Fransa tarixi yenidən yazmaq istəyir

 

 Parisin bu cəhdi onun özünə baha başa gələ bilər

 

 Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyanın "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsi Türkiyənin özündə və dostlarında sərt reaksiya doğurmuşdur.  Parisdəki siyasiişgüzar dairələrin özləri də qərəzli qanun layihəsinin bu cür qarşılanacağını gözləmədiklərini etiraf edirlər. Amma gözləmək lazım idi, çünki bu addımı atmaqla fransalı qanunvericilər həm ölkənin demokratik imicinə, həm də türk dünyası ilə münasibətlərinə ciddi zərbə vurmuşlar.

Söhbət ilk növbədə demokratiyanın təməl prinsiplərindən sayılan söz və ifadə azadlığından gedir. Fransa parlamenti öz qərarı ilə bu azadlığa kölgə salır. Yəni ki, bu ölkədə kimsə "erməni soyqırımı" barədə öz fikrini ifadə edib qanunda yazılanın ziddinə söz desə, bir il həbs cəzası və 45 min avro cərimə ilə üz-üzə qalacaq. Tarixçi alimlər qondarma soyqırımı araşdırarkən cinayət məsuliyyətini göz önünə gətirməli olacaqlar: axı parlament tarixi artıq "yazmışdır"!

Doğrudanmı, sözügedən qanun layihəsi demokratik dəyərlərə sədaqəti ilə tanınmış Fransa ictimaiyyətinin mövqeyini əks etdirir? Bu suala müsbət cavab vermək çətindir. Milli Assambleyanın dekabrın 22-də keçirilmiş iclasında 577 deputatdan cəmi 45-i iştirak etmişdi. Onlardan 38-i qanun layihəsinin lehinə, 7-i isə əleyhinə səs vermişdir. Başqa sözlə, söhbət deputat korpusunun cüzi bir hissəsinin mövqeyindən gedir.

Belə bir mövqeyin formalaşmasında, şübhəsiz, bu ölkədə yaşayan erməni icmasının rolu olmuşdur. Amma diasporun təsirini şişirtmək lazım deyil. Ola bilməz ki, 500 min nəfərlik erməni icması öz dar düşüncəsini 60 milyonluq fransız xalqına diktə etmək iqtidarında olsun. Heç bir ölkədə icma maraqları dövlət maraqlarından üstün tutulmur. Dövlət maraqları başlayan yerdə icma maraqları qurtarır. Başqa sözlə, Fransanın yeritdiyi antitürk siyasəti dövlətin öz siyasətidir hansısa diasporun, indiki halda erməni diasporunun təsiri nəticəsində formalaşmamışdır. Paris ermənilərdən, əvvəllər olduğu kimi, yenə alət kimi istifadə edir. Yeri gəlmişkən, xatırladaq ki, qanun layihəsi cari ayın əvvəllərində Milli Assambleyada əksəriyyət təşkil edən hakim Xalq Hərəkatı naminə Birlik Partiyasından olan deputatlar tərəfindən qanunvericilik komissiyasına təqdim edilmişdir. Artıq məlumdur ki, layihənin təşəbbüskarı kimi Fransa Prezidenti Nikola Sarkozi çıxış etmişdir.

Bu, Fransa liderinin Türkiyəyə münasibətdə ilk düşmənçilik hərəkəti deyil. Sarkozi prezident postuna yiyələnən kimi antitürk xətti götürmüşdür. O, Türkiyə ilə bağlı bütün bəyanatlarında bu ölkəyə mənfi münasibətini ortaya qoyur, onun Avropa İttifaqına tamhüquqlu üzv qəbul olunmasına qarşı çıxır. Sarkozi Türkiyəni Avropadan kənarda saxlamaq üçün hər cür bəhanəyə əl atır: gah Türkiyənin Avropada yerləşmədiyini bəyan edir, gah Avropa türk mədəniyyətlərinin fərqini önə çəkərək açıq-aşkar irqçilik nümayiş etdirir, gah da bildirir ki, dövlət başçısı vəzifəsində qaldıqca Türkiyənin Avropa İttifaqına qoşulmasına imkan verməyəcək, bütün hallarda isə bu məsələ ölkəsində referenduma çıxarılacaq.   

Elə bu il Liviyada baş vermiş məlum hadisələr zamanı da Fransa antitürk siyasətinə sadiq qalmış, liviyalı üsyançılar arasında Türkiyənin əleyhinə təbliğat aparmışdır (guya ki, üsyançıların silahlandırılmasına Türkiyə mane olub s.).

Təbii ki, rəsmi Parisin bu hərəkətləri cavabsız qala bilməzdi. Artıq Türkiyə rəhbərliyi Fransaya qarşı sanksiyalar tətbiq etməyə başlamışdır. Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, ikitərəfli əlaqələrə yenidən baxılacaq üç mərhələdə sanksiyalar tətbiq ediləcək. İlk mərhələdə Türkiyənin Parisdəki səfiri geri çağırılmışdır. İkitərəfli səviyyədə siyasi, hərbi iqtisadi sahələrdə bütün tədbirlər ləğv edilir. Avropa İttifaqı çərçivəsində reallaşdırılması nəzərdə tutulan layihələrdə Fransa ilə əməkdaşlığa son qoyulur. Hər cür siyasi məsləhətləşmələr dayandırılır, hərbi təlimlər ləğv olunur, hərbi təyyarələr üçün uçuş işarəsi, gəmilər üçün dənizlərə giriş sərtləşdirilir. Gələn il nəzərdə tutulan iqtisadi əməkdaşlıq konfransı keçirilməyəcək. Rəsmi Ankara növbəti mərhələlərdə Fransanın hərəkətlərinə uyğun olaraq yeni addımlar atacaq.

Fransa parlamentinin yeni antitürk addımı Yaxın Şərqdə kəskin reaksiya doğurmuşdur. Ərəb dünyasının ən nüfuzlu din xadimlərindən biri, Dünya Müsəlman Alimləri Birliyinin sədri, şeyx Yusif Qərzavi bütün müsəlmanları Türkiyəyə dəstək verməyə çağırmışdır. O bildirmişdir ki, Fransanın qəbul etdiyi qanun Türkiyəyə böyük bir təhqirdir: "Bu qanun şanlı Osmanlı tarixinə iftiradır. Bu qərarı qəbul edən Fransanı şiddətlə pisləyirik. Türkiyənin yanındayıq".

Fransa Milli Assambleyasının qəbul etdiyi qanun layihəsi Avropanın özündə birmənalı qarşılanmır. Kütləvi informasiya vasitələri diqqəti hər şeydən əvvəl Fransanın Yaxın Şərqdə nüfuzu get-gedə artan Türkiyə kimi bir tərəfdaşı itirməsinə yönəldir. Eyni zamanda qanun layihəsinin söz azadlığını məhdudlaşdırdığı önə sürülür. ATƏT-in söz media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə fransalı qanunvericilərinin qanun qəbul etməsindən narahatlığını ifadə etmişdir. O bildirmişdir ki, bu qanun söz fikir azadlığına dair beynəlxalq standartlara ziddir: "Bundan başqa, bu addım beynəlxalq səviyyədə ictimai debatların kriminallaşmasına dair presedent yarada bilər. Debatların kriminallaşması - istər tarixi hadisələr, istər hansısa millətin faciəli anları ilə bağlı yalan ittihamlar olsun - ATƏT-in üzvü olan ölkələrdə insanlar, cəmiyyətlər hakimiyyətlər arasında qarşılıqlı anlaşmaya müsbət təsir göstərmir". Miyatoviç əlavə etmişdir ki, Fransanın belə bir qanun qəbul etməsi digər ölkələri analoji addımlar atmağa vadar edə bilər. Nəticə etibarilə üzv-dövlətlər tarixlə bağlı bəyanatlara görə cinayət məsuliyyəti tətbiq etməklə ATƏT-in qarşısında götürdükləri öhdəlikləri pozmuş olarlar.     

Şübhəsiz, Azərbaycan Fransanın bu hərəkətinə biganə qala bilməz. İlk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa obyektiv, qərəzsiz rolunu itirmiş olur. Onsuz da Azərbaycan ictimaiyyəti bu problemə münasibətdə Parisin tutduğu mövqeyə həmişə şübhə ilə yanaşıblar. Bu da əsassız deyil. Fransa rəsmiləri müntəzəm olaraq işğalçı Ermənistanın lehinə bəyanatlar verir, onunla müttəfiq kimi davranırlar. Bu xüsusilə prezident Nikola Sarkoziyə aiddir. O, Yerevanda səfərdə olarkən Ermənistanı Fransanın "bacı"sı elan etmişdi. Minsk qrupunun həmsədri olan bir ölkənin bu cür davranışı onun tənzimləmə prosesində qərəzsiz mövqe tutacağını istisna edir. Fransa, bir tərəfdən, insan hüquq azadlıqlarının carçısı roluna iddia edir, digər tərəfdən isə, "bacı"sı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsinə, qəsb olunmuş Azərbaycan torpaqlarında yüz minlərlə dinc sakinin etnik təmizləməyə məruz qoymasına yurd-yuvalarından didərgin salmasına, bu insanların hüquqlarını hələ kobud şəkildə pozmaqda davam etməsinə göz yumur. Ona görə Azərbaycanın ictimai dairələrində Fransanın ATƏT-in Minsk qrupunda başqa bir Avropa dövləti ilə əvəz edilməsi məsələsi qaldırılır.

Hadisələrin gedişi Fransanın özü üçün yaxşı heç vəd etmir. Bu, Türkiyə kimi əhəmiyyətli ölkə ilə əlaqələrini zərbə altına qoyur. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 12-13 milyard dollardır. Avropada iqtisadi böhranın böyük fəsadlar doğurduğu bir şəraitdə qarşılıqlı ticarət əlaqələrinin zəifləməsi arzuolunmazdır. Odur ki, Fransada biznes dairələrinin narahatlığı başadüşüləndir. Digər tərəfdən, Parisin qərəzli qərarlar qəbul etməklə Türkiyənin nüfuzunun artdığı müsəlman dünyasında mövqelərinin sarsılacağı şübhəsizdir. Üstəlik, Azərbaycan da hadisələri diqqətlə izləyir şəraitə uyğun olaraq müvafiq addımlar atacaq.

Bununla belə, rəsmi Parisin düşünmək üçün hələ vaxtı var. Bədnam qanun layihəsinə hələ parlamentin yuxarı palatasında - Senatda da baxılacaq. Hər şey senatorların mövqeyindən asılı olacaq. Yuxarı palata qanun layihəsini rədd etsə, fransız-türk münasibətləri qazanmış olacaq. Odur ki, Fransanın hakim dairələri son qərar qəbul etməzdən əvvəl hər şeyi ölçüb-biçməlidir. Paris, nəhayət, anlamalıdır ki, Türkiyə artıq hətta on il bundan əvvəlki Türkiyə deyil onu təzyiq altında saxlamaq cəhdi səmərəsiz məşğuliyyətdir, dünya gücü olmağa doğru gedən bir ölkəni hansısa mənasız kağız parçası ilə qorxutmaq mümkün deyil.

 

 

 

A.MEHDİYEV,

Azərbaycan.-2011.-25 dekabr.-S.11.