İlham ƏLİYEV fenomeni: uğur rəmzi

 

 "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Yəni əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı".

 

 İlham ƏLİYEV

 

 

Mürəkkəb və vacib sosial fenomen olan lider faktoru  bir çox hallarda bu və ya digər xalqın gələcək taleyinin, keçəcəyi inkişaf yolunun müəyyən edilməsində əsas amilə çevrilir. Şəxsiyyət faktoru ilə üzvi surətdə bağlılığı olan lider amili həm də hər hansı tarixi dövrdə zamanın tələbinə uyğun inkişaf yolunun müəyyən edilməsinə təkan verən ideya və ideologiya daşıyıcısı kimi çıxış edir, konkret məqsədlərin müəyyən olunmasında  əsas rol oynayır.  Hər bir ekstremal şəraitdə doğru qərarlar qəbul etməyi bacaran, milli maraqları ölkənin tarixi, ənənələri ilə uzlaşdırmaq iqtidarında olan lider zərurət olduğu təqdirdə yeni təfəkkür tərzi və formasını yaradan novatorçu kimi də çıxış edir. Bütün bunlar onun təsdiqidir ki, liderin baxışları, xarakteri, motivasiyası bütöv halda götürülmüş bir cəmiyyətin intibahına əhəmiyyətli dərəcədə təsir göstərən əsas faktorlardan biridir.

 

Ötən əsrin son dekadasında Sovetlər İttifaqının dağılması və dünyada yeni yaranan, olduqca mürəkkəb dəyərləndirilən bir ictimai-siyasi şəraitdə ikinci dəfə dövlət müstəqilliyini qazanan Azərbaycanın mövcud inkişaf yolunun müəyyənləşdirilməsində lider amili həlledici rol oynayıb. Ölkəni üzləşdiyi xaosdan, anarxiyadan, yenicə əldə olunan müstəqilliyini itirmək təhlükəsindən xilas edən, onun dinamik inkişaf strategiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin malik olduğu liderlik keyfiyyətləri tarixə adı qızıl hərflərlə həkk olunmuş bu dahi şəxsiyyətin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi müddətdə də idarəçilikdə özünü qabarıq büruzə verərək respublikanı uğurlu intibah yoluna çıxardı. Tarixi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Heydər Əliyev fenomeninə Azərbaycan xalqı tərəfindən duyulan sevgini, sonsuz etimadı daha da dərinləşdirdi. Çünki ulu öndərin titanik fəaliyyəti nəticəsində Azərbaycanın yeni tarixi böyük uğurlarla zəngin oldu, eləcə də yaşananlar cəmiyyətin, onun hər bir fərdinin həyatına da müsbət istiqamətdə əhəmiyyətli təsir göstərdi.

Fəaliyyəti ilə tarix yaradan Heydər Əliyev şəxsiyyətinə bu gün təkcə Azərbaycanda yox, onun sərhədlərindən çox-çox kənarda da böyük heyranlıq duyulur, xatirəsi daim böyük hörmət və ehtiramla anılır. Onun böyük müdrikliklə yaratdığı milli dövlətçiliyin müasir modeli öz unikallığı ilə fərqlənməklə yanaşı, Azərbaycanın inkişaf istiqamətlərini də özündə ehtiva edir. Xalqımızın bu dahi oğlunun kifayət qədər böyük uzaqgörənliklə ərsəyə gətirdiyi dövlət quruculuğu strategiyası, həmçinin müəllifi olduğu siyasi-iqtisadi konsepsiya bu gün də Azərbaycanın tərəqqisinə xidmət etməkdədir. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ictimai-siyasi həyatın bütün sahələrində, sözün əsl mənasında, inqilab yaradan ulu öndər ölkənin dinamik tərəqqisində yeni bir tarixi mərhələnin əsasını qoydu.

Zaman və məkanın fövqündə fəaliyyəti ilə dayanmağa qadir olduğunu göstərən, tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik sayılan Azərbaycanın dünyanın siyasi xəritəsində ən nəhəng dövlətlərlə belə müqayisəsinə imkan yaratdı. Bu, Heydər Əliyev idarəçiliyinin, onun liderlik keyfiyyətlərinin möhtəşəm nəticə və təntənələrindən biri kimi çıxış edirdi. Tarixi təcrübə də sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq, son nəticədə onun hərtərəfli tərəqqisini müəyyən edən əsas məqamlardan biri məhz lider faktorudur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin fikirləri qeyd edilən kontekstdə xüsusi maraq doğurur: "Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində o, XX XXI əsrlərin görkəmli siyasətçilərindən biri, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır". Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik edib, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm qoyub.

Azərbaycanda həqiqi dövlət müstəqilliyinin banisi olan, milli dövlətçiliyin əsasını qoyan, böyük tərəqqiyə hesablanmış inkişaf strategiyasını müəyyənləşdirən, yeni tariximizə dövlət və xalqın xilaskarı kimi daxil olan ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yorulmaz və gərgin fəaliyyəti zamanın yeni çağırışlarına cavab verməklə yanaşı, həm də onun yeni dövrün yeni lideri olmasını meydana qoyur. İlk növbədə ona görə ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində ölkəmizin malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib, yeni dövrün tələblərinə cavab verən sürətli inkişaf təmin olunub. Ulu öndərin idarəçilik ənənələrini özünəməxsus dəyərlərlə zənginləşdirən Prezident İlham Əliyev əsrimizin praqmatik, rasional, mükəmməl dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lideri kimi çıxış edir. Məhz xalqının lideri olaraq onun düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb.

Hələ Prezident seçilməzdən öncə ölkədə yaşanan ictimai-siyasi proseslərin içində olan bir şəxs kimi cənab İlham Əliyev öz liderlik keyfiyyətini və yüksək idarəçilik qabiliyyətini bir neçə istiqamətdə əməli işlə göstərmişdi. Azərbaycan iqtisadiyyatının ən mühüm və aparıcı sahəsi sayılan neft sektorunda rəhbər postlardan birində təmsil olunması, həmçinin Avropa Şurası kimi nüfuzlu bir qurumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etməsi, Milli Məclisin deputatı olaraq uğurlu fəaliyyəti onun liderlik xüsusiyyətlərinin özünü qabarıq formada büruzə verməsi ilə müşayiət olunurdu. Xalqın iradəsi əsasında Prezident seçilməsi cənab İlham Əliyevin liderlik xüsusiyyətlərinin, bu şəxsiyyətin fenomenal qabiliyyətlərinin daha bariz formada üzə çıxmasına yeni imkanlar yaratdı.

Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan cənab İlham Əliyev ölkəmizin inkişafına, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirir. Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər də Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xarakterizə edən başlıca xüsusiyyətlərdəndir. Fəaliyyəti ilə ölkə cəmiyyətindən getdikcə daha çox dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən cənab İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir.

Mövcud beynəlxalq dünya nizamında geosiyasi və geoiqtisadi amillərin xüsusi çəkisinin yenidən artan xətt üzrə inkişaf etdiyi müasir dünyamızda cərəyan edən proseslərin inkişaf axarının düzgün müəyyən edilərək onun milli maraqlarla uzlaşdırılması getdikcə daha böyük önəm kəsb edir. Əks halda, konkret halda götürülmüş dövlətin, onun maraqlarının, hətta suverenliyinin özünün ciddi təhdidlər altında qalması qaçılmaz olur. Dünyanın real mənzərəsinə nəzər salmaqla buna dair kifayət qədər çoxsaylı misallara rast gəlmək mümkündür. Lakin Azərbaycan o dövlətlər sırasında yer alır ki, geosiyasi cəlbediciliyi olduqca yüksək bir əmsalla qiymətləndirilən regionda mövcudluğu və zəngin təbii sərvətlərə malik olması amilindən beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevrilməsi üçün böyük məharətlə faydalanır. Eyni zamanda, ölkəmiz regionda cərəyan edən proseslərin obyekti yox, bir subyekti olaraq onların inkişaf axarının müəyyən edilməsində bu gün əsas söz sahiblərindən biri kimi çıxış edir. Həmçinin burada Azərbaycanın iştirak və razılığı olmadan hər hansı regional təşəbbüsün, transmilli layihənin reallaşması mümkün deyil.

Ümumiyyətlə, Prezidentin xarici siyasətdə milli maraqların təmini baxımından hər zaman qətiyyətli və prinsipial bir mövqe nümayiş etdirməsi, işinə peşəkar yanaşması daim özünü aydın bir formada büruzə verir. Məhz bu peşəkarlığın nəticəsidir ki, Azərbaycan indi dünyanın müxtəlif qütblərində dayanan, bəzən isə bir-birlərinə qarşı barışmaz bir mövqe sərgiləyən dövlətlərlə qarşılıqlı əməkdaşlıq və dostluğa söykənən münasibətlər yarada bilib. Şərqlə Qərb, Şimalla Cənub arasında mərkəzçi mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan həm də burada bir körpü rolunu oynamaqdadır. Bununla Azərbaycan dünyanın müxtəlif qütblərində yer alan dövlətlər arasında əlaqələndirici bir missiya yerinə yetirməkdə, eləcə də Avrasiya məkanında mövqelərini daha güclü hala gətirməkdədir. 

Azərbaycan Cənubi Qafqazın lideri və bu statusunu yeni nailiyyətlər hesabına getdikcə daha da möhkəmləndirən dövləti olaraq regionda geosiyasi və geoiqtisadi prosesləri milli maraqları istiqamətində yönəltməyi bacarmaqla öz təhlükəsizlik və inkişafını daha sürətli bir hala gətirir. Bu isə öz növbəsində Prezident İlham Əliyevin əsl liderə məxsus proseslərin gedişini əvvəlcədən görərək onu qabaqlamaq qabiliyyətinin, müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini düzgün qiymətləndirməyi bacarmasının, hadisələrə müsbət təsirinin, yüksək idarəçilik bacarığının daha bir real göstəricisdir. Sözügedən məqamla əlaqədar ABŞ-ın nüfuzlu politoloqlarından hesab edilən Zbiqnev Bjezinski cənab İlham Əliyevin regional liderlik keyfiyyətlərini önə çəkərək qeyd edir: "Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konstruktivliyi ilə seçilir. Mən onu on ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o, özünəinamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir".

Ölkəmizdə Prezident İlham Əliyevin alternativsiz lider və yüksək reytinqinin olmasını şərtləndirən əsas səbəblərdən biri də Azərbaycanın dövlət başçısının uğurla yerinə yetirdiyi ineqrativ funksiyadır. Bütün cəmiyyət tərəfindən qəbul edilən milli dəyərlər və ideallar əsasında fərqli maraqların birliyinin formalaşdırılması, bir araya gətirilməsi cənab İlham Əliyevin liderlik xüsusiyyətlərinin vacib bir göstəricisi, eyni zamanda uğurlu idarəçiliyinin parlaq bir təzahürüdür. Bu mənada onu istər 2003-cü, istərsə də 2008-ci ildə özünə rəhbər, lider seçərkən Azərbaycan xalqı həm də birliyə, həmrəyliyə səs verdiyini aydın dərk edirdi və zaman xalqın müdrikliyini, seçimində yanılmadığını bir daha sübuta yetirdi.

Qarşıya qoyulan hədəf və məqsədlərə çatmaq üçün hansı üsul və metodlardan istifadə ediləcəyinin əvvəlcədən böyük dəqiqliklə hesablanaraq müəyyənləşdirilməsi, innovativ xarakterli təşəbbüskarlığın göstərilməsi, cəmiyyətlə, onun ən müxtəlif təbəqələri ilə sıx əlaqə və görüşlər Prezident İlham Əliyev idarəçiliyinin liderlik elementlərini özündə əks etdirən və geniş ictimaiyyət tərəfindən təqdir olunan idarəçiliyinin bazisində yer alan başlıca elementlər sırasına daxildir. Bu kontekstdə diqqət cəlb edən əsas məqamlardan biri ölkə rəhbərinin alicənablığı, təvazökarlığı, səmimiliyi, nəcibliyi, ziyalılığı, qətiyyətliliyi, insanlara təmənnasız münasibəti və digər yüksək mənəvi keyfiyyətləridir. Ədalətin, qanunun aliliyinin, ölkənin, eləcə də hər bir vətəndaşın təhlükəsizliyinin təminatçısı kimi çıxış edən cənab İlham Əliyevin xalqına, millətinə, Vətəninə sonsuz sevgisi də onun fəaliyyətində özünü qabarıq bir formada büruzə verir.

"Prezident o vaxt sevinir ki, onun xalqı sevinir" - deyən cənab İlham Əliyevin bu sözləri dövlət başçısının xalqa yanaşmasının ən mükəmməl göstəricisi, onun mənsub olduğu xalqa, lideri olduğu cəmiyyətə həssas və yüksək diqqətlə, böyük qayğıkeşliklə yanaşmasının daha bir bariz sübutudur. Bu mənada Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsinin, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunmasının, insanların layiqli həyat tərzinin təmin edilməsinin, ölkəmizin beynəlxalq hüquq məkanında daha güclü bir mövqenin sahibi kimi çıxış etməsinin və bu qəbildən olan digər vacib cəhətlərin Prezidentin fəaliyyətində əsas məqsədlər cərgəsində olması tam təbii qarşılanır. Bunun nəticəsidir ki, müasir Azərbaycanın əsas xarakterik xüsusiyyətlərindən olan sürətli inkişafın ən mühüm cəhətlərindən biri yaşanan tərəqqinin hər bir ölkə vətəndaşının, ailənin həyatında da öz əksini tapmasıdır. Beynəlxalq miqyasda da açıq etiraf olunur ki, ölkəmizdə son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütəmadi artıb. Göstərilən sosial və digər xidmətlər müsbət istiqamətdə əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalıb.

Bütün bunlar Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasətin uğurlu nəticələrini konkret misallar əsasında isbata yetirən mühüm faktorlar sırasında yer alır. Lakin Azərbaycan daim irəliyə baxan, inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya əsas məqsədlərdən biri kimi qoyan dövlət olduğundan əldə edilən nəticələrlə kifayətlənmək niyyətində deyil. Yüksək templərlə müşayiət olunan inkişaf dövrünü yaşayan Azərbaycanın əldə etdiyi nailiyyətlər, aparılan daxili və xarici siyasətin gətirdiyi müvəffəqiyyətlər ölkəmizin təkcə mövcud olduğu regionda yox, daha geniş coğrafiyada tələb olunduğu təqdirdə hadisələrin inkişaf istiqamətinə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb və artırmaqdadır. Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyi ilə tam uzlaşır. Elə bunun nəticəsidir ki, indi Azərbaycan iqtidarı və xalqı arasında sarsılmaz birlik, monolitlik mövcuddur. Əslində, ölkəmizin dinamik inkişafının kökündə dayanan əsas məqamlardan biri elə xalq və iqtidar arsında yaşanan birlik və bu birliyin kifayət qədər möhkəm zəminə söykənməsi, əsaslı bazis üzərində qurulmasıdır.

Bu gün sadə vətəndaşın qayğıları ilə yaşayan, onu duyan və həlli istiqamətində konrket addımlar atan ölkə Prezidenti bununla həm də insanlar tərəfindən alqışlanaraq təqdir olunan gözəl bir nümunəyə hər zamankı sadiqliyini nümayiş etdirir. Vətəndaş görür ki, onun səsini daim eşidəcək, hüquqlarını müdafiə edəcək Prezidenti var. Cənab İlham Əliyevin əsas məqsədlərindən biri tutduğu vəzifədən asılı olmayaraq hər bir dövlət məmurunun eyni nümunə sərgiləməsi, vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsidir. Məhz bu səbəbdən dövlət başçısı xüsusi olaraq vurğulayır ki, bütün vəzifəli şəxslər, məmurlar vətəndaşlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməli, qayğıları ilə yaşamalıdırlar. Sözügedən prinsip hələ cənab İlham Əliyevin dövlət başçısı seçildiyi ilk günlərdən özünü aydın göstərir. Bu gün də cənab İlham Əliyevin məmurlardan dəyişməz tələbi bütün vəzifəli şəxslərin xalqa layiqli şəkildə xidmət göstərməsi, insanların qayğılarını hiss etmələri, mövcud problemlərinin həlli istiqamətində müvafiq addımlar atmalarıdır. Dövlət başçısının özü isə fəaliyyəti ilə bu fonda artıq olduqca gözəl bir nümunənin müəllifi kimi çıxış edir. Daim xalqın xidmətində olan dövlət başçısı hər zaman elə lideri olduğu xalqa arxalandığını böyük qürur hissi ilə bəyan edir və bildirir ki, onun əsas missiyası mənsub olduğu xalqa xidmət etməkdir. Bütün işlərində xalqına arxalanan dövlət başçısı bundan sonra da əsas işinin məhz xalqına xidmət etməkdən ibarət olacağını qürur hissi ilə vurğulayır və göstərilən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi sayəsində Azərbaycanda belə nəhəng miqyaslı işlərin görüldüyünə diqqət çəkir. Bu, həm də cənab İlham Əliyevin xalqına, Azərbaycan insanına nə dərəcədə böyük dəyər verməsinin real təzahürüdür.

Hər bir azərbaycanlının Prezidenti olaraq cənab İlham Əliyev paytaxtda, eləcə də ölkənin müxtəlif bölgələrində insanlarla təmasa daim xüsusi önəm verir. Bu zaman dövlət başçısını maraqlandıran əsas məsələlərdən biri vətəndaşların arzu və istəklərini dinləməklə yanaşı, ölkədə yaşanan inkişaf, müxtəlif hadisələrə münasibətidir. Bu görüşlərdə sadə insanların hansı problemlərlə üzləşməsi də dövlət başçısını daim yaxından maraqlandırır. Problemlər olduğu təqdirdə onun elə yerindəcə həllinə dair Prezident tərəfindən müvafiq göstərişlərin verilməsi artıq xoş bir ənənə halını alıb. Bu da öz növbəsində Prezidentə cəmiyyətdə duyulan güvənci, etimadı daha da artırır.

 Ölkədə həyata keçirilən islahatlar fonunda insan haqlarının daim ön planda tutulması, vətəndaşların maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən daha geniş dəstəklənməsini təmin edən mühüm faktorlardandır. Ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya kursu seçən və bu istiqamətdə mühüm nailiyyətlərə imza atmağı bacaran Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq davamlı inkişafı hər zaman xüsusi diqqət mərkəzində yer alıb. Məhz bu səbəbdəndir ki, ölkəmizdə müasir dünya tələblərinə uyğun demokratiya mühiti formalaşıb və bu mühitin daha zəngin xarakter alması istiqamətində görülən işlərin miqyası daim genişlənir. Azərbaycanda söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər, qazanılan digər uğurlar da qeyd olunanların məntiqi nəticəsidir.

Digər tərəfdən bu, ölkəmizin mövcud inkişaf yolunun nə dərəcədə düzgün olduğunu, yaşanan tərəqqinin demokratiya da daxil olmaqla müxtəlif sferaları özündə ehtiva etdiyini aydın nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə görülən işlərin davamlı xarakteri xalq və hakimiyyət arasında birliyi daha da möhkəmləndirməkdə, demokratiyanın inkişaf tempini bir qədər də sürətləndirməkdədir. Beləliklə, Azərbaycanda siyasi və iqtisadi inkişafın uğurlu bir vəhdəti formalaşıb və bu, müvəffəqiyyətlərlə zəngin idarəçilik formasının real təzahürünü özündə əks etdirən mühüm məqamlardandır.

Deyilənlərdən aydın görünür ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkənin kompleks inkişafı təmin olunub, sosial-iqtisadi, siyasi, hüquqi sahədə modern sistem qurulub, cəmiyyətdə demokratik dəyərlər daha geniş miqyasda bərqərar edilib və onların daim təkmilləşdirilməsi prioritet məqsədlərdən biri kimi qarşıya qoyulub.

Cənab İlham Əliyevin xarizmatik bir lider olaraq ölkəmizə uğurlu inkişaf yolunda yeni müvəffəqiyyətlər qazandırmaqla onu daha işıqlı bir gələcəyə doğru apardığını aydın görmək olur. Bu missiyanın həyata keçirilməsində Azərbaycan dövlət başçısının alternativi yoxdur və o, ölkəni yeni qalibiyyətlərə və müvəffəqiyyətlərə doğru aparacaq yeganə liderdir. Qeyd edilənlər həm də onun göstəricisdir ki, İlham Əliyev fenomeninin rəhbərlik missiyasını davam etdirməsi həm də Azərbaycan cəmiyyətinin sosial sifarişi olaraq tarixi zərurətdən irəli gəlir. Belə bir zərurətin yaranmasının ən ümdə cəhətlərindən biri isə məhz onun liderlik xüsusiyyətləridir. Akademik Ramiz Mehdiyev "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsərində Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinə toxunarkən olduqca mühüm məqamlara diqqət çəkərək yazır: "Faktlardan qaçmaq olmaz və onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasətçisidir və özünün də dəfələrlə vurğuladığı kimi, hər bir azərbaycanlının Prezidenti olmaq, tarixin hələ tezliklə başa çatmayacaq mürəkkəb dövründə ölkəyə rəhbərlik etmək üçün bütün zəruri liderlik keyfiyyətlərinə malikdir. İlham Əliyevin dövlət və onun inkişafı barədə baxışları məlumdur. Onun başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatik, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, o, fəaliyyət dairəsi məhdud olan məmur deyil, geniş baxışlara malik siyasətçidir. Azərbaycana məhz belə siyasətçi - amerikalıların işgüzarlığını, britaniyalıların ehtiyatlılığını, almanların dəqiqliyini, habelə məsuliyyətliliyini, azərbaycanlıların açıqlığı, səmimiliyi və tolerantlığını özündə birləşdirən siyasətçi lazımdır".

Bu gün Azərbaycan özünün böyük bir intibah, inkişaf dövrünü yaşamaqdadır, cəmiyyət həyatının bütün əsas sahələrində möhtəşəm dəyişikliklər yaşanır. Bu dəyişikliklərin, uğurlarla zəngin inkişafın müəllifi Prezident İlham Əliyevdir. Yeniliyin, innovasiyanın tərəfdarı olan, belə təşəbbüslərlə çıxış edən, bu səpkili fikirlərə açıq dəstək verən, tərəqqiyə xidmət edən yaradıcılığı yüksək qiymətləndirən, mövcud imkanlardan ən müfəssəl şəkildə faydalanan dövlət başçısının fəaliyyəti Azərbaycanın müvəffəqiyyətlərlə dolu inkişaf yolunu müəyyənləşdirir. Doğru zamanda doğru qərarlar verən, real hədəflər seçən, önəmli strateji dəyişikliklərə gətirib çıxaran ideya və planların müəllifi kimi çıxış edən Azərbaycan Prezidenti həm də islahatçı bir lider olaraq çağdaş tariximizin yaradılmasının əsas müəllifi rolundadır.

İndi müstəqil Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə daha xoşbəxt gələcəyinə doğru inamla irəliləməkdədir. Xalqın özünə rəhbər olaraq seçdiyi şəxsin dövlət başçısı kimi ötən müddət ərzində fəaliyyəti qısa zaman kəsiyində Azərbaycanı lider ölkələr cərgəsinə çıxarıb. Bəzi hallarda müəyyən kateqoriyalar üzrə Azərbaycan liderlər siyahısının lideri olaraq dünya tarixinə öz adını həkk etdirib və etdirməkdədir. Bu kontekstdə qarşıdakı dövr ərzində uğurlu inkişaf yolunda cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hələ çox müvəffəqiyyətlərə imza atacağı heç bir şübhə doğurmur. Daim müdrik seçim etməyi bacaran xalqımızın bundan sonra da onu irəliyə doğru aparan liderinə tam dəstək verəcəyi birmənalıdır. Çünki müstəqilliyimizin əbədiliyinin, dövlətin hərtərəfli yüksəlişinin ən etibarlı təminatçısı olan Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ideyalarını yaşadan və həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx səfərbər olan xalqla lideri arasında özünü göstərən birlik sarsılmaz və əbədidir.

 

Azərbaycan.-2011.-23 dekabr.-S.7.