Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası

 arasında məkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

 

 Dekabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Tacikistan Xalq Demokrat Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

AzərTAc xəbər verir ki, Memorandumu Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Tacikistan Xalq Demokrat Partiyası sədrinin müavini Asror Latipov imzalamışlar.

Əli Əhmədov demişdir ki, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin qədim tarixi vardır. Hər iki ölkə özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə yüksələn xətlə inkişaf etmişdir. Dövlətlərimizin başçıları arasındakı yüksək səviyyəli siyasi dialoq, dostluq münasibətləri, ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımız üçün geniş imkanlar açır, möhkəm hüquqi baza yaradır. Əlaqələrimizin siyasi partiyalar arasında da genişlənməsi dövlətlərimiz və xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Ə.Əhmədov Azərbaycanın dinamik inkişafı, əldə etdiyi uğurları, YAP-ın bu uğurlardakı, eləcə də ölkənin ictimai-siyasi həyatındakı rolu barədə ətraflı məlumat vermiş, hakim partiyanın beynəlxalq əlaqələrindən söz açmışdır. Bildirmişdir ki, YAP dünyanın nüfuzlu siyasi partiyaları və partiya blokları ilə sıx əməkdaşlıq edir. İndi biz Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsində təmsil olunuruq. Gələn il bu təşkilatın 7-ci Baş Assambleyasının Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.

Tacikistan Xalq Demokrat Partiyası sədrinin müavini Asror Latipov demişdir ki, Azərbaycanın inkişafı və uğurları göz qabağındadır. Biz regionun ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan və onun hakim partiyası ilə əlaqələrin inkişafında maraqlıyıq. Düşünürəm ki, "Modernləşmə siyasəti: yeni iqtisadisosial çağırışlar" mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkili Azərbaycanın sürətli inkişafının və modernləşməyə verdiyi əhəmiyyətin göstəricisidir. Xüsusilə də qeyd etməliyəm ki, hər dəfə aktuallığı ilə seçilən yeni mövzuların müzakirəyə çıxarılması olduqca müsbət haldır.

Hakim Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında imzaladığımız Memorandum xalqlarımızın dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında ikitərəfli, eləcə də MDB çərçivəsində münasibətlər, siyasi partiyaların nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, siyasi və iqtisadi sahədə, xüsusən modernləşmə ilə bağlı təcrübə mübadiləsi barədə geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.-10.