«Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və

 gələcəyə baxışı» kitabının təqdimatı olmuşdur

 

Akademik Ramiz Mehdiyevin çıxışı

 

 

 - Hörmətli xanımlar və cənablar!

Dövlət - bəşəriyyətin mövcud olduğu tarix boyu kəşf etdiyi nadir təsisatdır. Müxtəlif xalqlar dövlətlərini müxtəlif vaxtlarda yaratmışlar. Dövlətlərin yaranması və inkişaf tarixi çox çətinliklərdən keçir. Onlar təşəkkül, çiçəklənmə və tənəzzül fazalarını yaşayırlar.

Bütün bu proseslərdə önəmli olan bir cəhət var. Bu, həmin proseslərin bir fundamental amilidir, "dövlət və lider" faktoru ilə bağlı olmasıdır.

Ümumi qənaətə görə, məhz XX əsrdə "dövlət" və "şəxsiyyət" anlayışları bir simada - "milli lider" simasında cəmlənmiş və həmin əsr tarixə dünya şöhrətli liderlər bəxş etmişdir. Biz qətiyyətlə deyə bilərik ki, milli dövlət və milli lider yeni epoxanın fenomenidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin lider şəxsiyyətlərdən biridir.

XX əsin sonu - XXI əsrin əvvəlləri Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi səciyyələnir. Tarixin bu dövründə baş verən hadisələr iki tarixi şəxsiyyəti - Heydər Əliyevi və İlham Əliyevi siyasi səhnəyə gətirmişdir. Onlar mürəkkəb dövrün çətinliklərini dəf edə, milli birliyin gücünü ölkənin quruculuq məsələlərinin həllinə yönəldə, Azərbaycanın simasını dəyişdirə bildikləri üçün milli lider adını qazana bilmişlər.

Suverenlik tariximizin uğurları sırasında, dünya siyasətində etiraf edilən Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi bizim əvəzsiz irsimizdir. Yeni yüzillikdə həmin irsin yüksək keyfiyyətlə davamı Prezident İlham Əliyevin siyasəti nümunəsində inkişaf və tərəqqinin simvoluna çevrilmişdir.

 

Hörmətli xanımlar və cənablar!

 

Bu gün biz əlamətdar bir hadisənin - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş kitabın təqdimat mərasiminə toplaşmışıq.

Böyük şəxsiyyətlər haqda əsər yazmaq həm də böyük elmi  cəsarət tələb edir. Bu baxımdan sizə təqdim olunan bu əsərin tutumu, ideyası və məzmunu bu günə qədər Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş kitablardan ciddi surətdə fərqlənir.

Cənab Qrem Uilson tərəfindən yazılmış bu kitabda diqqəti cəlb edən əsas və fərqli cəhət ondan ibarətdir ki, cənab Prezidentin milli lider obrazının təsviri ilə yanaşı, onun prezidentliyi dövründə Azərbaycanda və onun ətrafında baş verən siyasi proseslər obyektiv şəkildə təhlil edilmişdir.

Düşünürəm ki, bu kitab, həm geniş oxucu kütləsinin marağını cəlb edəcək, həm də tədqiqatçıların istifadə edə biləcəyi əyani vəsaitə çevriləcəkdir.

Əsərin digər mühüm əhəmiyyəti onun Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etməsidir. Şübhə etmirəm ki, bu qısa tarixi dövr Azərbaycan xalqının yaddaşında çox zəngin izlər qoyubdur.

Bu, bir həqiqətdir ki, tarix özü son 20 ildəki nailiyyətlərin layiqli qiymətini verəcəkdir. Lakin bu gün mövcud reallıqları görüb qələmə almaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin mənəvi borcudur.

Kitabın daha bir mühüm xüsusiyyəti, müəllifin dövlətçiliyimizin  tədqiqinə makrotarixi yanaşması - yəni, Azərbaycanın tarixində qədimdən bəri baş verən hadisələrin təhlili və müasir dövrün siyasi proseslərinə obyektiv yanaşması, perspektivlərə nəzər salmasındadır.

Ölkəmiz haqqında xarici müəllifin yazdığı və tarixi hadisələri özündə dolğun əks etdirən belə məzmunlu əsər indiyə kimi işıq üzü görməyibdir. İlk təəssürat onu deməyə əsas verir ki, kitab müəllifin dərin elmi araşdırmaları, obyektiv təhlili və ən əsası Azərbaycana böyük marağı sayəsində ərsəyə gəlmişdir. Bu, tarixi həqiqət duyumuna malik olan müəllifin etirafıdır.

Xüsusilə də Azərbaycanla bağlı hadisələrin mahiyyətini qeyri-obyektiv, səthi təsvir edən əsərlərlə müqayisədə, bu kitabda bütün hadisələrin inkişafının lider şəxsiyyətinə və onun qəbul etdiyi qərarlara bağlı olduğuna dair müəllifin qənaəti bizim üçün çox dəyərlidir.

Dünya tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu baxımdan, milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasını müəyyən edir, ən çətin məqamlarda optimal seçimlər etməyə imkan verir.

Görkəmli filosof Hegel heç də təsadüfən yazmırdı ki, böyük insanlar praktiki və siyasi xadimlər olmuşlar. Onlar işin mahiyyətini bilən, nə lazım olduğunu və nəyin əsl məqamına düşdüyünü başqalarından daha yaxşı anlayan zəkalı şəxsiyyətlər idi.

Bu həqiqətdir. Məhz ona görə də bu şəxsiyyətlər məlum mənada tarixi yarada bilirlər və onun özünün yaranmasını gözləmirlər.

Milli dövlətin yaranmasında və inkişafında, milli birliyin təmin edilməsində milli liderin tarixi rolu əvəzedilməzdir. Çünki o, hadisələrə təsir göstərmək imkanına malikdir. Bütün bu məsələlərin həlli onun biliyinə, şəxsi keyfiyyətlərinə, inamına və təcrübəsinə əsaslanır. Tarixi təcrübə bunu deməyə əsas verir.

Liderlik zirvəsinə yüksələnlərin taleyi müəyyən xüsusiyyətlərlə səciyyələnir.

I - Buraya dövlətin taleyinin ən ağır faciəli anlarında tarix səhnəsinə gəlməsi;

II - yeni dövlətçilik tarixinin əsasının qoyulması; inkişafı və möhkəmləndirilməsi;

III - xalqın tam əksəriyyətinin etimadının qazanılması aid edilir.

Milli liderliyin daha bir fərqli xüsusiyyəti uzaq perspektivlərə hesablanmış, gələcəyin ümummilli inkişaf strategiyasını təqdim edə bilməsi, irəli sürülən ideyaların sonadək reallaşdırılmasıdır. Digər mühüm cəhət isə beynəlxalq arenada liderlik xüsusiyyətlərinin etiraf edilməsi, beynəlxalq nüfuzdur.

Bir qayda olaraq, bütün milli liderlər öz ölkələrinin hüdudları çərçivəsini aşmış, onların fəal təşəbbüsləri və xarici fəaliyyəti beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsirini göstərmişdir. Təqdim edilən kitabda əksini tapan lider obrazı bütün bu meyarları özündə təcəssüm etdirir.

Azərbaycan geosiyasi məkanı, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu qlobal güclərin maraqlarının diqqət mərkəzindədir və belə bir dövlətin lideri olmaq daha da çətindir.

Azərbaycan xalqı 20 il əvvəl öz milli dövlətçiliyini yaratmış və   onu ən çətin tarixi mərhələlərdən keçirə bilmiş, zamanın çağırışlarına cavab verərək yeni yüzilliyin qabaqcıl dövlətləri sırasına daxil olmuşdur.

Lakin dövləti və xalqı güclü edən təkcə dövlət qurmaq bacarığı deyil, onu yaşatmaq iqtidarında olan, milli birliyi təmin edən və dünya xəritəsində dövlətinin yerini və mövqeyini qoruyan liderlərdir.

Bütün bu məsələlərin həlli liderin şəxsi keyfiyyətlərinə, inamına və təcrübəsinə əsaslanır. Bu, inkaredilməz bir faktdır. Azərbaycan xalqı öz tarixi taleyində buna dəfələrlə əminlik yaşayıbdır. 

Məlumdur ki, 1990-cı illərin əvvəlində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi böhran vəziyyəti o zaman hakimiyyətdə olan insanların siyasi səriştəsizliyindən irəli gəlirdi.

Daxili çəkişmələr, Ermənistanın ölkəmizə təcavüzü, dövləti idarə edənlərin siyasi naşılığı nəticəsində yaranan fəsadlar dövlət müstəqilliyinin taleyini sual altına almışdı. Ən əsası - xalqı, milləti vahid milli mənafe ətrafında birləşdirə bilən, xalqın tükənməz  enerjisini quruculuğa yönəltmək iqtidarında olan liderin yoxluğu idi.

Ötən əsrin 90-cı illərinin çətin anlarında ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. O, Azərbaycanın müstəqilliyinin reallaşmasında və möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında, iqtisadiyyatın dirçəlməsində əsas aparıcı tarixi şəxsiyyət idi.

Məhz onun siyasi dühası, iradəsi və xalq üçün fədakarlığı nəticəsində Azərbaycanın yeni inkişaf strategiyası müəyyən  edildi və milli maraqları təmin edən yeni daxili və xarici siyasət konsepsiyası qəbul edildi.  

Suveren dövlətçiliyin qurulması kimi tarixi missiyanı reallaşdıran Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyini uğurlu və gələcəyi aydın görünən inkişaf yoluna çıxarmışdır. Azərbaycanın dövlət müstəqilliyini bərpa edərək onu sarsılmaz ənənəyə çevirə bilməsi, dövlətçilik qarşısında misilsiz xidmətləri Heydər Əliyevi  siyasi liderliyin ali zirvəsi olan ümummilli lider səviyyəsinə yüksəltmişdir.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: azərbaycançılıq ideologiyasını inkişaf etdirməklə "milliliklə dövlətçiliyi" bir-birinə qovuşdurdu, onların vəhdətini təmin etdi.

Yeni tarixə qovuşan Azərbaycan və müstəqilliyinin ilk 20 illik mərhələsi ən parlaq hadisə olmaqla yanaşı, eyni zamanda, bu tarixi yaradan çoxsaylı amilləri, ən başlıcası isə "milli quruculuq və siyasi lider"  faktorunu bir daha dərin təhlil etməyi zəruri edir. Yalnız bu halda məlum olur ki, milli quruculuq birbaşa müstəqillik haqda bəyannamədən "öz-özünə" yaranan, fərmanla verilən status olmayıb, siyasi lider - xalq vəhdətinin, mürəkkəb və fədakar milli quruculuq prosesinin nəticəsidir.   

Bu gün dünyada ən uğurlu və dinamik inkişaf edən iqtisadiyyata, çoxmilli birgəyaşayışın tolerant modelinə malik olan Azərbaycan üçün lider və dövlət mövzusu çox önəmlidir. Milli quruculuq və siyasi lider fenomeni yalnız nəzəri diskussiyaların mövzusu olmayıb, xalqımız üçün müstəqillik tarixinin gerçəkliyə çevrilən faktı və reallığıdır.

Müstəqil qət edilən 20 ilin hər 10 ilində iki tarixi şəxs - ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev - tariximizə uğurlu səhifələr yazan, Azərbaycan dövlətini güclü edən  və dünyaya tanıdan milli siyasi liderlərdir.

 

Hörmətli xanımlar və cənablar!

 

2003-cü ildən etibarən Prezident İlham Əliyev müstəqil Azərbaycanın müasir dövlətçiliyinin simasını yeniləşdirən tarixi şəxs kimi qəbul edilir. Ulu öndərin siyasi-tarixi irsinə, xalqımızın iradəsinə söykənən İlham Əliyev ötən illərdə peşəkar dövlət xadimi, görkəmli siyasətçi, nüfuzlu lider kimi ölkədə və xaricdə özünü təsdiq etmişdir.

2003-cü ildən etibarən müstəqil Azərbaycanın tarixində yeni dövr başlamışdır və bu dövr yeni tipli siyasi liderin adı ilə bağlıdır. Şərq  sivilizasiyasının bir parçası kimi ənənəvi cəmiyyətə aid edilən  Azərbaycan yeni inkişaf modelini və yeni liderlik tipini dünyaya təqdim edə bilmişdir.

Günümüzün reallıqları göstərir ki, dünya həqiqətən də dəyişir. Dəyişən dünyada liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətlərə tələbkarlıq artır, yeni tipli liderlərə ehtiyac duyulur.

Qeyri-müəyyən transformasiyalar dövründə həm siyasi, həm də iqtisadi problemlərin həlli üsulları daha sürətlə dəyişir. Belə vəziyyət isə yeni əsrin tələblərinə uyğun olaraq liderlərdən daha çevik siyasi yaradıcılıq tələb edir.

Liderlərin universal formulunun olmaması onunla bağlıdır ki, dəyişən dünya liderlik keyfiyyətlərinin də dinamikasını tələb edir. Yeni siyasi problemlər yeni yanaşmalar tələb edir. Bu da liderlərdən siyasi yaradıcılıq, novatorluq fəhmi kimi keyfiyyətlər tələb edir. Buna malik olmayan siyasi rəhbərlər milli və qlobal miqyasda sabitliyin deyil, gərginliyin yaranmasının səbəbkarına çevrilir, bəşəriyyəti bəlli olmayan təhlükələrə düçar edirlər.

Bu gün lider nə inzibati, nə də sırf siyasi kateqoriyadır. Qloballaşma dövründə bu, ilk növbədə, həmişəkindən daha çox mənəvi, milli, ideal simvoldur. Liderin malik olduğu ən böyük kapital isə xalqın etimadıdır, davamlı uğurlar və sıx milli birlikdir.

Bu nöqteyi-nəzərdən biz görürük ki, bu gün Prezident İlham Əliyev dövlətçiliyin möhkəm özüllər üzərində inkişafını təmin edir, öz xalqının firavan və təhlükəsiz yaşayışı üçün zəruri şərtləri yaradır.

O öz nüfuzu sayəsində beynəlxalq arenada liderlik məsuliyyətini üzərinə götürüb hadisələrin müsbət məcraya yönəlməsini təmin etmək bacarığını nümayiş etdirir.

XX əsrin sonu, XXI əsrin əvvəlində dünyada baş verən qlobal böhran və sarsıntılar sırasında ilk baxışda hamı tərəfindən dərk edilməyən bir fundamental problem də var. Bu, "ənənəvi" liderlik böhranı, yeni tipli liderlərə olan ehtiyacdır və özünü bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, etnik-milli münaqişələrdə göstərməkdədir. 

Hazırda dünyanın bir sıra ölkələrində baş verən bir çox sarsıntıların əsas səbəbi də dövrün tələblərinə cavab verə bilən liderlərin olmamasıdır. Bütün bu proseslər siyasi-sosial təlatümlərdən çıxış yolu tapa bilən, novasiyalara həssas olan, gərgin ziddiyyətləri həll edə bilən yeni tipli liderlər nəslinin formalaşmasını aktuallaşdırır. Yeni liderin hadisələrə baxışı tamamilə fərqlidir. Yeni lider üçün beynəlxalq münasibətlərdə "soyuq müharibə", sivilizasiyalararası münasibətlərdə qarşıdurma və toqquşma paradiqmaları artıq tarixdə qalan bir hadisədir. Bu tipli liderlər dünyada və dövlətlər arasında inkişafa maneə olan nə varsa hamısına yenidən baxmağa qadirdirlər. Onlar qeyri-real iddiaların fövqündədirlər və bəşəriyyətin gələcəyi naminə ortaq səylərin, ümumi təmas nöqtələrinin tapılmasına çalışırlar. Prezident İlham Əliyevin simasında bütün bu keyfiyyətlərin gerçəkləşməsinin şahidi oluruq.

Yeni nəsil lider - həm də yeni ritorika deməkdir. Bu, inqilab ritorikası deyil, dialoq, konsensus, kompromis, quruculuq ritorikasıdır. Liderin inqilab ritorikası ilə hakimiyyətə gəlişi ilk baxışda kecmiş paradiqmaları dağıdacaq bir sensasiya kimi qarşılanır, gedişi isə xalq üçün faciə ilə bitir.

Yeni liderliyin meyarları içərisində "sosial intellekt" - yəni, qərar qəbul edərkən sosial missiyanı hiss etmək, ümumən, xalqın mənafeyindən çıxış edərək seçim etmək bacarığıdır. Bu baxımdan, İlham Əliyevin nailiyyətlərini təmin edən obyektiv amillərlə yanaşı, onun fitri istedadı da inkaredilməzdir. O, milli ənənələrə, dövlətçilik prinsiplərinə sadiq, eyni zamanda, XXI yüzilliyin modern siyasi məkanına uğurla köklənən dövlət xadimidir.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, müasir dünyada layiqli yerini tutub, beynəlxalq birliyin məsul tərəfdaşına çevrilmək istəyən hər bir dövlətin inkişafı demokratik dəyərlərə söykənməlidir. Azərbaycan bu ideyanın reallaşmasına xeyli vaxt və qüvvə sərf etmişdir. Universal demokratik dəyərlərə aparan yol isə milli xüsusiyyətə və milli tarixə əsaslanmalıdır, təkamül yolu ilə getməlidir. Cəmiyyətin demokratik transformasiyası uzun tarixi bir yoldur və qısa zaman kəsiyində başa çatması qeyri-mümkündür. Kim bu həqiqəti anlamırsa, demək o, qarşısına ziyanlı məqsədlər qoyub.

Müasir milli dövlət təcrübəsi bir həqiqəti sübut edir: ölkələrin siyasi tarixləri eyni olmadığı kimi, milli demokratik quruculuq prosesləri də eyni ola bilməz.

Bu gün hər bir vətəndaşımız deyə bilər ki, demokratik dövlət quruculuğu, qanunun aliliyi, hüquqi dövlət, insan hüquq və azadlıqlarının təminatı müstəqil Azərbaycan dövlətinin əsas prinsipləridir. Mən inanmıram ki, bizim cəmiyyətdə müasir düşüncəyə malik olan bir insan bu həqiqəti inkar etsin. Dövlətimiz universal demokratik prinsipləri təmin etmək üçün böyük maneələri aşaraq çətinliklə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına nail olmuşdur.  

Sabitlik və iqtisadi inkişaf arasında çox sıx əlaqə var. Sabitlik olmayan yerdə inkişaf da ola bilməz. İnkişaf olmayan yerdə isə demokratiyadan danışmaq qeyri-mümkündür. Bu, bir aksiomdur.

Əlbəttə, başqa cür düşünənlər də var. Güman edirəm ki, onlar qeyri-səmimidirlər.

Bu, bir həqiqətdir ki, məhz sabitlik və iqtisadi tərəqqi sayəsində Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün münbit zəmin yaradılıbdır.

Demokratiyanın təkamülü ən əvvəl sabitlik, sülh şəraitində mümkündür. Təəssüflə qeyd etməliyəm ki, müasir dünyada demokratiya və təhlükəsizliyin bir-birinə dəxli olmayan amillər kimi göstərilməsi dəbə çevrilmişdir.    

Azərbaycan regionda və dünyada qarşılıqlı dialoq və əməkdaşlıq məkanının yaranmasına çalışır. Yerləşdiyimiz coğrafiya və tariximiz ölkəmizin çoxmilli, çoxkonfessiyalı inkişafını şərtləndirmişdir.

Faktiki olaraq, Azərbaycan Şərqin və Qərbin dialoqu üçün hazırda kəskin ehtiyac duyulan dialoq tribunasına çevrilmişdir və bunun intensivləşdirilməsi bütün tərəflər üçün maraqlı olmalıdır. Azərbaycan öz xarici siyasətində Şərq ilə Qərb arasında tarazlı və çoxşaxəli, praqmatik siyasətini reallaşdırmaqda davam edir. Məhz bu siyasət Azərbaycana artıq öz milli maraqlarını daha əminliklə müdafiə etməyə və qeyri-məqbul şərtləri nəzərə almamağa imkan yaradır.

Keçən illərin siyasi yekunları bir daha aşkar şəkildə göstərir ki, həm zaman, həm də qazanılan siyasi kapital, - ideyalar, resurslar, kadrlar, - Azərbaycanın xeyrinə işləyir, ümummilli problemin həllinə, dövlətin möhkəmlənməsinə xidmət edir. Ən başlıcası isə həmin resursların düzgün istifadəsinə qərar verən siyasi lider amilidir.

20 ilin ən böyük nailiyyətlərindən biri reallığa çevrilən milli ideya, formalaşan müstəqillik şüuru, dünyagörüşüdür, ən müasir siyasi tarixə özünü bağlı hiss etməkdir. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanın  möhkəmlənməsinə öz töhfəsini verir. Milli ideologiya və müstəqil azərbaycanlı identikliyi formalaşıb. Cəmiyyət bu dəyərləri qəbul edib və onlarla yaşayır. Bu da öz növbəsində milli birliyin təməli kimi çıxış edir.

Azərbaycan dövlətçiliyi tarixində milli, mənəvi, mədəni ənənələrin varisliyi mövcud olmuşdur. Bundan fərqli olaraq, milli quruculuq, siyasi dövlətçilik və iqtisadi uğurların varisliyi yalnız son illərin hadisəsi və tarixi nailiyyətlərimizdir. Nə qədər çətin olsa da, dövlətin əbədiyaşarlığı üçün onun əsas zəmanəti - liderlik ənənəsinin   siyasi hakimiyyətin təkamül yolu ilə əvəzlənməsinin təmin olunmasıdır.

Yeni liderlik böhran dövrlərində özünü daha qabarıq göstərir. Nail olduğumuz qələbələrin, Azərbaycanın beynəlxalq uğurlarının, "regionda və dünyada dinamik inkişaf edən ölkə" imicinin nə qədər çətin məqamda əldə olunması yeni zamanın lideri obrazını gözümüz önündə canlandırır. Ətrafdakı ölkələrin fasiləsiz gərginlik ocağına, bölgədə sabitlik üçün təhlükə mənbəyinə çevrildiyi çətin şəraitdə Azərbaycan inkişaf, əməkdaşlıq və qlobal təhlükəsizliyin yeni modelini dünyaya təqdim edir. Yaradılan əmin-amanlıq xalqın milli enerjisinin, qüvvə və potensialının yeni qələbələr üçün səfərbər edilməsinə imkan verir. Ən böyük nailiyyət isə, yaşanılan zamanın templərini nəzərə almaqla, onun Azərbaycanın inkişafına "tabe edilməsi", bunun məntiqi nəticəsi olaraq, qısa müddətdə nəhəng uğurların əldə edilməsidir.

2003-2011-ci illərdə sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində əldə edilən yüksək və davamlı sosial-iqtisadi göstəricilərin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, zəhməti və fədakarlığı dayanır.

Əlbəttə, planlı iqtisadi sistemdən açıq bazar iqtisadiyyatına keçid ölkədə köklü dəyişiklikləri zəruri etmişdir. Mövcud çətinliklərə və geosiyasi mühitin incəliklərinə baxmayaraq, neft strategiyasının uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi suverenliyini təmin etdi, ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verdi. Öz növbəsində Azərbaycan Xəzər dənizinin enerji resurslarının istehsalı və emalını ilk olaraq xarici sərmayəçilər üçün açdı və bu gün ölkəmiz neft və qazını 7 istiqamət üzrə dünya bazarına çıxarır. Güclənən iqtisadiyyatımız müasir qloballaşma kontekstində uğurla idarə edilir. Nəticədə 2009-cu ildə Azərbaycan bazar iqtisadiyyatında keçidi başa vurdu. Ölkəmiz iqtisadi keçid dövrünü bitirərək yeni iqtisadi münasibətlər sisteminə qədəm qoydu.

1993-cü illə müqayisədə dövlət büdcəmiz 1000 dəfə artmışdır. Dövlətin maliyyə imkanlarının artması onun iqtisadi fəaliyyətini daha da genişləndirmiş, xarici ölkələrə sərmayə yatırmasına şərait yaratmışdır.

Bu gün dövlətin iqtisadi sahədə rolu iki müstəvidə dəyərləndirilməlidir.

Əvvəla, dövlət iqtisadi fəaliyyəti dəstəkləməklə, iş adamlarını aşağı faiz kreditlə təmin etməklə iqtisadi fəaliyyəti gücləndirir və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə təkan verir. Bunun nəticəsi olaraq son 8 il ərzində ölkədə 41084 yeni müəssisə yaradılmışdır. Onların 1927-si iri istehsal təyinatlı müəssisələrdir. Bu, sahibkarların dövlətə, iqtisadiyyata inam və etibarının göstəricisidir.

Digər tərəfdən, dövlət sosial bərabərsizliyin aradan qaldırılmasına, sosial ədalətin qorunmasına, yoxsulluğun azaldılmasına böyük səylər göstərir.

Bu isə öz növbəsində əhalinin alıcılıq qabiliyyətini gücləndirir, tələbatı artırır, istehsalı genişləndirir, iqtisadi artımı təmin edir.

Məhz bu fəaliyyətin nəticəsidir ki, ümumi daxili məhsul 2003-cü ildən 2011-ci ilə qədər 7 dəfə artmışdır.

İqtisadi inkişafımız milli hərbi sənaye kompleksinin yaranmasına və müstəqil dövlətimizin hərbi-siyasi əsaslarının güclənməsinə zəmin yaratmışdır.

Beləliklə, son 10 il tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün parlaq başlanğıcı və uğurlu illəri kimi yadda qalacaqdır. Bu dövr, nə "qərbləşmə", nə də Şərq və Asiya modelinin təqlidi olmayan, yalnız Azərbaycana xas olan milli inkişaf modelinin formalaşdığı illər olmuşdur.

Bu illər ərzində həyata keçirilmiş inkişaf strategiyası iqtisadiyyatın müxtəlif sahələrində iqtisadi fəaliyyətin güclənməsini şərtləndirmiş və Azərbaycanın iqtisadi inkişafının birinci mərhələsini uğurla başa vurmasını təmin etmişdir.

2008-ci ildə Prezident İlham Əliyev inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağı bizim xarici siyasətimizin prioritetləri sırasına daxil etmişdir. İqtisadiyyatda əldə olunmuş böyük uğurlar, siyasi yetkinlik buna geniş imkanlar yaradır.

Prezidentin bəyan etdiyi "qara qızılın insan kapitalına çevrilməsi" tezisinə əsasən, maddi resurslarımız intellektual kapital, ideya və innovasiya resursları ilə əvəzlənir.

Azərbaycan iqtisadiyyatının inkişafı və güclənməsi intellektual insan resursu ilə yeni texnoloji tərəqqinin vəhdətini təşkil edir. 2011-ci ildə əhalisinin artiq 60 faizinin birbaşa internetə cıxışı olan ölkədə informasiya-kommunikasiya texnologiyalarının perspektiv inkişafı növbəti onillikdə yeni və rəqabətədavamlı iqtisadiyyatın əsasını yaradacaqdır.

Prezident İlham Əliyevin baxışları ondan ibarətdir ki, müasir dünyada intellektual və texnoloji tərəqqiyə yalnız ayrıca bir ölkənin gücü sayəsində nail olmaq mümkün deyil. Buna görə də Azərbaycanın inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğun modernləşməsi üçün bütün resurslar hərəkətə gətirilməlidir. Dövrümüzün çağırışları tələb edir ki, ölkəmiz texnoloji-innovasiya mərkəzləri ilə geniş əlaqələr qursun. İnnovativ cəmiyyətin və innovativ iqtisadiyyatın formalaşması Azərbaycan üçün ön sırada duran məsələlərdən biridir.

 

Xanımlar və cənablar!

 

Bu gün dövlətimiz beynəlxalq birliyin fəal və təşəbbüskar üzvünə çevrilmişdir. Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanın Avropa ailəsinə inteqrasiyası sürətlənmişdir. Vaxtilə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən nümayəndə heyətinin başçısı olan İlham Əliyev Prezident seçildikdən sonra bu dəyərlər uğrunda daha böyük səylər göstərmiş, Avropa-Azərbaycan münasibətlərinin inkişafına xüsusi töhfə vermişdir.

O, eyni zamanda Avropa İttifaqı ilə müxtəlif əməkdaşlıq çərçivələrində səmimi əlaqələr yaratmış, təşkilata üzv olan ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirməyə və Avropa Komissiyası ilə müxtəlif sahələrdə səmərəli dialoq qurmağa nail olmuşdur. Azərbaycan 2004-cü ildə qəbul edilmiş "Avropa Qonşuluq Siyasəti"ndə, 2009-cu ildə formalaşmış "Avropa Şərq Tərəfdaşlığı"nda fəal iştirak edir.

Avropanın enerjiyə artan tələbatı kontekstində Prezident İlham Əliyev Avropa ölkələri ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın yeni mərhələyə keçməsini təmin etmişdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan birinə çevrilmişdir. 2011-ci ildə "Ümid" və "Abşeron" yataqlarında geniş qaz ehtiyatlarının kəşf edilməsi Azərbaycanın ixracat potensialını daha da artırır.

İnkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda aparılan irimiqyaslı islahatlar, dövlətimizin xarici siyasət vektorlarının dəyişməsi, yeniləşməsi prosesləri ilə paralel getmişdir.

Xarici siyasətdə dəyişməyən təməl prinsiplərlə yanaşı, mövcud siyasi reallığın diktə etdiyi prinsiplər də vardır.

Ən vacib məsələ isə reallığın strateji duyumu hissinə malik olan liderin bu prioritetləri düzgün sezməsi, milli maraqların təmin edilməsinin yeni resursları və metodlarını, mexanizmlərini irəli sürməsidir. Yalnız bu halda xarici siyasətin mövcud sarsılmaz təməlləri üzərində uğurların davam etdirilməsi və dövlətin möhkəmlənməsi prosesi dönməz xarakter alır.

Regionda həlledici mövqeyə malik olan Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit zonadır. Bu baxımdan regionda sülhün bərqərar olması son dərəcə vacib məsələdir. Siyasi və iqtisadi potensialına görə bölgənin "ağır çəkili" aktoru statusunu qazanan Azərbaycan xüsusilə qlobal enerji resursları və enerji təhlükəsizliyi siyasətinin uzunmüddətli dövr üçün konseptual əsaslarının hazırlanmasında fəal təşəbbüskarıdır.

Müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq münasibətlərin suveren subyekti statusunda müasir tarixə qədəm qoydu. Növbəti mərhələdə dövlətimiz geosiyasi səhnədə beynəlxalq münasibətlər sisteminin regional liderinə çevrildi. İlham Əliyevin apardığı xarici siyasət nəticəsində bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilən beynəlxalq siyasətin real güc mərkəzi statusuna nail olmuşdur.

Bu da onun nəticəsidir ki, mütərəqqi baxışların daşıyıcısı olan İlham Əliyevin milli maraqlara uyğun apardığı xarici siyasət operativ, hücumçu və çevik xarakter daşıyır.

Böyük nailiyyətlərimiz ilə yanaşı, bizim ən ağrılı yerimiz Ermənistanın təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir və Ermənistanı danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırıb. Bölgədə sülh Ermənistanın özü üçün də sərfəli olacaq, çünki regional layihələrdə iştirak etməklə iqtisadi tərəqqinin effektliliyindən dividendlər qazanacaqdır.

Prezident İlham Əliyev bölgədə sülhə nail olmaq və Cənubi Qafqazı dünyanın ən sabit və inkişaf etmiş hissəsinə çevirmək üçün öz səylərini davam etdirir. Təsadüfi deyil ki, kitabın adı da "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" adlanır.

Bu kitab böyük siyasi və dövlət xadiminin - Prezident İlham Əliyevin həyat yolunu və malik olduğu dəyərləri, Azərbaycanın qədimdən bəri siyasi tarixini və inkişaf perspektivlərini ifadə edən sanballı bir əsərdir. 

 

Əziz dostlar!

 

2011-ci il bizim ən yeni tariximizə uğurlar ili kimi daxil olacaqdır!

Azərbaycanın siyasi, iqtisadi və mədəni nailiyyətləri, beynəlxalq nüfuzu, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında milli inkişafa xidmət edən məqsədyönlü fəaliyyətin əyani sübutudur.

Xüsusilə vurğulanmalıdır ki,  son illər ərzində milli quruculuq  və islahatlar kortəbii deyil, sistemli, düşünülmüş və strateji xarakter daşımışdır. Uzunmüddətli strateji planlaşdırmaya və proqnozlara  əsaslanan bu siyasət Azərbaycanı digər postsovet ölkələrindən fərqləndirən cəhətdir.

Yaranmış yeni şərait bizim qarşımızda yeni vəzifələr qoyur. Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası iqtisadiyyatın və sosial-siyasi sahələrin keyfiyyət transformasiyasının təmin edilməsi məqsədini daşıyır.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, təhsilin, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün sahələrində yeni naliyyətlərin əldə olunmasıdır.

Müasir tariximizin 2003-2011-ci illərinin yüksəliş və inkişaf göstəricilərinin davamlılığını təmin etmək bundan sonra da dövlətimizin qarşısında duran ən böyük vəzifədir.

Beləliklə, Prezident İlham Əliyevin zəkası, istedadı və uzaqgörənliyi Azərbaycan xalqına işıqlı yol açmış, onun sayəsində bu gün ölkəmiz regionun lideri statusunu qazanmış və dünya dövlətləri birliyində layiqli yer tutmuşdur.

İlham Əliyevi fərqləndirən keyfiyyət ondan ibarətdir ki, onun humanistliyi, mədəniyyəti və təvazökarlığı ətrafında olanlar üçün örnəkdir.

Azərbaycanın bugünkü fəal reallığı onu göstərir ki, Prezident İlham Əliyevin simasında biz yeni milli lider tipini müşahidə edirik. Bu, Azərbaycan dövlətçiliyi tarixində yeni fenomendir. Onun bütün fəaliyyətinin mahiyyəti xalqı və dövləti nicat və yüksəliş yolu ilə aparmaqdan ibarətdir.

Azərbaycan xalqı üçün İlham Əliyevin prezidentlik dövrü böyük sərvətdir.

 

Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan.-2011.-24 dekabr.-S.4-5.