«Qala» Dövlət Tarix-Etnoqrafiya Qoruğunun fəaliyyətinin

 təmin edilməsi ilə bağlı tədbirlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun maddi-texniki bazasının gücləndirilməsi, ərazinin mühafizəsi, turizmin inkişafı məqsədi ilə yeni obyektlərin, xidmət sahələrinin və yardımçı təsərrüfatların yaradılması, təbii landşaftın bərpası, tarix və mədəniyyət abidələrində bərpa-konservasiya və istifadəyə uyğunlaşdırma işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2011-ci il

Azərbaycan.-2011.-23 dekabr.-S.3.