşrdə oxuculara 60-a yaxın müəllifin qloballaşma
dövründə jurnalistikanın
qaynaq və perspektivlərinə münasibətini
əks etdirən fikirləri cəmləşmişdir. Əlbəttə, hər bir məqalənin
özünəməxsus dəyər
və qiyməti var. Yeni nəşr sadəcə məruzələr,
yaxud da çıxışlar toplusu
deyil. Kitabdan jurnalistika fakültəsinin
tələbələri dərslik
kimi istifadə edə bilərlər.
Eləcə də mətbuata
maraq göstərən,
peşəkarlığın sirrini öyrənmək istəyən hər bir insan ondan
səmərəli şəkildə
bəhrələnə bilər.
F.XƏLİLZADƏ,
Azərbaycan.-2011.-22 dekabr.-S.9.