Milli kitabxanaşünaslıq elminin banisi

 

 Azərbaycanın görkəmli kitabxanaşünas alimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov respublikada kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısıdır. O, səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti ilə xarici ölkələrdə də böyük  şöhrət qazanmışdır.

Adının qarşısında heç bir titul yazılmasa belə, Abuzər Xələfovun nüfuzu hamıya  bəllidir. Düz 80 ildir ki, bu nüfuz damla-damla yığılır, durulur, nəsillərin iftixar mənbəyinə, güvənc yerinə çevrilir.

1931-ci ilin qışında Qərbi Azərbaycanda - ulu Göyçədə dünyaya göz açan A.Xələfovu zirvəyə aparan yol hamar olmayıb. O qədər maneələrlə, çətinliklərlə, əngəllərlə üz-üzə gəlib ki!.. Amalı uğrunda yuxusuz gecələr keçirib, narahat günlər yaşayıb, ömrünü şam kimi əridib...

1950-ci ildə orta təhsilini başa vuran A.Xələfov Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olur. Tələbəlik illərində elmi konfranslarda maraqlı məruzələrlə çıxış edir, fəxri fərmanlarla təltif olunur. Əla oxuması və ictimai fəallığı ilə diqqəti cəlb etdiyinə görə ali təhsilini başa çatdırdıqdan sonra elə universitetin Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasında müəllim saxlanılır.

A.Xələfov 1961-ci ildə Azərbaycanda ilk dəfə olaraq kitabxana işinin tarixi  üzrə namizədlik dissertasiyası müdafiə edir. Gənc tədqiqatçının bu mövzuda nəşr etdirdiyi monoqrafiyaları elmi ictimaiyyətin rəğbətini qazanır.

Alimin ən dəyərli xidmətlərindən biri akademiklər Abdulla Qarayev, Şəfaət Mehdiyevbaşqa görkəmli ziyalılarla birlikdə Bakı Dövlət Universitetində müstəqil kitabxanaçılıq fakültəsinin yaradılması ilə bağlıdır. O, 1962-ci ildə həmin fakültənin ilk dekanı seçilir, düz 25 il təşəbbüskarlıq fəaliyyəti, təşkilatçılıq bacarığı, idarəçilik metodları ilə nüfuz qazanır, yüksək ixtisaslı kitabxanaşünas-biblioqraf kadrların hazırlanması istiqamətində səmərəli aparır. Fakültənin yeni tədris planının yaradılmasında, kafedra və laboratoriyaların maddi-texniki bazasının yaxşılaşdırılmasında, kadrların düzgün seçilib yerləşdirilməsində xüsusi rol oynayır. 1963-cü ildə isə Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsinə seçilən görkəmli alim paralel olaraq dekanlığın və kafedranın işinə nəzarət etməli, onların fəaliyyətini əlaqələndirməli, başqa sözlə, idarəetmə funksiyası ilə elmi tədqiqatçılıq prosesini bir-biri ilə sıx şəkildə uzlaşdırmalı olur.

XX əsrin 60-70-ci illərində o, tədqiqatçı alim kimi elm və tədris prosesinə rəhbərlik vərdişlərinə yiyələnir, bir sözlə, hərtərəfli təkmilləşir. Onun xoşbəxtliyi onda idi ki, bu dövrdə Yusif Məmmədəliyev, Əliheydər Qarayev, Şəfaət Mehdiyev, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan, Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Əliheydər Qəhrəmanov, Mehdixan Vəkilov, Abbas Zamanov, Pənah Xəlilov, Zülfəli İbrahimov kimi görkəmli alim-pedaqoqlar dəstəsi ilə əhatə olunmuşdu, onların təsiri ilə formalaşıb yetkinləşirdi.

1975-ci ildə A.Xələfov "Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir, tarix elmləri doktoru alimlik dərəcəsi alır. Bu, təkcə Azərbaycanda deyil, eyni zamanda, keçmiş Sovetlər Birliyində kitabxana işinin tarixi üzrə müdafiə edilmiş ilk doktorluq dissertasiyası idi. Onun 15 illik tədqiqatının nəticələrini ümumiləşdirən bu elmi həm kitabxana ictimaiyyətinin, həm də mədəniyyətşünaslıq sahəsi mütəxəssislərinin diqqətini yalnız qiymətli elmi faktların zənginliyi ilə deyil, eləcə də elmi nəticələrin yeniliyi, orijinallığı, ümumiləşdirilmə səviyyəsi ilə diqqəti cəlb etmişdi. Təsadüfi deyil ki, A.Xələfovun tədqiqatını keçmiş İttifaqın görkəmli alimləri, tanınmış kitabxana işi tarixçiləri və nəzəriyyəçiləri yüksək qiymətləndirmişlər.

Maraqlı və təqdirəlayiq bir fakt. Sovet hakimiyyətinin ən güclü dövrlərində - 70-ci illərdə nəşr etdirdiyi monoqrafiyasında A.Xələfov cəsarətli bir addım atır: Azərbaycan Xalq Cümhuriyyətinin mürtəce rejim olması haqqında sovet təbliğat maşınının uydurduğu fikirlərin əksinə olaraq cümhuriyyət zamanı kitabxana işinin inkişafını təsdiqləyən bir sıra faktları üzə çıxarır. O, hətta adının çəkilməsi belə qadağan olunan Məmməd Əmin Rəsulzadənin xalqın maariflənməsində kitabxanaların rolu və əhəmiyyəti ilə bağlı söylədiyi fikirlərdən sitatlar gətirir. Eləcə də XX əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin vəziyyətinə dair yanlış təsəvvür yaradan rus statistikasına tənqidi təhlil verir, 1919-cu ildə Azərbaycan kitabxanalarının kitabla təchiz olunmasında Türkiyənin köməyi barədə kəsərli faktlar göstərir və s. Bütün bunlar isə tədqiqatçıdan təkcə elmi prinsipiallıq deyil, eyni zamanda, saf vətəndaşlıq mövqeyi tələb edirdi!..

XX əsrin 90-cı illərində kitabxana işinin tarixi, nəzəriyyəsi və metodikası sahəsində A.Xələfovun elmi-tədqiqat fəaliyyəti Azərbaycan Respublikasının müstəqilliyi şəraitində keyfiyyətcə yeni tarixi bir biçimdə meydana çıxır. Alim bu dövrdə özünün çoxsahəli elmipedaqoji fəaliyyətini hüquqi, demokratik cəmiyyət quruculuğu şəraitində siyasi plüralizmin, informasiya azadlığının, milli və ümumbəşəri dəyərlərin ilkinliyinin nəzərə alınması əsasında kitabxana xidmətinin təşkilinin metodik problemləri, şəxsiyyətin və bütövlükdə cəmiyyətin intellektual və mənəvi inkişafında kitabxanaların rolu ilə sıx şəkildə bağlayır.

A.Xələfovun "Müasir şəraitdə kitabxana işinin nəzəri və təcrübi metodoloji əsasları haqqında", "Müasir dövrdə kitabxanaların sosial funksiyaları" və başqa konseptual məqalələrində cəmiyyətdə baş verən sosial-iqtisadi və mədəni proseslərin elmi şəkildə dərk edilməsi əsasında Azərbaycanda kitabxana işinin nəzəriyyə və təcrübəsinin inkişaf konsersiyası hazırlanmışdır. Bu da yeni cəmiyyətin  reallıqlarını özündə hərtərəfli əks etdirir.

A.Xələfovun elmi tədqiqat fəaliyyətində humanitar elm kimi kitabxanaşünaslığın ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxanaların sosial funksiyalarının inkişafının araşdırılması, cəmiyyətin intellektual inkişafı prosesində, insanların mədəni-mənəvi tərbiyəsində onların rolunun öyrənilməsi mühüm yer tutur. Alimin yeni əsrin əvvəllərində nəşr etdirdiyi "Kitabxanaşünaslığa giriş" adlı 2 cildlik dərsliyində bütün bu məsələlər yüksək elmi səviyyədə ümumiləşdirilmişdir.  "Kitabxanaşünaslığın nəzəri əsasları" və "Kitabxana haqqında təlim" adlı hissədən ibarət olan bu nəşr Azərbaycanda kitabxanaçılıq təhsili tarixində kitabxanaşünaslığa dair meydana çıxmış ilk dərslikdir.

Görkəmli alim 50 ildən artıqdır ki, kitabxana işinin tarixi və nəzəriyyəsi problemləri ilə yanaşı, müntəzəm olaraq Azərbaycanda kitabxanaçılıq təhsilinin nəzəri və metodoloji məsələlərini hazırlayıb tətbiq etməklə də məşğuldur. O, bu istiqamətdə yazıb nəşr etdirdiyi çoxsaylı elmi məqalə və monoqrafiyalarında, habelə elmi məclislərdəki məruzə və çıxışlarında Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdırmışdır.  O, "Kitabxanaçılıq fəlsəfəsi", "Kitabxanaçılıq informatikası", "Kitabxanaçılıq sosiologiyası", "Kitabxanaçılıq pedaqogikası", "Kitabxanaçılıq psixologiyası", "Kitabxana iqtisadiyyatı", "Kitabxanaçı peşəsi" kimi kitabxanaşünaslıq sahələrinin formalaşmasına dair perspektivli ideya və təkliflər vermişdir. Bu isə öz növbəsində BDU-nun kitabxanaçılıq-informasiya fakültəsində bakalavriaturamagistratura pillələrinin əsasını təşkil etmişdir.

Professor A.Xələfovun 2006-cı ildə nəşr etdirdiyi "XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar)" monoqrafiyaları müstəqillik illərində ölkədə kitabxanaşünaslıq fikrinin zirvəsidir. Həmin monoqrafiyada dünyada və Azərbaycanda kitabxanaşünaslıq fikrinin inkişaf tarixi, kitabxanaşünaslığın nəzəriyyə, metodologiya və metodikasının əsasları, elmlər sistemində kitabxanaşünaslığın yeri, kitabxanaların bir sistem kimi struktur xarakteristikası, kitabxanaların tipologiyası, kitabxanaçılıq peşəsinin, bir sözlə, kitabxanaşünaslıq elminin inkişaf problemləri, müasir vəziyyəti və s. kimi aktual məsələlər əhatə olunmuşdur.

XXI əsrin əvvəllərində Abuzər Xələfovun xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli töhfələrindən biri də 2004-2010-cü illərdə çap etdirdiyi 3 cildlik "Azərbaycanda kitabxana işinin tarixi" dərsliyi olmuşdur. Bu dərslik xalqımızın mənəvi mədəniyyət tarixi sahəsindəki mövcud boşluğu aradan qaldırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Son zamanlar A.Xələfovun elmi-tədqiqat istiqamətlərindən biri ümummilli lider Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafındakı xidmətlərinin təhlili, onun nəzəri irsinin təbliği məsələləri təşkil etmişdir.  Onun 2006-cı ildə çapdan çıxmış "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı fundamental monoqrafiyası mühüm tarixi elmi əsər kimi mütəxəssislərin diqqətini cəlb etmiş, həm elmi nəşrlərdə, həm də kütləvi informasiya vasitələrində çox yüksək qiymətləndirilərək, müəllifinə şöhrət qazandırmışdır.

A.Xələfovun Azərbaycanın müstəqilliyi şəraitində apardığı tədqiqatlar nəticəsində ölkədə kitabxana-informasiya fəaliyyətinin strateji istiqamətləri, informasiya cəmiyyətinin vəzifələrinə uyğun yeniləşməsi, kitabxanaşünas-biblioqraf peşəsinin yeni keyfiyyətləri və s.  məsələlər ətraflı şərh edilmişdir.

Professor A.Xələfov Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində yüksək səviyyəli mütəxəssis kadrların hazırlığında da əvəzsiz rol oynamışdır. O, kitabxanaşünaslıq və mədəni quruculuq sahəsində geniş tədqiqatlar aparan, onu yeni müddəalarla zənginləşdirən, xarici ölkələrdə qiymətləndirilən elmi məktəb yaratmağı bacarmışdır. Onun elmi rəhbərliyi ilə ölkəmizdə bu sahədə 1 elmlər doktoru, 15 fəlsəfə doktoru hazırlanmışdır. Demək olar ki, respublikamızda fəaliyyət göstərən bütün kitabxanaşünas-biblioqrafkitabşünas alimlər Abuzər Xələfov elmi məktəbinin yetişdirməsidir. A.Xələfov uzun illər ərzində Moskva şəhərində fəaliyyət göstərən doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimimilli kitabxanaşünaslıq elmimizi uğurla təmsil etməyi bacarmışdır.

Yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, fəal ictimai xadim olan professor A.Xələfov 300-dən çox elmi-nəzəri və təcrübi-metodik əsərin, 30-dan artıq monoqrafiya, dəslik və dərs vəsaitinin müəllifidir.

Azərbaycanın görkəmli şəxsiyyətləri milli elmimizin, təhsilimizin və mədəniyyətimizin inkişafına, kadr hazırlığına özünəməxsus töhfələr vermiş professor Abuzər Xələfovun xidmətlərini yüksək qiymətləndirirlər. Ayrı-ayrı səlahiyyət sahiblərinin ustad haqqında düşüncələri bu şəxsiyyətin əsasən alimlikmüdriklik xüsusiyyətlərinin araşdırılması baxımından seçilir. Həmin fikirlərdən bir neçəsini nəzərdən keçirmək maraqlı olar.

Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanov onu belə xarakterizə edir: "Professor Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin yaradıcısı, bu sahədə elmi məktəb yaratmış tanınmış alim, bacarıqlı elm və təhsil təşkilatçısıdır. İftixar edilməli haldır ki, Azərbaycanda kitabxanaşünaslıq nəzəriyyəsinin elmi əsası A.Xələfov tərəfindən qoyulmuş, o, ölkəmizdə kitabxana işinin tarixiinkişaf perspektivlərinə həsr edilən araşdırmaları ilə vətənimizdə mədəniyyət tarixinin nəzəriyyə və təcrübəsini zənginləşdirmişdir".

BDU-nun rektoru, əməkdar elm xadimi, akademik Abel Məhərrəmov isə deyir: "Abuzər müəllimin çox zəngin irsi vardır və ondan gənc alimlər, tələbələr zaman-zaman faydalanacaqlar. Abuzər müəllimin yazdığı dərslik, dərs vəsaiti, tədris metodik vəsaitləri hər zaman aktual olacaq, dövrlə, zamanla səsləşəcəkdir. Çünki bu əsərlərin bir ucu tarixi ənənələrə söykənirsə, o biri ucu bugünkü həyatın axarına uyğundur. Yeniliyə, müasirləşməyə səsləyən hər bir yaradıcı əmək heç vaxt təsirsiz qalmaz".

Azərbaycan Ağsaqqallar Şurasının sədri, əməkdar elm xadimi, akademik Budaq Budaqov professor Abuzər Xələfovu ölkəmizdə kitabxana-biblioqrafiya işinin cəfakeşi adlandırır.

Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin fikri də maraqlıdır: "Abuzər müəllim dinimizin qayda-qanunlarını gözəl bilən, onlara riayət edən bir insandır. Abuzər müəllim dinin yarısı olan insafı heç bir zaman əldən verməyən mömin bir müsəlmandır. Mən bir çox prinsipial məsələlərdə dəfələrlə bunun şahidi olmuşam. Allahın evini - müqəddəs Kəbəni ziyarət etmiş bir Hacı kimi özünün ibrətamiz söhbətləri, gözəl məsləhətləri ilə gəncliyimiz arasında inam, vətənpərvərlik hisslərinin qüvvətlənməsi işində fəal rol oynayır".

Azərbaycan MEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin sədri, professor Nizami Cəfərov qeyd edir ki, professor Abuzər Xələfov universitetdə və respublikada təkcə kitabxanaşünas-alim kimi deyil, həm də yüksək səviyyəli şəxsiyyət və ictimai elmləri dərindən bilən ictimai xadim kimi tanınır.

Əmək və müharibə veteranı olan professor A.Xələfovun xidmətləri bir sıra dövlət mükafatları ilə dəyərləndirilmişdir. O, 1969-cu ildə kadr hazırlığı sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına, 2001-ci ildə isə kitabxanaşünaslıq elminin inkişafında böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş ilk kitabxanaşünas alimdir. A.Xələfov 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə elm və təhsil sahələrindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Professor A.Xələfov 2000-ci ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həmin akademiyanın həqiqi üzvü - akademiki seçilmişdir. Bir sıra dövlət başçılarının, görkəmli mütəxəssislərin, elm və mədəniyyət xadimlərinin həmin beynəlxalq qurumun üzvü olması Azərbaycan aliminin dünya şöhrətini bir daha təsdiq edən mühüm faktlardan biridir.

Dahi İbn Sina çox gözəl deyirdi ki, dünyada insan üçün elmdən daha yaxşı dost yoxdur. Elm dövlətdən də yaxşıdır, çünki dövləti sən saxlamalısan, elm isə səni saxlayır. Abuzər müəllim alimliklə müəllimliyi, insanlıqla ziyalılığı, müdrikliklə aqilliyi qoşalaşdıran, birləşdirən, zirvələşdirən şəxsiyyətlərdəndir.

Abuzər müəllim bütöv şəxsiyyətdir, qəlbində Vətən sevgisi, torpaq nisgili, yurd həsrəti yaşadan vətəndaş-ziyalıdır. Respublikamızın ictimai-mədəni həyatında fəal iştirak edən vətənpərvər ziyalı və beynəlxalq aləmdə ölkəmizin şərəfini həmişə uca tutmağı bacaran kitabxanaşünas alim kimi professor Abuzər Xələfovun zəngin həyatı, şəxsi və ictimai fəaliyyəti nəsillərə nümunədir.

 

 

 

Knyaz ASLAN,

 

BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti,

 pedaqogika üzrə fəlsəfə doktoru

Azərbaycan.-2011.-23 dekabr.-S.10.