Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Heydər oğlu Əliyevə
Əziz və möhtərəm
cənab Prezident!
Sizi anadan olmağınızın 50 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarılması, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!
Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə davam etdirməyiniz sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası hər gün yeni bəhrələr verir. İndi Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri və Cənubi Qafqaz bölgəsinin lider dövlətidir.
Ölkəmizin ildən-ilə daha da zənginləşməsi qarşıya qoyulan ən mürəkkəb və çətin vəzifələrin öhdəsindən gəlməyə imkan yaradır. Sənaye və kənd təsərrüfatı potensialının güclənməsinə, regionların sosial-iqtisadi inkişafına yönələn möhtəşəm dövlət proqramları icra olunur, xalqımızın rifah halının yüksəlməsinə xidmət edən tədbirlər həyata keçirilir, əməkhaqları, müavinətlər, pensiyalar artırılır, elm və təhsilin, mədəniyyət və incəsənətin, səhiyyə və idmanın tərəqqisi üçün lazımi işlər görülür.
Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, ölkəmizin Avropa xalqları ailəsində nüfuzu artır.
Elmi əsaslar üzərində qurulmuş xarici siyasətiniz Azərbaycanın dünya siyasətinə təsirinin dönmədən artmasına gətirib çıxarır. Dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi yüksək zirvənin fəth edilməsində öz parlaq ifadəsini tapmışdır.
Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur. Şübhə yoxdur ki, qısa zamanda Siz dövlətimizin bu probleminin də həllinə nail olacaqsınız.
Əziz və möhtərəm cənab Prezident!
Xalqımızın maraqları və tələbatı üzərində qurulan siyasətiniz, müasir idarəçilik üslubunuz Sizə ölkəmizdə və xaricdə böyük hörmət və nüfuz qazandırmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün Sizin əzmlə həyata keçirdiyiniz quruculuq və inkişaf strategiyası ilə bağlıdır.
Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından tələb olunan yüksək erudisiya və intellekt, siyasətə, iqtisadiyyata, incəsənətə, tarixə, başqa sahələrə dərindən bələdlik kimi xüsusiyyətlərlə yanaşı, Siz Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə maliksiniz. Sizin nümunəvi insani keyfiyyətləriniz gözəl ailə başçısı olmağınızda da təcəssümünü tapmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, övladlarınız ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, xalqımızı düşündürən problemlərin həllinə kömək göstərmək üçün mümkün olan hər şeyi edirlər.
Əziz cənab Prezident!
Biz əminik ki, Sizə xas olan siyasi bəsirət və
səriştə dövlətimizin müstəqillik
yollarında bundan sonra
da inamla irəliləməsini
təmin edəcəkdir. Bu işdə biz Sizə yeni uğurlar arzulayırıq. Sizi əmin edirik
ki, xalqımızın və dövlətimizin
işıqlı sabahı naminə həyata keçirdiyiniz
quruculuq işlərinin qanunvericilik
bazasını möhkəmləndirmək və təkmilləşdirmək
üçün parlament
öhdəsinə düşən vəzifələri bundan sonra da
layiqincə yerinə yetirəcəkdir.
Dərin
ehtiram hissi ilə,
Azərbaycan Respublikasının Milli Məclisi
Bakı şəhəri, 23 dekabr
2011-ci il
Azərbaycan.-2011.-24 dekabr.-S.2.