«Rossiya» Dövlət Telekanalında Azərbaycan
Prezidenti
İlham Əliyevə həsr
edilmiş «Hakimiyyət formulu»
proqramı göstərilmişdir
Dekabrın 23-də "Rossiya" Dövlət Telekanalında Mixail Qusmanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş "Hakimiyyət formulu" müəllif proqramı göstərilmişdir. AzərTAc həmin proqramın mətnini təqdim edir.
Prezident İlham Əliyev: Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika quran, ilk demokratik parlament yaradan, qadınlara səsvermə hüququ verən ilk ölkədir. Yəni, müasirlik və maarifçilik ənənələri bizim ölkəmizdə çox dərin köklərə malikdir. Biz də müasir dövlətimizi bu bünövrə üzərində qururuq. Mən ölkəmizi müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqe tutan ölkə kimi görürəm. Mənim dediklərimin əksəriyyətinə artıq nail olunub.
Müəllifdən: İlham Heydər
oğlu Əliyev. 1961-ci
il dekabrın 24-də Bakıda anadan olub. 1982-ci ildə Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu
bitirib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. 2003-cü
il avqustun 4-dən ölkənin Baş naziri vəzifəsini
icra edib.
2003-cü il oktyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti seçilib.
Mixail
Qusman: Azərbaycanın həm sənayedə, həm
iqtisadiyyatda, həm kənd təsərrüfatında, həm
də beynəlxalq aləmdə uğurları xoş təəssürat
yaradır. Sizin fikrinizcə, bu uğurların özəyi nədədir?
Prezident
İlham Əliyev: Mən Prezident vəzifəsinə
başlayanda, hətta ondan əvvəl, seçkiqabağı
dövrdə də bildirmişdim ki, əgər mənə
etimad göstərilərsə, atamın siyasətini davam
etdirəcəyəm. Atam Azərbaycanı xaotik
hadisələr, hakimiyyətsizlik və faktiki olaraq
parçalanma girdabından çıxarmışdır.
Qəbul olunan mühüm qərarlara gəlincə,
mən Azərbaycanın strateji inkişafına təsir
göstərənləri qeyd etmək istərdim. Bu, ilk növbədə, ölkənin regional
inkişaf proqramıdır. Bu, mənim ilk
siyasi addımlarımdan, təşəbbüslərimdən
biri idi. Çünki paytaxtla regionlar
arasında fərqi azaltmaq və aradan qaldırmaq zərurətə
çevrilmişdi.
Müəllifdən:
Son 8 il ərzində Azərbaycanın
iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artıb,
950 min yeni iş yeri açılıb.
Prezident
İlham Əliyev: Nəhəng artım prosesi başlayan kimi,
inersiya qüvvəsi də işə qoşuldu. Yəni artıq yerlərdən yeni təşəbbüslər
meydana çıxdı, cəmiyyətdə tamamilə nadir
yaradıcılıq ruhu yarandı. Yəni
belə bir ictimai canfəşanlıq bizə çox kömək
edir.
Mehriban
xanım Əliyeva: İnsan, siyasətçi və dövlət
başçısı arasındakı belə bir əlaqə
şübhəsiz ki, göz qabağındadır. Bu mənada əlbəttə ki, regionlara səfərlər,
İlhamın ən müxtəlif peşə sahibi olan
insanlarla səmimi söhbətləri barədə
danışmaq olar. Həmin adamların
İlhama olan səmimiliyi, sevgi duyğuları əlbəttə
ki, ürəkdən gəlir. Bu, tam səmimi
duyğulardır.
Müəllifdən:
2011-ci il. Azərbaycan... Adambaşına
düşən ümumi daxili məhsul 6 min dollar təşkil
edir. Əhalinin pul gəlirləri 19 faiz
artıb. Pensiyaların məbləği
orta əməkhaqqının 40 faizinə bərabərdir.
Mixail
Qusman: Bu yaxınlarda Azərbaycan BMT Təhlükəsizilik
Şurasının qeyri-daimi üzvü seçilmişdir. Siz Azərbaycanın Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi vəzifələrini,
imkanlarını nədə görürsünüz?
Prezident
İlham Əliyev: Bu qələbə müstəqil Azərbaycanın
bütün tarixi ərzində bəlkə də ən vacib,
ən əhəmiyyətli və sanballı qələbədir.
Bu qələbə bizim həm ölkə
daxilində, həm də beynəlxalq aləmdə
gördüyümüz bütün işləri əks etdirir.
Müstəqilliyin 20 ili ərzində biz
buna nail olmuşuq ki, 155 ölkə gərgin mübarizədə
bizim namizədliyimizi dəstəkləyib. Əminəm
ki, nüfuz, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik
Şurasında üzvlüyümüzün praktiki səmərəsi
olacaqdır. Özü də təkcə
ölkəmizin maraqlarını təmin etmək
üçün yox, o cümlədən bizim
üçün ən mühüm və çətin məsələ
olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
məsələsində maraqlarımızı təmin edəcəkdir.
Biz bu mövzunu daim Təhlükəsizlik
Şurasının diqqət mərkəzində
saxlayacağıq. Lakin biz həm də
sülhün, təhlükəsizliyin, əməkdaşlığın
möhkəmlənməsi işinə töhfəmizi verməyə
çalışacağıq.
Mixail
Qusman: Başa düşdüyümə görə, Siz
ağrılı, ən çətin siyasi problemə -
Dağlıq Qarabağ probleminə toxundunuz. Fikrinizcə,
bu problemin düyününü açmaq
mümkündür, yaxud bütün ipləri kəsib-doğramaq
daha məqbuldur?
Prezident
İlham Əliyev: Siz sualınızı verərkən
çox düzgün olaraq diqqəti mövcud yollar üzərində
cəmləşdirdiniz. Həqiqətən də
yalnız iki yol vardır. Münaqişənin
nizamlanması yolu yalnız beynəlxalq hüquq normaları,
indi bizim üzv olduğumuz BMT Təhlükəsizlik
Şurası qərarlarının yerinə yetirilməsi
üzərindən keçir. Bu qərarlar
yerinə yetirilməlidir. Dörd belə qərar
vardır. Hamısı da eyni tələb irəli
sürür: Azərbaycanın ərazi
bütövlüyü bərpa olunmalıdır. Bu, bizim suveren hüququmuzdur. Dövlətimizin
ərazi bütövlüyünün təkcə siyasi vasitələrlə
deyil, açıq desək, hərbi vasitələrlə də
bərpa edilməsinə bizim suveren hüquqlarımız var.
Bu, BMT nizamnaməsinə tam uyğundur. Sadəcə
olaraq, biz bundan istifadə etmək istəmirik.
Mixail
Qusman: Siz ölkənin bölgələrinə tez-tez baş
çəkirsiniz. Məncə, hər həftə
regionlardan birində olursunuz. Başa
düşürəm ki, bu regional siyasətə neft
rentası kömək edir. Bəs bu
gün magistral hədəf nədən ibarətdir?
Prezident
İlham Əliyev: Əlbəttə, neft amili bizə çox
kömək edib. Axı bu da bizim xidmətimizdir.
Neft çox yerlərdə var. Bəzi ölkələrdə
bizdəkindən də qat-qat çoxdur, lakin resurslardan
düzgün istifadə edilməsi, xalqın sərvətinin ədalətli
bölgüsü, habelə vəsaitlərin xərclənməsində
və akkumulyasiyasında maksimum şəffaflıq elə vəziyyətə
nail olmağa imkan verib ki, valyuta ehtiyatlarımız ilbəil
artır və 8 ildə yoxsulluq səviyyəsi 5 dəfə
azalaraq 49 faizdən 9 faizə düşüb. Gələn il biz Azərbaycanın ilk telekommunikasiya peykini
buraxacağıq. Biz kosmik sənaye
yaradırıq. Yəni biz bəzilərinin
fikrincə, Azərbaycanın baxmalı olduğundan
çox-çox uzağa baxırıq.
Müəllifdən:
2011-ci il... Azərbaycanın
valyuta ehtiyatları 11 milyard artaraq 40 milyard dolları
keçdi. Neft iqtisadiyyatı 8,2 faiz,
kənd təsərrüfatı 7,8 faiz artdı.
Mixail
Qusman: Azərbaycan müstəqilliyinin bərpa edilməsinin
20 illiyini "Eurovision"da qazandığı böyük
uğurla bayram etdi...
Prezident
İlham Əliyev: Yəni bu, həqiqətən də
böyük qələbədir. Bütün Avropa bizə səs
verdi. Biz də böyük
bir fərqlə qalib gəldik. Əlbəttə,
bu, bizim ifaçılarımızın qələbəsidir.
Amma burada həmin qələbə həm də
daha geniş mənada qəbul olunur və xalqı səfərbər
edir.
Mehriban
xanım Əliyeva: Canlı yayım gedirdi və
Bakının küçələri göstərilirdi, təkcə
gənclər deyil, ən müxtəlif yaşlardan olan
insanlar bayraqlarla küçələrdə idilər,
gözlərində sevinc görünürdü. İndi biz artıq zirvəni fəth etmişik, qalib
gəlmişik. Amma bu, o demək deyil ki,
biz dayanmalıyıq. İndi biz 2012-ci ilin
"Eurovision"unu Bakıda keçirməyə
hazırlaşırıq.
Prezident
İlham Əliyev: Mən, həmçinin idmandakı qələbələri
qeyd edərdim. Bu sahədə
idmançılarımızın hər bir qələbəsi
böyük milli bayrama çevrilir. Bizim Olimpiya,
dünya çempionlarımız var. İdman sahəsindəki
qələbələr sanki bütün cəmiyyətdə
irəliyə doğru bir təkan yaradır.
Leyla
xanım Əliyeva: Təəccüblüdür ki, o, Azərbaycanın
iştirak etdiyi hər bir yarışda qələbəyə
elə sevinir, yaxud məğlub olanda elə məyus olur ki, bəlkə
də heç idmançılar özləri belə məyus
olmurlar.
Prezident
İlham Əliyev: Mənim dediyim qələbələrin
çox böyük əhəmiyyəti vardır. Bütün bunlar yeni yol, yeni məktəb, süni
peyk, yeni qaz kəməri və sair deməkdir.
Mixail
Qusman: Düşünürəm ki, Siz bunu heç vaxt
görməmisiniz, hərçənd, Sizə həsr olunub. Bu, tələbə İlham Heydər oğlu
Əliyevin şəxsi işidir. Düşünmürəm
ki, Siz onu nə vaxtsa görmüsünüz.
Prezident
İlham Əliyev: Bu, məxfi sənəddir.
Mixail
Qusman: Burada Sizin barənizdə maraqlı, bütövlükdə
müsbət olan çox məlumatlar vardır. Bilirsiniz ki, hər bir kursdan sonra xüsusi attestasiya
verirdilər. Ümumiyyətlə, Sizi həmişə
tərifləyiblər. Amma müəllimlər birinci
kursda Sizin tez-tez dərs
buraxmağınızdan şikayətlənirdilər. Ona
görə də Sizə belə bir adi sual vermək istəyirəm:
tələbə İlham Əliyev Moskvada, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun hələ
köhnə binasından hara gedirmiş?
Prezident
İlham Əliyev: Qeyd etdiyiniz kimi, bu, yalnız birinci kursda
olub.
Mixail
Qusman: İkinci kursda daha yaxşıdır. Düzünü
deyirəm, burada hər şey yazılıb. Burada rəsmi sənədlər, möhürlər,
imzalar, müəllimlərin soyadları var.
Prezident
İlham Əliyev: Zənnimcə, 10 il
Bakıda oxuyan gənc insan üçün Moskva kimi
böyük bir şəhərdə yeni mühitə
düşərkən, xüsusən birinci kursda görməli
yerlərlə tanışlıq üçün öz
vaxtından səmərəli istifadə etməsi təbiidir.
Amma sizin qeyd etdiyiniz kimi, bu hadisə Moskvada,
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun köhnə binasında baş verdiyinə
görə, hara getdiyim anlaşılar. Bilirsiniz ki,
küçənin o biri tərəfində Qorki adına mədəniyyət və istirahət
parkı yerləşirdi. Biz də oraya...
Mixail
Qusman: Yəni ora Moskvada ən sevimli yer idi.
Prezident
İlham Əliyev: Bəli, bu, instituta ən yaxın yer idi.
Mixail
Qusman: Oraya qaçmaq olardı.
Prezident
İlham Əliyev: Oraya qaçmaq və qayıtmaq olardı. Buna görə sağ olun.
Mixail
Qusman: Bilirəm ki, gənclik illəriniz
yaddaşınızdan silinməyib. Siz
bugünkü gənc nəsli də görürsünüz.
Fikrinizcə, bugünkü gənc nəsli Sizin
gənclik illərinizlə müqayisə etsək, hansı
müsbət və mənfi cəhətlər var?
Prezident
İlham Əliyev: Hesab edirəm ki, indiki gənclik, əlbəttə,
daha müstəqil, daha motivasiyalı və daha peşəkardır.
Bizim ölkədə baş verənlərə
əsasən görürəm ki, indiki gənclərin
uğur qazanmaq arzusu çox böyükdür. Onlar tamamilə başa düşürlər ki, bu,
yalnız yaxşı təhsil almaqla mümkündür.
Mənə çox xoşdur ki, bizim gənclər
öz köklərinə çox bağlıdırlar. Qloballaşmaya, bütün yeni fikirlərə
baxmayaraq, bizim gənclərin çox böyük qismi Azərbaycan
musiqisini dinləyir.
Mehriban
xanım Əliyeva: Muğam mütləq olaraq xüsusi maraq
doğurur. Çünki bu, zəngin musiqidir.
Bu musiqidə bəlkə də çox çətin
izah edilə biləcək ruh vardır. Xalqın, tarixin,
ənənələrin ruhu... Bax, belə.
Biz muğam konsertləri, muğam müsabiqələri
keçirməyə başladıq. Getdikcə
daha çox gənc bu musiqi ilə maraqlanmağa
başladı.
Mixail
Qusman: Bu qovluq sizə tanışdır?
Prezident
İlham Əliyev: Yox.
Mixail
Qusman: Bu, sizin dissertasiyanızdır. Bu, onun
referatıdır. Bu dissertasiya Böyük
Britaniyada ilkin mərhələdə müharibə əleyhinə
hərəkata və siyasi partiyaların ona münasibətinə
həsr olunub.
Prezident
İlham Əliyev: Bu mövzu yadımdadır.
Mixail
Qusman: Bununla əlaqədar hər halda sualım Sizə
peşə cəhətdən yaxın olan xarici siyasətlə
bağlıdır. Azərbaycan nadir geosiyasi
mövqeyə malikdir. Geosiyasi amillər Sizin
siyasətinizə necə təsir edir?
Prezident
İlham Əliyev: Əlbəttə, biz regionun bir hissəsiyik
və əlbəttə ki, istər-istəməz regionda
baş verən proseslər bizə təsir edir. Amma Prezident kimi mənim vəzifəm region xarakterli
hadisələrin Azərbaycana təsirini azaltmaq və əksinə,
Azərbaycanın regional proseslərə təsir
imkanlarını maksimum dərəcədə
artırmaqdır. İqtisadiyyata gəlincə,
Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz
iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə də bu rəqəm
yalnız artacaqdır. Bu gün Azərbaycanın
iştirakı olmadan heç bir layihə mümkün
deyildir. Nə enerji, nə nəqliyyat, nə
də xarici siyasət.
Mixail
Qusman: Rusiya Azərbaycanın qonşusudur. Sizin
Rusiyanın həm keçmiş Prezidenti Putinlə və
hazırkı Prezident Dmitri Medvedevlə çox yaxşı
siyasi, peşəkar əlaqələriniz vardır. Bu mövzuda Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu kimi zəngin təcrübəniz
vardır. Rusiya ilə Azərbaycan
arasında hansı əməkdaşlıq perspektivlərini
görürsünüz? Burada hansı
ağrılı nöqtələr, açılmayan
düyünlər var, digər tərəfdən, bu
inkişafın perspektivləri nədədir?
Prezident
İlham Əliyev: Mənə elə gəlir ki, perspektivlər
çox müsbətdir. Qeyd etdiyiniz kimi, mənim
həm Rusiya Prezidenti ilə, həm də Baş nazirlə
çox sıx əlaqələrim vardır. Deməliyəm ki, Rusiya ilə Azərbaycan
arasında münasibətlərin yeni mərhələsi məhz
2000-ci illərin əvvəlində, Rusiyaya Vladimir Putin
başçılıq edəndə başlayıb. Elə o vaxt Rusiya Prezidenti Azərbaycana ilk rəsmi səfər
edib. Bu 10 il ərzində çox
iş görülüb. İkitərəfli
münasibətlərin bütün ağrılı və
çətin məsələləri həll olunub. Hamısı. Sonuncu problem
Prezident Dmitri Anatolyeviç Medvedevin Azərbaycana son səfəri
zamanı həll olunub. Həmin vaxt
dövlət sərhədi haqqında sənəd
imzalanıb.
Mixail
Qusman: Qeyd etdiyimiz kimi, Siz Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunda çox gözəl təhsil
almısınız. Amma siyasət, diplomatiya, həyata
baxış, dünyaya baxış sahəsində əsas dərsləri
Siz Heydər Əliyevdən almısınız desəm, yəqin
ki, səhv etmərəm. Necə deyərlər,
Siz Heydər Əliyevin hansı dərslərindən bu
gün istifadə edirsiniz?
Prezident
İlham Əliyev: Hər kəs üçün ata yaxın,
doğma insandır. Mən bu insana, eyni zamanda,
sonsuz hörmət, etimad və iftixarla yanaşırdım.
Çünki onun bütün həyatı,
mübarizəsi, taleyi və dəyanəti hamı
üçün əsl nümunədir. Yəqin
hamı xatırlayır ki, həyatının son
dövründə kursantlar qarşısında
çıxış edərkən halı pisləşdi,
yıxıldı, sonra çıxdı, qayıtdı,
çıxış etdi, yenə yıxıldı, yenə
çıxdı və yenə üçüncü dəfə
qayıtdı. Öz nitqini də başa
çatdırdı. Düşünmürəm
ki, onun yaşda və vəziyyətdə olan daha kimsə bunu
edə bilərdi. Axı 80 yaşlı bu insanın
8 qabırğası sınmışdı. Amma fikrimcə, o, başqa cür edə bilməzdi.
Onun iradəsi də elə bundadır. Bu mərdlik, dəyanət və əlbəttə
ki, bizim hamımız üçün nümunədir. Həm mənim üçün, həm də
bütün azərbaycanlılar üçün.
Mixail
Qusman: Əgər təsəvvür etsək ki, Siz hansısa
zaman maşınında keçmiş hadisələrə
qayıda bilərsiniz, onda hansı hadisələri bir daha
duymaq istərdiniz?
Prezident
İlham Əliyev: Düşünürəm ki, yəqin mən
istəməzdim. Çünki yaşanan hadisələr
hətta nə qədər sevincli olsa da əvvəlki təsiri
göstərməyəcək. Əgər imkan
olsaydı, mən irəli, deyək ki, heç olmasa 10 il irəli gedərdim. Baxardım
ki, düşündüklərim baş tutub, yoxsa yox və nə
dərəcədə alınıb? Bax
bunu böyük məmnuniyyətlə edərdim. Keçmişə gəlincə isə, əgər
mümkün olsaydı, mən anamın və atamın yanına
qayıdardım.
Mehriban
xanım Əliyeva: Tezliklə İlhamla birlikdə
olmağımızın 29 ili tamam
olacaqdır. Təbii ki, hər bir ailədəki
kimi bizim həyatımızda da xeyli xoşbəxt, sevincli,
parlaq hadisələr olub. Problemlər və
çətinliklər, ağrılı itkilər, kədər
və qüssə də olub. Əsas o idi
ki, biz bütün bunları birlikdə
yaşamışıq və yaşayırıq. Biz eyni istiqamətə baxır və irəli
gedirik.
Prezident
İlham Əliyev: Bu, yəqin ki, adi səslənir. Bu halda yəqin ki, mən Yer üzündəki
insanların əksəriyyətindən fərqlənmirəm.
Gün ərzində istirahətdə yox,
axşam ailə içində olmaq ən gözəl
vaxtdır. Axşam mən evin
kandarından içəri keçəndə tamamilə
başqa, onilliklər ərzində olduğum mühitə
düşürəm.
Mehriban
xanım Əliyeva: Belə çətin işlə məşğul
ola-ola səmimiliyini, həssaslığını, açıqlığını
və xeyirxahlığını qorumaq çox böyük ləyaqətdir.
Buna görə mən ona çox minnətdaram.
Onun necə ata olduğu barədə
danışsam... yəqin bu barədə də qızları
danışarlar. Amma qızları, ilk
növbədə, onun dostlarıdırlar.
Leyla
xanım Əliyeva: Baxmayaraq ki, o, çox nadir hallarda
danlayır, heç bir fikrini sırımır, mənim
üçün həyatda ən başlıcası onu
heç bir cəhətdən məyus etməməkdir.
Arzu
xanım Əliyeva: Bilirəm ki, hər necə olsa da, o, həmişə
məni eşidəcək, dəstəkləyəcəkdir. Onun hər bir məsləhəti mənim
üçün son dərəcə mötəbərdir.
Leyla
xanım Əliyeva: Əlbəttə, böyük məsuliyyət
vardır. Yəqin ki, mən daha çox
atamın qarşısında məsuliyyət hiss edirəm.
Arzu
xanım Əliyeva: Bütün ailə - mən, Leyla, balaca
Heydər, nəvələr birlikdə olanda, görürəm
ki, atam belə anlarda həqiqətən böyük sevinc
hissi keçirir, bunu görəndə bizim də
hamımızın ürəyi fərəhlə dolur.
Mixail Qusman: Bu günlərdə Sizin həyat yoldaşınız, ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu Romada, Vatikanda Azərbaycanın təbliği üzrə genişmiqyaslı tədbirlər həyata keçirib. Hamı Mehriban xanımın ictimai fəaliyyətinə yaxşı bələddir. O, nəhəng işlər görür. UNESCO-nun xoşməramlı səfiridir, parlamentin deputatıdır. Bütün bunlar çox gözəldir. Amma başa düşdüyümə görə bu, hərtərəfli fəaliyyətdir. Bilirəm ki, o, həmişə evə can atır. Bəs nisbət necədir və onun vəzifələri sizinkinə necə uyğun gəlir?
Prezident İlham Əliyev: Əlbəttə, onun çox böyük ictimai yükü vardır. Hətta, birinci xanım vəzifəsi, protokol tədbirləri və sairə böyük səylər tələb edir. Deyək ki, il ərzində bizim birlikdə olmadığımız anlar çox deyildir. Amma hansısa tədbirlərdə iştirak etmək lazım gələndə, belə hallar olur. Buna görə də biz bir yerdə olmaq üçün bir-birimizə qarşı can atırıq. Əlbəttə, o, hər cəhətdən çox istedadlı insandır. Buna görə də o, işinin öhdəsindən gəlir. Bütün işləri yüksək səviyyədə görür.
Mixail Qusman: İlham Heydər oğlu, istər-istəməz artıq 50 yaşa çatmısınız. Çox iş görülüb. Uğurlara güvənmək olardı. Sizi tanıdığıma görə deyə bilərəm ki, bu, Sizin təbiətinizə uyğun deyildir. Şəxsən Siz öz qarşınızda növbəti yarım əsr üçün hansı vəzifələri qoyursunuz?
Prezident İlham Əliyev: Açığını deyim ki, həyatda mən qabaqcadan qarşıma heç bir vəzifə qoymuram. Amma Prezident kimi bunu özümə rəva görə bilmərəm, çünki əgər gələcəyi düşünməsəm, bu günün problemlərini həll etmək çox çətin olacaqdır. Bizim bu gün həll etdiyimiz problemlər gələcəyə yönəlibdir. Dünya tərəqqi edir. Biz də ona çatmalıyıq. Yaxın onilliklər ərzində dünyanı kimlər idarə edəcək? Yəqin ki, ağıllı insanlar.
Mixail Qusman: Bəs Sizin fikrinizcə, gələcəkdən danışarkən keçmişdən nə götürmək istərdiniz və Sizi həmişə nə müşayiət edərdi?
Prezident İlham Əliyev: Ləyaqəti
keçmişdə qoymaq olmaz. Heç bir halda. Ədəb-ərkan
hissini, insanlara xoş münasibət hissini, vətənpərvərlik
hissini. Mənə elə gəlir ki, hər bir kəs,
hamı bu əsas məqamları özü ilə irəli aparmalıdır.
Həmişə öz Vətənini sevmək
lazımdır.
Azərbaycan.-2011.-24 dekabr.-S.3.