Fransa Senatının üzvü Natali Qule: «Dağlıq Qarabağdan qovulanlar,

 əlcəzairlilər, iraqlılar Fransaya gəlib tarixin onlara

 vermədiyi haqlarını istəsələr, nə edəcəyik?»

 

 

Bu gün Türkiyə bizə xəbərdarlıq edir, Əlcəzairdə baş verənləri xatırladır. Gələcəkdə Dağlıq Qarabağda, Qəzzədə yaşamış insanlar, iraqlılar, əlcəzairlilər Fransaya gələrək tarixin onlara vermədiyi haqları axtarmaq istəyəcəklər. Fransa Senatının yanlış addıma son qoyub, bu məsələni tarixçilərin öhdəsində buraxacağına inanıram.

AzərTAc xəbər verir ki, bu sözləri Fransa Senatının üzvü Natali Qule Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı" ilə bağlı qərarına münasibət bildirərkən demişdir.

Senatorun yazılı şəkildə yaydığı açıqlamasında qeyd olunmuşdur ki, həm Türkiyənin, həm də Ermənistanın dostu olan Fransanın tərəfləri bir tarixi anlaşılmazlığı həll etmək mövzusunda baş-başa buraxması daha yaxşı olar. Onsuz da Fransa 1915-ci il soyqırımını tanımışdır. Türkiyə bu mövzuda beynəlxalq mütəxəssislər komissiyasının yaradılması və araşdırmaların aparılması təklifini qəbul etmişdir. Prezident tərəfindən atılan bu addım, hamımızın böhran ilə mübarizə aparmağa ehtiyac duyulduğu bir məqamda türk dostlarımızı və türkəsilli Fransa vətəndaşlarını haqsız olaraq yaralamışdır. Türkiyə 100 ədəd "Airbus" təyyarəsinin sifarişindən imtina etsə, Fransa prezidenti nə deyəcək?

 

Azərbaycan.-2011.-25 dekabr.-S.11.