Milli mədəniyyətin yeni üfüqləri

 

 

Dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə Azərbaycan milli mədəniyyətinin və turizm potensialının müxtəlif ölkələrdə tanıdılması, yurdumuzun dünyanın mədəniyyət və turizm məkanına geniş inteqrasiya olunması, milli-mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunması, saxlanılması, inkişaf etdirilməsi, gələcək nəsillərə tam çatdırılması istiqamətində uğurlu nəticələr əldə olundu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin siyasi, sosial, mədəni və iqtisadi sahələrdə həyata keçirdiyi köklü islahatlar, əsaslı tədbirlər ölkəmizin iqtisadi cəhətdən günü-gündən güclənməsinə, mədəniyyət və turizm sahələrində böyük uğurlar qazanılmasına əsl münbit şərait yaratdı.

Dövlət müstəqilliyinin bərpasının ikinci on illiyində Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmlənərək dünya ölkələri arasında özünə layiq yer tutdu. İnkişaf tempinə görə, Azərbaycan mədəniyyəti də bəşər mədəniyyətinə uğurla inteqrasiya olunaraq onun ayrılmaz tərkib hissəsi olduğunu əyani şəkildə nümayiş etdirə bildi. Əlbəttə, qazanılan bütün uğurların əsasında dövlətin, eləcə də ölkə Prezidenti İlham Əliyevin Azərbaycan mədəniyyətinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğı durur. Əldə edilən nailiyyətlər təsdiqləyir ki, Azərbaycan mədəniyyəti ildən-ilə yeni zirvələrə doğru inamla addımlayır. Hər il uğurla yola salınır. İstər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirilən tədbirlərin müvəffəqiyyətlə nəticələnməsində təbii ki, dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamların, verilən göstəriş və tapşırıqların böyük əhəmiyyəti var. Son illərdə həyata keçirilən tədbirlərin siyahısını xronoloji ardıcıllıqla sıralasaq, olduqca geniş bir göstərici alınar. Sadəcə, yeri düşdükcə onlardan bəzilərinin adlarını çəkmək kifayət edər ki, görülən işlərin çəkisi və miqyası haqqında aydın təsəvvür yaransın.

 

 

 

Böyük ənənələr, gözəl nümunələr

 

 

Ötən əsrin 70-ci illərində Şərqdə ilk dəfə olaraq Bakıda yaranmış peşəkar teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqün formalaşması və maariflənmənin sürətlənməsi istiqamətində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrildi. Ümummilli lider Heydər Əliyevə məxsus fikirdir: "Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır". Dövlət müstəqilliyimizi qazandıqdan sonra şərəfli tarixi olan milli teatra diqqət və qayğı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərmələri üçün teatr binalarının təmiri, bərpası başladı. Eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırıldı, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verildi. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən vaxtaşırı müxtəlif tədbirlər həyata keçirildi. Sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edildi. Onların arzu və istəklərinə uyğun müxtəlif görüşlərin təşkili bu gündavam edir. Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişləndi. Respublikada fəaliyyət göstərən 26 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət tərəfindən onlara hər cür qayğı göstərilir. Əlbəttə, teatrların fəaliyyətini dünya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı olaraq müxtəlif sərəncamlar imzalanır, proqramlar həyata keçirilir. Ölkə Prezidentinin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci ildə imzaladığı sərəncam milli mədəniyyətimizin inkişafında əhəmiyyətli yeri olan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması sahəsində böyük rol oynadı.

"Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısı tərəfindən sərəncam imzalandı. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramında mövcud vəziyyətlə bağlı bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutuldu.

Proqramın təsdiqində məqsəd ondan ibarətdir ki, teatr sənətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşması üçün bu sahədə köklü islahatlar aparılsın, hər bir teatr binası standartlara uyğun səviyyədə təmir olunsun, onların maddi-texniki bazası möhkəmləndirilsin. Yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, ümumilikdə sənətin inkişafına səbəb olur. Bu səbəbdən də həm maliyyə və informasiya resurslarından səmərəli istifadə edilir, həm də hər bir teatrın repertuarı günün tələblərinə uyğun şəkildə formalaşdırılır.

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən vəsait ayrıldı. Bütün məqsəd və vəzifələrin həyata keçirilməsi nəticəsində bu sahədə bir sıra nailiyyətlər əldə olundu. Ən başlıcası, milli teatr sənəti həm qorunub saxlanılır, həm də inkişaf etdirilir. Onun şəbəkəsi müasir tələblərə uyğun qurulur. Bu da bir tərəfdən əhalinin teatra olan tələbatının ödənilməsi üçün şərait yaradır. Əlbəttə, qədim teatrı gəncləşdirmək də vacibdir. Bunun üçün istedadlı gənclərin teatra cəlb olunmasına önəm verilir.

Ölkədə fəaliyyət göstərən dövlət teatrlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Rus Dram, Kukla, Akademik Milli Dram, Mingəçevir Dövlət Dram, "Yuğ", Mahnı, Pantomima teatrlarının yerləşdiyi binalar əsaslı təmir olunaraq müasir standartlara cavab verən səs və işıq avadanlıqları ilə zənginləşərək əsrarəngiz sənət ocaqlarına çevrildilər. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binası bir neçə dəfə bərpa edilsə də, onun yenidən təmirə dayanması zərurətə çevrildi.

Azərbaycan teatr sənətinin yaxın on il ərzində inkişaf istiqamətlərini müəyyənləşdirən dövlət proqramı milli-mədəni sərvətə çevrilmiş bu sənət ocağının zəngin bədii irsinin, yaradıcılıq ənənələrinin qorunmasına, inkişaf etməsinə, dünya mədəniyyətinə qovuşmasına təkan verəcəkdir. Eləcə də dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurlu çıxışlarını müntəzəm davam etdirir. Bu gün Azərbaycan aktyorlarının xoş sorağı Avropadan, Amerikadan gəlir.

Dövlət proqramında ayrıca bir bənddə erməni hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən teatrların da adı var. Məsələn, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdams. Bu sahədə də işlər görülür. Yəqin ki, 2019-cu ilə kimi bu teatrların da bəxtinə gün düşəcək. Onlar öz doğma yerlərində fəaliyyətlərini davam etdirəcəklər. Azərbaycan teatrının daha da yüksəlişi üçün həyata keçiriləcək tədbirlər nəzərdə tutulan hər bir vəzifənin məqsədyönlü və mütərəqqi ideyalarla həmahəng olmasını tələb edir. Məqsəd budur ki, bütün sahələrdəki kimi, teatr aləmində də son dərəcə güclü inkişafa nail olunsun, mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin. Təqdim edilən əsərlər müasir dünyagörüşünü əks etdirsin, sanballı olsun, mükəmməl təsir bağışlasın.

 

2010-cu ildə Bakıda keçirilən I Beynəlxalq Teatr Konfransı, A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi, 2011-ci ilin payızında kiçik yaşlı tamaşaçıları sevindirən dünya kukla teatrlarının paytaxtda toplanması həm xarici, həm də yerli mətbuatın diqqət mərkəzində dayandı. Məşhur rejissorların, dramaturqların, aktyorların, sənətşünasların iştirak etdiyi bu məclislərdə bir məsələ tez-tez vurğulanırdı ki, Azərbaycan, həqiqətən, çox qədimdən mədəniyyət beşiyidir. Bu səbəbdən ölkədə pərvazlanan bir çox mədəniyyət xadimləri dünyanın istənilən möhtəşəm teatr salonunda öz qabiliyyətlərini məharətlə nümayiş etdirə bilərlər. Azərbaycanlı sənətkarlar birona görə özlərini xoşbəxt və bəxtiyar sanırlar ki, onların həvəslə və səmərəli fəaliyyət göstərmələri, yaşamaları üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Azərbaycanda, həqiqətən,  sənət də var, sənətə hörmət də. Ölkə başçısının müntəzəm olaraq mədəniyyət xadimləri ilə görüşməsi, bir sıra mədəniyyət ocaqlarının açılışında iştirak etməsi insanların ürəyində inam və fərəh doğurur. Azərbaycan dünya mədəniyyətlərinin qovuşduğu bir məkandır. Mədəniyyət müxtəlifliyindən mədəniyyət vəhdətliyinə aparan yol da elə Bakıdan başlayır. Dövlətin bu sahədə apardığı siyasətin kökündə bir məsələ parlaqlığı ilə əks olunur. Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri qorunurdavam edir.

 

 

 

Kitabın şöhrətini qaytarmaq üçün

 

 

Müstəqillik dövründə Azərbaycanın qlobal informasiya mühitinə daxil olması ölkəmizdə informasiya cəmiyyətinin formalaşması cəmiyyətdə bu təminatı həyata keçirən kitabxanaların fəaliyyətində əsaslı islahatların aparılmasını zəruriləşdirdi. 2007-ci ildə ölkə Prezidenti tərəfindən "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə" sərəncam imzalandı, 2008-ci ildə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq edildi.

Bu proqramın qəbul edilməsindən keçən müddət ərzində respublikanın kitabxana fondları yeni nəşrlərlə, habelə Rusiya Federasiyasında, digər ölkələrdə dünyanın aparıcı dillərində çap olunmuş müasir nəşrlərlə komplektləşdirildi. Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət irəliləyişlər əldə edildi. Elektron kataloqelektron kitabxanalarının yaradılmasına başlanıldı, 40-a yaxın kitabxananın veb-saytı açıldı. Bir sıra kitabxanalarda avtomatlaşdırılan kitabxana-informasiya sistemi quraşdırıldı. Kitabxana-informasiya şəbəkəsini daha da təkmilləşdirmək üçün respublikanın regionlarında fəaliyyət göstərən, maddi-texniki bazası zəif olan, binaları qəza vəziyyətinə düşən kitabxanaları müəyyənləşdirərək onların birləşdirilməsi əsasında müasir kitabxanaların yaradılması ilə əlaqədar layihə hazırlandı. Bu layihə ilk dəfə Qəbələdə həyata keçirildi.

İnformasiya cəmiyyəti quruculuğu dövründə kitabxana fondlarını zənginləşdirmək üçün respublika Prezidentinin 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam mühüm rol oynadı. 220 addan artıq bu ədəbiyyat kolleksiyasına Azərbaycan şifahi, klassik, müasir, uşaq, dünya ədəbiyyatları, antologiyalar, lüğət və ensiklopediyalar daxil edildi. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə hazırda 150 cildlik dünya ədəbiyyatı inciləri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilir.

Əlbəttə, internetin həyatımıza daxil olması bir sıra problemlər də yaratdı. Ən başlıcası, kitab oxumaq dəbdən düşdü. Amma təcrübə göstərir ki, insanın formalaşmasında, bilik və məlumatlarının daha da zənginləşməsində mütaliənin  öz yeri var. Əsas məsələ odur ki, oxucuya, sözün əsl mənasında, ədəbiyyat təqdim edəsən. Dövlət tərəfindən göstərilən qayğı nəticəsində nəşriyyatların həm Azərbaycan, həm də dünya ədəbiyyatına müraciət etməsi və bu nəşrlərin oxucular tərəfindən maraqla qarşılanması təsdiqləyir ki, kitabın əvvəlki şöhrəti özünə qayıdır.

Ötən əsrin sonlarında sovet dövründən qalma nəşriyyat sistemi demək olar ki, dağılaraq sıradan çıxdı. Yeni yaranan özəl müəssisələr isə bir sıra səbəblər ucbatından istənilən səviyyədə fəaliyyət göstərə bilmirdi. Azərbaycanda bu sahənin inkişafını tənzimləmək üçün 2000-ci ildə dəyərli bir sənəd "Nəşriyyat işi haqqında" qanun qəbul edildi. Azərbaycanda kitab nəşri, çap məhsullarının istehsalı tam sərbəstləşdirildi, senzurapoliqrafiya fəaliyyətinə görə xüsusi razılıq (lisenziya) verilməsi ləğv olundu. Nəticədə qeyri-dövlət nəşriyyat-poliqrafiya şəbəkəsi genişləndi.

2007-ci ildə poliqrafiya sahəsində yeni uğurlar qazanmaq üçün "Ölkədə nəşriyyat işikitab sənətinin inkişaf etdirilməsi üzrə Fəaliyyət Proqramı (2008-2012-ci illər)" təsdiq olundu. Hazırda milli nəşr məhsulları beynəlxalq sərgilərdə nümayiş etdirilir, nüfuzlu müsabiqələrdə yüksək yerlər tutur. 2006-cı ildən başlayaraq Azərbaycan kitabı dünyanın bir çox şəhərlərində keçirilən beynəlxalq kitab-sərgi yarmarkalarında nümayiş etdirilərək maraqla qarşılanır. Azərbaycan tarixində ilk dəfə olaraq 2009-cu və 2011-ci illərdə keçirilən I və II Bakı Beynəlxalq kitab-sərgi yarmarkasında ölkənin nəşriyyat-poliqrafiya potensialı barədə aydın təsəvvür yarandı. Sevinirik ki, Azərbaycan kitabları beynəlxalq təltiflərə, "Qran Pri" mükafatlarına layiq görülür.

 

 

 

Azərbaycan kinosu yaşayır

 

 

Belə bir fikir var ki, kino teatra qənim kəsildi. Amma bu sənətin güclü rəqibi hələ də yoxdur. Azərbaycan kinosunun şərəfli tarixi var. Dövlət həmişə bir məsələyə daha çox önəm verir ki, milli kinemotoqrafiya qorunub saxlanılmaqla bərabər, inkişaf edərək yeni nailiyyətlər qazansın. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" kinemotoqrafiya sahəsində bir sıra uğurların qazanılmasına şərait yaratdı. Film istehsalına ayrılan büdcə vəsaiti ildən-ilə artırılır. 2011-ci ildə milli serialların çəkilişi ilə bağlı dövlət başçısı tərəfindən müəyyənləşən vəsait də bu istiqamətdə yeni nailiyyətlərin yaranacağına ümid doğurur.

"Azərbaycanfilm" kinostudiyasının modernləşdirilməsi - bütün texnoloji prosesləri əhatə edən avadanlığın tətbiqini nəzərdə tutulan layihənin hazırlanması, "Nizami" kinoteatrının yenidən qurulması bunu bir daha sübut edir. Hazırda "Azərbaycanfilm" (bədii), "Salnamə" və "Yaddaş" (sənədli), "Azanfilm" və "Debüt" (animasiya) studiyaları və digər özəl kino şirkətləri tərəfindən müsabiqə yolu ilə dövlət sifarişi əsasında müxtəlif filmlər çəkilir. Görkəmli sənət adamlarına, tarixi şəxsiyyətlərə həsr olunan sənədli filmlər, eləcə də uşaqlar üçün nəzərdə tutulan cizgi filmləri istehsal edilir. Qısametrajlı bədii filmlərin də çəkilişində uğurlar var. Kinemotoqrafiya sahəsində daha böyük nailiyyətlər qazanmaq üçün həm bölgələrdə, həm də xarici ölkələrdə Azərbaycan kino həftəsi keçirilir. Eləcə də dünyanın tanıdığı məşhur kinoaktyorların respublikamıza gəlməsi, azərbaycanlı həmkarları ilə görüşməsi, dövlət başçısı tərəfindən qəbul edilməsi bu sahədə yeniləşmənin olacağından xəbər verir.

 

 

 

Milli dəyərlərə sadiqlik

 

 

İslam dünyasının bir parçasına çevrilən Azərbaycan öz dinimilli ənənələrinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Təkcə paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərin silsilə axarı bunu sübuta yetirir. Respublikamızda hökm sürən tolerant mühit bizim böyük tarixi nailiyyətimizdir. Dövlətimizin dəstəyi sayəsində Azərbaycan xalqı bu ənənələri davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına, ünsiyyətin qurulmasına daim diqqət yetirir. Bu səbəbdən də müxtəlif xalqların bir-birinə yaxınlaşmasında mədəniyyətlərin qarşılıqlı təsiri böyük rol oynayır. Azərbaycan özünün maddiqeyri-maddi mədəni irsinin qorunmasına və təbliğinə dair beynəlxalq miyqaslı bir çox layihələri uğurla həyata keçirir. Lakin 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış torpaqlarımızda qədim mədəniyyətə aid bütün nümunələr, o cümlədən dini məbədlər, məscidlər və tarixi abidələr dağıdıldı.

2009-cu ilin oktyabrında Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransı keçirildi. Tədbirdə respublika Prezidenti İlham Əliyev iştirak edərək açılış mərasimində geniş nitq söylədi. Bu beynəlxalq tədbirdə məhz islam dünyası mədəniyyətinin aktual məsələlərinə dair daha ətraflı müzakirələr aparıldı, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı və mədəni əməkdaşlığın yeni inkişaf yolları müəyyənləşdirildi. Bakıya gələn xarici ölkə vətəndaşları Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın bu qədim paytaxtının günbəgün gözəlləşdiyinin şahidi oldular.

Həmin ilin noyabrında paytaxtda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirildi. Ölkə başçısının həmişəki kimi bu tədbirdəki məzmunlu çıxışı da sanki yeni bir proqramın müddəaları ilə bu mühüm tədbirin gələcək istiqamətlərini müəyyənləşdirdi: "Azərbaycan çoxmillətli ölkədir və biz bu amillə fəxr edə bilərik. Əsrlər boyu ölkəmizdə, Bakıda müxtəlif xalqların nümayəndələri yaşayıb- yaradıblar. Azərbaycanın bu gün müstəqil ölkə kimi inkişafında ölkəmizdə yaşayan xalqların nümayəndələrinin çox böyük rolu vardır... Bu il Azərbaycanın paytaxtı Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bu, bizim üçün böyük şərəfdir. Mən ümid edirəm ki, gələcək illərdə Bakı, eyni zamanda, Avropa mədəniyyətinin paytaxtı elan ediləcəkdir".

Bu uzaqgörənliyin və müdrik proqnozun qaynaqlandığı mənbə isə məhz Azərbaycan mühiti - sivilizasiyaların qovuşmasında nəinki körpü, əslində, paytaxt rolu oynayan Bakının bugünkü durumudur. Bizim üçün xoşyadda qalan tarixi məqamlardan biribudur ki, "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" doğrudan da, çox uğurlu və əhəmiyyətli keçdi. Bu beynəlxalq mədəniyyət tədbirinin təntənəli açılışı Heydər Əliyev Sarayında oldu. İki gün davam edən tədbirdə Avropaislam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESCO-nun baş direktoru, İslam Konfransı Təşkilatının baş katibi, müxtəlif dövlət qurumları, diplomatik nümayəndəliklərin rəhbərləri və digər rəsmi şəxslər iştirak edirdilər. Ölkə başçısı həmin tədbirdə bildirdi ki, Azərbaycan xalqının mənəvi əsasını ədəbiyyat, musiqi, incəsənət, tarixi abidələr, ana dili təşkil edir. Məhz dövlət quruculuğunda başlanan fəaliyyət də bu yönə istiqamətlənir.

"Bir daha demək istəyirəm ki, mədəniyyətə ayrılan vəsaiti həmişə artırırıq. Çalışırıq ki, diqqətimizi ondan əsirgəməyək. Azərbaycanın zəngin mədəni irsinin qorunması və daha da zənginləşdirilməsi üçün öz əməli işlərimizi müntəzəm davam etdirəcəyik" - söyləyən dövlət başçısı qətiyyətlə bildirdi ki, Azərbaycan son beş ildə dünyada analoqu olmayan sürətlə inkişaf edibdir.

Köklü iqtisadisiyasi islahatlar Azərbaycanı daha da gücləndirib. İlk növbədə, humanitar sahəyə, mədəniyyətə ayrılan xərclər daim artırılır. Mədəni irsin qorunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Son illər Azərbaycanda demək olar ki, bütün tarixi abidələr dövlət tərəfindən bərpa edilib, onlar ikinci ömrünü yaşamaqdadır. Yeni mədəniyyət ocaqları tikilir, teatrların, muzeylərin yerləşdiyi binalar təmir olunur,  müasirləşir. Paytaxt sakinlərinin sevincinə səbəb olan Beynəlxalq Muğam Mərkəzi dünya standartlarına cavab verən müasir, bənzərsiz mədəniyyət ocaqlarından biridir.

2011-ci ildə ölkəmizdə "Ümumdünya mədəniyyətlərarası dialoq forumu"nun keçirilməsi də Azərbaycanın milli ənənələrə və bəşəri duyğulara sadiqliyini sübut etdi. Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında özünəməxsus möhtəşəm rol oynayıb. Dövlət tərəfindən yaradılmış hazırkı tolerant mühit elə bir səviyyədədir ki, xalqımız böyük ürəklə zəngin mənəviyyata, humanist mövqeyə, yüksək əxlaqa malik olduğunu həmişə sübut edə bilir. Dövlət müstəqilliyimizin bərpasından sonra dinlər və mədəniyyətlərarası münasibətlər yeni müstəviyə yüksəlib. Dövlət tərəfindən təşkil olunan bütün tədbirlərdə müxtəlif dinlərin nümayəndələri iştirak edərək birgə fəaliyyət və qarşılıqlı anlaşma göstərirlər. Onlara bu ünsiyyəti və imkanı dövlət başçısı yaradır. Əlbəttə, vətəndaş cəmiyyətinin formalaşmasında, eləcə də sabitliyin bərqərar olmasında millətlərarası münasibətlərin yüksək səviyyədə qurulması, mədəniyyətlərin yaxınlaşması əsas şərtdir.

 

 

 

Gəlməli, görməli ölkə

 

Vaxtilə xalq şair Süleyman Rüstəm yurdumuzun bənzərsizliyini vəsf edərək belə yazıb: "Cənnət görmək istəyən Azərbaycana gəlsin". İndi bu unudulmaz söz ustadının misralarını ürəyimizin məhəbbətinə bürüyərək belə deyərdik: "Ölkə, inkişaf, gözəllik, qonaqpərvərlik... görmək istəyən Azərbaycana gəlsin".

Son illərdə ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, Azərbaycana çoxsaylı turist səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, bu sahədə kiçikorta sahibkarlığın inkişafı, müasir turizm infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə səbəb olan "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi uğurlu nəticələr verdi. Azərbaycan dünyanın aparıcı və nüfuzlu təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqəsi yaradaraq turizm sahəsində həyata keçirilən proqramlara fəal qoşulması nəticəsində ölkəmizin turizm potensialı beynəlxalq arenada tanındı. Son beş il ərzində Azərbaycan London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, Tokio, İstanbul, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd və digər şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak edib. Eləcə də hər il paytaxtımızda AİTF beynəlxalq turizm sərgisi keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin coğrafiyası getdikcə genişlənir. Turizm şirkətlərinin sayı da ildən-ilə artır.

Mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə olunması və səmərəli idarəetmə sisteminin yaradılması məqsədilə 2006-cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası fəaliyyətə başladı. 2008-ci ildə isə turizm şirkətlərinin fəaliyyətinin inkişafı, onların işində mövcud problemlərin aradan qaldırılması üçün Azərbaycan Turizm Assosiasiyası yaradıldı. 2010-cu ildə turizm sahəsində özəl sektorun işinin daha səmərəli təşkili üçün adıçəkilən hər iki təşkilat birləşərək AZTA kimi fəaliyyət göstərməkdədir. Turizm şirkətlərinin, mehmanxanamehmanxana tipli obyektlərin sayı getdikcə artmaqdadır. Azərbaycana gələn əcnəbi vətəndaşların sayı da ildən-ilə çoxalmaqdadır.

Azərbaycanın turizm inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də qış turizm növlərinin inkişafı məqsədilə Qusar rayonunda yaradılan Şahdağ Qış-Yay İdman Turizm Kompleksidir. Dağlıq ərazidə, dəniz səviyyəsindən             1400-2500       metr yüksəklikdə yerləşən bu yeni ünvan müasir standartlara cavab verir. Ölkə başçısı tərəfindən turizmə göstərilən xüsusi diqqətin başqa bir məntiqi nəticəsi  isə 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə bağlıdır.

Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi və bu fəaliyyət üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq turistləri cəlb edən, onların maraq dairəsinə uyğun olan təbiətin, eləcə də tarixi abidələrin, mədəni irsin, milli-mənəvi dəyərlərin geniş miqyasda tanıdılmasını təmin etmək üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Çox xoşdur ki, dövlət tərəfindən diqqət və qayğı göstərilən layihələrin gerçəkləşməsində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdəki genişmiqyaslı fəaliyyətləri də diqqət çəkir. Bu sahədə uğurların qazanılmasında ən başlıca şərt dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlıq münasibətinin qurulması, inkişaf etdirilməsi əsas şərtdir.

2011-ci ilin aprel ayında Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq bir tədbir - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün münbit zəmin yaratdı. "Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək" şüarı altında keçirilən bu forumda planetin bütün qitələrini əhatə edən 102 ölkədən 500 nümayəndə iştirak etdi. Dünyanın sayılıb-seçilən siyasətçilərinin, diplomatların, media mənsublarının, ziyalıların, mədəniyyət xadimlərinin qatıldığı bu beynəlxalq forum Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazıldı.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.15.