Elmi-intellektual intibaha
xidmət edən islahatların təminatçısı
Qloballaşan
dünyada elmi-intellektual potensial davamlı və sabit
inkişafın əsas meyarına çevrilərək hər
bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri
inamla həyata keçirmək, dünya arenasında layiqli yer
tutmaq imkanı yaradır. İqtisadi inkişaf strategiyasını
elmi əsaslar üzərində qurmaqla dövlət
quruculuğu prosesində innovativ yeniliklərə istinad edən
ölkələr milli tərəqqiyə nail olur, iqtisadi,
sosial və intellektual inkişaf müstəvisində rəqabətə
davam gətirirlər. Reallıq göstərir ki, iqtisadi
modernləşməni və demokratikləşməni təmin
edən mühüm faktorlardan biri məhz elmin, təhsilin,
nanotexnologiyaların səviyyəsinin durmadan yüksəldilməsi
yolu ilə insan kapitalının
formalaşdırılmasıdır.
Azərbaycan
Prezidenti İlham Əliyevin son 8 ildə qarşıya
qoyduğu ən mühüm vəzifələrdən biri də
məhz milli inkişafda intellektual irəliləyişə
nail olmaqla dövlətin siyasi suverenliyinin, davamlı iqtisadi
rifahının təmin edilməsindən ibarətdir. Ölkə rəhbəri haqlı olaraq bu fikirdədir
ki, respublikanın innovasiyalı inkişafına keçidin zəruriliyi
insan kapitalının reallaşdırılmasını,
ümumi rifah səviyyəsini təkmilləşdirmək məqsədilə
onların potensial imkanlarının səmərəli tətbiqinə
əsaslanan elmi strategiyanın yaradılmasını şərtləndirir.
Prezident İlham Əliyev yaradıcı zəka sahiblərinin,
intellektual, kreativ kadrların, qabiliyyətli gənclərin
dövlətin lazımi diqqət və qayğısı ilə
əhatə olunmasını da son dərəcə vacib
sayır. Ölkə başçısı dəfələrlə
vurğulamışdır ki, iqtisadi resursların insan
kapitalının inkişafına yönəldilməsi yolu ilə
formalaşan yeni təfəkkürlü intellektual elita Azərbaycanın
perspektiv inkişafının əsas lokomotivi - aparıcı
qüvvəsi kimi çıxış edəcəkdir. Keçid dövrünün geridə
qaldığı, modernləşmə istiqamətində
davamlı tədbirlərin həyata keçirildiyi
hazırkı mərhələdə azərbaycançılıq
ideologiyası ruhunda köklənən, mütərəqqi
milli və bəşəri dəyərləri əxz edən
yeni intellektual elitanın formalaşdırılması da son dərəcə
mühüm məsələ kimi qarşıda durur.
Dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli
dərəcədə artımı elm sahəsində əvvəllər
məhz maliyyə çatışmazlığı səbəbindən
yığılıb qalmış bir çox problemlərin həlli
zərurətini aktuallaşdırmış, bu sahəyə
ayrılan dövlət investisiyalarının həcmcə
yüksəlişini təmin etmişdir. Son zamanlar
elmin maliyyə ilə bağlı problemlərini həll etmək,
cəmiyyətin intellektual inkişafına xidmət edən
qlobal layihələri reallaşdırmaq, maddi-texniki bazanı
formalaşdırmaq imkanları da kifayət qədər
genişlənmişdir.
Prezident İlham Əliyevin elmin inkişafına necə
böyük önəm verdiyini son illər dövlət
büdcəsində bu sahəyə ayrılan vəsaitlərin
artım dinamikası da təsdiqləyir. Elmin inkişafına yönəldilən
xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil
edirdisə, 2008-ci ildə bu rəqəm 71,7 milyon, 2009-cu ildə
105,8 milyon, 2010-cu ildə 98,2 milyon, 2011-ci ildə isə 108,6
milyon manat olmuşdur.
2012-ci
ilin dövlət büdcəsində isə həyata
keçirilməsi nəzərdə tutulan elmi-tədqiqat
işlərinə və onların idarə olunmasına 122,6 milyon manat vəsait ayrılmışdır,
bu, 2011-ci illə müqayisədə
təxminən 14 milyon manat çoxdur. Büdcədə
köməkçi bölmələr üzrə xərclərin
böyük hissəsinin elmi müəssisələrin
saxlanmasına, həmin müəssisələrdə
çalışan işçilərin əməkhaqlarının
ödənilməsinə yönəldilməsi nəzərdə
tutulmuşdur. 2012-ci ildə elm xərclərində
elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası
Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsi ilə
həyata keçirilməsi üçün 7 milyon manat,
latın qrafikalı kitabların çap edilməsinə 5
milyon manat, elmi obyektlərin yenidən qurulmasına və əsaslı
təmirinə 3 milyon manat, akademiyanın elmi-tədqiqat
institutlarının müasir tələblərə cavab verən
laboratoriya avadanlıqlarının alınmasına 2 milyon
manat xərclənməsi nəzərdə
tutulmuşdur.
Xatırladaq
ki, dövlət başçısı 2011-ci il
ərzində elm adamlarının məvaciblərinin
qaldırılması ilə bağlı sərəncamlar
imzalamışdır. Belə ki, ölkə rəhbərinin
27 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan
Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət
büdcəsindən maliyyələşdirilən elm və
elmi-tədqiqat müəssisələrində
çalışan işçilərin Vahid Tarif Cədvəli
ilə müəyyən edilmiş aylıq vəzifə
(tarif) maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20
faiz, 2011-ci il dekabrın 8-də verilən sərəncamla
AMEA-nın tabeliyində olanlar istisna olmaqla, 10 faiz
artırılmışdır.
Ümumiyyətlə, AMEA sistemində
çalışanların sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi həmişə Prezident İlham
Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Xatırlatmaq yerinə
düşər ki, dövlət başçısının
"Alimlik dərəcələrinə görə vəzifə
maaşlarına əlavələrin artırılması
haqqında" 16 aprel 2004-cü il tarixli sərəncamına
uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində,
elmi-tədqiqat və təhsil müəsissələrində,
habelə digər sahələrdə çalışan
işçilərin elmlər doktoru və elmlər namizədi
alimlik dərəcələrinə görə vahid tarif cədvəli
üzrə vəzifə maaşlarına müəyyən
edilmiş əlavələrin məbləği həmin ilin
iyulundan artırılmışdır. 2004-cü il 19 aprel tarixli "Aspirantlara, ali, orta ixtisas və
peşə məktəblərinin və peşə litseylərinin
tələbələrinə və şagirdlərinə verilən
təqaüdlərin artırılması haqqında" sərəncam
isə yetişməkdə olan gənc nəslin intellektual
posensialını yüksəltmək, onların elmə olan
marağını daha da gücləndirmək məqsədi
daşımışdır.
Dövlət
başçısının 23 yanvar 2007-ci il
tarixdə imzaladığı sərəncamla AMEA sistemində
çalışan vətəndaşların məvacibləri
50 faiz qaldırılmış, eləcə də fevral
ayının 1-dən aspirantların təqaüdündə əsaslı
artım baş vermişdir. Cənab İlham Əliyevin 18
aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla
AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə
maaşı 1000 manat, müxbir üzvlərin aylıq rütbə
maaşları isə 700 manat civarında müəyyənləşdirilmişdir.
2008-2009-cu dərs ili qarşısında
AMEA sistemində çalışanların məvacibləri
25, 2010-cu ildə isə orta hesabla 10 faiz artırılması
da elmin intibahına xidmət etmişdir. Dövlət
başçısının 27 aprel 2011-ci il tarixli digər sərəncamı
ilə AMEA-nın müxbir üzvlərinin məvacibləri
700-dən 850 manata, həqiqi üzvlərinin məvacibləri
isə 1000 manatdan 1200 manata qaldırılmışdır.
Akademiyanın
infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin
yaxşılaşdırılması da daim diqqət mərkəzində
olmuşdur. Son illərdə AMEA-nın Mərkəzi Elmi
Kitabxanasının yeni binasının inşasına
başlanmış, Milli Azərbaycan Tarixi Muzeyində, Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində,
akademiyanın rəyasət heyətinin, habelə
akademiyanın əsas binasının təmir işləri
başa çatdırılmışdır. Bundan əlavə,
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan Milli Azərbaycan Tarixi Muzeyi və Nəsrəddin Tusi
adına Şamaxı Astrofizika Rəsədxanasının təmiri
və yeni avadanlıqların alınması üçün
5 milyon manat, arxeoloji qazıntıların davam etdirilməsi
üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna 1 milyon
manat, əşyaların bərpası və yeni
materialların alınması üçün Tarix Muzeyinə
1 milyon manat vəsait ayrılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 29 aprel 2011-ci il
tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında" sərəncamı isə akademiyanın elmi-tədqiqat
institutlarının maddi-texniki bazasının daha da gücləndirilməsi
və mövcud kitabxana fondlarının müasir tələblər
səviyyəsində qurulmasını təmin etmək məqsədi
daşımışdır. Sərəncamın
birinci bəndində göstərilir ki, AMEA-nın Mərkəzi
Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə
"Akademiya şəhərciyi" ərazisində tikilməsi
təmin olunmalıdır.
AMEA-nın cəmiyyətdəki statusunun və
nüfuzunun yüksəldilməsi, alimlərin dövlətin
lazımi diqqət və qayğısı ilə təmin
olunması da ölkə başçısının diqqət
mərkəzində olmuşdur. Bu elm məbədinin 60 illik yubileyi
ilə əlaqədar Prezidentin 2005-ci ildə sərəncamlar
imzalaması, görkəmli elm xadimlərini yüksək
dövlət mükafatları ilə təltif etməsi, bir
sıra alimlərə elmi adların, prezident təqaüdünün
və mənzillərin verilməsi cənab İlham
Əliyevin bu sahəyə yüksək
qayğısını əyani surətdə əks etdirir.
Akademiyanın 60 illik yubiley mərasimində
çıxış edən ölkə rəhbəri
demişdir: "Elmlər Akademiyasının maddi-texniki
bazasının möhkəmləndirilməsi işində əlavə
addımlar atılacaqdır. Biz gərək bu
maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın
nəzdində fəaliyyət göstərən institutlara
daha böyük həcmdə kömək göstərək...
Çalışacağam ki, akademiyanın
inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim.
Mən bir daha demək istəyirəm, bu, qəti
fikrimdir ki, hər bir ölkənin normal inkişafı
üçün, ilk növbədə, bilik, savad, elmin
inkişafı lazımdır".
Qərbin bir sıra
inkişaf etmiş ölkələrində elm bütün sahələr
üzrə proqnozlar verir, səmərəli istehsal üsul və
vasitələrini müəyyənləşdirir,
mühüm siyasi qərarların qəbulu prosesinə təsir
göstərir. Yəni, elmi tədqiqatlar
futuroloji - gələcək barədə real proqnozlar vermək
funksiyası ilə də mühüm əhəmiyyətə
malikdir. Bu mənada, Azərbaycanda da
müxtəlif elm sahələrinin qarşısında duran əsas
vəzifələrdən biri elmlə idarəçiliyin əlaqələndirilməsidir.
Dövlət başçısı İlham Əliyev beynəlxalq
təcrübəni və ilk növbədə,
respublikamızın hazırkı sosial-iqtisadi inkişaf
tempini nəzərə alaraq 2007-ci il 12
noyabr tarixli fərmanı ilə Azərbaycan Respublikası
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
yaradılmasına qərar vermişdir.
Ölkə
rəhbərinin 2008-ci il 10 aprel tarixli
"Azərbaycan elmində islahatların aparılması ilə
bağlı Dövlət Komissiyasının yaradılması
haqqında" sərəncamı da elmin maliyyələşmə
mexanizmlərinin təkmilləşdirilməsi barədədir.
Sənəddə qeyd edilir ki, Azərbaycanda
ümumən elmin maliyyələşmə mexanizmləri və
elmi işçilərin sosial təminatı məsələləri
hələlik günün tələbləri səviyyəsində
deyil. Ölkədə aparıcı alimlər
nəslinin yaşlaşması və gənc nəslin elmə
axınının zəifləməsi elmdə kadr
potensialının aşağı düşməsi təhlükəsini
yaratmışdır. Mövcud vəziyyət
ölkənin inkişafının üstün istiqamətlərindən
olan elm sahəsində ən qısa zamanda islahatların
aparılması və bununla əlaqədar bir çox vəzifələrin
təxirə salınmadan sürətlə öz həllini
tapması zərurətini meydana
çıxarmışdır. Bütün bunlarla
yanaşı, sərəncamda Azərbaycan Respublikasında
elmi qurumların strukturunun müəyyənləşdirilməsi,
tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi, ölkənin
elmi kadr potensialının artırılması və onun
sosial müdafiəsinin gücləndirilməsi,
bütövlükdə elmin inkişafı üzrə milli
strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin
beynəlxalq elm məkanına inteqrasiyasının təmin
olunması məsələləri əksini
tapmışdır.
Sərəncama əsasən, 2009-2015-ci illər üzrə
elm sahəsində aparılacaq islahatların, habelə elmin
inkişaf strategiyasının konkret proqram modelində
hazırlanması üçün hökumət və elm
adamlarından ibarət dövlət komissiyası
yaradılmışdır. Komissiya tərəfindən
hazırlanaraq ölkə Prezidentinin 4 may 2009-cu il
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı" elm sahəsində həyata
keçiriləcək islahatların konseptual əsaslarını
özündə əks etdirir. Elmin inkişafını nəzərdə
tutan Milli Strategiyanın əsas məqsədi ölkənin
mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan
elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan
elminin dünya elmi, texnika və texnologiyasının prioritet
istiqamətlərinə müvafiq şəkildə təşkili;
respublikanın iqtisadi inkişafında elmin rolunun
artırılması; yüksək ixtisaslı kadrların
hazırlanmasının təmin edilməsi; mühüm
sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli
üçün respublikada fundamental və tətbiqi tədqiqatların
prioritetlərinin müəyyənləşdirilməsindən
ibarətdir.
Sənəddə
həmçinin fundamental elmlərə dair tədqiqatların
genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə
sisteminin, elmi-tədqiqat müəssisələrinin və
ümumilikdə, elmin maliyyələşdirilmə mexanizmlərinin
təkmilləşdirilməsi; elmi-texniki infrastrukturun
müasirləşdirilməsi; elmin hüquqi-normativ
bazasının yaradılması; elmin inteqrasiyasının təmin
edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin
yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin
genişləndirilməsi qarşıya məqsəd qoyulub. Strategiyanın vəzifələri daha genişdir.
Bura həmçinin təbiət, texnika, ictimai və humanitar
elmlər sahəsində tədqiqatların inkişafı, ətraf
mühitin qorunması, maddi-texniki bazanın yaradılması,
dövlətin inkişafını təmin etmək
üçün elmin və müasir texnologiyaların nailiyyətlərinin
geniş tətbiqi, Azərbaycanın mədəniyyəti və
tarixinin ümumi və kompleks tədqiqatı və s. daxildir.
Dövlət
başçısının 2009-cu il
oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun yaradılması da elmi tədqiqatların
stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi
diqqət çəkir. Fondun yaradılması
fundamental elmi tədqiqatların
stimullaşdırılması, ölkənin təbii
resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin
gücləndirilməsi, elmin müxtəlif sahələrində
aparılan araşdırmaların səmərəliliyinin
artırılması məqsədilə əsaslandırılır.
Bir müddət əvvəl - 2011-ci il
noyabrın 4-də isə ölkə
başçısının sərəncamı ilə fondun
elmin inkişafı ilə bağlı qrant layihələrinin
maliyyələşdirilməsinə daha 3 milyon manat vəsait
ayrılmışdır.
Azərbaycan
Prezidentinin 2010-cu il 9 fevral tarixli "Azərbaycan Milli Elmlər
Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində
doktorantura təhsilinin maliyyələşdirilməsi
haqqında" sərəncamı isə yeni təhsil ənənələrinin
elm sahəsində tətbiqinə əlverişli imkan
yaratmışdır. Sərəncam respublikada
elmi tədqiqatların müasir standartlar səviyyəsində
aparılmasını, ölkənin elmi kadr
potensialının artırılmasını, Azərbaycan
elminin dünya elm məkanına inteqrasiyasının təmin
olunmasını sürətləndirmək məqsədi
daşıyır. Bu işlərin
reallaşdırılması üçün Prezidentin Ehtiyat
Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin
Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil
almalarına 500 min manat məbləğində vəsait
ayrılmışdır. Olkə Prezidenti bu il aprelin 20-də "Azərbaycan
Respublikasının Milli Atlası"nın nəşri
haqqında da xüsusi sərəncam imzalamış, redaksiya
heyətinin tərkibi təsdiq edilmişdir.
2011-ci il
aprelin 26-da AMEA-nın ümumi illik
yığıncağında iştirak edən dövlət
başçısı Azərbaycan elminin tarixi nailiyyətlərinə,
bugünkü uğurlarına və gələcək
inkişaf perspektivlərinə nəzər salmış,
müasir dövrdə intellektual elitanın
qarşısında dayanan vəzifələrdən söz
açmışdır. Dövlət
başçısı həmin tədbirdə xüsusi
vurğulamışdır ki, Azərbaycanın müasir
inkişaf xüsusiyyətlərinin, o cümlədən milli
inkişaf modelinin konkret elmi prinsiplər əsasında tədqiqi
xüsusi əhəmiyyət kəsb edir və bu kontekstdə
respublika alimləri qarşısında ciddi vəzifələr
dayanır. İqtisadi sahədə
keçid dövrünün başa çatması elmlə
iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri
əsasında qırılmaz vəhdətinin təmin edilməsini,
innovativ biliklərə əsaslanan iqtisadiyyatın
formalaşdırılmasını, müxtəlif elm sahələrinin
yeni dövrün tələblərinə uyğun Müasirləşdirilməsini,
siyasi idarəetmədə elmi proqnozlardan məqsədyönlü
istifadəni obyektiv zərurətə çevirir.
Prezident
İlham Əliyev AMEA-dakı nitqində bu məsələ
üzərində xüsusi dayanmış, elmi tədqiqatların
gələcək istiqamətləri ilə bağlı
tövsiyələrini vermişdir: "Bu gün Azərbaycan
iqtisadiyyatı qarşısında duran
çağırışlar elmin inkişafı ilə
bilavasitə bağlı olmalıdır. Bu
gün biz böyük neft-kimya kompleksinin tikilməsi üzərində
işləyirik. Neft-kimya sahəsində
böyük perspektivlər vardır. Nəzərə alsaq
ki, ölkəmizdə bu istiqamətdə bütün
dövrlərdə çox güclü elmi məktəb
olmuşdur, bu, iqtisadi gücümüzü artıracaq, yeni
iş yerlərinin açılmasına gətirib
çıxaracaqdır. Hesab edirəm ki, bu
gün alimlərimiz öz işlərini bu sahə üzrə
müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə
aparmalıdırlar. Azərbaycan hökumətinə
müvafiq göstərişlər verilmişdir ki, bu sahəyə
biz Azərbaycan elmini də cəlb edək".
Hər bir elm sahəsinin ictimai dəyəri, əhəmiyyəti
onun praktik tətbiq imkanları ilə ölçülür. Əgər
elm cəmiyyətin intellektual tərəqqisinə, dövlətin
ideoloji və siyasi cəhətdən qüdrətlənməsinə,
iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini
vermirsə, deməli, onun dəyərindən danışmaq
da mümkün deyil. Müasir dünya
gerçəklikləri fonunda elmlə dövlət idarəçiliyinin
üzvü şəkildə əlaqələndirilməsi,
mühüm siyasi qərarların qəbulu mərhələsində
elmi postulatlara, təhlillərə istinad olunması son dərəcə
vacib məsələ kimi qarşıda durur. Azərbaycan inkişafın elə mərhələsindədir
ki, bundan sonrakı sosial-iqtisadi uğurların
davamlılığının təmin edilməsi prosesində
əsaslandırılmış elmi qənaətlərə
geniş istinad olunmalıdır. Dövlət
başçısı AMEA-nın illik ümumi
yığıncağında bununla bağlı demişdir:
"...Biz uzunmüddətli inkişaf strategiyamızı
müəyyən edərkən mütləq güclü elmi
bazaya arxalanmalıyıq. Biz iqtisadi
inkişafımızın gələcək istiqamətlərini
müəyyən edərkən güclü elmi əsaslara
söykənməliyik. Burada düzgün
proqnozlar verilməlidir. Biz nəinki
beşillik proqramı icra edərkən bu məsələlərlə
məşğul olmalıyıq, uzaq gələcəyə
baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan
hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial
yaradılmalıdır ki, ölkəmizin inkişafı
uzunmüddətli, uğurlu və dayanıqlı olsun. Biz neft-qaz amilindən
asılılığımızı tədricən
azaldırıq. Artıq bu istiqamətdə
müəyyən işlər görülmüşdür.
Gələcəkdə isə biz çoxşaxəli
iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək,
dayanıqlı inkişaf modelimizi qurmalıyıq".
"Akademiyada Azərbaycanın elitası cəmlənib"
deyən İlham Əliyev bildirib ki, elmin inkişafı
ümumi inkişaf templəri ilə uzlaşmalı, elmin, təhsilin,
iqtisadiyyatın birliyi yaradılmalı, bunun üçün
prioritetlər düzgün seçilməli və onun üzərində
işlər getməlidir. Prezident Azərbaycanın
geoloq alimlərinin XX əsrdə həyata keçirdiyi elmi tədqiqatların
əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, bu
gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında əsas amilə çevrilməsi
onların elmi kəşflərinin nəticəsidir.
Hazırda ölkədə böyük neft-kimya kompleksinin
tikintisi ilə bağlı işlərin getdiyini diqqətə
çatdıran dövlət başçısı bunun yeni
iş yerlərinin açılmasına və elmi tədqiqatların
daha da sürətlənməsinə imkan verəcəyini qeyd
edib. "Azərbaycan iqtisadiyyatının
inkişafı dünyada bir fenomendir".
Dövlət
başçısı Azərbaycanda ərzaq təhlükəsizliyinin
təmin olunması istiqamətində mühüm işlərin
görüldüyünü vurğulayaraq akademiyanın aqrar
bölməsinin yaradılması üçün təcili tədbirlərin
aparılmasının vacibliyinə toxunub. Bildirib ki, hazırda ölkədə müasirləşmə
siyasəti aparılır, elmi-texniki tərəqqi ilə
bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin
yaradılması prosesi gedir və bunlar dövlət siyasətidir.
İKT-nin inkişafı isə, ilk növbədə,
intellektual potensialın güclənməsinə, ölkədə
gedən müasirləşmə prosesinə dəstək verməyə
yönəlib. Artıq respublikada hərbi-sənaye
kompleksi də yaradılır. Bu gün Azərbaycanda
430 adda hərbi təyinatlı məhsul buraxılır və
gələcəkdə onların sayı artırılacaq.
Hazırda Azərbaycan elminin qarşısında duran əsas
vəzifələrdən biri də milli ideya, milli ideologiya,
düşüncə sistemi, azərbaycançılıq məfkurəsi
və digər bu kimi fəlsəfi-siyasi mövzularda
sanballı araşdırmalar aparmaq, milli özünüdərkin
güclənməsinə yardımçı olmaqdır. Bu qəbildən
olan araşdırmalar, ilk növbədə, gənc nəslin
azərbaycançılıq məfkurəsini dərindən
dərk edərək milli ruhda yetişməsi baxımından
aktuallıq kəsb edir. Milli ruhlu, kreativ
düşüncəli gəncliyin yetişməsi isə
qloballaşmanın sərhəd tanımadığı,
yabançı mədəniyyətlərin milli-mənəvi
dəyərlər sisteminə təhdid kimi
çıxış etdiyi bir zamanda ümumi müqavimətin
təşkili baxımından vacibdir. Xüsusən
də ictimai və humanitar elm sahələrində tədqiqatlar
aparan alimlərin üzərinə ciddi vəzifələr
düşür. Azərbaycan Prezidenti İlham
Əliyevin AMEA-nın hesabat yığıncağında bəyan
etdiyi kimi: "Biz bu sahəyə daim diqqət göstərməliyik.
Çünki bildiyiniz kimi, müstəqillikdən
əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz,
milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız,
musiqimiz olub. Ona görə bu sahəyə
dövlət tərəfindən daim diqqət göstərilir.
Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə
çox uğurlu fəaliyyət göstərir. Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ
daim diqqət mərkəzində olmalıdır". Hazırkı mərhələdə insanların
maddi imkanlarının yüksəlməsi bəzən ifrat
maddiləşməyə, praqmatizmə, hətta bazar "əxlaq"ının,
biznes maraqlarının insani münasibətlərə sirayət
etməsinə gətirib çıxarır. Bu baxımdan cəmiyyətdə mənəvi
ab-havanı saflaşdırmaq, normal ritmi, harmoniyanı qorumaq
üçün humanitar və ictimai elmlərin fəallığı
son dərəcə zəruridir.
Problemi aktuallaşdıran həm də odur ki,
qarşısıalınmaz qloballaşma prosesləri tarixən
özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq
olmuş hər bir xalqı yad təsirlərə məruz
qoyur. Milli ideal və dəyərlər maddiləşmiş
sosial münasibətlər fonunda müəyyən
aşınmaya məruz qalır. Belə
bir şəraitdə xalqın mənəviyyatının, mədəniyyətinin,
adət-ənənələrinin qorunması vacibliyi elm xadimlərinin,
ziyalıların, ümumən cəmiyyətin intellektual təbəqəsinin
qarşısında yeni vəzifələr qoyur. Müstəqil dövlətin dilinin, tarixinin, mədəniyyətinin,
habelə xalqımızın əsrlərlə
formalaşmış milli-mənəvi dəyərlər
sisteminin elmi-konseptual əsasda tədqiqi və ümumiləşdirilməsi
milli ideologiyanın əsas tələbləri sırasında
mühüm yer tutur. Bu sahədə əsas iş, ilk növbədə, ictimai və
humanitar sahədə çalışan alimlərin, elm xadimlərinin
üzərinə düşür.
Bir fakt da xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın
innovasiyalı inkişafa keçidinin zəruriliyi insan
kapitalının gerçəkləşdirilməsinə,
insanların potensial imkanlarının səmərəli realizəsinə
əsaslanan elmi strategiyanın tətbiqini şərtləndirir. Qlobal rəqabət
şəraitində respublikanın elmi potensialının
davamlı şəkildə yüksəldilməsi, gənc,
yaradıcı, yüksək intellektual səviyyəli
insanların istedadından maksimum istifadə edilməsi
dövlətin innovasiyalı inkişafının təmini
baxımından son dərəcə zəruridir. Sevindirici haldır ki, respublikamız son illərdə
informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində
uğurlu nəticələr əldə edir. 2010-cu ildə
Azərbaycanda İKT üzrə 32,1 faiz
artımın olması bu sahənin uğurlu inkişaf perspektivlərindən
xəbər verir. Respublikamız əldə
olunan nəticələrlə kifayətlənmir,
nanotexnologiyaların, kosmik sənayenin inkişafı
üçün məqsədyönlü tədbirlər həyata
keçirir. Şübhəsiz, nisbətən
yeni olan bu sahələrin inkişaf istiqamətlərinin
düzgün müəyyənləşdirilməsi fundamental
və tətbiqi elmlərin qarşısında mühüm vəzifələr
kimi dayanır.
Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi
dövründə AMEA-nın Naxçıvan bölməsinin
fəaliyyətində də uğurlu nailiyyətlər əldə
olunmuşdur.
İkicildlik Naxçıvan Ensiklopediyası
hazırlanmış, ingilis və Azərbaycan dillərində
Naxçıvan Abidələri Ensiklopediyası,
Naxçıvanın teatr salnaməsi, Naxçıvanın
"Qırmızı kitab"ı və digər ümumiləşdirici
əsərlər işlənmişdir. İkicildlik
"Naxçıvan tarixi" toplusu ilə bağlı
araşdırmalar isə artıq sona çatmaq üzrədir.
Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamı da respublikanın inkişafının elmi təmələ əsaslandığını bir daha təsdiqləyir. Sərəncamda vurğulanır ki, hazırda Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu məqsədlərə nail olunması üçün Azərbaycan Respublikası Prezidentinin administrasiyasına 2012-ci ilin sonunadək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması məsələsi həvalə olunmuşdur. 2020-ci ilədək olan dövrü əhatə edəcək konsepsiyanın hazırlanması prosesinə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması təmin ediləcəkdir.
Son illər sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin yeni reallıqlara nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması da müasir dövrdə baş verən yaşantılarla şərtlənir. Ən müxtəlif elm sahələrində aparılan tədqiqatlar yüksək effektivlik əmsalı ilə yanaşı, həm də dövlətin və xalqın ümdə maraqlarının qorunmasına xidmət etməli, cəmiyyətdə saf ideal və dəyərlərin, ümumən mənəviyyatın yüksəlişinə sanballı töhfəsini verməlidir. Elmin inkişaf strategiyasının zamanın nəbzinə uyğun modernləşməsini, yeni iqtisadi, siyasi, mədəni reallıqların nəzərə alınmasını, xüsusən də humanitar və ictimai elm sahələrində azərbaycançılıq məfkurəsinin geniş tədqiqinə yer verilməsini Azərbaycan xalqının dövlətçilik maraqları tələb edir. AMEA-nın, xüsusən də ictimai və humanitar yönümlü institutlarında aparılan elmi tədqiqatların milli ideologiya və dövlətçilik maraqları baxımından aktuallıq kəsb etməsi, çağdaş dövrün tələblərinə cavab verməsi son dərəcə vacibdir.
Bütün bunlara nəzərən
əminliklə demək olar ki, ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil,
milli ənənələrə və ümumbəşəri
dəyərlərə, dünya standartlarına cavab verən
elmi potensialının formalaşdırılması istiqamətində
həyata keçirilən siyasət əzmlə davam
etdirilir. Azərbaycan elmi Prezident İlham
Əliyevin rəhbərliyi altında məhz həmin ənənələr
əsasında inkişaf edir, mövcud problemlərə,
çətinliklərə sinə gərərək millətin
nurlu gələcəyinə yol açır. Ölkənin
elm adamları Azərbaycanın iqtisadi potensialı gücləndikcə,
elmi sahəyə qoyulan sərmayələr də ildən-ilə
artır, ölkədə həyata
keçirilən effektiv islahatlar kursuna sanballı töhfələr
verirlər.
Azərbaycan.-2011.-22 dekabr.-S.5.