Yeni dövrün lideri

 

 

Tarixi şəxsiyyət yaratmır. Amma tarixi proseslərin gedişinə həlledici təsir göstərə bilən şəxsiyyətlər olur. Onlar fəaliyyətləri və gördükləri işlər sayəsində öz adlarını mənsub olduqları xalqın yaddaşına əbədi həkk edir, tarixi şəxsiyyətlərə çevrilirlər. O xalq xoşbəxtdir ki, taleyinin həlledici məqamlarında meydanda insanları ardınca aparacaq, hadisələrə güclü təsir göstərəcək övladı olur. Bu mənada Azərbaycan xalqını xoşbəxt hesab etmək mümkündür.

XX əsrin 90-cı illərinin əvvəlində yenidən dövlət müstəqilliyinə qovuşmaq imkanı yarandı. Lakin əsrin əvvəlində baş verən hadisələrin - tarixin təkrarı: yenə də daxildəki çəkişmələr, hakimiyyət uğrunda aramsız mübarizə, xaricdən təhdidlər və ermənilər tərəfindən torpaqların işğalı eyni aqibətin yaşanacağına şübhə doğurmurdu. Artıq nəinki yenicə qazanılan dövlət müstəqilliyi, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu belə, real təhlükə qarşısında idi. Son anda Azərbaycan xalqı müdrikliyini nümayiş etdirdi, üzünü sınanmış və sədaqətli oğlu Heydər Əliyevə tutdu. Ulu öndər xalqın bu çağırışına biganə qalmadı. Yenidən respublika rəhbərliyinə qayıdaraq: "Mən ömrümün yerdə qalan hissəsini də xalqıma bağışlayıram" - deyə bəyan etdi. Qısa müddətdə bir neçə istiqamətdə yorulmadan çalışaraq ölkəni məhvolmadan, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin talehinin yaşanmasından xilas etdi.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri saysız-hesabsızdır. Ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən, dövləti daim tərəqqi və inkişaf yolu ilə aparan, xalqın rifahının durmadan yüksəldilməsini təmin edən siyasi kursun hazırlanmasıdır. Müstəqilliyin 20 ili ərzində ölkədə qazanılan uğur və nailiyyətlər bu kursun yaşarlığını və reallığını, xalqın istək və niyyətlərini gerçəkləşdirmə qabiliyyətini dönə-dönə təsdiq etmişdir.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ən böyük xidmətlərindən biri də bu kursun layiqli siyasi davamçısını hazırlaması olmuşdur. Ümummilli liderimiz Azərbaycan xalqına ünvanladığı məktubunda yazırdı: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

PREZİDENT İLHAM ƏLİYEV ölkəyə rəhbərliyə başladığı ilk gündən - 2003 cü ilin oktyabrından daim Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.

Möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini bəyan etmişdi: "Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin".

Bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 20 illiyi təntənə ilə qeyd edildi. Bütövlükdə 20 il müstəqilliyin möhkəmləndirilməsi, uğurlu islahatlar keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkənin dünya birliyinə inteqrasiyası, Azərbaycanın iqtisadi və mənəvi cəhətdən yüksəlişi və digər nailiyyətlərlə əlamətdar olmuşdur. Ancaq bu 20 ilin hamısı inkişaf və quruculuğa həsr edilməmişdir. Ölkədə sabitlik yaradılmasına, xaos və anarxiyanın aradan qaldırılmasına, yeni layihələrin icrasına, böhranın dayandırılmasına xeyli vaxt sərf olunmuşdur. Ulu öndər Heydər Əliyevin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmaqla bu siyasi kursun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu mənada 20 illik inkişaf dövrünə nəzər salanda, görülən işləri müqayisəli şəkildə təhlil edəndə, faktları tutuşduraraq məntiqi əlaqələri aşkara çıxaranda maraqlı və heyrətamiz nəticələrin şahidi oluruq.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra heç kəsin görə bilməyəcəyi işləri qısa zaman kəsiyində yerinə yetirdi: müharibədə atəşkəsə nail olundu, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, əhalidəki külli miqdarda silah-sursat yığıldı, xaos və anarxiyaya son qoyuldu, möhkəm və dönməz sabitlik yaradıldı, Azərbaycan ümummilli böhrandan çıxarıldı.

Ölkəyə xaricdən və daxildən bəd niyyətli, məkrli əllərin uzandığı bir vaxtda qayda-qanunu bərpa etmədən, sabitlik və əmin-amanlıq yaratmadan nə islahatlar aparmaq, nə də iqtisadi dönüşə və dirçəlişə nail olmaq mümkün idi. Yalnız Heydər Əliyev zəkası və əzmi, qətiyyət və iradəsi sayəsində az vaxtda Azərbaycan bir dövlət kimi məhvolmadan, böhran və xaosdan qurtula bildi.

PREZİDENT İLHAM ƏLİYEV siyasi hakimiyyətə gəldikdən sonra mövcud təməl üzərində ölkənin sürətli inkişafına nail olaraq enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin etdi.

Son 8 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, büdcəsi 20 dəfəyə yaxın artmış, valyuta ehtiyatının həcmi 41,5 milyard dollara çatmışdır. Ölkəmiz nəinki enerjiyə olan tələbatını ödəmişdir, üstəlik, Avropanın təbii qaza və neftə olan ehtiyacının ödənilməsində ilbəil daha əhəmiyyətli rol oynayır. 11 yeni elektrik stansiyası tikilmiş, ölkənin enerji gücü 6,5 min meqavatadək artırılmış, respublika ərazisinin 85 faizi qazlaşdırılmışdır. Bu gün Azərbaycanın 7 ixrac kəməri mövcuddur, təsdiq olunmuş karbohidrogen ehtiyatları 4,2 milyard tondur. İldə 28 milyard kubmetr qaz, 50 milyon ton neft hasil edilir.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV Azərbaycanın bütün dövrlərdə inkişafını təmin edən yeni neft strategiyası hazırladı. Beləliklə, əvvəlki iqtidarların heç birinin bacarmadığı bir işi reallaşdırdı.

20 sentyabr 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" neft kontraktı isə müstəqil Azərbaycanın iqtisadi yüksəlişinin təməlinə çevrildi. Ümummilli liderimiz tərəfindən böyük müdriklik və uzaqgörənliklə hazırlanan bu strategiya neft amilindən məharətli istifadənin klassik nümunəsinə çevrildi. Bu strategiya iqtisadiyyatı dirçəltməklə yanaşı, Azərbaycanın dünyaya inteqrasiyasında, beynəlxalq əlaqələrinin yaranmasında, inkişafında və möhkəmlənməsində də mühüm rol oynadı.

PREZİDENT İLHAM ƏLİYEV isə inkişafın Azərbaycan modelini formalaşdırdı.

Dünyanın bir sıra dövlətlərinin yüksəlişini təmin etmiş inkişaf modelləri çoxdur. Azərbaycan onların heç birini götürərək mexaniki şəkildə tətbiq etmədi. Qabaqcıl ölkələrin təcrübəsini öyrənməklə öz tarixi ənənələrinə, yerli imkanlarına və xüsusiyyətlərinə uyğun gələn yeni, daha müasir model hazırladı. Bu model cənab İlham Əliyevin "Düşünülmüş, sürətli və davamlı" inkişaf konsepsiyasına əsaslanır. Qısa dövr ərzində inkişafın Azərbaycan modeli özünü doğrultdu. Ölkəmiz neçə illərdir ki, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünya birincisidir. Başqa bir maraqlı məqam. Son illər dünyanı bürüyən maliyyə və iqtisadi böhran inkişafın Azərbaycan modeli üçün əsl sınaq oldu. Həm də uğurlu sınaq. Böhran ölkə iqtisadiyyatına ciddi ziyan vurmayaraq yan ötüşdü. Ən ürəkaçan məqamlardan biri isə budur ki, düşünülmüş, sürətli və davamlı inkişaf yoluna düşən Azərbaycan MDB məkanında birinci olaraq iqtisadi sahədə keçid dövrünü başa çatdırmışdır.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV hakimiyyətinin ilk dövründə iki dövlət çevrilişi cəhdinin qarşısını aldı və beləliklə, belə bir yaramaz ənənəyə son qoydu.

Qırmızı imperiyanın dağılması prosesi başlayandan Azərbaycanda çox həssas və narahat ictimai-siyasi vəziyyət yaranmışdı. Xalq daha əvvəlki qayda ilə yaşamaq, mərkəzin ədalətsiz və imperiya ambisiyalarından doğan hərəkətlərinə dözmək istəmirdi. Moskvanın ermənipərəst mövqeyi, torpaqlarımızın işğalına göz yumması, hətta bəzən sovet ordusu hissələrinin hərbi əməliyyatlarda ermənilər tərəfindən iştirakı insanları son dərəcədə hiddətləndirirdi. SSRİ-nin birinci və axırıncı prezidenti M. Qorbaçov tərəfindən 20 Yanvar faciəsinin törədilməsi xalq tərəfindən Ə.Vəzirovun ölkədən qovulması ilə nəticələndi. Xocalı soyqırımından sonra isə A.Mütəllibov da sələfi kimi hərbi təyyarəyə minərək Moskvaya qaçdı. Ölkəyə başçılığı müəyyən olunan müddətdə sona çatdıra bilməmək "ənənə"sini Ə.Elçibəy də davam etdirdi. Amma əvvəlkilərdən fərqli olaraq Moskvaya yox, Kələkiyə qaçdı. "Əsrin müqaviləsi"nin imzalandığını və Heydər Əliyevin gəlişindən sonra Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənəcəyini görən düşmən qüvvələr yenidən "köhnə ssenarilərə" əl atdılar. Bir neçə terror aktı törədildi. Əvvəlcə 4 oktyabr 1994-cü ildə, sonra isə 13-18 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdlər olundu. Xalqın sonsuz inam və məhəbbətinə, güclü dəstəyinə arxalanan ulu öndər Heydər Əliyev dəyanət və qorxmazlıq nümunəsi göstərməklə hər iki cəhdin qarşısını qətiyyətlə aldı. Beləliklə, Azərbaycanı az qala banan respublikasına çevirəcək mənfur bir ənənəyə son qoydu.

PREZİDENT İLHAM ƏLİYEV müstəqil Azərbaycanda yeni eranın başlandığını və zorakılıqla hakimiyyətə gəlmək dövrünün artıq arxada qaldığını 2003-cü ilin 15 və 16 oktyabr günlərində bir daha sübut etdi.

Aqressiv və dağıdıcı müxalifət antiazərbaycançı şəbəkənin muzdu və diktəsi əsasında 2003-cü ilin Prezident seçkilərini tanımamaq və zorla hakimiyyəti ələ almaq üçün seçkilərin nəticələri elan edildikdən dərhal sonra hərəkətə keçdi. Bir neçə xarici ölkənin səfirliyi aqressiv müxalifətin özbaşınalığını və zorakılığını idarə edən və onların nümayəndələri üçün sığınacaq rolunu oynayan məntəqəyə çevrilmişdi. Heydər Əliyev siyasi kursuna səs verdiyini bəyan edən Azərbaycan xalqı dağıdıcılıq əməllərinin genişlənməsinə imkan vermədi. Prezident İlham Əliyev isə qətiyyət və əzmkarlıq göstərərək Azərbaycanda hakimiyyətə yalnız seçkilər yolu ilə, xalqın dəstəyini qazanmaqla gəlməyin mümkünlüyünü bəyan etdi.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVin milli ordunu yaratması və formalaşdırması xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biridir.

Ermənistanın ölkəmizə təcavüzü başlayanda hələ SSRİ mövcud idi və Azərbaycan torpaqlarını müdafiə etmək üçün heç bir silahlı qüvvəyə malik deyildik. Moskvanın birtərəfli mövqeyi isə özünü get-gedə daha qabarıq göstərirdi. Əgər Ermənistanda ordu quruculuğuna başlanmışdırsa və buna göz yumulurdusa, Azərbaycanda əksi idi. Ölkənin maymaq və qətiyyətsiz başçılarının əli ilə əhalidəki ov tüfəngləri belə yığılırdı. Əliyalın insanlar öz torpaqlarını erməni yaraqlılarının hücumlarından necə qoruyacaqlarını bilmirdilər. Sonradan ayrı-ayrı insanlar tərəfindən yaradılan könüllü özünümüdafiə batalyonları isə vahid komandanlığa tabe olmadığından və müxtəlif qurumların maraqlarına xidmət etdiyindən torpaqların qorunması arxa plana keçmişdi. AXC- Müsavat iqtidarının səriştəsiz şəkildə yaratdığı "ordu" da bu vəzifənin öhdəsindən gələ bilmədi.

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddətdə döyüşkən ordu yarada bildi. Vaxtilə ulu öndərin təşkil etdiyi C.Naxçıvanlı adına hərbi təmayüllü liseyi bitirənlər və SSRİ-nin hərbi məktəblərində təhsil alaraq zabit rütbəsində ayrı-ayrı hərbi hissələrdə xidmət edən zabitlər kara gəldilər. Ulu öndər Heydər Əliyevin çağırışı ilə orduya gələn yeni qüvvələr Horadizdə və Kəlbəcər istiqamətində düşmənə güclü zərbələr endirdilər. Güclü ordu yaradıldığını görən ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Beləliklə, yeni ərazilərin işğalının qarşısı alındı. Eyni zamanda, ordu quruculuğu prosesi uğurla və səriştəli şəkildə davam etdirildi. Vahid komandanlığa tabe olan və bir mərkəzdən idarə edilən ordu strukturu yaradıldı, müasir bilik və vərdişlərə yiyələnmiş zabit hazırlığı üçün yeni təhsil müəssisələri təşkil edildi, hərbi sahədə əməkdaşlığa dair yeni əlaqələr quruldu. Beləliklə, torpaqlarımızı müdafiəyə qadir yeni və müasir ordu formalaşdırıldı.

PREZİDENT İLHAM ƏLİYEV müasir dünya təcrübəsinə arxalanaraq milli ordumuzun yeniləşdirilməsini, ən yeni silahlarla təchizini və modernləşdirilməsini, beləliklə, cənubi Qafqazın ən güclü ordusuna çevrilməsini təmin etdi.

Maddi-texniki təchizatı durmadan yüksəldilən, NATO sisteminə keçirilən, döyüş qabiliyyətini daim artıran ordu dünyanın qaynar nöqtələrində sülhyaratma missiyasında müntəzəm və yaxından iştirak edir, üzərinə qoyulan tapşırıqların öhdəsindən mətanətlə gəlir. Dövlət başçısı hər il silahlı qüvvələrin birgə təlimində Ali Baş Komandan kimi şəxsən iştirak edir, il boyu hərbi hissələri gəzir, vəziyyətlə yerində tanış olur, sərhəd bölgələrindəki səngərlərə baş çəkir, əsgərlərlə nahar edir, onları mükafatlandırır. Cənab İlham Əliyev verdiyi vədə əməl edərək hər il ordunun ehtiyaclarına Ermənistanın bütün büdcəsindən daha çox vəsait ayırır. Müdafiə sənayesinin yaradılması, bir sıra silah və sursatın Azərbaycanda hazırlanması ordunun döyüş qabiliyyətinin artırılmasına dəyərli töhfədir.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV Azərbaycanı informasiya blokadasından çıxardı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayanda SSRİ rəhbərliyi birtərəfli mövqe tutdu, Azərbaycan torpaqlarının işğalına göz yumdu. O, dövrlərdə dünyaya çıxış yalnız SSRİ-nin müvafiq qurumları vasitəsilə mümkün idi. Sovet mətbuatı və informasiya agentlikləri Dağlıq Qarabağ ətrafında baş verənləri həm ölkə ərazisinə, həm də beynəlxalq aləmə təhrif edilmiş formada - "DQMV-nın iqtisadi cəhətdən zəif inkişaf etdirilməsi", "ermənilərin öz müqəddəratını təyin etmələri uğrunda mübarizəsi" kimi təqdim edirdi. O dövr sovet mətbuatında ermənilər "məzlum, zavallı millət", azərbaycanlılar isə "vəhşi, zalım" qiyafəsində göstərilirdi. Belə qərəzli təqdimat Azərbaycanın imicinə zərbə endirirdi. Hətta ABŞ Konqresi Azadlığı müdafiə Aktına 907-ci düzəlişi əlavə edərək ölkəmizə ABŞ tərəfindən birbaşa dövlət yardımı göstərilməsini qadağan etmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan ətrafında yaradılan informasiya blokadasını ləğv etməkdən ötrü böyük əzm göstərdi, yüzlərlə jurnalistin görə bilməyəcəyi işi təkbaşına həyata keçirdi. Xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə əlində çubuq xəritə qarşısında danışaraq Azərbaycan torpaqlarının necə işğal edildiyini əyani şəkildə göstərir, əsl həqiqəti dünyaya çatdırırdı. Lissabon sammitində qazanılan tarixi qələbə isə sanki bu sahədə görülən işin məntiqi yekunu oldu.

PREZİDENT İLHAM ƏLİYEV "hücum diplomatiyası" tətbiq etməklə beynəlxalq qurumların diqqətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldilməsində yeni uğurlar qazandırdı.

Erməni tərəfi "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək, saxta "erməni soyqırımı"nı qəbul etdirmək üçün uzun illər boyu yalançı təbliğat aparmış, lobbi və diasporunun yardımı ilə iş görmüş, hətta bəzi məqamlarda dünyanı çaşdırmağa və inandırmağa nail olmuşdur. Təbliğatın gedişində isə Azərbaycan tərəfi daim "cavab verən", "təkzibçi" mövqeyində qalırdı. Cənab İlham Əliyev mübarizənin belə forması ilə razılaşmayaraq yeni istiqamətlər təklif etdi. Ən əvvəl "müdafiə mövqeyindən çıxaraq "hücum diplomatiyası"na keçmək tapşırığını verdi. Sonra dünyanın bütün ölkələrindəki türk diasporu ilə əlbir və əlaqəli fəaliyyət təmin olundu. Heydər Əliyev Fondunun erməni yalanlarının və xislətinin ifşası, Azərbaycan həqiqətlərinin sistemli, səriştəli və ardıcıl təbliği kampaniyası da ümumi işimizə böyük töhfələr verdi. Görülən birgə işlər sayəsində artıq BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar müxtəlif səviyyələrdə Ermənistanı işğalçı dövlət kimi tanıyırlar. Bu təşkilatların qətnamələrində və digər sənədlərində təcavüzkar siyasətin yolverilməzliyi, milyona yaxın azərbaycanlının doğma torpaqlardan didərgin düşməsi, işğal olunmuş ərazilərdə xalqımızın mədəni və tarixi irsinin məhv edilməsi barədə məsələlər əksini tapmışdır. Artıq informasiya müharibəsində Azərbaycan Ermənistanı üstələyir.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV Azərbaycanı Avropa Şurasına üzv qəbul etdirdi.

İflasa uğramış kommunist ideologiyasından imtina edən Azərbaycan xalqı ümumbəşəri inkişaf yolunu tutdu. Bu yolun qanuni əsasları müstəqil dövlətimizin ilk Konstitusiyasında təsbit olunmuşdur. Baş müəllifi Heydər Əliyev olan yeni Konstitusiya ümumxalq referendumu ilə qəbul edildi. Bundan sonra Milli Məclis tərəfindən Avropa standartlarına cavab verən çoxsaylı qanunlar hazırlanaraq qəbul edildi, beynəlxalq konvensiyalar imzalandı. Avropa Şurası qarşısında öhdəliklər götürülərək ardıcıllıqla əməl edildi, ölkənin demokratikləşdirilməsi üçün zəruri addımlar atıldı, insan haqlarının qorunması, söz və məlumat azadlığının təmini reallığa çevrildi. Vətəndaş cəmiyyəti quruculuğu, demokratiyanın bərqərar olunması, ümumbəşəri dəyərlərin mənimsənilməsi sahəsində görülən işlərin yekunu olaraq 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul edildi.

PREZİDENT İLHAM ƏLİYEV Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirərək onun Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbuluna nail oldu.

Azərbaycan bu nailiyyəti dünyanın 155 dövlətinin verdiyi səs sayəsində qazandı. Buna qədər isə ölkəmizin nüfuzunun yüksəldilməsi, dünyaya inteqrasiyasının daha da sürətləndirilməsi, beynəlxalq miqyasda səsinin daha gur eşidilməsi üçün xeyli iş görülmüşdü. Qafqazın ən güclü və modern dövlətinə çevrilən Azərbaycan artıq Avropanın neft və təbii qazla təminatında etibarlı və nüfuzlu tərəfdaşa çevrilmişdir. Hazırda beynəlxalq qurum və təşkilatların tərtib etdikləri reytinq cədvəllərində Azərbaycanın öndə olmasını hamı normal qarşılayır.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV Azərbaycanın bazar iqtisadiyyatı prinsiplərinə keçidinə nail oldu. Bundan ötrü mərhələlər üzrə ardıcıllıqla xeyli iş görüldü.

İlk növbədə, xüsusi mülkiyyətin mövcudluğuna yol açan, insanların sərbəst və maneəsiz istehsal fəaliyyəti ilə məşğul olmasına geniş imkan yaradan qanunçuluq bazası formalaşdırıldı. Sonra özəlləşdirmə proqramları uğurla həyata keçirilərək bir sıra müəssisələr dövlətsizləşdirildi. Aqrar islahatı keçirilərək torpaq əsl sahibinə qaytarıldı. Ölkədə azad sahibkarlığın inkişafına şərait yaradan və təşviğ edən mühit yaradıldı. Bazar iqtisadiyyatı prinsiplərinin işləməsinə əlverişli şərait yaradan yeni qurum və təsisatlar təşkil olundu. Beləliklə, istehsal vasitələri üzərində ümumi mülkiyyətə əsaslanan sosializmdən imtina edilərək bazar iqtisadiyyatına keçid tam reallaşdırıldı.

PREZİDENT İLHAM ƏLİYEV iqtisadi sahədə keçid dövrünün başa çatdığını bəyan etdi. Azərbaycan hələlik MDB məkanında yeganə ölkədir ki, bu çətin vəzifənin öhdəsindən qısa zamanda gəlməyə nail olub.

Cənab İlham Əliyevin müəllifi olduğu "Düşünülmüş, sürətli və davamlı inkişaf " konsepsiyası qazanılan uğurun təminatçısıdır. Ölkə rəhbərliyinə başladığı ilk günlərdən yaradılmış təməl üzərində istehsalın artım sürətini yüksəldən dövlət başçısı Azərbaycanı ÜDM-in artım tempinə görə dünya liderləri sırasına çıxarmışdır. Artıq ölkəmizdə güclü iqtisadi potensial formalaşdırılmış, Azərbaycan özünü tam təmin edən ölkəyə çevrilmişdir. İqtisadiyyatın strukturu müsbətə doğru dəyişmiş, çoxşaxəli iqtisadiyyata çevrilmiş, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 50-yə yaxın dövlət proqramı, çoxsaylı layihələr həyata keçirilmişdir. Dövlət başçısı cənab İlham Əliyev görülən işləri yekunlaşdıraraq Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qoşulması vəzifəsini irəli sürmüşdür.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ölkəmizə dünyanın aparıcı dövlətləri tərəfindən külli miqdarda xarici sərmayənin qoyulmasına şərait yaratdı.

Xalqın arzu və tələbi ilə ulu öndər yenidən ölkə rəhbərliyinə qayıtdıqda artıq Azərbaycan təkcə siyasi yox, iqtisadi cəhətdən də bərbad vəziyyətə düşmüşdü. Hətta 1992-ci ildə "bəylər" dövlət büdcəsini tərtib və təsdiq edə bilməmişdilər. Onlar neft sazişlərini hazırlayıb imzalamaq, həmin sazişlərdə xalqın və dövlətin maraqlarını təmin etmək qabiliyyətində də deyildilər. Odur ki, neft danışıqlarını dayandırmaq, dövləti və milli maraqları özündə cəmləşdirən yeni sazişlər bağlamaq lazım gəldi. "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda daha 31 neft sazişi imzalandı. Bunun ən mühüm səbəblərindən biri ölkədə möhkəm və dönməz sabitliyin yaradılması idi. Adətən, sahibkarlar biznesləri üçün təhlükə görünməyən yerlərə sərmayə yatırırlar. Sahibkarlıq fəaliyyətinin qanunlarla tənzimlənməsi məsələsi də artıq öz həllini tapmışdı. Ulu öndər Heydər Əliyev tərəfindən görülən tədbirlər nəticəsində 2003-cü ilə kimi Azərbaycana 20 milyard dollar sərmayə qoyulmuşdu.

PREZİDENT İLHAM ƏLİYEV Azərbaycanı sərmayə qoyulan ölkədən xaricə sərmayə yatıran dövlətə çevirdi.

Əvvəla qeyd edək ki, ölkəmizə son 8 ildə yatırılmış sərmayənin həcmi 100 milyard dollardan artıqdır. Dövlət Neft Fondunun yaradılması, onun vəsaitlərindən düzgün və şəffaf istifadə, ölkəmizin valyuta ehtiyatının 40 milyard dolları keçməsi imkanlarımızı xeyli genişləndirmişdir. Artıq Azərbaycan xarici banklara müraciət etmədən bir sıra layihələri özü maliyyələşdirir. Bu, ilk dəfə Bakı-Tbilisi- Qars dəmir yolunun çəkilişi zamanı baş verdi. Ermənistanın həmin layihədən də kənarda qalmasını istəməyən dövlətlər onun gerçəkləşməsinə dolayısı yollarla mane olmaq, vəsait ayrılmasına əngəl törətmək istəyirdilər. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın xarici bankların kreditlərinə ehtiyac duymadığını söyləyərək Bakı-Tbilisi-Qarsın özümüz tərəfindən maliyyələşdiriləcəyini bəyan etdi. Bu, belə də oldu! Artıq bu möhtəşəm layihə tezliklə başa çatacaq və ölkəmizə xeyli dividend gətirəcəkdir. Azərbaycan Gürcüstan, Ukrayna,Türkiyə respublikalarına xeyli sərmayə yatırmışdır. Möhtərəm İlham Əliyevin rəhbərliyi ilə bu sahədə keyfiyyət dəyişikliyi də baş verməkdədir. İndi Azərbaycan inkişaf etmış ölkələrə sərmayə yatırımına başlamışdır!

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV sovet dövründə İttifaq büdcəsindən əldə olunan vəsait hesabına kənd və qəsəbələrimizi, paytaxt Bakını yenidən tikib qurdu, abad və yaraşıqlı etdi.

1970-1982-ci illərdə Azərbaycan kəndi çiy kərpic və palçıqdan tikilmiş komalardan qurtularaq simasını büsbütün dəyişdi. Mişar daşından tikilmiş ikimərtəbəli evlər, yaraşıqlı ictimai binalar, asfalt yollar və körpülər Azərbaycan kəndinin xarakter cizgilərini təşkil edirdi. Ölkə paytaxtı Bakı şəhəri də yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. Metro stansiyaları tikildi, görkəmli şəxsiyyətlərə heykəllər qoyuldu, Bakıya yaraşıq verən ictimai binalar ucaldıldı.

PREZİDENT İLHAM ƏLİYEV tikib-qurmaq, abadlaşdırmaq ənənəsini yeni həvəs və coşqu ilə, zövq və sürətlə davam etdirir. Bir-birindən yaraşıqlı binalar, sosial obyektlər, park və xiyabanlar tikilir, köhnə binalara yeni nəfəs, müasir dizayn verilir, küçələr genişləndirilir, səkilər döşənir, müasir işıqlandırma sistemi paytaxtımızın, habelə şəhər və qəsəbələrin gecəsini gündüzə çevirir.

Abadlıq və quruculuq işləri yeni inşaat materialları ilə aparılsa da, millilik və qədim memarlıq ənənələri birmənalı şəkildə qorunub saxlanılır. Bakıya gələn əcnəbilər, uzun müddət şəhərdə olmamış yerli sakinlər paytaxta qədəm basdıqları ilk dəqiqələrdən heyrət və təəccüb içində qalırlar. Qısa müddətdə bu qədər işin görülməsi, qədim şəhərin bu qədər dəyişdirilərək genişləndirilməsi ağlasığmazdır, amma həqiqətdir! Şəhərə təzə görkəm verən körpülər və yol ötürücüləri həm də yeni problemin - nəqliyyat tıxaclarının qarşısının alınmasına xidmət edir. Dövlət proqramları əsasında inkişaf etdirilən regionlarımız yeni həyatını yaşayır. Memarlıq cəhətdən bir-birindən fərqli və maraqlı fərdi yaşayış evləri yaşayış məntəqələrini gözəlləşdirməklə yanaşı, insanların firavan dolanışığından da xəbər verir.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV azərbaycanlı gənclərin SSRİ-nin ali məktəblərində təhsil almalarına xüsusi fikir verirdi.

Ölkənin gələcəyi, cəmiyyətin sabahı bugünkü gənclərdən asılıdır. Dərin biliklərə yiyələnmiş, müasir dünyagörüşlü, vətənpərvər və bacarıqlı gənclərin tərbiyəsi ümummilli liderimizi daim düşündürmüşdür. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyinin hələ ilk dövrlərindən etibarən vətən övladlarının dövlət hesabına keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindən nadir və gərəkli ixtisaslar üzrə təhsil almalarına şərait yaratmışdı. Şəxsi nüfuzundan istifadə edən ulu öndər ilbəil daha çox gəncin başqa şəhərlərə təhsil almağa göndərilməsinə nail olurdu. Həm də onlarla şəxsən görüşər, tövsiyə və fikirlərini çatdırardı. Moskvaya hər rəsmi səfərində, sonralar isə orada işlərkən tələbə-gənclərlə görüşər, problemlərini həll edərdi. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Heydər Əliyevin oxutdurduğu və müxtəlif ixtisaslara yiyələnmiş gənclər xeyli kara gəldilər. Bu gün də onlar inkişaf və quruculuq proseslərində fəallıq göstərirlər.

PREZİDENT İLHAM ƏLİYEV bu gün ölkə gənclərini dünyanın inkişaf etmiş ölkələrində oxudur.

Azərbaycanın dünyaya getdikcə daha sıx inteqrasiya etdiyi bir vaxtda müasir düşüncə və təfəkkür tərzinə malik mütəxəssislərin yetişdirilməsi vacib məsələdir. Bu, ölkəmizin bu günü üçün deyil, gələcək inkişafın davamlılığı sarıdan da vacibdir. Cənab İlham Əliyevin imzaladığı dövlət proqramına əsasən 2007-2015-ci illər ərzində 5000 azərbaycanlı gənc dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təhsil ocaqlarında prioritet ixtisaslar üzrə dövlət hesabına oxuyacaqdır. Artıq onların bir qismi ayrı- ayrı universitetlərə qəbul olunmuşlar və təhsil almaqdadırlar.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV qaçqın və məcburi köçkünlərin sistemli şəkildə yerləşdirilməsini, daim dövlət qayğısı ilə əhatə olunmasını nizama saldı.

Ümummilli lider Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdana qədər doğma el-obasından zorla qovulmuş insanlar taleyin ümidinə qalmışdılar. Nə onlara dövlət səviyyəsində həyan duran, nə də kömək göstərən var idi. Hətta AXC-Müsavat cütlüyü iqtidarda olan zaman kəlbəcərli məcburi köçkünlərin Bakıya buraxılmaması barədə göstəriş də vermişdi. Ulu öndər hakimiyyətə qayıtdıqdan dərhal sonra beynəlxalq qurum və təşkilatlara, bir sıra dövlətlərin rəhbərlərinə müraciət edərək ölkədə humanitar fəlakətin qarşısını almağa çağırdı. Qısa müddətdə hər şeylərini itirmiş insanlara yardım göstərildi, onlar çadır şəhərciklərində və müvəqqəti yaşayış yerlərində yerləşdirildilər. Daha sonra müvafiq qanunçuluq bazası yaradılmaqla qaçqın və məcburi köçkünlər dövlət himayəsinə alındılar, onlara müntəzəm və sistemli şəkildə yardım göstərilməsinə başlandı.

PREZİDENT İLHAM ƏLİYEV bu missiyanın da uğurla davam etdirərək "Çadır şəhərciyində bir nəfər belə məcburi köçkün qalmayacaqdır"- deyə bəyan etdi və qısa müddətdə bu vədini də şərəflə yerinə yetirdi.

İlk dəfə olaraq Dövlət Neft Fondundan qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasına vəsait ayrılmışdır. Ötən dövr ərzində bir milyonadək qaçqın və məcburi köçkünün ehtiyaclarının ödənilməsinə 3,5 miyard dollar vəsait xərclənib. Onlar üçün 70 müasir tipli qəsəbə salınıb, 21 mindən şox ailə yeni tikilmiş evlərə köçürülüb. Dövlət proqramına əsasən 2015-ci ilədək bütün qaçqınlar və məcburi köçkünlər yeni yaşayış sahələri ilə təmin ediləcəklər.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV mətbuat və söz azadlığını daim diqqət mərkəzində saxlayırdı. O, daim jurnalistlərlə görüşər, onların bütün suallarını cavablandırar, təklif və müraciətlərinə həssaslıqla yanaşardı.

Heydər Əliyev dəfələrlə jurnalistləri əhv edərək vaxtından qabaq həbsxanadan qurtardı, dövlət məmurlarını qəzetlərlə bağlı məhkəməyə müraciətlərini geri götürtdü, bir sıra mətbu orqanların mətbəələrə olan borcunu dondurdu, qəzetləri ƏDV-dən azad etdi. Ən önəmlisi isə 6 avqust 1998-ci ildə mətbuata senzura nəzarətini ləğv edərək KİV-nin mənəvi intibahını yaratdı.

PREZİDENT İLHAM ƏLİYEV milli mətbuatın inkişafına xüsusi qayğı göstərir. O, qəzetlərin mətbəəyə borclarını bağışlamış, dəfələrlə redaksiyalara böyük məbləğdə maddi yardım göstərmiş, jurnalistləri fəxri adlar, dövlət mükafatları ilə təltif etmişdir. 2009-cu ildə müvafiq sərəncam imzalayaraq KİV-nin inkişafına Dövlət Dəstəyi Fondu yaratdı və beləliklə, mətbuatın maddi intibahının əsasını qoydu. Bütün bunlara görə "Jurnalistlərin dostu" adına layiq görüldü.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - dedi.

PREZİDENT İLHAM ƏLİYEV "Biz hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq"- söylədi.

Azərbaycan xalqı isə fəxrlə bildirir ki, onun ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev kimi Prezidenti - yeni dövrünün yeni lideri var!

 

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2011.-24 dekabr.-S.1-9.