Fransa demokratik dəyərləri tapdaladı

 

 Tarixən müstəmləkəçi bir dövlət kimi tanınan, illərlə yüz minlərlə insanı əsarətdə saxlayan, günahsız qanlar axıdan Fransanın bu gün humanizmdən, insan hüquqlarından, demokratiyadan ağızdolusu danışması gülünc görünsə də, bu dövlətin rəhbərlərinin, xüsusilə prezident Sarkozinin təcavüzkar erməni bacılarını müdafiə etməsi, onların halına acıması artıq təbii qanunauyğunluğa çevrilib. Çünki dost dosta tən gəlməlidir.

Görəsən, cənab Sarkozi və digər fransız rəhbərləri qondarma soyqırımı hadisələrini dilə gətirərkən keçmişlərini yada salırlarmı? 1915-ci il hadisələrini deyil, 1961-ci ilin noyabr ayının 17-də fransızların vəhşicəsinə qətlə yetirdikləri əlcəzairliləri xatırlayırlarmı? Fransızların əli ilə ölümə, təqibə və təhqirə məruz qalan yüz minlərlə insanları göz önünə gətirirlərmi? Onlardan üzr istəmək, qarşılarında baş əyib səhvlərini etiraf etmək istəyirlərmi?

Əlbəttə, Fransa rəsmiləri bunları xatırlamaqdan uzaqdırlar. Çünki bunun üçün insanda ədalət, insani hiss, bəşəri duyğu, insanlığa hörmət olmalıdır. Ancaq erməni uydurmaları və bu gün Fransanın dövlət siyasəti səviyyəsinə qaldırılan qondarma "erməni soyqırımı" Fransa rəhbərləri və deputatları üçün daha önəmlidir.

Fransa parlamentində müzakirəyə çıxarılıb qəbul edilən "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasına dair qanun layihəsi bunu deməyə əsas verir.

Türkiyə tarixini inkar edən və şübhə altında qoyan, heç bir real fakta arxalanmayan, uydurmaiftiralardan ibarət olan, insanların özünü müdafiə hüququnu və aşkarlığı təminetmə haqqını əlindən alan bu ədalətsiz qanun Fransa dövləti və parlamenti üçün siyasi əxlaqsızlığın nümunəsidir.

Qanun layihəsi insan hüquqlarını və azadlıqlarını kobud şəkildə pozmaqla bərabər, azad fikri, sözü susdurmağa, olmamış hadisələrə həqiqət donu geydirməyə xidmət edir.

Bu sənəd Türkiyə-Fransa münasibətlərinə ciddi zərbədir. Gələcəkdə ikitərəfli əməkdaşlığa mənfi təsir göstərməklə Fransanın demokratik ölkə imicinə böyük xələl gətirəcəkdir.

Qanun Azərbaycan-Fransa münasibətlərinə də təsirsiz qalmayacaqdır. Azərbaycan Türkiyə ilə qonşu, dost-qardaş bir dövlət olduğu, strateji əməkdaşlıq etdiyi, ən çətin anda bir-birilərini müdafiə etdikləri üçün Fransa ilə əlaqələrin zəifləməsi təbiidir. Çünki bu sənəd ölkəmizdə dünyada aparılan antitürk siyasətinin bariz nümunəsi kimi qiymətləndirilir və Azərbaycan xalqı Fransa dövlətinin bu sahədəki fəaliyyətini kəskin pisləyir.

Xocalı soyqırımı kimi bir faciəni qiymətləndirməyən, bir milyondan artıq qaçqın və köçkünün, on minlərlə şəhidin taleyinə biganə qalan Fransanın olmayan erməni soyqırımına canıyananlıq göstərməsi, yalan və iftiraları dövlət səviyyəsinə qaldırıb müzakirə etməsi bəşəriyyətə, demokratiyaya, insan hüquqlarına, beynəlxalq hüquq normalarına hörmətsizlikdir.

Fransa dövləti, ölkənin hakim dairələri bu hörmətsizliyin acısını elə bilirəm ki, bundan sonra uzun illər dadacaqlar. Belə antidemokratik qərar ölkənin demokratik mövqeyini sarsıdacaq və fransızların gələcəyinə, xoşbəxt həyatına ağır təsir göstərəcəkdir.

Türkiyə xalqı çox çətinliklərə düşüb, çox fitnə-yalanların hədəfinə çevrilib, ancaq düşmənlər, onu istəməyənlər qarşısında heç vaxt baş əyməyib, diz çökməyib, haqqı nahaqqa verməyib. Sözsüz, bu kimi əsası, kökü olmayan ədalətsiz qanunlar da qardaş Türkiyəni sarsıtmayacaq, tutduğu haqq yolundan döndərməyəcəkdir. Azərbaycan xalqı həmişə olduğu kimi, yenə də Türkiyənin yanında olacaq, onun haqq səsinə səs verəcəkdir.

 

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2011.-24 dekabr.-S.8.